Dağlarda şəhid səsi...

 

Siz vətənin ən böyük sərhədisiniz!

Ey şəhidlərim, oyanın!

Durun ayağa!

Şəhidlik qismətinizdir.

Qoymayın vətəni şəhid olmağa...

 

Bu misralar çox dəyərli şairə Güləmail MuradınDağlarda səhid səsiadlı şeirindəndir. Kitabın adı da həmin şeirin adıyla adlanır. Öncə şair Güləmail Murad haqqında bir neçə söz demək istəyirəm. Şeirlərini sevə-sevə oxuduğum, kitablarını dönə-dönə oxuduğum, özünü bir ana, insan kimi çox yaxından tanıdığım bir ləyaqət timsalıdır şair Güləmail.

Ağstafanın Sadıxlı şenliyində dünyaya gələn Güləmail xanımın bir yanı da ərlər, ərənlər yurdu olan Borçalının Qarayazı bölgəsinə söykənib. Elə taleyini bir qarayazılıya bağlayıb. Xoşbəxt bir ailə ömrü yaşayıb.

İlhamının gücünə, sözün qüdrətinə, vətənin yurdu şərəfinə bir ümid mənbəyi kimi baxan şairə Güləmail yazmaqdan doydu, yaratmaqdan. Şeirləri dildən-dilə düşən hər kəs tərəfindən təqdirlə qarşılanan bu insanın insan olaraq necə var elə qalması, təvazökarlığı, ağır oturub-batman gəlməsi hər kəsdə çox böyük məmnuniyyət hissi yaratmışdır.

İllərlə üst-üstə neçə-neçə kitab ərsəyə gətirmiş, qəzetlərdə, jurnallarda, televiziya radioda ona verilişlər həsr olunmuş yazılar dərc edilmişdir.

Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun”, “Balaca müdrik”, “Sevgi dastanı”, “Dostluq körpüsü digər şeir, hekayə, esse kitabları onun könlün duyğularıdır. Güləmail xanımın əsərləri bir çox dillərə tərcümə olunub. Şeirlərinə musiqilər (mahnılar) bəstələnib.

2006-cı ildə Güləmail MuradınSənli-sənsizadlı kitabıLirika kitabıfəxri diplomuyla ödüllədirilib. 2003-cu ildə isə “Oskar-Ozanfəxri diplomu ilə təltif edilib. Güləmail xanımın Ağstafada, Qarayazıda (3 saylı məktəbdə) keçirilən görüşləri onun sevildiyinə bir işarədir.

Güləmail Murad dosta dost, düşmənə düşmən olub həmişə. Yurdun vətənin həm anası, həm şairi, həm vətən uğrunda canını verməyə hazır olan bir əsgərdi o.

Dağlarda şəhid səsikitabı da dediklərimizə bir sübut, dəlildir. Başdan-ayağa ürək, can yanğısıyla, ana sevgisiylə qələmə alınan bu kitabın hər bölümü, hər səhifəsi bir qəm, qəhrəmanlıq dastanı kimi düşünülüb. Doğma Sadıqlının on nəfər qeyrət simvolu, qəhrəmanlıq zirvəsi ola oğlunun Azərbaycanımızın hər guşəsindən canını vətən uğrunda qurban verməyi özlərinə şərəf bilən neçə-neçə övladımızın yarımçıq ömürlərinin ən yaddaqalan anları qələmə alınıb bu kitabda. El-el gəzərək hər bir vətən oğlunun ocağını ziyarət edən, onların ailələri, qohum-əqrəbaları, müəllimləri, dostları ilə görüşən, hər kəsi sayğıyla dinləyən, onların duyğu düşüncələrini gah dərdli, kədərli, qürurlu kəlmələrlə, gah da hüznlü şeirlərlə, düşündürücü, mübarizə aparmağa çağıran, qisasa qisasla cavab verməyə səsləyən poemalarda əbədiləşdirən şair ananın çəkdiyi ağrıları görməmək olmür. “Azərbaycanım, yaşa!” şeirindən bir bəndə diqqət yetirək:

Əzabım çoxalanda,

Ümidim yox olanda,

Son anda, son gümanda,

Sənsən gümanım, yaşa!

Azərbaycanım yaşa!

 

Bütün yaradıcılığında olanümidadlı bir işıq burda da ulduzların içindən sayrışır sanki.

Kitabda şeirlə yazılan bölümlər var. Bu bölümlərdə elə bil oxucuların düşüncəsinə yeni dad, yeni tam gəlir. “Hara gedirsən belə?” poeması Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanova həsr olunub. Milli Qəhrəmanımız Gültəkin Əsgərovaya həsr olunmuşGültəkin zirvəsipoeması bizi qeyrətə hünərə çagırır hər misrasında:

Bir ümid var, solan deyil,

Düşmən zəfər çalan deyil.

And içirik qəbrinizə.

Şəhid unudulan deyil.

 

Hacımahmudova Qaratelin 65 illiyinəpoeması da o qəbildəndir. Bu əsər xalqımızın cəsur qızı Qaratelin bütün dünyaya nümunə ola biləcək hünərinə həsr olunub. Könüllü ön cəbhəyə - vətənimizin ən qaynar nöqtəsinə gedən qəhrəman döyüşçü. Bu həmin o Qarateldi ki, düşmən əlinə keçməsin deyə, son gülləsini öz ürəyinə sıxır. Şair bu olaya qürurla yanaşaraq deyir:

Ey Qazax mahalının

Qəhrəman qızı.

Azərbaycanımızın ulduzu,

Örnək olacaqsan

gələcək nəsillərə.

 

Əlbəttə, qürurunda sinəsi dağa dönən şair başqa cür düşünməzdi. O, Azərbaycanımızın qəhrəmanlıq simvolu olan qızının şərəfli düşüncəsini dünyaya görk etmək istəyir.

Dağlarda şəhid səsikitabı elə bil bir kitab dolu dastandır. Orada dərc olunan hər qəhrəmanın qısa şücaətlərlə dolu ömrü ayrıca bir dastan kimidir.

Neçə-neçə milli qəhrəmanın, vətən üçün canını fəda edən neçə-neçə şəhid övladlarımızın az sürən, fəqət, mənalı olan ömür yolunu ürək ağrılarıyla qələmə alan Güləmail Murad öz qələmiylə özünün kim olduğunu təsdiq etmişdir.

1. “O, əsl qəhrəman idi. “(Məmmədov Məmməd Qara oğlu haqda);

2. “72 gün” (Nuriyev Zabit Şamil oğlu haqda);

3. “Sağ qalsa idi” (Əhmədov Əhməd Paşa oğlu haqda);

4. “Xəyala dönən arzular” (Bayramov Rəhman Dursun oğlu haqda);

5. “Tarixi yaşadan həqiqətlər” (Bayramov Habil Şahvələd oğlu haqda);

6. “Anam da yox ağlaya” (Xələfov Qərib Telman oğlu haqda);

7. “Xonçası bağlı qalanlar” (Ramizov Məcid Binnət oğlu haqda);

8. “Mahir şücaətində” (Əfəndiyev Mahir Əhməd oğlu haqda);

9. “Baharı qışa döndü” (Omarov Ariz Nəriman oğlu haqda);

10. “Atam kimi hərbçi olacağam” (İbrahimov Nazim Tofiq oğlu haqda);

11. “Vətən uğrunda” (Alıcanov Rafiq Cəfər oğlu haqda);

12. “Vətəndir şərəfimiz” (Tağıyev Şahin Talıb oğlu haqda);

13. “Qarakənd göylərində” (Fəxrəddin İbrahim oğlu Şahbazov haqda);

14. “Şəhid yaşında” (Qaratelin 65 illiyi haqda);

15. “Yuxumdan itkin düşüb” (Şahlar Əvəz oğlu Şükürov haqda);

16. “Qəhrəmanlıq dərsi” (Məmmədov Eldar Harun oğlunun xatirəsinə);

17. “Saçlarda ağaran dərd” (Fariz Şahməddin oğlu Babanlı) haqda).

Bu yazılar nələr demir oxuculara. Dərd dolu, ələm dolu, hüzn dolu ən nəhayətdə, qürur dolu hekayətlər. Əlbəttə, candan ayrılan canlarla bağlı yazıların yazılması da candan gələndə belə olur.

Dağlarda şəhid səsikitabında gedən çox fəxr olunası bir əsər diqqəti özünə çəkir. Bu da Qafqaz İslam Ordusunun 90 illiyi münasibətilə yazılan qürur düşüncəsidir. Bu düşüncə elə bil yatmış düşüncə duyğuların yenidən cana gətirilməsi üşün bir yaddaşa qayıdış çağırışıdır. Keçmişini bilməyən gələcəyini bilməzdemiş atalar. Nuru paşanın Bakını erməni işğalından qurtarmasını kim unudar. Bu əsəri ilə Güləmail Murad Azərbaycanla Türkiyəninbir millət-iki dövlətanlayışını dərk etməyə səsləyir unutqanları.

Güləmail MuradınDağlarda şəhid səsikitabına ön sözü əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Milli Məclisin deputatı Nizami Cəfərov yazıb. Ön söz müəllifinin fikirləri şair Güləmail xanımın düşüncələrinə bir az da işıq tutur. Onun demək istədiklərini bir az da alim düşüncəsilə oxucuya izah edir: “Məncə, hər bir yazıçı, qələm adamı öz kəndinin, bölgəsinin səhid tarixini yazmalıdır onların adları fiziki coğrafiyadan öncə ədəbiyyat sahəsində əbədiləşməlidir. Güləmail Murad təkcə Sadıqlı kəndinin şəhidləri ilə kifayətlənməyib, o həm Azərbaycanımızın digər bölgələrindən olan şəhidlərin nakam taleyini yazıçı ustalığı ilə qələmə alıb”.

Güləmail Murad bu əsərində Azərbaycanın yaxın uzaq tarxinə baş vurur. Ön sözdə deyidiyi kimi, tarixi dərinliklərinə səyahət edir.

Bir şair kimi Güləmail Murad çox sınaqlardan, imtahanlardan çıxıb. Dağlarda şəhid səsiadlı dərd heykəli olan bu kitabla da o, yeni bir imtahandan alnıaçıq üzüağ çıxmağı bacarmışdır. Güləmail Muradın hələ görüləsi çox işi, yazılası çox kitabı, oxunası çox-çox əsərləri yoldadır. Biz onun öncə özünə, sonra qələminə inanırıq. O qələm ki, özü demiş:

 

Heç bilirsən nələr yazmaq istərəm?!

Qələbədən xəbər yazmaq istərəm,

Neçə-neçə əsər yazmaq istərəm,

Yazılmayan əsərimi yaz, qələm!

 

Güllü Tomarova

Təzadlar.- 2015.- 10 fevral.- S.15.