Tanrı adamı -aşıq Mayis Gəncəli...
Bir dostum dedi ki,
Mayis Gəncəli ağr xəstədir. Hansı ki, 1-ci beynəlxalq aşıq festivalında Aşıq Mayisin və rəhbərıik etdiyi aşıqların yüksək
səviyyəli ifası
yaddaşlardan bu gün də silinməyib...
Bu gün Gəncə
deyəndə ilk növbədə
baş əyib, səcdə qıldığımız
Şeyx Nizami Gəncəvi yada düşür. O, söz səltənətinin elə
bir zirvəsindədir
ki, bizim üçün əlçatmaz,
ünyetməzdir. Dahi şairimizin
özündən əvvəl
və sonra gələn həmfikirləri
Nizamini nəinki Şeyx, eləcə də sözümüzün
şahı bilirlər.
Bundan sonra minlərlə “Gəncəli” təxəllüsü
götürən şair
olsa da, Nizami Gəncəvi zirvədədir. “Gəncəli” təxəllüsünün
daşıyıcılarından biri də Əməkdar
mədəniyyət işçisi,
beynəlxalq və ümumittifaq festivalları
laureatı, zil və şahanə səsin, ilahi yaddaşın sahibi dostum, həmkarım aşıq Mayis Gəncəlidir. Bu dəyərli
dostum bir dəfə N.Gəncəvidən
söz düşəndə
dedi ki, “Nizami Gəncəvini bilməyən şairin, aşığın kamilliyinə inanmıram. Ona görə də mənim məsuliyyətim
daha çoxdur”.
1981-ci ildə dövlət səviyyəsində
keçirilən bir tədbirə respublikanın
tanınmış aşıqlarını
da dəvət etmişdilər. Canım qədər
istədiyim Aşıq
İmranla, Aşıq
Əkbərlə, Mikayıl
Azaflı ilə birgə keçmiş “Bakı” mehmanxanasında olan zaman cavan
bir aşıq içəri daxil oldu. Mikayıl əmi məndən
soruşdu ki, Məhərrəm aşıq
Mayis Gəncəli ilə şəxsi tanışlığım varmı?
Dedim, ustad, indi tanış
olarıq. Və bizim ilk tanışlığımız
da o vaxtdan başlandı. Mən o ərəfədə
aşıq havaları
haqqında məlumatlar
toplayırdım. Xeyli söhbətdən
sonra o, öz otağına getdi. Mikayıl əmi dedi ki, “Məhərrəm,
Mayis Gəncəli çox məlumatlı və məsuliyyətli sənətkardır. Bilmək istədiklərini
ondan da lentə ala bilərsən,
bir ona da
müraciət etsən
yaxşı olar”.
Yanımızda mərhum bəstəkar Azad Kərimov da vardı. Söhbətin şirin yerində Mayis Gəncəli içəri daxil olub dedi: “Ay ustad, ürəyimə dammışdı ki, kiməsə bir-iki mahnı oxumaqla insani borcumu yerinə yetirəm. İcazə versəniz, siz dincələsiniz, mən də bizim otaqda qonaqları sazla-sözlə başlarını qataram”. Mikayıl Azaflı gülümsəyib qayıtdı ki, “ay Mayis, sən doğrudan da tanrı adamısan. Belə olmasa, geri qayıtmazdın”.
O vaxt Azad Kərimovun təzə çıxan iki kasetli bir maqnitofonu vardı. Mən Koroğlu havaları haqqında aşıq Mayisə suallar verdikcə, o, ətraflı məlumat verərək, dediklərini ifası ilə təsdiqləyirdi. Aşıq Mayis Gəncəlidə olan yaddaş, potensial səs imkanları məni heyran etmişdi. O, hətta daim dinlədiyi aşıqların ifaçılığını da misal gətirirdi. Ən çox bəyəndiyi aşıqlardan aşıq Əsəd Rzayev, aşıq Mirzə Bayramov, aşıq Hüseyn Cavan, aşıq İslam Yusifov, aşıq Zeynal, aşıq Əkbər, aşıq İmran və digərlərinin ifa taktikasını misal gətirərək, kimin daha güclü ifaçılığa malik olduğunu deyirdi. Əlbəttə, bu aşıqlar zilxanlığı, kamilliyi, fərdi ifa manevrləri ilə fərqləndiyi üçün aşıq Mayis gördüyünü, eşitdiyini deyirdi. Düzdür, aşıqların hər birinin sevib ifa etdiyi bir və ya bir neçə havası var, lakin Mayis Gəncəlinin fərqli cəhətlərindən biri də onun hərtərəfli olmasındadır. Belə ki, o, natiqlikdə, ifada, bilikdə, davranışda, xarici görünüşdə və xoş xasiyyətlilikdə də özünəməxsusdur. Təməlindən haqqı sevib sitayiş edən, müqəddəs kitabımız Quranı oxuyub, haqq kəlamlarını tər-təmiz bilən aşıq Mayis Gəncəli təkcə Gəncədə, Tovuzda, Qazaxda, Şəmkirdə, Bakıda deyil, respublikamızdan kənarda da (xüsusilə İranda) dərin zəkasıyla yaxşı tanınır.
Mayis Gəncəli 1937-ci ildə dünyaya göz açıb. İlk ustadı aşıq Zeynal və aşıq Hüseyn Cavan olub. 1984-cü ildə AAB-nin 4-cü, 2008-ci ildə 5-ci qurultayında idarə heyətinə nümayəndə seçilib. Gəncə Aşıqlar Birliyinin rəhbəridir. İstedadlı və gənc nəslin aşıq sənətini mənimsəməsində xüsusi rolu var. Bir çox tanınmış aşıqlar məhz onun yetirməsidir.
Bir ustad sənətkar kimi klassik aşıq havalarının və dastanların bilicisi olmaqla, onları yüksək peşəkarlıqla ifa edir. Yaradıcı sənətkar olaraq qələmini müxtəlif şeir janrlarında sınamış, gözəl aşıq-şair kimi də özünü təsdiq etmişdir. Gəncə və Gəncəbasar zonasında, əksər rayon və kəndlərimizdə konsertlərində, el məclislərində daim sevilə-sevilə dinlənilib. Sinəsini bəzəyən orden və medallar, aldığı diplomlar, fəxri fərmanlar dediklərimizin təsdiqidir.
Artıq Mayis Cəncəlinin bu gün ömrünün ən mənalı çağını yaşayır. İnşallah, onun yubileyini nəin ki Gəncədə, Bakıda da qeyd edəcəyik. Səksənə yön alan bu yaşında da sazını, sözünü kimsədən əsirgəmir. Yəqin dövlətimiz də bu görkəmli sənətkarın halal haqqını ondan əsirgəməyəcək. Çünki bu insan ömrünü xalq və dövlətimiz yolunda sərf edib.
Qüdrətli aşığımız Mayis Gəncəliyə Allahdan cansağlığı diləyirəm.
Məhərrəm Hüseynli
Təzadlar.- 2015.- 28 fevral.- S12.