“Şərq ədəbiyyatları: ənənə
və müasirlik”
Bakı Dövlət Universitetində tələbələrin
ənənəvi II elmi-praktik konfransı
keçirildi
Təhsil - xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyidir. Həyat böyük bir prosesdir və bu prosesdə uğurlu iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələsi ən ümdə yeri tuturdu. O, ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu yüksək qiymətləndirirdi. Bu gün ölkə prezidenti cənab İlham Əliyev də ümummilli liderin yolu ilə gedərək, təhsilə xüsusi diqqətlə yanaşır.
Əslində, hər bir dövlət istəyirsə ki, ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, hər şeydən çox təhsilə diqqət yetirməli, təhsilin inkişafına səy göstərməli, təhsil üçün bütün imkanları yaratmalıdır.
Ali məktəblərdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı - ilk növbədə, mənəviyyatca saf olmalıdır. Təhsil ocaqlarında gəncliyimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam insanlar tərbiyə etmək məsələsi mühüm yer tutur.
Son illər gənclərin elmə marağı azaldığı bir zamanda, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şərq ədəbiyyatları: ənənə və müasirlik” mövzusunda tələbələrin ənənəvi II elmi-praktik konfransın keçirməsi təqdirəlayiq haldır. İstər müəllimlərin, istərsə də tələbə-aspirantların bu konfransda həvəslə iştirakını əslində körkəmli dövlət xadimi Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsi kimi də qiymətləndirə bilərik.
Bakı Dövlət Universitetinin qarşısında duran başlıca məqsəd gələcəyin vətənpərvər ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Müasir qloballaşma dövründə hər bir ali təhsil müəssisəsinin gücü və qüdrəti onun beynəlxalq arenada mövcud nüfuzu və əlaqələri ilə ölçülür. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla çalışır. Bütün sadaladığımız xüsusiyyətlər elə BDU-nun Şərqşünaslıq fakültəsində keçirilən konfrans zamanı da özünü göstərdi.
Konfransı giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizov açdı. O, tələbə-aspirantlara uğurlar diləyərək, elmin keşməkeşli yollarında onlara uğurlar arzuladı. Qeyd edək ki, konfransın təşkilatçısı Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə idi. Ümumiyyətlə, fakültəyə dekan müavini təyin edilən gündən Cavanşir Məmmədzadə tələbələrin təlim-tərbiyəsi ilə yanaşı, onların elmi sahədə də inkişafı üçün əlindən gələni əsirgəmir. Belə elmi konfransları keçirməklə o, tələbələri elmi-araşdırmalara həvəsləndirir. Azərbaycan gəncliyinin elmə marağının azalması tendensiyasının müşahidə edildiyi vaxtda belə konfransları təşkil etmək təqdirəlayiqdir.
Magistr Yusifli Şahin Sadiq Hidayətin “Kor bayquş” əsəri və ya “Bir ruhun dastanı”, Elnurə Hüseynova “Orxan Kamalın əsərlərində Anadolu mövzusu”, Rəna Mehdiyeva “Əli Amirin həyat və yaradıcılığı” mövzularında apardığı elmi araşdırmalar haqqında qısa məlumat verdilər. III kurs tələbəsi Nigar Xudiyeva “Necip Fazıl Kısakürekin yaradıcılığı”, III kurs tələbəsi Rəfiqə Paşayeva “Koreya nəğmələri”, IV kurs tələbəsi Asya Abdullayeva “Reşat Nuri Güntekinin ədəbi fəaliyyəti” və s. mövzularda öz elmi araşdırmaları haqqında söz açdılar.
Konfransın gedişi zamanı çıxışlar, elmi disputlar o qədər maraqlı gedirdi ki, bu disputlarda iştirak edən qonaqlar da kənarda qalmadılar. Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova çıxış edərək fars ədəbiyyatının inkişafı, ümdə duran məsələlər, araşdırması gözlənilən mövzular haqqında məlumat verərək, iştirakçı tələbə-aspirantlara uğurlar dilədi.
IV kurs tələbəsi Eşqin Zeynalovun “Sahib Təbrizinin həyat və yaradıcılığı”, IV kurs tələbəsi Toğrul Məmmədovun “Orta əsrlərin görkəmli yəhudi filosofu Maymonid”, III kurs tələbəsi Əfsanə Lətifovanın “Mehmet Akif Ərsoyun yaradıcılığı” mövzusunda çıxışları konfrans iştirakçıları tərəfindən alqışla qarşılandı.
Dosent Aydan Xəndan dərs dediyi tələbələrin çıxışlarını və araşdırmalarını bəyəndiyini qeyd edərək, onlara elmi yolda uğurla addımlamağı arzuladı. Konfransın sonunda Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə çıxış edərək, belə elmi konfransların fakültədə mütəmadi olaraq keçiriləcəyini qeyd edərək, fars dilində gözəl bir şeirlə çıxışına yekun vurdu. Konfrans zamanı Türkiyənin “İstiqlal” himni də səsləndi, fars, ibri, yapon, ərəb, kitay dilində şeirlər də ifa edildi. Dörd saatlıq konfrans zamanı müxtəlif şərq ölkələrinin ədəbiyyatına nəzər salındı, tələbə-aspirantların araşdırmaları dinlənildi. Cavanşir Məmmədzadə qeyd etdi ki, konfransda öz elmi araşdırmaları ilə çıxış edən tələbə-aspirantların elmi araşdırmaları elmi məqalələr toplusunda dərc ediləcək. Beləcə, elm yoluna öz kövrək addımlarını atan tələbə-aspirantların konfransı yüksək əhval-ruhiyyə ilə sona çatdı.
Qeyd etdiyimiz kimi, təhsil - hər bir millətin gələcəyi, dövlətin təməli, dünyaya açılan pəncərədir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu təhsillə qazanmışdır. Biz də inanırıq ki, Şərşünaslıq fakültəsinin tələbə, magistr, aspirantlarının uğurları Azərbaycan hüdudlarından kənarda da saysız-hesabsız olacaq və bizləri sevindirəcək.
Biz də öz növbəmizdə Şərqşünaslıq fakültəsinin elm yoluna qədəm qoymuş və bu yolda inamla addımlayan tələbə-magistrlərə uğurlar arzulayırıq.
E.ŞİRİNOV
Təzadlar.- 2015.- 15 dekabr.- S.11.