XOCALI

 

(poema)

 

(Əvvəli ötən sayda)

 

Çingizin çəkdiyi kadrlar durur,

Adam baxa bilmir o mənzərəyə.

Adam bu həsrətdən od tutub yanır,

Niyə qurban getdi Xocalı, niyə?

 

Niyə qeyrətimiz susdu o gecə,

Niyə biz qalxmadıq bir nəfər kimi,

Necə bağışlayaq özümüzü biz,

De kimi qınayaq, indi biz kimi.

 

Heç vaxt bağışlamaz Xocalı bizi,

Bir şəhid şəhərin ruhu ağlayır.

Ötüşdükcə illər, keçdikcə illər,

Yolları, izləri duman bağlayır.

 

Biz niyə fürsəti düşmənə verdik,

Quşçular gedəndə niyə dinmədik.

Biz niyə çəkildik Malıbəylidən,

Hər qarış Vətəndi, yurdu,demədik.

 

Xalqı qaldırmadıq ayağa o gün,

Gizlətdik millətdən bu cinayəti.

Dedik iki nəfər ölüb orada,

Özümüz aldatdıq bəşəriyyəti.

 

Daldan atılan daş topuğa dəyər,

Şəhidin üstündə ah-nalə çəkdik.

Vaxtında haraya cavab vermədik,

Sonradan ağladıq, göz yaşı tökdük.

 

Şəhid gedənlərin günahı nəydi,

Niyə günahkarlar cəzalanmadı?

Deyək ki, erməni qatildi elə,

Bəs niyə şəhərə kömək olmadı?

 

Xocalı dərdini unutmaq olmaz,

Qəlbimiz bu dərddən hey sızlayacaq.

Şəhid ruhlarını şad etmək üçün

Geri dönməliyik, geriyə ancaq.

 

Necə ovunduraq şəhid anasın,

Yetim qalanlara cavab verək.

Ölüb-qalanlara göz yumunca biz,

Girəydik döyüşə o gecə gərək.

 

Xəyanət xəyanət dalınca gəldi,

Getdi Kəlbəcər , Şuşa, Laçın da.

Doğma Qarabağı əldən verəndə

İtirdik Vətənin gözəl tacın da.

 

Günahın idi Xocalı sənin?

O qış gecəsində sən şəhid oldun.

İtirdin oğlunu, qızını o gün,

Qəfil şaxta vuran gül kimi soldun.

 

Dərdini deməyə dilim gəlməyir,

Dərdin yerə-göyə sığışmaz sənin.

Ay doğma Xocalım, şəhid şəhərim,

Bir el qoynuna yığışmaz sənin.

 

Kəndlər şəhid olub, bilirəm bunu,

Bir şəhər silinib bu yer üzündən.

O gecə fələklər hara baxırmış,

Niyə sən yayındın Tanrı gözündən?

Görən hara baxdı BMT o gün,

Dünyanın vicdanı bəs niyə susdu.

Kimsə ucaltmadı səsini o gün,

Özgələr susdu, Baki da susdu.

 

Bu dərd qəlbimizdə hey qövr eyləyir,

Xocalı yarası sağalan deyil.

Unutmaq olarmı bu vəhşiliyi,

Uşaq da, böyük qisas al deyir.

 

Hanı o gözəllik, hanı o məkan,

Belə bir şəhərə necə qıydılar.

Qansızlar o gecə qan eylədilər,

Bir xalqı, milləti ağlar qoydular.

 

Adam düşündükcə odlanır, yanır,

Axı bu şəhərin günahı nəydi?

Tanrım, bu düşməni niyə qudurtdun,

Yoxsa bu şəhərə bir gözmü dəydi?

 

Tanrım, bağışlama günahkarları,

Tanrı, səbrimizi al əlimizdən.

olar kömək ol, qayıdaq geri,

Bizi ayrı salma öz elimizdən.

 

Dönsək Qarabağa, dönsək geriyə,

Sevinər ruhları şəhidlərin .

Axı kim istəməz Vətən, yurd deyə,

Yaşaya, yarada doğma elində.

 

Heyf Xocalıya, heyf, min heyf,

Döndü əfsanəyə, döndü nağıla.

Xəyanət əliylə, düşmən əliylə

Doğma Qarabağda çökdü bir qala.

 

Qırıldı Vətənin qolu-qanadı,

Bütün Azərbğaycan Xocalı dedi.

Böyük bir şəhərdə şəhid olarmış,

Bizim günahımız, suçumuz nədi?

 

Siz ey bu dünyanın haqq deyənləri,

Bizim dərdimizi siz ağlayın.

Qoymayın bu qanı yerdə qalmağa,

Düşmənin yolunu kəsin, bağlayın.

 

Əziziyəm, Qarabağ,

Qara tale, qara bağ.

Düşmən bir qan eylədi,

Sinəmizə çəkdi dağ.

Əzizim, olan oldu.

Şaxta vurdu, gül soldu.

Qanlı fevral gecəsi

Xocalı şəhid oldu.

 

Gedənlər bir gəlməz,

Üzüm bir daha gülməz.

Dərdim yandırır məni,

Özgələr bunu bilməz.

 

Əziziyəm, dərddi,

Dərdim dünya qədərdi.

Xocalıda qan olub,

Hər bir dərddən betərdi.

 

Əzizim, elim haray,

Alışdı dilim haray.

Xocalı şəhid oldu,

Söndü Günəş, batdı Ay.

Əziz Musa

Təzadlar.- 2015.- 24 fevral.- S6.