Aşıq Xaspoladın sənətkarlığı
Aşıq Xaspolad (1919-2000-ci illər) Qarabağ aşıq mühitinin görkəmli nümayəndəsi olmaqla yanaşı, ustad aşıq kimi el-oba arasında tanınmışdır. O, güclü hafizəyə, qeyri-adi yaddaşa, yüksək hazırlığa malik bir sənətkar idi. Aşıq Xaspoladın yaradıcılığı geniş və çoxşaxəlidir. Ustadnamələr, gəraylılar, qoşmalar, müxəmməslər, divanilər, hərbə-zorbalar, həcvlər, qıfılbəndlər onun yaradıcılığında geniş yer tutur. Aşıq şeirinin müxtəlif şəkillərində yazdığı şeirlər, neçə-neçə sənətkarlarla deyişmələri, dastanları onun ustad aşıq olduğunu göstərən əsas əlamətlərdir. Aşıq Xaspoladın əsərlərinin təsir gücü, əhəmiyyəti böyukdür. Qıfılbəndləri hələ də aşıqlar tərəfindən açılmamış qalır. Bunu da qeyd etmək lazımdır ki, Qarabağ aşıq mühitinin hazırkı sənətkarları arasında klassik aşıq sənət ənənələrinin inkişaf etdirilməsində, aşıq şeirinin müxtəlif şəkil və formalarında orijinal nümunələr yaradan Aşıq Xaspoladın yeri və rolu danılmazdır. Bu ustad sənətkarın yaradıcılığı çox zəngin və əhatəli olduğundan yurd nisgili, vətən həsrəti motivləri də onun ədəbi irsində üstünlük təşkil edir.
Aşıq Xaspoladın klassik aşıq şeirinin bütün şəkillərində şeirləri vardır. İndi bu el sənətkarının yaradıcılarına nəzər yetirib poetik imkanlarını, özünəməxsus deyimlərini, üslubunu izləyək. Aşıq yazır:
Qulluğuna neçə kəlmə sözüm var,
Düz cavab ver bu suala, əzizim.
Həsrətəm, gözlərim qalıb intizar,
Qəlbim düşür haldan-hala, əzizim. (1,8).
Göründüyü kimi, “Əzizim” rədifli bu qoşma olduqca axıcı olub sadə bir dildə yazılmışdır. O həm Azərbaycan dilində bir cox klassik şairlərin, həm də müasir şeir yaradıcılarının tez-tez müraciət etdiyi şəkillərdəndir (2.232.). Bu qoşma 6+5 formasında işlənmişdir. Bu qoşmanın axıcılığının nə ilə bağlı olduğunu açmaq üçün həmin bənddəki saitləri qeyd edək.
u-u-u-a e-ə
ə-ə ö-ü a
u ü
a-a e u u-a-a ə-i-i
ə-ə-ə ö-ə-i a-ı i-i-a
ə-i
ü-ü a-a-a-a ə-i-i
Burada qeyd edildiyi kimi, “a” saiti daha çox işlənmişdir. Mürsəl Həkimov
yazır: “İfaçılıqda açıq saitlərin ən
çeviyi “a” saitidir. İfaçı aşığın,
demək olar ki, bütün zəngulələri, misralar
arasında bərpaedici sözlərin (qadan alım, ceyran bala,
balam və s.) üstünlük təşkil etməsi məhz
həmin səsin və ümumiyyətlə, acıq saitlərin
genişliyi ilə əlaqələndirmək, izah etmək
lazımdır” (3.300).
Müəllifin “Oldum” adlı qoşması da maraqlıdır. O yazır:
Qəfil
qəza məni saldı toruna,
Açıq yolu bağlar qalan mən oldum.
Ehtiramla səcdə
edib varlığa,
“Lahu” deyə çağlar qalan mən oldum.
Şikayət
eylərəm həkim - loğmandan,
Xəstə şəfa tapar əsl dərmandan.
Möhnətdən,
dəhşətdən, qəmdən, hicrandan,
Sinəsində dağlar qalan mən oldum.
Coşqun
Xaspoladam, ömrüm zay oldu,
Çeşmimin yaşından bulaq çay oldu.
Qəm gəldi
qəm üstə, mənə pay oldu,
Cavan vaxtı ağlar qalan mən oldum. (1,9)
Göründüyü kimi, bu qoşma cəmi
üç bənddən ibarətdir. Maraqlıdır ki,
şeirdəki dərd-kədər motivi get-gedə, daha
doğrusu, birinci bənddən ikinciyə, ikincidən
üçüncüyə keçə-keçə daha da
tündləşir. Ancaq bu, böyük
ustalıqla, səbəb-nəticə şəklində verilməklə
inkişaf etdirilmişdir. Bunun
aydınlıgını başa düşmək
üçün birinci bəndə baxaq. Burada
birinci misra ikincinin, eyni zamanda üçüncü
dördüncünün səbəbidir. Çünki
“qəfil qəza tora salmasa açıq yol bağlanmazdı.
Bəs nə üçün “ehtiram”, “səcdə edən”
bir insan” “lahu” deyə “cağlar qalır”. Təbii
ki, müəllif burada daha çox “dini-sufi simvoldan istifadə
etmişdir. Yəni Allaha səcdə edən, yaradana
şükran olanın dərdli olması onun sufi
mahiyyətindən (aşıq cəfa, əzab-əziyyət
çəkməlidir) irəli gəlir. Həm
də bütövlüklə bənddə qəmli ruh tam
formalaşmış, ondan da ikinciyə keçərək
onun qəm yükünü xeyli artırmışdır.
Şeirdən də göründüyü kimi,
müəllif həkim - loğmandan şikayətlənsə
də, işi düz gətirmir - möhnət, dəhşət,
qəm, hicran onun sinəsinə dağlar çəkir.
Möhürbənddə müəllifin dərdi daha da
qüvvətli verilir: qəm onun ömrünü zay etdiyindən
göz yaşı bulağı çay etmiş; qəminin
üstünə qəm gəlmiş, cavan vaxtı ağlar
qalmışdır. Aşıq bu şeirdə
işlənən omonimlər (açıq, bağlı; xəstə,
dərman), sinonimlər (həkim, loğman; qəm, hicran),
alliterasiya (qəm gəldikcə qəm üstə “q” samitinin
təkrarı ilə) şeirin bədiliyini və mükəmməlliyini
təmin etmişdir. Tariyel Abbaslı sinonimlərin əhəmiyyəti
haqqında yazır: “Sinonimlər vasitəsilə üslubi məqamlarda
müəyyən mənalar ifadə edilir. (4.144).
Aşığın
şeirlərində maraqlı məcazlar da az
işlənməmişdir. Məsələn: “Eşqin
quşu qanad çalar, görünməz”, “Qeyis kimi meylim
uçur dağlara”, “Sənət bir ümmandı, qəvvası
fikir” bu qəbildəndir (1,9; 20). Aşıq həm də yeri
gələndə az sözlə dərin mətləbə
enə bilir. O yazır:
Ovçu
olub bərələrdə durmamış,
Yaraqlanıb
yolda karvan vurmamış,
Sərdarlar
sarsıdıb, köhlən yormamış
Meydan görmüş namidara toxunma. (1.20)
İlk baxışda adama elə gəlir ki, müəllif
ovçudan, karvan vuran, sərdarlar sarsıdıb köhlənlər
yoran qəhrəmanlardan danışır. Ancaq
dördüncü misra bu fikrin kökündən
yanlışlığını göstərir. Həm də elə buradaca “meydan görmüş
namidar” aydın görünür. Aşıq
bununla təcrübəli, ustad aşıq olduğunu göstərir.
Deməli, bir az öncə qeyd edilənlər
aşıqlıq cəfasının təsvirindən
başqa bir şey deyil.
Aşıq Xaspoladın qoşmalarının içində
didaktik ruhda yazılan, ustadnaməni xatırladan şeirləri
də vardır. Onun “Olubdu” qoşması da bu qəbildəndir.
Bu şeirdə öz başının ağrısını
bilməyənin xələtə bürünüb loğman
olması, köpəyin qorxusundan tir-tir əsən
tülkünün hində aslana dönməsi, o cümlədən
gecələr yuxu yata bilməyənlərin qorxulu yollara sarban
olması sadə bir dillə təsvir edilmişdir:
Eşit
cavabımı, əziz qardaşım,
Gərdişdə çox belə dövran olubdu.
Öz
başının ağrısını bilməyən
Xələtə bürünüb loğman olubdu.
Hamıya
meydandı bu cahan mülkü,
Varlığa libasdır təbiət kürkü.
Köpək
qoxusundan qan qusan tülkü
Toyuqlar damında aslan olubdu.
Can
atıb cərgəyə çata bilməyən,
Gecələr
qoxudan yata bilməyən,
Öz
evinin yolun tapa bilməyən
Qorxulu yollara sarban olubdu.
Aşıq
Xaspoladla həkim Süleyman,
Bu dərdə tapsınlar de necə dərman?
Şəhərdə
qazıdır Mədəd, Mehdixan,
Kəndin də mollası Səxvan olubdu. (1,20-21)
Tərəddüd etmədən bu qoşmanı klassik
aşıq şeirimizin dəyərli nümunələrindən
saymaq olar.
Aşığın
“Sənin”, “Yaxşıdır”, “Eylər”, “Olmaz”, “Quran”,
“Danış”, “Can desin”, “Danışaq” (1,34; 35-36; 38) kimi
maraqlı şeirləri diqqəti çəkir. Ustad aşığın gəraylıları da onun
saza-sözə dərindən bələd olduğunu göstərir.
“Baxın”, “Qəlb”, “Məni”, “Tapdı”, “Gözəl”,
“Dağlar”, “Mən”, “Deyirəm”, “Gəlin”, “Gəlib” belə
maraqlı şeirlərdəndir (1,90-91; 92; 93-94). “Baxın” gəraylısına
diqqət yetirək:
Ay ariflər,
qiymət verin,
Bu gələn canana baxın.
Fikir verin
libasına,
Bəzəkli ceyrana baxın.
Qaymaq
tutub bal dodağı,
Şölə verir gül yanağı.
Sinəmə
çəkibdir dağı,
İnsaf
edin yana baxın.
Layla
çalır siyah teli,
Ətirlidir qönçə gülü.
Kaman
qaşı, şirin dili,
Təbibə, loğmana baxın.
Xaspolad
oldu divana,
Dəstində
saz yana-yana,
Vurulmuşam
o ceyrana,
Ölürəm, qurbana baxın. (1.90.)
Göründüyü
kimi, burada müəllif təsvir etdiyi gözəli “bəzəkli
ceyran”, “bal dodaqlı”, “gül yanaqlı”, “siyah telli”,
“qaşı kaman”, “şirin dil” epitetləri ilə verməklə
bərabər, məcazlardan da (gül yanağın
şölə verməsi, sinəyə dağ çəkilməsi)
bacarıqla istifadə olunmuşdur. Burada “təbib”,
“loğman” sinonim sözlər olub şeirin ruhuna uyğun
işlənməklə bərabər, onun
axıcılığını və bədiliyini də kifayət
qədər təmin edir.
“Gəlib” gəraylısı da bədii lövhələrinə,
epitetlərinə görə fərqlənən şeirlərdəndir. Müəllif “siyah zülflü”,
“xumar gözlü”, “qələm qaşlı”, “aləm
üzlü”, “şəkər ləbli”, “şirin
sözlü”, “incə belli” bədii təyinlərlə
portretini yaratmaqla gözəlin gözəl olduğu qədər
də xoşxasiyyət olduğunu nəzərə
çatdıra bilmişdir. O, təsvir etdiyi gözəli
“qönçə gül” adlandırmaqla yaratdığı
gözəlin portretini tamamlayır. Şair yazır:
Qiymət
verin bu həyata,
Sirri dərin kainata.
Coşqun
təbli Xaspolada
Qönçə güldən namə gəlib. (1,90)
“Məni” şeiri də axıcılığına,
deyilişinə görə fərqlənən gəraylılardandır. İndi həmin
gəraylıya diqqət yetirək.
Can
almağa gələn canan
Mehman eylə bağa məni.
Xumar
gözə, gül yanağa,
Qoşa
turunc nara məni.
Şəkər
ləblərinin dadı,
Nəyə oxşar deyim adı.
Beçə
balı ağzım dadı,
Gör gətirdin hara məni.
Xaspoladı
gətdin coşa,
Heyran oldu qələm qaşa.
Gəl
yanımda duraq qoşa,
Çək eşqinlə dara məni.
Bu
şeirdə əsas qafiyələr (“bara”, “nara”, “hara”, “dara”)
yerində işlənmiş, köməkçi qafiyələr
(dadı, adı, dadı; coşa, qoşa) onun
oynaqlığının qüvvətli alınmasına imkan
yaratmışdır. Eyni zamanda, bu şeirdə
maraqlı mübaliğələr (can almağa gələn
canan, çək eşqinlə dara məni) müəllifin təcrübəli
sənətkar olduğundan xəbər verir. Həm də “bu cür poetik məcazdan sənətkarlıqla
istifadə oxucunu aşığın təmizliyinə,
böyüklüyünə, ülviliyinə inandırır”
(2,303).
Aşıq
Xaspoladın “Qəlyanın”, “Canavar”, “Mart ayı” kimi
şeirləri də təbiiliyinə görə əlvan
lövhələri ilə yaddaqalandır, adamı cəlb edəndir.
Çünki bu şeirlər ən kamil müxəmməslərdən
sayıla bilər. Müəllifin “Qəlyanın”
müxəmməsində çoxlu yer adları (Bakı,
Şəki, Mahaçqala, Gəncə, Göyçə, Dərbənd,
Dağıstan, Ordubad, Naxçıvan, Laçın, Kəlbəcər,
Gürcüstan, Qafqaz və s.) sadalanır, “paravoz tək
tüstü verən qəlyanın tənbəkisinin çox
olması qeyd olunur. Aşıq qəlyanı
özünəməxsus bir dillə oxuculara təqdim edir.
“Canavar” şeiri də deyim tərzinə, özünəməxsusluğuna
görə xüsusi maraq doğurur. Müəllif
canavarı çapovul, yol kəsən haramı kimi təsvir
edib özünün nə tacir, nə çoban, nə də
carçı olmadığını deyərək, qəfləsi,
sürücü olmadığını da ona
xatırladır, canavarın ondan boş yerə pay umduğunu
göstərir. Müəllif bu şeirdə
canavarın yırtıcı təbiətini ustalıqla təsvir
edir. O yazır:
Dişlərini
taqqıldadıb,
Quyruğunu bulayırsan.
Caynağınla
yer eşirsən,
Yoxsa meydan sulayırsan? (1,135)
“Mart ayı” da maraqlı və duzlu-məzəli bir dillə
yazılmış şeirlərdəndir. Müəllif bu ayı
“qışın davamı”, “boranı çox olan”,
“dağı, aranı məşəqqətə bürüyən”,
“coşqun, boran” ayı kimi təsvir edərək onun
soyuğundan, boran-şaxtasından dad eləyir:
Ayağımda
üç yun corab,
Üçün
də nazik geyirəm,
İki
tuman, iki şalvar,
İki də köynək geyirəm.
İki
pencək, bir pambıxlı,
Üstündən də kürk geyirəm.
Başımda
buxara papaq,
Put
yarım yük geyirəm.
Yenə
cismim titrəyir,
Ciyardan, candan mart ayı. (1.136)
Təbii ki, bir məqalədə Aşıq Xaspolad kimi
ustad aşığın yaradıcılığını əhatə
etmək qeyri-mümkündür. Zənnimizcə, onun
yaradıcılığından təqdim etdiyimiz şeirlər
də bu böyük aşıq haqqında, onun sənətkarlığı
barədə yetərli sayıla bilər. Üstəlik,
aşığın zəngin dastan
yaradıcılığı da onun ustad aşıq
olduğunu təsdiq edir. İ.Abbasov yazır:
“Aşıq ədəbiyyatının ən zəngin sahəsi
dastan yaradıcılığıdır” (5,126).
Zənn edirik ki, Aşıq Xaspolad kimi ustad aşıq
bundan sonra da ətraflı araşdırılacaq, tədqiq
olunacaq.
Ədəbiyyat:
1. A.Nəbiyev.
“Azərbaycan xalq ədəbiyyatı”. II hissə. Bakı, “Elm”, 2006
2.
Aşıq Xaspolad Gülablı. “Taleh və Həqiqət”.
Bakı, “Yazıçı”, 1990
3.
Mürsəl Həkimov. “Azərbaycan
aşıq şeirinin şəkilləri və qaynaqları”.
Bakı, “Maarif”, 1999
4. Tariyel
Abbaslı. “Qurbaninin poetik irsi”. Bakı, “Təhsil”,
2004
5.
İsrafil Abbasov. “Azərbaycan folkloru XIX əsr
erməni mənbələrində”. Bakı, “Elm”, 1977
6.
Aşıq Xaspolad Coşqun. “Qəlbimdə
nisgilli hekayətim var”. Bakı, “Təhsil”, 1999.
Almara
NƏBİYEVA,
folklorşünas,
BDU-nun “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının
elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru
Təzadlar.-
2015.- 17 fevral.- S15.