“Ömür deyir yaşa hələ”
“Ömür deyir yaşa hələ”. Əməkdar müəllim,
60 il müəllimlik etmiş, o cümlədən 54 il məktəb
rəhbəri olmuş (bu mənada, Ginnesin rekordlar kitabına
da düşə bilər), müdrik ağsaqqal, gözəl
insan, böyük şəxsiyyət Səlim Köçəri
oğlu Əzimovun yeni kitabı belə adlanır. 150 səhifəlik bu həyat salnaməsini, çox
dəyərli ziyalı manifestini birnəfəsə oxudum.
Kitaba verdiyi bu adı oxuduqda qeyri-ixtiyarı olaraq mütəfəkkir
şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindən
aşağıdakı misralar yaddaşımda canlandı:
Yaşamaq
yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər
yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Başqa
bir “Həyat eşqı” şeirində daha iki misra yada
düşdü:
Həyat
eşqi baş əyirəm önündə,
İşığısan sən ayın da, günün
də.
Səlim müəllimin bu kitabı da bax belə bir həyat
eşqi ilə yazılıb. Bu eşq həm də
onun ağıl süzgəcindən keçirdiyi neçə-neçə
böyük şəxsiyyətlərə baş vurub
onları cəmiyyətə təqdim etməsindən
yaranıb.
Səlim Əzimov Allahın öz bəndəsinə ərməğan
etdiyi ömrün demək olar ki zirvəsində dayanır və
onun əvvəlki kitablarına yazdığım rəylərdə
dediyim kimi, fenomen yaddaşı ilə bu kitabında da yüzlərlə
rəngarəng insanların xatirəsinə işıq
salır, həyat dərsi keçir. Kitabda Allahın
Lövhi-məhfuzunda “İNSAN” adlandırdığı
möcüzəsi barədə real həyatdan
götürdüyü adamlarn canlı obrazını yaradaraq
onları unutmamağı tövsiyə edir. Bunlar elə adamlardır ki, bəşəriyyət
durduqca bunlar da onun yaddaşında yaşamağa məhkumdur.
Tarixin müəyyən dönəmlərində belə
adamları yaddaşlardan silməyə çoxsaylı
qüvvələr peyda olsalar da, buna nail
ola bilməmişlər.
Zamanın axarını dayandırmaq heç kəsə
nəsib olmayıb. Axı zaman özü də Ulu
Yaradanın 99 adından biridir və o, öz axarına
saysız–hesabsız abidələr qoyub irəliləyir.
Bütün abidələr, hətta
dünyanın yeddi möcüzəsi də, o cümlədən
Misir ehramları da tarixin səhnəsindən silinib gedə
bilər, lakin tarixin şöhrət çələnginə
çevrilmiş adamları heç bir qüvvə silib yox edə
bilməz.
Müəllifin böyük məhəbbətlə vəsf
etdiyi Xudu Məmmədov, Rafiq Əliyev kimi dünya
şöhrəti qazanmış alimləri də bu qəbildəndir.
“Müəllim
ömrü”, “Kamillik zirvəsi”, “Yurd yeri”, “Həyat hekayələri”
kitablarında oldugu kimi, bu kitabında da insanın mənəvi
gözəlliyi üçün vacib olan keyfiyyətləri cəmiyyətə
təqdim edir.
Müəllif
yazır: «İnsanı pis əməllərdən
uzaqlaşdırmaq üçün üc vasitə vardır:
- din, abır-həya, dövlət qanunları».
Elə bilirəm ki, onun bu müddəasına heç kəs
irad tuta bilməz. Bu üç vasitə insanı eybəcərləşdirən
yalançılıq, böhtançılıq,
paxıllıq, riyakarlıq, oğurluq, əyyaşlıq,
yaltaqlıq kimi əməllərin heç birini yaxın
buraxmır.
Səlim müəllim xeyirxahlıq, nəfsi toxluq,
sözü və əməli düz gələn adamların
uzun ömür sürməsinə şübhə etmir.
O,
yazır: “İnsan yalnız o zaman əsl insan səviyyəsinə
yüksələ bilər ki, hadisələrin ardınca
sürünməsin, tale qulu olmasın, iradəsini kənar
qüvvələrə tabe etməsin». Onun
canlı obrazını yaratdıgı adamlar da məhz belə
insanlardır.
Səlim müəllimin bir müxbirlə müsahibəsində
dediyi bir kəlam məni də riqqətə gətirdi. Müxbir
soruşur ki, ömrünüzün 85-ci ilində mənəvi
və fiziki gümrahlığınızın səbəbini
nədə görürsünüz? Cavab
verir ki, «əvvəla, səbrdə (Səbrin Allahın
adlarından birinin oldugunu yaddan çıxarmayaq), kin-küdurət
kimi eybəcərlikdən uzaq olmağımda və ən
başlıcası isə ömür-gün yoldaşımda
olub».
Bu yerdə böyük Şeyx Şamilin rus
çarına verdiyi bir cavab da yada düşür. Çar ondan soruşanda ki,
25 il böyük bir imperiyaya qarşı
vuruşa bilməyinin başlıca səbəbini nədə
görürsən? Cavab verir ki, «birinci növbədə,
ailəmdən narahat olmamağımda və buna görə də
arvadım Cövhərətə minnətdaram».
Mən Səlim müəllimdən bir neçə
yaş böyüyəm, mənə də həmin sualı
veriblər və mən də eyni cavabı vermişəm. Riqqətə
gəlməyim də elə bununla əlaqədardır.
Səlim müəllim əvvəlki kitablarında oldugu
kimi, bu kitabında da doğma yurdu Novruzlunun
axarlı-baxarlı günlərini yada salıb, indi
düşmən tapdağında olduğuna görə
keçirdiyi ürək ağrılarını ifadə edir.
Kitabın ən vacib məziyyətlərindən biri
xalqımızın milli adət-ənənələrinə
dair yazdıqlarıdır. Xüsusilə toy adətlərinin
gözəllikləri, bunların möhkəm ailə təməli
üçün danılmaz şərt olması və bu
gün cəmiyyətin əsası olan ailələrin baş
alıb gedən dağılmalarından ürək
agrısı ilə bəhs edir və başlıca səbəbini
də bu adət-ənənələrin yoxa
çıxmasında görür.
Yeri gəlmişkən,
müasir toyların eybəcərliklərindən, qulaq
batırıcı hay-küyündən hamı
danışır və böyük təəssüflə
deməliyəm ki, bunun qarşısını alan
yoxdur.
Müəllifin
gənc ailələr üçün nəsihətləri
möhkəm təməl üçün çox vacibdir və
bunları dönə-dönə gənclərə
çatdırmaqla bütün cəmiyyətı gözəlləşdirmək
olardı:
- Sənə
hörmət edənin qədrini bil.
- Agıl
və kamal var-dövlətdən yüksəkdir.
- Can de,
can eşit.
- Təmiz
ad qazanmaq igidin yaraşığıdır.
- Başqalarının malında gözün olmasın.
-
Yalançılıq ən çirkin və alçaq sifətdir.
- Ara
qarışdırıb söz gəzdirmək kimi yaramaz hərəkətlərdən
uzaq ol.
Müəllif
dönə-dönə vətən məhəbbəti ilə
alışıb yanır və Cabir Umud adlı bir şairin
şeirindən bir bənd ilə bu həsrəti izhar edir:
Mənim
bu millətə yazıgım gəlir,
Vətəndə vətənsiz yolçuya
dönür.
Arzusu sərgərdan,
bəxti sərgərdan,
Qisməti dərdinə elçiyə dönür.
Və
sonra da Məmməd Arazın sözləri ilə haray çəkir:
Bu gün
gərək hər birimiz vətən desin,
Qılıncımız,
qalxanımız vətən desin,
Ölənlərin
əvəzinə qalanımız vətən desin.
İnsanın ən böyük faciəsi ümid
adlı onun mənəviyyatına hopmuş bir
anlayışı itirməkdir.
Müəllifin nikbin təbiəti əsər boyu
özünü büruzə verir. “Agdamlı günlər
yenidən gələcək”, “ümid bir dayaqdır, təsəllidir”
deyib oxucularına da bunu təlqin edir, nikbin əhval-ruhiyyə
ilə onları ovundurur.
Kitabda Səlim müəllimin yaxın dostlarının
bir çox yazıları da onun mübariz, sınmaz təbiətinə
qol-qanad verir, yazdıqlarını alqışlayır. Müəllifin
“Həyat hekayələri” kitabına rəy yazan Surxay Əlibəylinin
akademik Ziya Bünyadovdan gətirdiyi bir iqtibas xüsusilə dəyərlidir.
Akademik yazırdı ”Hər bir alim,
yazıçı, jurnalist, bütövlükdə qələmçalanlar
öz kəndlərinin, şəhərlərinin tarixini
yazmağa təşəbbüs göstərirlər. Doğrudur, bu, çətindir lakin faydalıdır.
Çünki bir həqiqətdir ki,
tarixçilər ümumi tarix yazırlar və hər bir
yaşayış məntəqəsini həmin yerin sakini qədər
dəqiq bilmirlər və bu məsələdə omları
günahlandırmaq olmaz”.
Bu mənada, doğma Novruzlunun tarixini, onun
adamlarını Səlim müəllim qədər mükəmməl
əks etdirən başqa birisi yoxdur. O, bu kəndin yetişdirmələrı
sırasında sadə kəndlidən başlayıb
ziyalısına, akademikinə qədər yüzlərlə
adamın həyat hekayəsini, canlı obrazını
yaradıb.
Müəllif bir yazısına “Axı abır-həya
yaxşı şeydir” başlıgını verib. Bu
yazını oxuyub sarsılmamaq mümkün deyildir. “LİDER” telekanalının bir verilişində
küçədə rast gələnlərdən
soruşulur ki, Nadir Qaffarzadə kimdir. Hamının
cavabı bir olur: - mügənnidir. Bəs Cəfər
Cabbarlı kimdir sualına heç kim cavab
verə bilmir. Bəziləri hətta deyir ki, deyəsən,
rəssamdır, yaxud bəstəkardır. Bu, cəmiyyətimizin böyük faciəsi deyilmi?!
Müəllif yazır: “Görəsən, belə gəncliklə
hara gedirik?”
Azərbaycan ədəbiyyatının ölməz sənətkarı
Cəfər Cabbarlının unutqanlığına görə
müəllif haqlı olaraq müasir təhsilimizi
günahlandırır. Onun yenə həmin kanalın başqa bir verilişindəki
məktəbdə aparılan bir sorğu-sualda nə müəllimlərin,
nə də şagirdlərin Xocalının işğal
tarixini, işğal olunmuş rayonların adlarının,
tarixini, Azərbaycanın milli qəhrəmanlarının
adlarını bilməmələrini isə “dəhşət”
adlandırır.
O,
müasir təbligatımızın aparıcı sahəsi
olan telekanallardakı eybəcər verilişləri ,
abır-həya kimi ilahi bir hissin yoxa
çıxdığını böyük ürək
ağrısı ilə qeyd edir və bundan da dözülməzini
isə belə eybəcərliklərə baş nazirin
müavini Elçin Əfəndiyev, vitse-spiker Ziyafət
Əsgərov, professor Qulu Məhərrəmov, millət vəkili
Zahid Oruc kimi görkəmli ziyalıların etirazlarına məhəl
qoyulmamasında görür.
Müəllif milli adət-ənənələrimizi
qorumaq əvəzinə, onu sökürük,
dağıdırıq, bayağılaşdırırıq
deyə haray çəkir və buna dair gətirdiyi ibrətamiz
faktlar oxucunu dəhşətə gətirir. Bir telekanalda xınayaxdı
məclisində qadından çox kişinin olması,
teleaparıcı Rövşanə xanımın
tamaşıçılardan “qadın geyinəndə qəşəngdir,
yoxsa soyunanda” abırsız sualı, verılışlərdə
xanəndələrin, aparıcıların, müğənnilərin
abırsız geyimləri və sair faktları oxuyarkən
böyük şairimiz Bəxtiyarın:
“Hara gedir
bu dünya, hara gedir bu gərdiş”
sözlərini xatırlamalı olursan.
Müəllifin
“Tükənməzlik” yazısı Qarabag, Ağdam
yanğısı ilə Üzeyir Hacıbəylinin ev muzeyində ürəyi partlayıb
dünyasını dəyişən dünya şöhrətli
alimimiz Xudu Məmmədovun xatirəsinə ithaf olunub. Burada müəllifin çox əzəmətli alimlərin
Xudu Məmmədov haqqındakı fikirlərinin böyük
statistikasını verməsi onun qüdrətli şəxsiyyətinə
hərtərəfli işıq salınması
baxımından əvəzsizdir.
Müəllifin digər nəhəng alimimiz Rafiq
Əliyev haqqındakı yazısı da eyni dəyərə
malikdir.
Səlim müəllimin böyük müdriklərdən,
müqəddəs kitablardan iqtibas etdiyi kəlamlar,
ayrı-ayrı tarixi şəxsiyyətlərin,
yazıçıların həyatından gətirdiyi ibrətamiz
misallar onun çox zəngin mütaliəsinə dəlalət
etməklə oxucuya zəngin məlumatlar verir. Onun ana
haqqındakı müqəddəs kəlamları isə bu
kitabın müqəddəs inciləridir.
Kitabın
son akkordları ömür-gün yoldaşı olub onun həyatına
uzun illər işıq saçan, beş
gözəl övlad baxş edən Zabilə xanımın
itkisindən yaranan böyük yanğısına həsr
olunub. Səlim müəllimin bu
yazısındakı son cümlələr onun böyük dərdini
yaşayan məni də sarsıtdı, ürəyimdən
qara qanlar keçdi.
O, həm
də təskinlik verir: “Həyat şirin və dözülməzdir,
bir röya kimi bizi qoynuna alır, sınaqlardan keçirir,
uşaqlıqdan gəncliyə, gənclikdən
ahıllığa, ahıllıqdan qocalığa doğru yol
gedirik. Belə bir deyim vardır ki, ölüm
olmasaydı, həyat bu qədər şirin olmazdı. İnsan vardır ki, diri kimi ölüdür, insan
da vardır ki, öləndə də diridir».
Yenə
böyük şairimizin (B.Vahabzadə) bir beyti yada
düşdü:
Mən diriyəm məzarda da,
Çünki ölməz imanım var.
Səlim müəllim, siz də belə iman sahibisiniz. Çünki başqa bir
şairin (Əliheydər Qəmbərov) dediyi kimi:
Dünyanın
işləri xeyirlə şərdir,
Şərəflə yaşamaq böyük hünərdir.
Siz taleyin qisməti olan uzun bir ömrünüzü
şərəflə yaşamısınız, elə bu
ömür payınız nəsillər üçün ən
böyük örnəkdir.
İmkanım olsaydı bu kitabınızı dərslik
kimi məktəblərə tövsiyə edərdim, onu
dönə-dönə oxumağı hər kəsdən
xahiş edərdim. Amma çox təəssüf! Sizin də
yazdığınız kimi kitab təki əvəzsiz bir abidə
cəmiyyətdən gen düşüb. Bu
da var ki, dediyiniz ümid ölməyib, nə vaxtsa cəmiyyətin
gərdişinin dəyişəcəyinə, belə
kitabların böyük bir mənəvi sərvət oldugu
öz yerini tapacaqdır. Siz elə bir zəngin
həyat yaşamısınız ki, hələ deyəcəyiniz
sözlər qurtarmayıb. Arzu edirik ki, qələminiz
korşalmasın, fələkdən sənə ərməğan
olan zəngin yaddaşınızın bitməz-tükənməz
sərvəti yeni-yeni kitablara köçürülüb nəsillərimizə
qismət olsun.
Əgər “Ömür deyirsə ki, yaşa hələ”
niyə də yaşamayasan. Həyat bütün
hallarda gözəldir, yaşamalıdır, insanın
arzuları isə bitməz-tükənməzdir. Bizim də
ilahi arzumuz odur ki, Novruzludakı axar-baxarlı həyətinizi,
ikimərtəbəli yaraşıqlı evinizi bərpa edib
bizi də bir dost kimi qonaq çağıraraq, qucaqlayıb
bağrınıza basasınız, sevincdən kövrələsiniz,
lap elə hönkürəsiniz. Amin!
"Təzadlar"dan:
«Külli Azərbaycanın fəxri, dəyərli
ziyalımız Sadıq Murtuzayevə bu şərhinə-araşdırma
yazısına görə minnətdarlığımızı
bildiririk və yazını "Təzadlar" qəzetinin 18
avqust tarixli sayında oxuya bilərsiniz.
Təqdim etdi: JASMİN
Təzadlar.- 2015.- 15 avqust.- S.5.