İYİRMİ
BEŞİNCİ İRAN SƏFƏRNAMƏSİ
Şəhriyar ölsə də sağdır, dirilik
şairidir.
(Əvvəli
ötən sayda)
16 sentyabr
Sübh tezdən təyyarə meydanındayıq. Uçuş
iki saatdan sonra olacaq. Mən elə bilirdim
ki, Şəhriyar Konfransına elə üçümüz -
Nüşabə, Esmira və mən gedirik. Lakin daha iki nəfər
bizə yaxınlaşdı: Azərbaycan Yazarlar Birliyinin katibi
Rəşad Məcid və Mədəniyyət Nazirliyinin məsul
işçisi Vaqif Bəhmənli.
Vaqiflə
aramızda belə söhbət oldu:
- Həyəcanlıyam.
- Niyə?
Hər şey yaxşı olacaq.
- Ona
görə yox. Tehranda və Məşhəddə
dəfələrlə olmuşam. Təbrizə
isə ilk dəfədir ki, gedirəm. Şəhriyar
yurduna... Təbrizin havası necə olar?
- Lap elə
Kabul şəhərinin havası kimi. Gündüz
bir qədər isti, axşam və səhər isə bir qədər
soyuq.
Havaya qalxan təyyarənin uçuşu bir saat çəkdi. Çatdıq.
Şəhid Mədəni adına Beynəlxalq
aeroport. Qarşıladılar. Otelə gəldik. “Gostəreş”
adlı mehmanxana.
Bir qədər istirahət. Telefonum səsləndi:
- Mən
Dilavərnejadam. Aparıcı və şairəm.
Sizinlə Təbrizdə və Ərdəbildə tanış olmuşam. Şairlik
təxəllüsüm Yaşar Yağışdır.
Xatırladım. Səfərnamələrimdə onun
adı vardır. Otağıma gəldi.
Söhbətləşdik. Ona
iki kitab bağışladım. Dedi ki, mümkün qədər
çalışacağam ki, onları tərcümə və
çap edim. “Dördüncü Divan”ı elə
yazıldığı dildə ərəb əlifbası ilə,
“İran səfərnamələri”ni isə
fars dilində oxuculara təqdim edərəm inşallah.
Söz verən çox olur. Mən Yaponiyadan beş
ildir ki, qayıtmışam. Oradakı təəssüratlarım
haqqında kitab yazdım, lakin hələ də onun yapon dilinə
tərcüməsi yoxdur. Söz verən çox,
sözünün üstündə duransa yox...
Bir qədər sonra məni otelin foyesinə - müsahibəyə
dəvət etdilər. Cəlil Əsgəri. Jurnalistdir. Türkiyədə də
işləyib. “Müsahibə Təbriz televiziya
kanalında veriləcək” - dedi.
Axşam
Tacikistandan gələn Alimcan Qasımovla tanış
oldum. Tacikistan Elmlər Akademiyası Rudəki adına
Dil, Ədəbiyyat, Şərqşünaslıq və
Yazılı miras İnstitutunda işləyir, filologiyz elmləri
doktorudur, professordur.
Müxtəlif
ölkələrdən onlarla nümayəndə heyəti gəldi:
Hindistandan, Pakistandan, Banqladeşdən, Misirdən və s.
Bir azdan
bu ilki Şəhriyar Beynəlxalq Konfransının katibi (dəbir)
dr. Əbülfəzl Əliməhəmmədi, azacıq sonra
da İran Mədəniyyət Nazirliyinin məsul
işçisi cənab Səfipur gələrək bizimlə tanış oldular.
Sabah Konfransın açılış mərasimi
keçiriləcək. Məşhur “El gölü” adlanan yerdə.
Açıq hava altında.
Axşamkı görüşlərdən sonra
otağıma gəldim. “Şəhriyarnamə” silsiləsindən bir qəzəl
yazdım:
Təklifi
nə yer, nə yar edibdir,
Dəvət məni Şəhriyar edibdir.
Yer mehrini
göstərib həmişə,
Yar eşqini etibar edibdir.
Bəxtim
gətirib ki, yarə yetdim,
Bəxtim məni bəxtiyar edibdir.
Türk
lütfünü türkə bildirib də,
Sevdasını aşikar edibdir.
Təbriz
ilə bir də mən görüşdüm,
Qəlbim yenə iftixar edibdir.
Ərk qəl'əsinə
salamlar olsun,
Çox düşməni burda zar edibdir.
Təbrizdə
vardı çox ədib ki,
Söz mülkünü laləzar edibdir.
Təbrizdə
İsmayıl var idi,
Tale onu hökmdar edibdir.
Var idi Həsən
bəy Ağqoyunlu,
Ədli onu xəlqə car edibdir.
Var idi
Cahanşah adlı şair,
“Divan”ı məni xumar edibdir.
Şadəm
ki, könül quşum uçub da,
Heydərbabada qərar edibdir.
Eynal ilə
Zeynalın dağında
Övlağə çıxıb şikar edibdir.
Çox
yazsam əgər uzun olar söz,
Şerim qısalıq şüar edibdir.
Təkrar
eləyir yenə bu Şahin:
Dəvət məni Şəhriyar edibdir.
15.09.2014
Təbriz
...Foyeyə
düşdüm. Dr. Əbülfəzl Əliməhəmmədi
mənə yaxınlaşıb dedi: Dr. Qəzzəi səni
Tehrana dəvət etmək istədiyini bildirdi. Təxminən
bir həftədən sonra əvvəlcə Tehranda, sonra isə
Abadanda Fələstinə dəstək məclisləri təşkil
olunacaq. Gedərsənmi?
Bu dəvətə görə təşəkkürümü
bildirib üzr istədim. Dedim ki, yorulmuşam, bu tezliklə başqa səfərə
çıxa bilmərəm.
Söhbət bununla bitdi və mən otağıma
qayıtdım.
17 sentyabr
Bu gün axşama qədər heç bir tədbir
keçirilməyəcək. Axşam isə Təbrizin
məşhur “El gölü” adlanan istirahət guşəsində
Konfransımızın açılış mərasimi
başlanacaqdır.
Qeyd etməliyəm ki, iclaslarda onlarla məruzə dinləniləcək,
şeirlər oxunacaq, qısa metrajlı filmlər göstəriləcək,
musiqi səslənəcək, xanəndələrin
çıxışları olacaqdır.
Otelin qarşısında hey maşınlar dayanır,
xarici ölkələrdən təşrif gətirən alimlər
içəri daxil olur, ölkə daxilindən gələn
qonaqlara diqqət yetirilirdi. Mən ərdəbilli
şair dostum Əsgər Şahini gözləyirdim. Mənə onun buraya gələcəyini söyləyirdilər,
amma o, hələ görünmürdü.
Otel həyətinə
çıxdım, gəzişməyə başladım və
“Şəhriyarnamə”nin növbəti
şeiri yazıldı. Darıxmaqdansa şeir
yazmaq yaxşı deyilmi?
Qəzəl
Dirilər
var ölüdürlər, ölülər var diridir,
Şəhriyar ölsə də sağdır, dirilik
şairidir.
Elə zənn
eyləyirəm yumsa da göz dünyadən,
Söz deyir indi də, mahirlərin mahiridir.
Şəhriyar
yoxsa da, var! Raci kimi, Lə'li kimi,
Şerimin Hadisidir, Seyyididir, Sabiridir.
Qadir olsa əgər
insan sözü sağ saxlamağa,
Deyirəm, yoxsa da, qadirlərin qadiridir.
Nadir adəm
çox olubdur bu fəna aləmdə,
Amma ki, ölsə də, nadirlərin nadiridir.
Söz
deyib sevgiyə dair, eləyək səcdə ona,
O deyil adi
adam, eşq məhəbbət piridir.
Şahina,
bir də de əvvəl dediyin misranı:
Şəhriyar ölsə də sağdır, dirilik
şairidir.
16.09.2014
Təbriz
***
Bir jurnalistlə müsahibə. Əlbəttə, səfərimin
məqsədi və Şəhriyara, onun
yaradıcılığına münasibətim barədə.
Dr. Əliməhəmmədidən Konfransın
proqramını (bərnamə) istədim. Azacıq sonra
gətirdilər və dedilər ki, bu proqramın ilkin
variantıdır, ola bilsin ki, müəyyən
dəyişiklik də ediləcəkdir. Proqrama nəzər
yetirirəm:
İdarə
heyətinin rəisi: Dr. Əli Əkbər Səfipur
(Bakıda dr. İ.İbrahimi ona salam yetirməyimi
xahiş etmişdi. Yetirəcəyəm).
Proqramın elmi katibi dr. Əbülfəzl Əliməhəmmədidir. Sonra isə bunlar gəlir:
Katiblik
üzrə məsul (Tehran) - Şirin Əhədnejadfərd; Təbriz
katibliyi üzrə Süheyla Bağıryan; ümumi əlaqələr
üzrə müdir Əlirza Kəndəvani;
İcraçılar: Əli Məhrəmi, Nemət Payan,
İsrafil Fərəcullahi, İsmayıl Cırağniya, Məhəmməd
Fərəhmənd, Cəlal Fəttahi, Mehdi Nurzad, Fatimə
Kargər, İlham Əyyubi.
Konfransın
elmi işlər üzrə komitəsinin üzvləri isə
bunlardır:
Dr. Həsən
Əkbəri Bayraq, dr. Minu Əmir Qasimi, Hadi Behcət Təbrizi,
dr. Mənsur Sərvət, dr. Kavus Həsənli, dr. Məhəmməd
Xakpur, dr. Həsən Zülfüqari, dr. Səməd Rəhmani,
dr. Tovfiq Sübhani, Xosrov Sərtipi, dr. Həmid Sefidgər
Şəhanəqi, dr. Bağır Sədrniya, dr. Zəkəriyya
Tərzəmi, Həsən Əlizadə Pərvin, Cəmşid
Əlizadə, dr. Mustafa Quluzadə, dr. Rəhman Müstaqmehr,
dr. Əsədullah Vahid.
Mən bu şəxslərin bəziləri ilə şəxsən
tanışam və müxtəlif illərdə İranda
keçirilmiş konfranslarda onlarla görüşmüşəm
(məsələn, Zəkəriyya Tərzəmi, Mustafa Quluzadə
və başqaları ilə).
Axşamdır. Bərk külək əsir. Gündüzə nisbətən - əməlli
başlı soyuqdur.
Təbrizin məşhur El gölü parkına gəldik. Açılış
mərasiminin keçiriləcəyi yerə doğru irəliləyirik.
Arxadan gələnlərin biri mənə dedi:
-Salam,
Şahin müəllim.
-Salam.
Səlma idi. Səlma adlı bir qız. Bir
neçə il bundan əvvəl Şərqşünaslıq
fakültəsinin Fars dili şöbəsini bitirib. Hazırda Tehranda Azərbaycan Respublikası Səfirliyində
işləyir. O, həm də burada magistrantdır. Məlum oldu ki, xarici ölkələrdən Tehrana təhsil
almağa gəlmiş 25 nəfər tələbə ilə
o da bir günlüyə bu Konfransın işinə
qatılmaq üçün elə bu gün Təbrizə gəlmişdir.
Çox savadlı qızdır. Fars dilini mükəmməl bilir. Onunla
Bakıda tanış olmuşdum. Rəfiqəsi Firuzə xanımla (Kirman şəhərindəndir)
birlikdə rəhbərlik etdiyim “Məcməüs-şüəra”
məclisinin bir yığıncağında iştirak
etmişdilər. Oktyabr ayının 3-də
toyu olacağını bildirdi və bizi də indidən toya dəvət
etdi. Nüşabə və Esmira onu təbrik
etdilər. Təki toy olsun. İştirak edərik inşallah.
Bizim üçün müəyyən olunmuş yerlərdə
əyləşib mərasimin başlanmasını gözləyirik. Rəşad Məcid
və Vaqif Bəhmənli də gəlib çıxdılar.
Bərk soyuqdu. Soyuq havanı
xoşlamıram. Soyuq adamları da.
Çoxdan yazdığım və “Birinci Divan”
kitabındakı bir şeirimin bir neçə bəndini
xatırladım:
Gəlsin
isti sevinc, getsin soyuq qəm,
Soyuqluq göstərmə heç zaman mənə.
Yoxsa,
ömrüm boyu üşüyəcəyəm,
Soyuqluq
göstərmə heç zaman mənə...
...Soyuq
adamların soyuq baxışı
Səpələr
üstümə qüssə yağışı,
Amandır
könüldən rədd elə qışı,
Soyuqluq
göstərmə heç zaman mənə...
...Sevgi
güllənərsə - qışda da yay var,
Məhəbbət olmayan sinədə vay var.
İsti
ürəyimdə isti haray var,
Soyuqluq
göstərmə heç zaman mənə...
...Qəlbim
qəhərlənər, gözüm nəm olar,
Canda
Şahdağdan da böyük qəm olar,
Eşqimiz
soyuqdan sətəlcəm olar,
Soyuqluq
göstərmə heç zaman mənə...
Üzümüz,
gözümüz, əlimiz donar,
Dilimiz
söz tutmaz, dilimiz donar,
Tale
bağçasında gülümüz donar,
Soyuqluq
göstərmə heç zaman mənə...
Adam var -
fikrində, xülyalarında...
Adam var -
nəzəri dünya varında,
Şahinsə
- istilik intizarında,
Soyuqluq
göstərmə heç zaman mənə,
heç
zaman mənə!
(Bax:
Birinci Divan, Bakı, 1996, səh.332-333)
...Mərasim
bir saat gec başladı. Qurani-Kərimdən ayələr
səsləndi. Sonra himn. Ustad Əmir Sepehrin ifasında. Daha
sonra Şərqi Azərbaycanın Mədəniyyət və
İrşad İslamı İdarəsinin baş direktoru dr.
Əli Əkbər Səfipur çıxış edərək
konfransın işinə uğurlar dilədi. Cənab dr. Əbülfəzl Əliməhəmmədinin
çıxışı. O, konfransın 2 gün davam
edəcəyini elan edərək bütün
iştirakçıları fəal çıxış və
müzakirələrə dəvət edib dedi: “Təbriz
konfransına 6 xarici ölkədən 300 məqalə gəlmişdir
ki, onlardan 40-ı qəbul edilib”.
Şərqi
Azərbaycanın ostandarı dr. İsmayıl Cabbarzadənin
çıxışından bəzi məqamlar:
“Müasir
dövrün bəzi ədiblərindən fərqli olaraq ustad
Şəhriyar ömrünün sonunda deyil, cavanlıq illərindən
başlayaraq məşhurlaşmışdı... Şəhriyarın
adı Məliküş-şüəra Bahar, Arif Qəzvini,
İrəc Mirzə, Mirzadeye Eşqi və başqaları ilə
yanaşı çəkilir... Ustadın adı
İran sərhədlərindən çox kənarlara da
yayılmışdır. O, təkcə fars
şerinin geniş coğrafi məkanında deyil, cahanın
türkdilli xalqları arasında, xüsusilə Türkiyə
və Qafqazda da məşhur olmuşdur. Hətta
kommunizmin Qafqazla İran arasında dəmir divar çəkdiyi
illərdə də Şəhriyar şeiri o diyarda səslənirdi.”
Dr.
İsmayıl Cabbarzadə çıxışının bu
yerində ustadın türk dilində yazdığı iki
misrasını və onun fars dilinə tərcüməsini
nəzərə çatdırdı və alqışlarla
qarşılandı:
“Nə tək
İranda mənim vəlvələ salmış nəfəsim,
Bax ki, Türkiyyə və Qafqazda nə qovğa elədim.”
Natiq sonra
“Heydərbabaya salam” poemasını xüsusilə
vurğuladı, bu əsəri “Azərbaycan ədəbiyyatında
heyrətamiz hadisə” adlandırdı, dedi ki, Şəhriyar
kiçik bir dağ olan Heydərbabanın qülləsini Səhənd
və Savalandan da uca zirvəyə qaldırmışdır.”
Növbəti çıxışçı
İranın Mədəniyyət və İslam
İrşadı naziri dr. Əli Nəcəfi oldu. O, “Azərbaycana və qəhrəman
Təbrizə” təşrif gətirmiş ustadları, incəsənət
xadimlərini, ədibləri, şairləri və mədəniyyət
işçilərini salamladı, İran xalqının
şairlərin xatirini əziz tutduğunu bildirdi. Cənab
nazirin çıxışından sətirlər: “Şəhriyar
dərd ilə doğulmuş, dərd ilə
yaşamış, dərd ilə cahanı tərk etmişdir.
O, kasıbçılıqdan danışarkən
özünün də dadmış olduğu bu ictimai bəlanı
şeirə gətirmişdir... Şəhriyarı
İranın şeir aynası adlandırmaq
mümkündür.”
Dr.
Əli Nəcəfi çıxışının sonunda belə
bir təklif irəli sürdü: “Şəhriyarın adı
və şeiri İranın sərhədləri
aşdığı və xüsusilə türkdilli ölkələrdə
tanındığı üçün təklif edirəm:
Qoy Şərqi Azərbaycan ostandarlığının, Xarici
İşlər Nazirliyinin, həmçinin Ankarada və
Bakıdakı Mədəniyyət Mərkəzinin
müştərək səyi ilə Azərbaycan
Respublikasının və Türkiyənin paytaxtlarında bu
İran şairinin adı əbədiləşdirilsin.”
(Davamı var)
Şahin Fazil
Tarix elmləri doktoru, professor
Təzadlar.-
2015.- 24 fevral.- S7.