Vaqif Səmədoğlu
romantikası...
Ölümü o insanlar gözləyir ki, ölümün onu haraya aparacağının marağında olsun
Vaqif Səmədoğlu haqqında sağlığında söz demək istəmədim. Çünki özü öz sözünü deyirdi. Sözünü ondan daha yaxşı demək olmurdu. Çünki hər şairin öz sözü var, sözünün də sirri. İndi demək istəyirəm, çünki bu sirri saxlamaq istəmirəm. İnsanlar onu daha yaxşı tanısın deyə, əlbəttə, onu tanımağa ehtiyacı olanlar üçün. Bəziləri elə bilir ki, sərt və qəddar insanlar güclü insanlardır, amma yanılırlar. Ən güclü insanlar kövrək insanlardır, onları dünyanın heç bir ağrı-acısı, əzabı ilə təəccübləndirə bilməzsiniz.
Hüseyn Cavid də romantik şair idi, Mikayıl Müşfiq də, Əli Kərim də, Nüsrət Kəsəmənli də. Amma Vaqif Səmədoğlunun romantikası başqa idi. Bu romantikanın sirrini mən kəşf etdim desəm, yanılmaram. Çünki onun haqqında bunları, sadəcə, mən deyirəm. Düzü, bilmirəm, Vaqif müəllim bu sirrin açılmağını istəyərdi, ya yox, ona desəydim ki, sizin şeirlərin sirrini bilirəm! Mənə nə deyərdi, bilmirəm. Amma indi bunun əhəmiyyəti yoxdur, çünki o sirrini özü ilə aparmayıb. Onun ölümü görmək istədiyindən mən də əmin idim. Çoxları buna qəribə baxır. Amma Vaqif müəllim doğrudan da ölümü görmək istəyirdi, çünki onu haraya aparacağının marağında idi. Məncə, o insan ölümün marağında olur ki, onu haraya aparacağını bilmək istəyir. Buna isə hər adamın cürəti çatmaz. Vaqif müəllimin romantikasının sirri onda idi ki, o, Tanrının ona bəxş etdiyi bütün gözəllik duyğularının əzab-əziyyətini çəkirdi. Romantika o deyil ki, hansısa gözəl varlığa, yaxud təbiət mənzərəsinə baxıb, yaxud da yada salıb xəyala dalasan. Əsl romantik olmaq üçün gərək duyduğun gözəlliyin əzab-əziyyətini çəkə biləsən. Yəni o, gözəlliyi duyurdu, sevirdi, amma ona toxunmurdu, toxunulmaz bilirdi. Bax, bu toxunulmazlığın əzabını yaşayırdı Vaqif müəllim. O, güclü insan idi, həyat onun üçün bütünlüklə gözəlliklərdən ibarət idi. Olumdan ölümə, bir ömrün varlığı qədər.
“Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada.
Ayrılıq bir dənizmiş, sən uzaq, yaşıl ada...”
O, həyatı bütöv sevirdi, olumu da, ölümü də, çünki onu sevə-sevə yaşayırdı, sevinci və əzabı ilə, sonunu gözləyərək. Axı bu ömrü o yaşamışdı, bu onun taleyi idi. Bəlkə ona görə əzablarına kimsənin şərik olmağını istəmirdi, bu əzabların onu haraya aparacağını bilmək istəyirdi. Vaqif müəllim şeirlərində gizli qalırdı. Bəlkə fiziki ağrılar onun mənəvi əzablarını unutdururdu, bəlkə özünü ovuda bilmirdi? Doğrudan da suallardan sual doğur və cavabsız suallar artır. Çünki belə insanlardan daha birini, mənə doğma və əziz birini tanıyıram, o da mənəvi əzabları fiziki ağrılarından daha böyük bir insan idi. O da həmin xəstliklə bu dünyaya əlvida demişdi. O da kövrək və güclü insan idi, ölümünü gözləyirdi, ağrılarını hiss etdirmədən, şikayətlənmədən. Çünki ölümün onu haraya aparacağından sanki əmin idi, ona görə də dözürdü bu ağrılara. Bəlkə ona görə Vaqif müəllimi tanımaq mənə çətin gəlmədi...
Vaqif Səmədoğlu vətənpərvər idi, çünki o toxunulmaz bir gözəlliyin yalnız toxunulmaz bir vətən hüdudlarında ola biləcəyini anlamışdı. Onun əzab-əziyyətini çəkdiyi gözəllikləri - həm maddi, həm mənəvi - insanabənzər varlıqlar məhv edirlər. Əgər biz Vaqif müəllimi az da olsa anlayırıqsa, deməli, biz də az da olsa vətənpərvərik.
“Bilirəm
Yer üzündə
Bir yol da salınmadı
Insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
Gah ölümə
səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir
gecə də...
Çünki mühit içində
Təpədən dırnağa kimi
Ümid içindəyəm”.
Doğrusu, çox marağındayam
ki, “İstiqlal” ordeni alanlardan soruşsaq ki, istiqlal nədir, cavabları nə olar?
Mehparə Rəhimqızı,
Mingəçevir
şəhəri
Təzadlar.-
2015.- 3 fevral.- S.10.