"Qarabağın
azadlıq yolu Ağdamdan keçir"
Ağdam
rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov:
«Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsində fədakarlıq göstərmiş
ağdamlılar işğal altında olan
torpaqlarımızın azad edilməsi üçün Ali
Baş Komandanın əmri ilə hər an silaha
sarılmağa hazırdırlar»
Azərbaycanın dilbər guşələrindən olan Ağdamın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötdü. Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İyulun 23-də işğalın 22-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin, əmək kollektivləri nümayəndələrinin, şəhid ailələri üzvlərinin, hərbçilərin iştirakı ilə Ağdam rayonunun girişindəki Şəhidlər abidə kompleksi qarşısında anım mərasimi keçirildi.
Mərasimdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən söz açdı. Hələ 1722-ci ildə I Pyotrun göstərişi ilə Qafqazın ilhaqına başlandığını qeyd edən R.Məmmədov bildirdi ki, artıq həmin dövrdə ruslar Dərbənd, Quba, Bakı, Salyan, Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ keçirirlər: «1724-cü ilin oktyabrında isə I Pyotr ələ keçirilən torpaqlara ermənilərin köçürülməsinə imkan verən sərəncam imzalayır. Həmin sərəncamda bütün vasitələrdən istifadə etməklə ermənilərin və digər xristianların müsəlman torpaqlarına köçürülməsi bir vəzifə olaraq irəli sürülürdü. Məqsəd Azərbaycan və Gürcüstan ərazilərində erməni dövləti yaratmaq idi. Ancaq 1725-ci ildə I Pyotrun ölümündən sonra ruslar Xəzəryanı bölgələri tez-tələsik tərk etdilər. Düzdür, bu gediş həmişəlik olmadı, onlar müəyyən vaxtdan sonra yenidən geri qayıtdılar, amma onlar Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə nail ola bilmədilər. Bütün bunlara baxmayaraq, 1827-ci ildə İrəvan xanlığının işğal olunması ilə vəziyyət ermənilərin xeyrinə dəyişdi».
1826-1828-ci illərdə Rus-İran müharibəsindən sonra bütün Azərbaycanda olduğu kimi, Qarabağda da etnik vəziyyətin kəskin surətdə dəyişməyə başladığını deyən R.Məmmədov 1828-1829-cu illərdə rus-türk müharibəsindən dərhal sonra Qafqaza çoxlu sayda erməni ailəsinin köçürüldüyünü qeyd etdi. Həmin ailələrin, əsasən, Qarabağ və İrəvan vilayətlərində yerləşdirildilyini deyən icra başçısı ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinin sonrakı illərdə də davam etdiyini söylədi: «İllər keçdi, amma nə ruslar öz babalarının vəsiyyətini unutdu, nə də ermənilər öz xislətlərindən əl çəkdilər». .
Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinliklərinin Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdüyünü xatırladan icra başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hələlik ciddi bir irəliləyiş olmadığını bildirdi: «Çünki Ermənistan bu münaqişənin öz həllini tapmasını və işğal edilmiş torpaqlardan çıxmasını istəmir. Ona görə də ermənilərin işğal etdikləri topaqlardan çıxarılması üçün ciddi tədbirlər görülməlidir. On illərdir ermənilərin torpaqlarımızdan çıxması üçün bəyanatlar verilir, amma real olaraq heç bir iş görülmür. Məlumdur ki, vaxtilə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Amma heç biri iyirmi ildən çoxdur icra edilmir. Çox təəssüf ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar nümayiş etdirməsi nəticəsində, Dağlıq Qarabağ məsələsi həll olunmur və torpaqlarımız hələ də işğal altındadır. Çünki dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyil.
Ancaq buna baxmayaraq, yaxın illər ərzində Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istər siyasi, istərsə də hərbi sahədə çox böyük işlər görüb».
R.Məmmədov çıxışında ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan da söz açdı: «Yaxın tariximiz göstərir ki, biz mübarizədə uğur qazanacağıq. Çünki son illərdə ordu potensialımız olduqca gücləndirilib. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və getdikcə daha da güclü olacağıq».
İcra başçısı Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən Ağdamın hadisələrin mərkəzində olduğunu, müharibə zamanı ağdamlıların öz mərdlik və şücaətlərini ortaya qoyduqlarını, son ana qədər Ağdamın müdafiəsindən geri çəkilmədiklərini vurğuladı.
Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdamın düşmənə qarşı beş illik savaşda 6 mindən artıq şəhid verdiyini qeyd edən R.Məmmədov torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirdi.
İcra başçısı vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərmiş ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdırlar: «Allah şəhidlərimizə rəhmət eləsin! Başımız sağ olsun! Allah bizə qismət eləsin ki, o topaqlara qayıdaq. Allah yaşlı insanlarımıza ömür versin ki, bu dünyadan nisgilli getməsinlər, o torpaqlara qayıdıb, orada yaşayıb, ömürlərini orada başa vursunlar».
Milli Məclisin deputatı Elman Məmmədov ermənilərin Dağlıq Qarabağda yüzlərlə kənd və qəsəbəni yandıraraq xarabalığa çevirdiyi, minlərlə dinc, əliyalın azərbaycanlını qətlə yetirdiyi illərdə öz doğma ev-eşiyindən didərgin salınan əhalinin Ağdama pənah gətirdiyini, burada sığınacaq tapdığını xatırlatdı. Qeyd etdi ki, ağdamlılar faciə ilə üzləşmiş soydaşlarının dərdinə şərik çıxır, onlara diqqət və qayğı göstərir, son tikələrini onlarla yarı bölürdülər: «Doğrudur, həmin dövrdə Ağdam ən ağır, ziddiyyətli və çətin günlərini yaşayırdı. Ancaq nə qədər ağır və dözülməz olsa da, Ağdam camaatı Xocalı faciəsi zamanı yüksək vətənpərvərlik nümayiş etdirərək, ölülərimizə də, dirilərimizə sahib çıxdı. Ona görə də bütün xocalılar adından sizlərə minnətdarlığımı bildirirəm».
Millət vəkili onu da qeyd etdi ki, Qarabağın işğaldan azadlıq yolu da Ağdamdan keçir: «Allah o günü bizə nəsib eləsin. Çünki müharibə hələ qurtarmayıb. Müharibə hər gün davam edir. Atəşkəs yalnız kağız üzərindədir. Bu gün iki ordu üz-üzə dayanıb. Çox təəssüf li, bu ordunun ikisi də Azərbaycan torpağındadır. Biri öz torpaqlarını işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyən Azərbaycan ordusudur, digəri isə torpaqlarımızı işğal edərək, hələ də ərazimizdə məskən salmış düşmən ordusu. Biz inanırıq ki, Ali Baş Komandanımızın əmri ilə ordumuz tezliklə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcək. Və biz öz doğma torpaqlarımıza, el-obalarıımıza qayıdacağıq».
Ağdam rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev işğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisinin Ermənistanın nəzarətinə keçdiyini, 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizinin Azərbaycanın nəzarətində olduğunu qeyd etdi. Eyni zamanda, ermənilərin Ağdamın işğal olunmuş ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri vəhşicəsinə dağıtdığını, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdamın 6 mindən çox şəhid verdiyini, doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyətinin ölkənin müxtəlif bölgələrinə səpələndiyini vurğuladı.
Şəhid ailəsi Məryəm Cəfərova onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına və Ağdam rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
İkinci qrup Qarabağ müharibəsi əlili Cahid Quliyev Ağdam şəhərinin və ətraf kəndlərin Ermənistan ordusu tərəfindən işğal olunmasında Xankəndində yerləşən rus hərbi birləşməsinin maddi texniki dəstəyindən kifayət qədər yararlandığını bildirdi. Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant C.Quliyev həmin dövrlərdə Azərbaycan ordusunun yeni yarandığını, hələ formalaşmadığını, düşməni isə dəstəkləyənlərin çox olduğunu qeyd etdi. Onun sözlərinə görə, o zamanlar dünya dövlətləri Azərbaycanın haqlı mövqeyindən xəbərsiz idi, ona görə də erməni lobbisinin fəaliyyəti düşmənin karına gələ bilirdi.
Bu gün Azərbaycanın güclü, qüdrətli ordusunun ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu deyən keçmiş döyüşçü müharibənin yenidən başlamasını arzuladı. Ailəsində dörd oğul böyütdüyünü bildirən Qarabağ müharibəsi əlili tezliklə torpaqlarımızın işğaldan azad olunacağına inandığını söylədi.
C.Quliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərmiş ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı hər an silaha sarılmağa hazırdırlar.
Tədbir Ağdam Dövlət Dram Teatrının aktyorlarının hazırladığı «O kənd bizim kəndimizdir» adlı kompozisiya ilə davam etdi.
Sonra tədbir iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxudular.
Həmin gün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan vətən övladlarının xatirəsinə ehsan verildi.
Elbar
ŞİRİNOV,
Təzadlar.- 2015.- 28 iyul.- S. 7.