Adnan Oktar kimdir?
Adnan Oktar: “Mən Mehdi
deyiləm və mehdilik iddiam yoxdur”
(Əvvəli
ötən sayda)
- Qurana əsasən,
qadınlar lider ola bilərlərmi?
- Qurana əsasən,
qadınlar həm lider, həm idarəçi, həm də
hakim ola bilərlər. Allah
qullarını bərabər yaradıb. İslamda
qadının da, kişinin də yeri eynidir.
Üstünlük qadın və ya kişi
olmaqda deyil, üstünlük təqvaya görədir. Hətta qadınlar bəzi məsələlərdə
daha həssas, mərhəmətli, sevgi və şəfqət
dolu varlıqlar olduqlarına görə mükəmməl
idarəçilik qabiliyyəti ilə və ədaləti bərqərar
etmək sahəsində əhil yaradılıblar.
Ancaq xurafatçı düşüncə tərzində
qadınlar alçaldılır. Xurafatçı
düşüncə tərzində qadının ağlına
güvənməmək, hər sözünə müxalif
olmaq kimi yanlış anlayış var. Quran bu batil
anlayışı tamamilə aradan qaldırır. Quranda qadınlar hörmət edilən, sözünə
etibar olunan, bitki kimi etina ilə davranılan dəyərli
qullar kimi tərif edilir. Allah Quranda
qadınları hər cür çətin işdən
uzaqlaşdırır, hər məsələdə
qadınlara asanlıq yaradır, qadınlar hər sahədə
qorunurlar. Quranın kişilərə xitab
etdiyini bildirərək bunu kişilərin
üstünlüyünə dəlil göstərənlər
Quranı doğru şərh etməyən insanlardır.
Quranın kişilərə daha çox məsuliyyət
yükləməsi qadınlara verilən dəyərdəndir.
Bu, qadınlar üçün nemətdir.
Allah qadınların rahat olması, gözəl
həyat yaşaması üçün bir çox xüsusi
hökm nazil edib. Bu, Allah qatında
qadınlara verilən dəyəri göstərir, kişilərin
üstünlüyünü deyil.
Hz. Süleymanın sarayına dəvət edərək
təbliğ etdiyi Səba məlikəsinin Quranda mühüm
yeri var. Səba məlikəsi öz ölkəsində
hökmdardır, həm sərkərdə, həm hakim, həm
də lider hökmündədir. Səba məlikəsindən bəhs
edən ayələr Quranda qadının lider ola
biləcəyinə dair ən gözəl nümunələrdən
biridir. Bu ayələr dövlət
orqanlarındakı bütün səlahiyyətli şəxslərin
və əsgərin bir qadına necə itaət etdiyini və
əmrinə tabe olduğunu göstərir.
- Nə
üçün verilişlərinizdə iştirak edən
qadınların saçları sarıdır?
- Verilişlərimizə
çıxan sarışın xanımlarla yanaşı, bir
çox qara, qızıl saçlı və ya qumral
xanımlar da var. Saç rəngləri
xanımlarımızın öz seçimidir. Sarı
saç dünyada da bir çox xanımın
üstünlük verdiyi, xanımlara yaraşan gözəl rəngdir.
Peyğəmbərimizin (s.ə.v) dövründə
də xanımlar saçlarını xına və kətəmlə
boyayırdılar. Bundan əlavə,
Peyğəmbərimizin (s.ə.v) bütün saç rəngləri
arasında xüsusilə sarı saçı bəyəndiyinə
dair bir çox hədis var. Odur ki, bir çox müsəlman
xanım Peyğəmbərimizin (s.ə.v) bəyəndiyi bu rəngi
sevir və üstünlük verir.
- Mehdinin
xüsusiyyətləri sizə çox uyğundur, eyhamla
özünüzə işarə etdiyiniz bir söhbətiniz
var, bu, dinə zidd deyilmi?
-
İnsanlarda mənim fiziki xüsusiyyətlərimdən
qaynaqlanan, Mehdi olduğuma dair şübhələr və ya
hüsnü-zənn ola bilər. Hədislərdə izah edilən
hz. Mehdinin (ə.s) fiziki
xüsusiyyətlərinə baxdıqda, həqiqətən
eynilə bənzərlik olduğunu görürük. İstər üzüm, istər bədənim hədislərdəki
hərtərəfli təriflərə tam uyğundur, bu,
doğrudur. Mən dürüst insanam, bənzədiyimi
deyirəm, ancaq bu, Mehdilik iddiası deyil. Qurana əsasən,
bir müsəlman
“Mən Mehdiyəm” - deyə bilməz. Belə bir iddia etmək haramdır. Çünki bu insan cənnətə də gedə
bilər, cəhənnəmə də. Əgər
bir şəxs Mehdi olduğunu desə, cənnətlik
olduğunu iddia etmiş olar. Bir insan Mehdilik iddia etmək
üçün vəhy almalıdır. Qurana əsasən,
yeni bir kitab və ya kitablı peyğəmbər gəlməyəcəyinə
görə, mənim belə bir şeyi iddia etməyim
qeyri-mümkündür. Belə bir şey
olsa, insan dindən çıxar, müsəlman olmaz. Ancaq təbii ki, hər müsəlman Mehdi olmaq istər.
Mehdi olmaq böyük nemətdir. Müsəlman Allah dostu olmaq, cənnətə getmək
istər. Ancaq mehdilik iddia etmək olmaz.
Mən Mehdi deyiləm və mehdilik iddiam yoxdur. Heç vaxt
belə iddiam olmaz. Ömrüm boyu belə bir iddia etməyəcəyimə
dair Allahın adına and içmişəm.
Ancaq açıq-aydın deyirəm: hz. Mehdi (ə.s) gəlib. Bu barədə
Peyğəmbərimizin (s.ə.v) hədisləri, Quranın
işarələri Mehdinin gəldiyini göstərir.
- Əsasən xarici modelyerlərin marka geyimlərini
geyinirsiniz. Qeyri-müsəlmanların istehsal etdiyi şeylərdən
istifadə etmək dinimizə görə uyğundurmu?
- Quranda
xurafatçı İslam anlayışı yoxdur. Müsəlmanlar musiqiyə, əyləncəyə,
ən gözəl evlərə, ən gözəl yeməklərə,
ən gözəl mühitlərə layiqdirlər. Allah
Quranda “...Bunlar
dünyada iman gətirənlər üçündür,
qiyamət günündə (axirətdə) isə yalnız
möminlərə məxsusdur...” (Əraf surəsi, 32) - buyurur. Halbuki xurafatçılara görə, bir müsəlman
daim miskin olmalı, pis geyinməlidir. Xurafatçı
baxımsız olur, estetikaya, incəsənətə, hər
cür gözəlliyə qarşı olur.
Xurafatçı məntiqinə əsasən, bir müsəlman
keyfiyyətli, müasir, təmiz ola bilməz.
Halbuki peyğəmbərlər, səhabələr
dövrün ən keyfiyyətli, ən müasir, ən təmiz
insanları olublar. Quran bizi buna təşviq
və tövsiyə edir.
“Müsəlman xarici marka məhsullardan istifadə etməməlidir”
düşüncəsinin heç bir əsası yoxdur. Bu, tamamilə
xurafatçılıqdır, halalı haram etməkdir. Bunu praktikada tətbiq etmək də qeyri-mümkündür.
Çünki gündəlik həyatda istifadə
edilən bir çox məhsulun emal mərhələsində əxlaqsız
həyat tərzi keçirən, qanunsuz gəlir əldə
edən, faiz yeyən və bir çox haram işlər
görən insanlar işləyə bilər. Müsəlmanın yaşadığı,
oxuduğu, işlədiyi yerdə əxlaqsız həyat tərzi
keçirən, Quran əxlaqı ilə yaşamayan insanlar
yaşaya bilər. Bu məntiqə görə,
heç bir məhsuldan istifadə etmək lazım deyil, bu isə
ağıldankənardır.
-
Kanalınızın adı nə üçün A9-dur?
- A9 TV
kanalı bizim qardaşlarımızın, bizi sevən
insanların qurduğu kanaldır. Hər kəs kanalın adına bir məna verməyə
çalışır. Bu, təvafüqən
seçilmiş addır. Qədərdə
A9 olmalı imiş. Ancaq əlbəttə, A9
adının çoxlu hikmətləri var. Məsələn,
hz. Mehdinin (ə.s) doqquz xüsusiyyəti
var. Biz də Mehdi tələbələri olduğumuza görə,
A9 ona olan həsrətin simvolik mənası ola
bilər. Hz. Əli (r.ə) də Mehdidən bəhs
edərkən əli ilə 9 işarəsi verir. Ona da işarə edə bilər. Firon
dövründəki rəsmlərdə də A9 loqosuna bənzərliklər
var. Mason loqolarında da belə bənzərlik var. 3000-4000 il əvvəl Allah A9-un dəccalı, dinsiz fəlsəfi
cərəyanları məhv edəcəyini onlara ilham edib. Digər
tərəfdən, Allahın adı “A” hərfi
ilə başlayır. Bu cəhətlərə
görə A9 adı mənalıdır. Daha
çox məna çıxarmaq olar.
-
Müasir cəmiyyətdə bu qədər
danışılmalı problem var ikən daima Mehdi
mövzusunu gündəmdə saxlamağınız bu qədər
vacibdirmi? Bunu necə açıqlaya bilərsiniz?
- Söhbətlərimdə
İslam əxlaqının yer üzünə hakim
olmasına və mehdiyyət mövzularına xüsusi yer verməyim
Quran əxlaqının tələbidir. Hz. Mehdidən (ə.s)
danışmaq, hz. Mehdinin (ə.s)
gəlişini müsəlmanlara müjdələmək, eyni
zamanda Peyğəmbərimizin (s.ə.v) sünnəsidir.
Allah Quranda İslam əxlaqının yer
üzünə hakim olması üçün cəhd etməyin
bütün müsəlmanların məsuliyyəti
olduğunu bildirir. Quranda bu mövzuda bir
çox ayə var. Allahın adətullahına uyğun olaraq
tarixin hər dövründə haqq dinin təbliğ edilməsində
müsəlmanlara rəhbərlik edən, onları hidayətə
yönəldən mənəvi lider olub. Axırzamanda
müsəlmanları Quran əxlaqına və hidayətə
yönəldəcək, onları birləşdirəcək
şəxs hz. Mehdidir (ə.s).
Peyğəmbirimizin (s.ə.v) səhih hədisləri
ilə bu mövzu 14 əsr əvvəl insanlara müjdələnib.
Peyğəmbərimmiz (s.ə.v) bu mövzunun əhəmiyyətini
hədislərində açıq-aydın vurğulayır.
Müsəlmanların da bu mövzunu gündəmə
gətirib müjdələməsini bildirir.
Əgər mehdiyyət əhəmiyyətsiz mövzu olsaydı, Peyğəmbərimizin (s.ə.v) söhbətlərində bunu görməzdik. Ancaq əksinə, həm Peyğəmbərimiz (s.ə.v) bu mövzuya əhəmiyyət vermiş, həm də müsəlmanları hər dövrdə bu mövzunu gündəmdə saxlamağa təşviq etmişdir. Mən də Peyğəmbərimizin (s.ə.v) tövsiyəsini yerinə yetirirəm. Hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələyirəm, hz. Mehdini (ə.s) insanlara tanıdıram.
Bundan əlavə, Peyğəmbərimizdən (s.ə.v) başqa, 1400 ildən çoxdur ki, bütün böyük İslam alimləri də müsəlmanlara hz. Mehdinin (ə.s) gəlişini müjdələyiblər. Hər biri əsərlərində, söhbətlərində bu mövzuya çox geniş yer ayırıblar. Əhli-sünnənin böyük alimləri olan hədis alimlərimiz, məzhəb imamlarımız da mehdiyyət mövzusuna böyük əhəmiyyət veriblər.
- Verilişlərinizdəki xanımların geyimləri dinə uyğundurmu?
- İstər qadın, istər kişi olsun - hər müsəlman həmişə xarici görünüşünə çox diqqət etməli, gözəl geyinməli, tər-təmiz olmalıdır. Peyğəmbərimiz (s.ə.v) və yanındakılar da istər təbliğ edərkən, istərsə də gündəlik həyatda çox gözəl geyiniblər, ən keyfiyyətli paltarlara üstünlük veriblər.
Bundan başqa, İslam dinində məcburiyyət yoxdur. Biz hər kəsin anlayışına və fikrinə hörmətlə yanaşırıq. Xanım dostlarımız da öz istədikləri kimi, inanclarına uyğun şəkildə geyinirlər. İstəyən hicab taxır, istəməyən taxmır və istədiyi kimi geyinir, istəyən çarşaf geyinir, istəyən kosmetikadan istifadə edir - fərq etməz, hamısı bizim üçün nur kimi dəyərli müsəlmandır, heç bir ayrı-seçkilik etmirik.
- Yəhudi və xristianlarla nə üçün görüşürsünüz?
- Müsəlmanlarla xristianlar və yəhudilər arasında süni gərginlik yaratmağa çalışırlar, buna mane olmaq, bölgədə sülhün bərqərar olmasını təmin etmək üçün görüşlərin keçirilməsi şərtdir.
Müsəlmanlar və yəhudilər hz. İbrahimin (s.ə.v) övladlarıdır, bir tərəf İsmail oğulları, digər tərəf Yəqub oğullarıdır. Ona görə iki qrup arasında qarşıdurma olması və münasibətlərin pozulması çox mənasız və yersizdir. Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi, yəhudi və xristian qardaşlarımızın qorunması Qurana və hədislərə uyğundur. Bəzi şəxslər Qurandakı “xristianları və yəhudiləri dost tutmayın” ayəsini yanlış anlayırlar. Bu ayədəki ərəbcə “vəli” sözü rəhbər, idarəçi mənasındadır. Müsəlman cəmiyyətdə müsəlman, xristian cəmiyyətində xristian, yəhudi cəmiyyətində də yəhudi rəhbər olması xalqın rahatlığı baxımından da təbiidir. Yəhudi və xristianlar bizim dünyada qardaşlarımızdır, onları sevir, hörmət edir və müdafiə edirik.
Nəzakət Bədirova
Təzadlar.- 2014.-
30 yanvar.- S.13.