“Ana laylası”
Ana laylası... Bundan daha gözəl
bir musiqi, nəğmə varmı?
Sevgi dolu ana laylası
ana qədər müqəddəsdir. Hansı yaşda
olursan ol, ana laylasına ehtiyac duyursan. Çünki həmişə bir körpəsən ana üçün.
Beşikdə coşmasa ana laylası,
Oyanmaz körpənin
milli dünyası.
Ana laylasını dinləməyənlər
Şeiri, musiqini necə dərk edər?!
Körpədə oyatsa könül
dünyası,
Quran ayəsidir - ana laylası!
Laylada “Şur” da var,
“Heyratı” da var,
Layladan köklənir bütün
muğamlar!
Bu misralar haqqında
söz açacağımız
Niyazxan Səfərlinin
yeni nəşr olunmuş “Ana laylası” kitabındandır. O Niyazxan
Səfərli ki,
1958-ci ildə “Gətirsin”
rədifli dodaqdəyməzi
ilə ədəbiyyatımıza
gələrək, məddahlıq
və rüşvətin
kök saldığı
sovet redaksiyalarından
üz çevirir.
Lakin yazmaqdan qalmır.
Niyazxan Səfərli
30 noyabr 1939-cu ildə
Ağdam bölgəsinin
İsmayılbəyli-Pirzadlı kəndində anadan olub. 1956-cı ildə Novruzlu kənd orta məktəbini, 1969-cu
ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib.
Azərbaycanımızın müstəqilliyindən sonra
o, mətbutla, daha dəqiq desək, müstəqil qəzetlərlə
maraqlanmağa başlayır. “Təzadlar” qəzetinin mövqeyi, tutduğu yol, səhifələrindəki
yazılar onun könül tarının
sarı siminə toxunur. Və Qarabağ Azadlıq
Təşkilatının sədri
Akif Nağının
məsləhəti ilə
o, şeirlərini “Təzadlar”
qəzetinə təqdim
edir.
“Ana laylası”
Beləliklə, “Təzadlar” qəzetinə
“ayaq açandan” sonra onda özünə
inam oyanır və 2008-ci ildə “Qarqar laylası” kitabı işıq üzü görür. Həmin kitabla
səsləşən “Ana laylası”
isə keçmişimizi
bu günlə bağlayan, hər birimizin qəlbini sonsuz vətənpərvərlik
duyğuları ilə
coşduran bir nəşrdir. Geniş oxucu
kütləsi üçün
nəzərdə tutulan
“Ana laylası” kitabı
6 bölmədən ibarət
olaraq, hər bölmə özünəməxsusluğu
və məzmunu ilə seçilir.
Dünyada, eləcə də respublikada baş verən mənəvi aşınmalar N.Səfərlini
düşündürdüyü üçün o, “Paklığı
çağırış” silsiləsindən olan şeirlər yazmağa başlayır. Ana laylasının
körpələrin mənəvi
dünyasındakı rolunu
nəzərə alaraq
müəllif kitabını
“Ana laylası” adlandırır.
Körpə hər hikməti
layladan duyar,
Ananın südü də layla qoxuyar.
Ana laylası müəllifin
hələ körpəliyindən
təxəyyülündə elə əfsanəvi bir dünya yaradıb ki, onun cazibəsindən heç zaman çıxa bilməyib, əslində heç çıxmaq da istəməyib. Bu səbəbdən
kitabın “İllər
və təmsillər.
Paklığa çağırış” bölməsindəki “Paklığa
çağırış” silsiləsindən olan şeirləri, eləcə
də digər şeirləri ana laylasının məhsuludur
desək, yanılmarıq.
Paklığa çağırışdır ana laylası,
Allaha alqışdır ana laylası!
N.Səfərli “İllər və təmsillər” adlanan şeirində 12 heyvanın
adı ilə təmsil olunan illərə öz münasibətini bildirir.
Kitabın “Qoşma, gəraylı
və müxəmməslər”
bölməsində yer
alan şeirlərində
müəllif birbaşa
vətən, torpaq, insan sevgisinə önəm verir, müharibəni lənətləyir,
onun insana vurduğu sağalmaz yaralara toxunaraq hamını birliyə səsləyir:
Əsir
Qarabağdır dərdin,
möhnətin,
Yurd, məkan itirib, zaman gözləmə!
Yaxud:
Səfərli, gur yandır ümid çırağın!
Qalxsın son döyüşə daşın,
torpağın.
Enməsin göylərdən zəfər
bayrağın,
Arxanda qala tək duranı
axtar!
Kitabda “Qəzəllər
və müxtəlif
(süjetli) şeirlər”
bölməsində toplanan
şeirlər müxtəlif
mövzulara həsr edilib. Bu şeirlərdə
müəllifin dünyabaxışı,
ictimai-siyasi hadisələrə
münasibəti poetik
dillə ifadə edilir.
Yalanlarla yol getmişik talanları görə-görə.
İlanları, əqrəbləri - çalanları
görə-görə.
İllər boyu qatilləri
bir büt sandıq, səcdə qıldıq,
Cənubdakı, şimaldakı viranları
görə-görə.
“Publisist və elmi məqalələr” bölməsində də
müəllif mövzuya
özünəməxsus şəkildə
yanaşmağa çalışıb. Atası
ilə bağlı xatirələrin yer aldığı “Çaylaq
düzü”, həmçinin
“Əziz Şərifin
“Molla Nəsrəddinin
yaranması” monoqrafiyası”,
“Mirzə İbrahimovun
“Böyük demokrat” əsəri”, “Vətən
övladlarını doğmalarından
ayırmayan müəllim
- ana” məqalələrində
N.Səfərli mövzuya
həssas münasibətini
ifadə edir.
“Əlavələr” bölməsində
yer almış “Ata abidəsi” poeması və digər şeirlərində ictimai
hadisələrə münasibət,
müəllifi düşündürən
həyat məsələləri
poetik fikir süzgəcindən keçərək
şeirə çevrilir.
Qeyd edək
ki, vətən, torpaq, insan sevgisi
N.Səfərlinin yaradıcılığında
qırmızı xətt
kimi keçir. O, bütün
şeirlərində bu
mövzulara sadiq qalır. Onu və bütövlükdə
cəmiyyəti narahat
edən məsələlərdən
poetik bir dillə danışır.
“Əsir ananın vəsfi-halı” şeirində
doğma torpaqların
işğal altında
olması, Qarabağ dərdi, minlərlə şəhid harayı və digər itkilərimiz müəllifin
içində həzin
bir kədərə, ağrıya çevrilir:
Öz-özünü yandırır
o,
Səməndəri andırır o.
Sona yetmir intizarı...
Ərşə qalxır ahuzarı.
Xilas olmur yağılardan,
Təskin tapır ağılardan.
Hər anı bir qəmli
dastan,
“Haray!”, “Vətən!” deyə-deyə,
Qul olubdur erməniyə.
Avtomatın qundağında,
Erməninin qabağında
Öz evini sökür ana...
Yola salır
Yeravana.
Həqarətə dözmür ana!
Dözmür ana!..
Müəllifin kitabda toplanmış digər şeirləri də maraqlı detalları ilə oxucu diqqətini çəkir.
Bütün ömrünü elmə, təhsilə, ədəbiyyata,
sözə həsr etmiş Niyazxan Səfərliyə ürəyindəki
sözlə cilalanmış
atəşin həmişə
gur yanmasını diləyir, ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
ELBAR
Təzadlar.- 2015.- 15 dekabr.-S.15