Görkəmli alim Xudu Məmmədovun
doğum günüdür
Bu gün görkəmli kristalloqrafalim geologiya-mineralogiya
elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü Xudu Məmmədovun doğum
günüdür.
Xudu Surxay oğlu Məmmədov 1927-ci ildə Ağdam
rayonunun Mərzili kəndində anadan olub. 1957-ci ildən
Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki
Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri
vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsi üzrə
olub.
Silikat
birləşmələrindən bir çoxunun quruluşunu
müəyyənləşdirib, həmin birləşmələr
sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və
s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara
çıxarıb, 50-dən çox kompleks birləşmənin
molekul və kristall quruluşunu öyrənib. Yüksəkixtisaslı
elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri
olub.
"Şərəf nişanı" ordeni və
medallarla təltif olunub.
Xudu Məmmədov
1988-ci il oktyabrın 15-də Bakıda vəfat
edib.
***
Ermənilər Xudu Məmmədovu necə öldürmək
istəyirmiş?
(Bu
yazını "Təzadlar"ın arxivindən
böyük alim Xudu Məmmədovun xatirəsinə ərməğan
edirəm)
“Təzadlar”
qəzeti ermənilərin Xudu Məmmədovu necə məhv
etmək istədiklərinə dair sensasiyalı sənədi
təqdim edir...
...Dünya
şöhrətli alim Xudu Məmmədov barədə
çoxsaylı fikirlər və mülahizələr var. Onun
elmlə sənətin, insanlıqla mədəniyyətin və
mənəviyyatın vəhdəti barədə fikirləri həmişə
aktual olub. Mən Xudu müəllimin barəsində
deyilməmişləri deməmişdən əvvəl onun
yazıb-yaradan, həm də yaradıb-yazan bir alim, ictimai xadim
kimi həyat fəlsəfəsi barədə danışmaq
istəyirəm. Çünki biz adətən
Xudu Məmmədovu alim kimi tanıyırıq. Amma Xudu müəllim nə qədər böyük
alim idisə, bir o qədər də böyük ürəyə
sahibli bir vətənpərvər, millətini və
xalqını, dövlətini, torpağını sevən sadə
bir insan idi. Onun vətən, dövlət sevgisinin sərhədi
yox idi-Azərbaycanı azad və müstəqil görmək
arzuları kimi... Fikirlərimi izah etmək
üçün Xudu müəllim haqqında Türk
dünyasının böyük şairi Bəxtiyar Vahabzadədən
eşitdiyim bir xatirəni bu məqamda xatırlamaq, məncə,
lap yerinə düşər. Bəxtiyar müəllim
danışırdı:
...70-ci
illərin əvvəllərində Xudu Məmmədov və
Nurəddin Rza bizə gəlmişdilər... Novruz
bayramı günləri idi. Bayram süfrəsi
ətrafında hərəmiz ürəyimizdə tutduğumuz
bir arzu barədə bir-bir danışmağa başladıq.
Əvvəlcə mən danışdım.
Dedim, ən böyük arzum budur ki, Azərbaycan
İstiqlalına daha tez qovuşsun, Türk
dünyasının birliyi bərqərar olsun... Sonra Nurəddin
danışdı... Dedi ki, ən böyük arzum Azərbaycanı
azad və müstəqil, o taylı, bu taylı bütöv
görməkdir...
Nəhayət, Xudu danışdı. Dedi ki, ən böyük
arzum budur ki, bir də görüm günlərin birində
qapımız bərk döyülür... Gedib
açanda görüm ki, qapının ağzında əlində
süngülü tüfəng tutmuş türk əsgərləri
dayanıb. Desinlər ki, əfəndim, bu
mənzil Xudu Məmmədovundurmu? Deyim ki, bəli, Xudu Məmmədovundur!
Soruşsunlar ki, kommunist Xudu Məmmədov
sizsiniz? Deyim ki, bəli, mənəm... Sonra tüfəngi
mənə tərəf çevirsinlər və desinlər
ki, əllər yuxarı, biz gəlmişik Azərbaycandakı
sonuncu kommunist Xudu Məmmədovu güllələməyə...
***
...Məncə
əlavə şərhə ehtiyac yoxdur. Çünki Xudu
müəllim bəlkə də bu kiçik görünən
arzısunun içində böyük bir siyasi anlamda Allahdan
diləyirdi ki, bir gün SRRİ dağılmış olsun, sərhədlər
açılsın, türk əsgərləri Azərbaycana gəlsin,
Bakıda əli silahlı sərbəst gəzsinlər və
Bakıdakı sonuncu kommunisti güllələsinlər... Onda
kimin ağlına gələrdi ki, bundan neçə illər
keçəndən sonra Xudu müəllimin həmin
arzuları çin olacaqdı-SSRİ dağılacaqdı,
kommunist partiyası süqut edəcəkdi, Azərbaycan
Müstəqillik Aktını qəbul edəcəkdi... Amma
heyiflər olsun ki, Xudu Məmmədov bunları görmədi,
lakin bunları görən bizlərdən fərqli olaraq bizdən
neçə illər əvvəl arzulamış və bununla
da o günlərin tezliklə gələcəyinə ilahi bir
işarə vurmuşdu...
***
...Xudu Məmmədovla
eyni kənddən idik, qohumluğumuz var idi... Onun
Mərziliyə hər gəlişi bir bayram idi. Ən maraqlısı budur ki, kəndə gəlişi
ilə gedişindən kimsənin xəbəri olmazdı,
quş kimi uçub yox olurdu. Gəlişini
kimsəyə qabaqcadan xəbər yetirib əziyyət verməzdi,
amma hamının əziyyətini çəkməyə gəlirdi,
qayğısı ilə maraqlanırdı. Onu Bakının elmi fəaliyyətdən
ayırıb Qarabağın adi bir kəndinə çəkib
gətirən qüvvə torpağa və bu yurda-Azərbaycana
olan dəlicəsinə sevgisi idi. Onun həyatı
sonralar da elə bu sevginin qurbanı oldu.
Rəhbəri
olduğum “Təzadlar” qəzetinin adını da Bəxtiyar
Vahabzadə, Famil Mehdi, Məmməd Araz və Xudu müəllimin
yaxın qohumu, dostu, tələbəlik-gənclik dostu Yusif Səmədov,
professor İlham Rəhmov, mərhum komandir Rövşən
Cavadov qoymuşdular... Xudu müəllimin ən çox sevdiyi
bir ifadə, ad idi-təzadlar!
Qarabağ hadisələri başlayanda isə Xudu müəllimin
özündən asılı olmayan bir həyacanlı
günləri başlamışdı. Mən həmin dövrdə
Dövlət Neft Akademiyasının tələbəsi olaraq
Xudu müəllimlə tez-tez görüşürdüm və
hər dəfə də onun Ağdamda olduğunu
eşidirdim... Həmin dövrlərdə təxminən 150 il əvvəl Azərbaycana Türkiyə və
İrandan köçürülmüş ermənilər
Xankəndində etirazlara qalxıb müstəqil dövlət
qurmaq istəyirdilər. Kütləvi etiraz tədbirləri
başlamışdı. Xudu müəllim
onların bu yersiz və əsassız iddialarını, həmçinin
ermənilərin Qarabağ bölgəsinə köç
tarixini və s. sənəd və sübutlarla izahlayan məqalələrlə
ölkə və İttifaq mətbuatında
çıxışlar edirdi. Ermənilər
yaxşı başa düşürdü ki, Xudu müəllim
dünyada tanınan bir alim və söz sahibi idi. Və onun adi bir tarixi faktı ortaya qoyması ermənilərin
sərsəm iddialarını alt-üst edə bilərdi.
Odur ki, xain ermənilər onun fiziki məhvinə
hazırlıqlar görməli idilər. Sən
demə, görürmüşlər də.
Təbii
ki, biz həmin dövrlərdə bunları bilə bilməzdik...
Bu yaxınlarda ermənilərin Xudu müəllimi
necə fiziki cəhətdən məhv etmək
üçün hazırlıq gördüyünü və
planlar cızdığını sübut edən olduqca unikal
bir sənəd əldə etdik. Belə
ki, Rusiya EA-nın həqiqi üzvü, görkəmli
kimyaçı alim, akademik Yuri Timofeyeviç Struçkova həsr
olunmuş və 2005-ci ildə Moskvada nəşr edilmiş
“Çelovek, kotorıy ne umel bıtğ ravnoduşnım”
(“Biganə qala bilməyi bacarmayan insan”) kitabında görkəmli
Azərbaycan alimi Xudu Məmmədovun haqqında indiyədək
bilmədiyimiz sensasiyalı faktlar var. Kitab Rusiya Elmlər
Akademiyasının sifarişi əsasında çap olunub.
Kitabda dünyanın bir çox
tanınmış alimləri və onların elmi fəaliyyəti
haqqında yazılar yer alıb, o cümlədən Xudu Məmmədovun
da haqqında. Kitabın ayrı-ayrı səhifələrində
Xudu Məmmədovun elmi fəaliyyəti, onun Azərbaycan elm və
ictimai fikrində tutduğu yer və s. haqqında indiyədək
bilmədiyimiz olduqca maraqlı faktlar da açıqlanır.
Budur,
Y.Struçkovun həyat yoldaşı, xanım İ.S.Axrem ərinin
yazıb çap etdirə bilmədiyi, indi özünün
redaktorluğu ilə nəşr olunmuş (Y.Struçkov
sağlığında yazsa da, tərtib edərək kitab
şəklində sona çatdıra bilməmişdir)
kitabının 464-cü səhifəsində həyat
yoldaşından bəhs edən xatirəsində yazır:
“...Yuranın Azərbaycanda çoxlu dostları və alim
yoldaşları var idi. O, Xudu Surxay oğlu Məmmədova
xüsusi rəğbət bəsləyirdi. Bu bəstəboy
insan öz xalqını və ölkəsini dəlicəsinə
sevirdi. O, vaxtilə Azərbaycan EA-nın prezidentinə
müxalif mövqedə olmuşdu. Onu bu
mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən
məhrum etmişdilər. Lakin şükürlər
olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən
sonra onu laboratoriya müdiri vəzifəsinə bərpa
etmişdilər... Yura çox maraq və istəklə
danışırdı ki, “Xudu İngiltərəyə elmi
ezamiyyədən qayıdanda özü ilə iki çemodan
kitab gətirmişdi. O, Azərbaycan xalqının milli
ornamentləri ilə maddələrin atom quruluşu
arasında paralellik apararaq elmi bağlılıq axtarıb
tapmışdı. Hansı ki, məşğul
olduğu sahə də kristalloqrafiya idi. Mən
şəxsən onun ornamentlərdən ibarət bir
kitabını görmüşdüm, hansı ki, “Azərbaycanın
Eşeri” olan Xudu Məmmədov tərəfindən
yazılıb-tərtib olunmuşdu. Heç bir elmi məşğələ,
heç bir inzibati qərar və ya ailə problemləri onu Azərbaycanın
hansısa ən ucqar bir rayonunda xəstələnmiş və
onu arzulayan qohumu ilə, yaxud bir çobanla belə
görüşünün qarşısını ala bilməzdi...
Xudu heç vaxt bu insanların ölümqabağı onu
görmək arzularını gözündə qoymazdı... Onun yanına hər cür insanlar gələrdilər,
kömək almağa, məsləhətləşməyə.
Yeri gəlmişkən, Xudunun adı da rus dilinə tərcümədə
“əl tutan, xeyirxah” mənasını ifadə edir...””.
Nəhayət,
kitabın 466-cı səhifəsində Xudu Məmmədov
haqqında daha bir maraqlı hissə var: 1980-ci illərin
sonlarında baş verən hadisələrdən, milli
münaqişələr haqqında danışan müəllif
İ.S.Axrem, həyat yoldaşı, görkəmli alim
Y.Struçkovun dilindən yazır: “...SSRİ məkanında
və Qafqaz ölkələrində faciələr
yaşanırdı... Dəhşətli hadisələr
bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı “Erməni xalqının
düşmənləri” siyahısına
salınmışdı. Lakin ermənilər
heç cürə onu öldürməyə macal tapa bilmədilər.
Çünki Xudu Məmmədov 1988-ci ildə qəflətən
ikinci infarkdan dünyasını dəyişdi...”.
Bu faktlar
bir daha sübut edir ki, Xudu Məmmədov 1987-88-ci illərdə
Rusiyada və Azərbaycanda rusdilli mətbuatda ermənilərin
İrəvanda və Dağlıq Qarabağda
qaldırdıqları milli münaqişələrə, əsassız
torpaq iddialarına sərt tənqidi yazıları və
tarixi-elmi əsaslandırmaları ilə cavab verdiyindən ermənilər
onun adını “erməni xalqının düşməni”
kimi ölüm siyahısına daxil ediblərmiş. Lakin göründüyü kimi, terrorçular onu məhv
etməyə macal tapmamışdılar. Çünki
Xudu Məmmədov öz əcəli ilə də düşmənə
bu imkanı verməmişdir!
Allah rəhmət
eləsin!
Sonda: bu dəyərli
faktları özündə əks etdirən kitabı
redaksiyamıza çatdıran Azərbaycan Milli Elmlər
Akademiyasının Kimya Problemləri İnstitutunun əməkdaşları,
Xudu Məmmədovun tələbələri-İmaməddin
Əmiraslanova və Vaqif Qasımova dərin minnətdarlığımı
bildirirəm.
Asif Mərzili
Təzadlar.- 2015.- 15 dekabr.- S.5.