6 ilin Bəxtiyarsızlığı    

 

...2009-cu il fevralın 13-də türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə canından çox sevdiyi Azərbaycanı tərk etdi, haqq dünyasına qovuşdu...

...Böyük ustadımız haqqında bu xatirəni qələmə alarkən inanılmaz bir hadisənin təsirini yaşadım... Redaksiyamıza bir dəvətnamə gətirdilər. Tanınmış muğam ifaçısı və sevimli xanəndəmiz Sevinc Sarıyevanın üzümüzə gələn həftənin cümə günü, fevralın 13-də Bakıdakı möhtəşəm Muğam Mərkəzində canlı muğam konsertinə dəvət məktubu idi... Bir anlığa düşüncələr və kövrək hisslər mənə ustad Bəxtiyar Vahabzadənin “Muğam” poemasını təkrar vərəqləməyimi diqtə etdi... İnanmıram ki, Sevinc Sarıyeva bu solo konsertini (əslində, bu konsert yox, muğam dəsgahıdır) məhz həmin günə- ustad şairin xatirə gününə təyin edib... Bilmirəm, bəlkə də mən yanılıram və Bəxtiyar Vahabzadənin şəxsiyyətini, onun qəzəllərini hədsiz dərəcədə sevən xanəndə xanım bunu məqsədli olaraq həmin günə salıb. Amma bütün hallarda bir maraqlı məqam var ki, həmin gün yüzlərlə həm muğam, həm də “Muğam”sevər Muğam Mərkəzində, özü də türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirə günündə onu elə Sevinc Sarıyevanın Qarabağa-Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama və bu yurd yerlərimizdə şəhid olan on minlərlə qəhrəmanımıza ağı deyən, haray qoparan yanıqlı səsi ilə xatırlayacaqlar... Həm də hamı ürəyində beləcə pıçıldayacaq:

“Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,

“Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

Keçilən yolları hərdən bizə andırdı muğam.

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə qandırdı muğam”.

 

6 il əvvəlki Bəxtiyar

Vahabzadə...

6 il əvvəl “Təzadlar”da dərc olunmuş bu yazını bəzi xırda əlavələrlə təkrar təqdim etməyimin də öz mənası var. Həmin günləri bir də xatırlamaq üçün oxuyun:

...Həyata vida deməyindən düz bir saat əvvəl telefonda danışmışdıq, həmişəki kimi 1993-cü ildən İdarə Heyətinin üzvü olduğu “Təzadlar”ın kollektivinin halını xəbər aldı, başdan aşan və göz açmağa qoymayan dərdimizi-sərimizi soruşdu... Bəxtiyar müəllim həmişə, beləcə az qala həftədə bir dəfə zəng edərdi, bəzən də biz zəng edərdik., səhhətini xəbər alardıq, kefini soruşardıq. Adətən narahat etməmək üçün tez-tez zəng etməzdik, vaxtını almamağa çalışardıq, amma Bəxtiyar müəllim əksinə, gec zəng etməyimizdən narahat olardı, hər telefon zəngimiz onun üçün rahatlıq, təskinlik demək idi... Və hərdən “Azərbaycan” nəşriyyatına, dostu, nəşriyyatın direktoru Nazim İbrahimovun yanına gələrdi, kitablarının nəşri ilə bağlı məsələni yoluna qoyandan sonra mütləq bir mərtəbə yuxarıya qalxıb “Təzadlar”a baş çəkərdi... Hər dəfə mən zəng edəndə isə “...Əksinə, siz zəng edəndə nədəsə bir təskinlik tapıram, axı siz neçə illərdir xalqı Qarabağı unutmamağa çağıran bir şüarı başınız üzərində bayraq etmisiniz, hamımızı bu dərdə əlac eləməyə səsləyirsiniz...” - deyərdi...

***

...2009-cu il. Təxminən bir ay əvvəl Türkiyədən gəlmiş peşəkar hərbi zabitlərdən biri ilə qəzetimizdə müsahibə getmişdi... Azərbaycan ordusunda peşəkar kadr hazırlığı ilə məşğul olan dəyərli türk qardaşımızın müsahibəsini oxuyan Bəxtiyar müəllim redaksiyaya zəng etdi. Mənə, kollektivin bütün üzvlərinə, müsahibimiz olan türk qardaşımıza minnətdarlıq etmişdi. Təşəkkürlərlə bildirmişdik ki, axı, biz neyləmişik ki, Bəxtiyar müəllim?.. Bəxtiyar müəllim müdrikliklə dedi:

- Siz heç bilirsiniz neyləmisiniz? Biz ömrümüz boyu arzu etmişik ki, kaş, ötən əsrin əvvəllərində Bakını və Azərbaycanı erməni daşnaklarından xilas edən türk əsgərinin, türk zabitinin ayağı yenidən torpağımıza dəysin... İndi Allaha şükür ki, hələlik türk zabitlərinin, türk generallarının özləri Bakıdadır. O gün olsun ki, əli silahlı türk əsgərlərinin də ayağı Azərbaycan torpağına dəysin, Azərbaycan əsgərləri ilə türk əsgərləri qardaş birliyi ilə Qarabağı, Şuşanı, Qərbi Azərbaycanı... düşməndən xilas etsinlər....

Sonralar Bəxtiyar müəllimin bu istəklərini və ağsaqqal xeyir-duasını müsahibimiz olmuş türk zabitinə çatdırdıq... Açıq deyim, telefonda türk zabitlərinin sonsuz sevgi ilə Bəxtiyar müəllimə ünvanlı salam-dualarını eşitmək mənim üçün nə qədər qürurduyucu idi. Onlar həm də Bəxtiyar müəllimlə görüşüb əllərindən öpmək arzusunu da gizlətmədilər. Mən bu istəyi Bəxtiyar müəllimə çatdıranda çox kövrəldi... Hətta belə bir tarixi söz də dedi:

- Mən arzulayırdım ki, türk əsgər və zabitlərinin, türk generallarının ayağı Azərbaycana dəysin, indi onların ayağı evimizə də dəyir, bu xalqımızın ən böyük istəyi, arzusudur... Bizim üçün ən müqəddəs bir uğurdur, tarixi şansdır...

Bir gün sonra Türkiyədən gəlmiş həmin türk zabitləri Bəxtiyar müəllimlə görüş ərəfəsində əvvəlcə redaksiyamızda oldular. Vədələşmişdik ki, əvvəlcə bizdə görüşək, sonra bir yerdə Bəxtiyar müəllimgilə gedək. Onlar redaksiyada olanda hələ də inanmırdılar ki, bu görüş-ziyarət baş tuta bilər... Türk polkovnik məndən bir də soruşanda ki, bu gün görüşümüz həqiqətənmi baş tutacaq, dedim ki, bəli:

- İstəyirsiniz bu saat sizi telefonla da calaşdırım...

Dərhal Bəxtiyar müəllimin ev telefonunu yığdım. Türk zabitlər həyəcanla telefonun dəstəyinə diqqət kəsilmişdilər... Təsadüfən telefonun dəstəyini elə Bəxtiyar müəllim götürdü. Mən salam verdim:

- Bəxtiyar müəllim, necəsiniz? - deyərək dərhal da türk zabitlərinin redaksiyamızda olduqlarını söylədim... Təsəvvür edirsinizmi, türk zabitləri hələ də gözlərinə inana bilmirdilər... Mən dəstəyi türk polkovnikə verdim. O, həyəcanından əvvəlcə Bəxtiyar müəllimin səsini eşidən kimi susdu, sonra sakitcə “Canım Bəxtiyar! Ustadım Bəxtiyar!!!” deyrək kövrəldi, danışa bilmədi... Dərhal telefonun dəstəyini aldım, telefonun o başında Bəxtiyar müəllimin sevincdən hönkürtüsünü eşitdim... Güclə sakitləşdirdim, dedim ki, Bəxtiyar müəllim, 5-10 dəqiqəyə Sizdəyik, gəlirik...

***

...Artıq danışmağa kimsədə taqət yox idi. Birlikdə Bəxtiyar müəllimgilə getdik... Sözlə ifadə edilməz bir mənzərəni yaşadıq... Həmin səhnəni adi sözlə təsvir etmək mənim üçün nə qədər çətindir. Türk zabitləri Bəxtiyar müəllimin əllərindən öpürdülər... Hamı bu mənzərənin təsiri altında sevincdən ağlayırdı... Sonra Bəxtiyar müəllim onları bağrına basdı... Belə bir tarixi görüşə ünvanlı bir həsrətin təsirindən axan göz yaşları hamımızın içinə, qəlbinə axırdı... Onlar bir-birini duz kimi yalayırdılar... Əslində, bir əsrə yaxındır həsrətində və arzusunda olduğumuz bir görüş idi bu. Biz hər zaman istəmişdik ki, türk əsgəri, türk zabitləri Azərbaycana doğma vətən kimi gəlsinlər, lazım olanda bu vətəni qorusunlar, Azərbaycan əsgərinə dayaq olsunlar...

Bu tarixi görüş, Bəxtiyar müəllimin dediyi kimi, 90-100 ilin həsrəti və arzusu idi...

Xoşbəxt ölüm...

 

...Bəxtiyar müəllimin şeirlərinin birində dediyi kimi, xalqımızın qüdrətli şair Bəxtiyarı olduğu kimi, həm də bu xalqın bəxtiyar şairi idi. O, xalqın müqəddəs arzuları- istiqlalı və azadlığı yolunda çarpışdı-vuruşdu, xalqın dərdini çiyinlərində ömrünün sonuna, son nəfəsinə kimi daşıdı... Elə son mənzilə də xalqının çiynində getdi... Nə qədər xoşbəxt bir ölüm! Nə qədər böyük bir bəxtiyarlıq!

***

...Şair dərdini içinə çəkdiyi xalqının dərdini həm də çəkib özü ilə irəli apardı... Bəxtiyar Vahabzadə ömrü boyu istədiyi, Tanrıdan və xalqın qüdrətindən dilədiyi müqəddəs arzusuna çatdı- Azərbaycan 1991-ci ildə müstəqillik aktını qəbul etdi, dövlətimiz müstəqillik qazandı, istiqlaliyyətinə qovuşdu.

Bəxtiyar müəllim 70 il Sovet imperiyasının əsarətindən zülmlər görmüş xalqın ikiyə bölünmüş taleyini əks etdirən “Gülüstan” poemasının üstündə nələr çəkmədi... “KQB”nin təzyiqləri və dindirilmələri ilə üz-üzə qaldı. Amma sınmadı, əyilmədi, əksinə, Bəxtiyar qələmi bu əzilmələrdən və təzyiqlərdən daha da itiləndi, daha da kəsərli oldu...

***

...Türk dünyasının böyük şair son mənzilə də elə xalqının sevgilərinə layiq yola salındı. Bəxtiyar müəllimlə vida mərasimi özünün oxuduğu və sonralar müəllim işlədiyi Bakı Dövlət Universitetinin iclas salonunda keçirildi... Yaşadığı evindən-İstiqlaliyyət küçəsindən (istiqlal arzulu şairin bu adlı küçədə yaşamasının özü də bir tale yazısıdır zənnimcə...) götürülən tabut BDU-ya istiqamətləndi. Maşın karvanı İstiqlaliyyət küçəsindən yola düşdü. Polis karaulunun müşaiyəti ilə BDU-nun həyətinə çatdı. Yol boyu minlərlə insan bu kədərli mənzərəni ustad şairin tabutuna tərəf çevrilərək hörmətini bildirirdi... Nəhayət, tabut BDU-nun geniş iclas zalında səhnəyə qoyuldu. Hamı ustad şairinə indi də son mənzilə yolasalma əpəfəsində hesabat verirdi. Minlərlə ziyarətçilər ustadın tabutu qarşısında baş əyərək keçirdi. Nəhayət, Prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət adamları türk dünyasının böyük oğlunun son mənzilə yola salınması mərasimində iştirak etdilər, dövlət başçısı şairin oğlu Azər Vahabzadəyə, İsfəndiyar Vahabzadəyə və şairin həyat yoldaşı Dilarə xanıma dərin hüznlə başsağlığı verdi.

Ziyarət saat 16-00 radələrinədək davam etdi. Sonra son nəfəsinədək dərdini çiyinlərində daşıyan ustad Bəxtiyar Vahabzadə elə xalqının da çiyinlərində son mənzilə yola salındı...Şairin tabutu 1-ci Fəxri Xiyabana gətirildi, insan selinin müşaiyəti ilə torpağa tapşırıldı...

Qəbrin nurla dolsun, ustad!

Yerin behişt olsun, böyük insan!

***

...Ustad şairin yaradıcılığı ilə onun İnternet saytı vasitəsilə bir daha yaxından tanış olmaq imkanımız var. Şairin internet saytında Azərbaycan Yazıçılar Birliyinin təqdimatı yer alıb. Həmin təqdimat- tanıtmada deyilir: “Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır...

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-cı ildən təqaüdə çıxmışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya ?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1985-ci ildə ona “Xalq şairi” fəxri adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir. B.Vahabzadənini şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000). O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair “Millətçi” damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.

Bu vaxta qədər qüdrətli söz ustadı, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır.

B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.”

Böyük ehtiramla:

Asif Mərzili

Təzadlar.- 2015.- 7 fevral.- S.6.