Seyid Əzim ocağına ziyarət
Seyid Əzim Şirvani Məhəmməd oğlu 1835-ci ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. Kiçik yaşından atasını itirən Seyid Əzim ana babası Molla Hüseynin himayəsində yaşayır. Molla Hüseyn kiçik nəvəsini Dağıstanın Yaqsay kəndinə aparıb tərbiyəsi ilə məşğul olur. 11 il babasının himayəsində qalan Seyid Əzim ərəb, fars dillərinin incəliklərini, hətta ləzgi dilinin bir neçə ləhcəsini də öyrənir.
1853-cü ildə anası ilə doğulduğu şəhərə qayıdan Seyid Əzim 1956-cı ildə təhsilini artırmaq üçün İraqa yola düşür. Nəcəf, Bağdad, Şam şəhərlərində ali ruhani təhsili alır. Həmyerliləri Seyid Əzimin Şamaxıya dindar - ruhani kimi qayıdacağını gözləyir. Amma yurduna dönən Seyid Əzim ömrünün sonuna qədər cahil din adamları ilə mübarizə aparır. Yenidən səyahətə çıxaraq, o, Məkkə, Misir və Suriyanı gəzir. İranda, xüsusən Güney Azərbaycanda olur, alim və şairlərlə görüşür. Sonra Qafqazı gəzir, Orta Asiyanın bir sıra şəhərlərini dolaşır, dünyagörüşünü dərinləşdirir. Kəskin yaddaşa, erudisiyaya, müşahidə qabiliyyətinə sahib olan Seyid Əzim səyahətləri zamanı yerli xalqların tarixi, məişəti, adət-ənənəsi, bədii söz sənəti ilə yaxından maraqlanaraq geniş materiallar, məlumatlar toplayır. Sonralar ana dilimizdə çox ehtiyac doğuran dərsliklərin özü tərəfindən yazılmasında həmin məlumatlardan bəhrələnən Seyid Əzim Şərq məmləkətlərində kütlələrin acınacaqlı həyat tərzini, səfalət, cəhalət və avamlıq içində keçən yaşantılarını ürək ağrıları ilə qələmə alır. Xalqların ağır yaşantılarından xalis yolunu Seyid Əzim elm və maariflənmədə görür. Bu məqsədlə məktəblər açılmasına ciddi səylər göstərir.
1859-cu ildə Şamaxıda
baş verən yüksək ballı zəlzələ Seyid
Əzimin ümidlərini xeyli alt-üst edir. Şamaxı
viranə hala düşür. Çar hökuməti şəhəri
bərpa əvəzinə, vilayətin mərkəzini
Bakıya köçürməyi məqsədəuyğun
sayır. O vaxtdan yerli əhalinin əksəriyyəti
Şamaxını tərk etmək məcburiyyətində
qalır. Çünki şəhəri aclıq və səfalət
bürümüşdü. Şairin ailəsi də maddi
ehtiyac içinə düşür. Seyid Əzim Şirvani
Mahmud ağaya və Həsən bəyə yardım ümidi
ilə ağız açsa da, istəyi müsbət
qarşılanmır. Lakin Seyid Əzim sarsılan insan deyildi.
Zəhmətkeş şamaxılılar çox çətinliklə
də olsa, doğma şəhərlərini bərpa edirlər.
Seyid Əzim şəxsi məktəb açıb müəllimliyə
başlayır. Bu fəaliyyət ona pedaqoji və bədii
yaradıcılığını davam etdirməklə, eyni
zamanda rus dili və ədəbiyyatı ilə
tanışlıq imkanı da yaradır. O dövrdə Seyid
Əzim Şamaxıda şair Məhəmməd Səfanın
evində yaradılan “Beytüs-Səfa” şeir məclisinə
rəhbərlik edir. O, Qarabağ (“Məclisi-üns”, “Məclisi-fəramüşan”)
və Bakıdakı (“Məcməüş-şüara”) ədəbi
məclisləri ilə də əlaqə saxlayır.
Böyük maarifsevər H.B.Zərdabi ilə tanış
olur. Azərbaycanın ictimai-mədəni həyatında gedən
prossesləri elə həmin prosseslərin
iştirakçısı olaraq dərindən izləyir. Həmin
zəmanənin salnaməsi sayılan “Əkinçi” qəzetində
çap olunur. “Əkinçi” bağlandıqdan sonra “Ziya” və
“Kəşkül” qəzetində
çıxışlarını davam etdirir. Seyid
Əzim Şamaxıda həm özü
açdığı məktəbdə, həm də
Şamaxının digər məktəbində türk (Azərbaycan),
rus, fars dillərinin tədrisi ilə müəllimliyindən
qalmır, dərsliklər tərtib edir, “Şirvan
xanlığının tarixi” əsərinin üzərində
işləyir. Klassik ədəbiyyatı toplayıb “Təzkirə”
tərtib edir. Sonra öz əsərlərini yığıb
Azərbaycan və fars dillərində “Divan” yaradır. Maddi çətinliklərlə müşayiət
olunan çox ağır yaradıcılıq işləri
Seyid Əzimin səhhətinə üzücü təsir
göstərir. Ömrünü doğma xalqının səadətinə
və elmə həsr edən o böyük insan 1888-ci ildə
dünyasını dəyişir. Vəsiyyətinə
görə, onu Şahxəndan məzarlığında
torpağa tapşırırlar. “Kəşkül” qəzeti bu
böyük maarifsevərin vəfatını dərin hüzn
içində oxucularına çatdırır. Təəssüf ki, xalq maarifi yolunda böyük fədakar
olan şairin ədəbi irsi sağlığında tam
külliyatı ilə nəşr olunmadı. Lakin Seyid
Əzimin istedadlı oğlu Mir Cəfər atasının
elmi, pedaqoji, ictimai fəaliyyətini davam etdirməklə
yanaşı, onun əsərlərinin nəşri
üçün xeyli önəmli işləri həyata
keçirir. Şairin əsərlərindən ibarət olan
“Məcmuə” 1895-ci ildə Təbrizdə və Tiflisdə,
1992-ci ildə Bakıda nəşr olunur. Amma bunlar da Seyid Əzimin ədəbi
irsinin bir hissəsi idi.
XX yüzilin əvvəlindən Seyid Əzimin ədəbi
irsi ardıcıl olaraq çap edilməyə başlandı. “Seçilmiş
əsərləri” (1930-1937), “Məktəb kitabxanası”
seriyasından “Seçilmiş şerləri” (1948), 2 cilddən
ibarət “Seçilmiş əsərləri” (1950-1953) nəşr
olundu.
1967-ci ildə S.Rüstəmovun tərtibi ilə 3 cilddə
nəşr olunmuş əsərləri hələlik ən
mükəmməl nəşr sayıla bilər. Üçcildliyinin
II cildində şairin uşaqlar üçün
yazdığı “Rəbiül-ətfal” dərsliyinə
satirik şeir və mənzumələri də daxil edilib.
Tərtibçi dərslikdəki əsərlərin
bir hissəsini “İbrət güzgüsü” adı ilə
1971-ci ildə “Gənclik” nəşriyyatında da çap
etdirib.
S.Ə.Şirvaninin öyüdlər və mənzum
hekayələrinin də mövzu dairəsi olduqca genişdir. Şair nəcib
mənəvi keyfiyyətlər aşılamaqla elmə, təhsilə
coşqun həvəs oyadıb. Böyük vətəndaş
şair səyahətləri zamanı topladığı
müxtəlif rəvayətlər, əfsanə, lətifə,
qaravəlli, atmaca, atalar sözü, zərb-məsəllər
və digər xalq incilərindən əsərlərində
çoxtərəfli və düşündürücü tərzdə
yanaşmaları ilə istifadə etmiş, bəzən də
sözünü təmsillərlə dilə gətirmişdir
ki, onlar da təkrarsız ədəbi nümunələrdəndir.
“Seyid
Əzim Şirvani ocağı”
Bu kitab hörmətli Seyfəddin Qəniyevlə Tariyel Qəninin
müəllifliyi ilə yeni işıq üzü
görüb.
AMEA Folklor İnstitutunun Elmi Şurasının (09 dekabr
2013-cü il 8 saylı protokolu) qərarı
ilə çap olunan bu əsər oxunaqlığı ilə
çox dəyərli bir kitabdan əlavə, həmçinin
bu mövzuda geniş məlumat mənbəyi kimi diqqəti cəlb
edir. Müəlliflər dərin
araşdırmalar içindən söz dediklərinə
çəkdikləri ağır zəhmətlərinin bəhrəsi
olan belə bir əsəri xalqımızın malına
çevirdiklərinə görə təbii ki, təşəkkürə
layiqdirlər.
“Ön
söz”də filologiya elmləri doktoru Seyfəddin Qəniyev
yazır: “Düzdür, respublikamızın görkəmli
alimləri - F.Köçərli, F.Qasımzadə,
Ə.Şərif, Ə.Seyidzadə, K.Məmmədov, K.Mirbağırov,
Ə.Cəfərzadə, X.Məmmədov, N.Səmədzadə,
A.Bayramoğlu, Z.Əsgərli və başqaları
S.Ə.Şirvaninin həyat və
yaradıcılığı haqqında geniş və dəyərli
tədqiqatlar aparmışlar. Amma onlar öz tədqiqatlarında
S.Ə.Şirvaninin ata-anası, ömür-gün
yoldaşı, oğul və qızlarının, sadəcə,
adlarını çəkmiş, onlardan, eləcə də
doğmalarından o qədər də geniş bəhs etməmişlər.
Biz isə uzun illərdir ki, S.Ə.Şirvaninin
doğmaları - oğul, qız, nəvə, nəticə,
kötücə, yadıca və
tullançılarının izinə düşüb bu nəsli
öyrənmək, onlara bağlı sənəd, şəkil,
xatirə, məlumatlar əldə etməklə məşğuluq.
Bu çətin işi həyata keçirməkdən
ötrü yüzlərlə ixtiyar, yaşlı
şamaxılılar, Bakıda, eləcə də bir çox
regionlarda - Ağsu, Göyçay, İsmayıllı, Gəncə,
Hacıqabul, Lənkəran, Sabirabad, Qobustan, Qubada yaşayan
yaşlı həmyerlilərimiz və S.Ə.Şirvaninin
doğmaları ilə yanaşı, Orta Asiyada, İranda olan
qohumları ilə dəfələrlə
görüşmüş, şəkil, xatirə əldə
etmişik”.
“Ulu Məkan”
qəzetindən ümumi şərh
Qeyd edək
ki, cəmi 200 səhifəyə yaxın olan bu əsərdə
müəllif(lər)in əsl söz əhli
olduğunu tanımayan oxucular da kitabdan duyar. Yəni
naşı qələm əhli bu qədər böyük məlumatı
azı 300 səhifəyə sığdıra bilərdi, amma
bu sözçülüklə bahəm, yorucu olardı.
Xüsusən xatırladım ki, cəmi 8 fəsilə
bölünən bu əsərin ərsəyə gəlməsində
müəllif(lər) nəinki
böyük zəhmət çəkib, eləcə də bu
yolda əsl elmi yeniliklər göstəriblər. Kitabda bunu təsdiq edən xüsuslar, faktlar, sənədlər,
arxiv məlumatları, ümumiləşdirmələr
çoxdur. Yüzlərlə insanla
görüşlər, fərqli regionlara səfərlər,
xarici ölkələrdə Seyid Əzimin qohumlarını
arayıb tapmaq və digər xeyirli zəhmətlər silsiləsi
böyük şairimizi Azərbaycanımıza yeni tərzdə
əsl təqdimatdır. Kitabın sonunda
verilən istifadə edilmiş ədəbiyyat mənbələrinin
siyahısı da göstərir ki, müəlliflər
böyük şair haqqında deyilməmiş, bilinməz
fikirləri, faktları üzə çıxarmaq istəyiblər
və bu məqsədlərinə çatıblar. Kitabla tanışlıq göstərir ki, müəlliflər
hətta S.Ə.Şirvaninin çoxdan dünyasını dəyişən
qohum-əqrəbalarının da ruhunu sevindirərək,
onların məzarını ziyarət edib və sanki məzardan
(o dünyadan) gələn duyduqları informasiyaları da qələmə
alıblar. Əsərdə belə hallar,
epizodlar, axtarışlar, tapıntılar xeylidir. Onları qəzet səhifəsinə
sığdırmaq həm mümkünsüzdür, həm də
əsərin gözəlliyini Seyid Əzimi əziz tutan
xalqımız onu elə sözügedən kitabdan, yəni
orijinaldan oxusa, bu oxunuş sürpriz olmaqla təsirli, dəyərli
yanaşma da sayıla bilər. Zənnimcə, hər
hansı yeniyetmə, gənc, cavan
araşdırmaçıya, yazıçıya, elm
adamına “Seyid Əzim Şirvani ocağı” əsəri həm
yazılış, çoxşaxəli araşdırma, tərtibat,
həm də digər elmi insani məziyyətlər
baxımından örnəkverici nümunə ola biləcək
səviyyədədir. Yaxşılığa sərf
edilmiş vaxtla müəlliflər Seyid Əzim sevər
xalqımıza ərsəyə gətirdikləri kitabları
ilə gözəl mənəvi həzz yaradan bir ədəbi
xəzinə bəxş ediblər. Xeyirxahlığın
əvəzi qat-qat artıq olur. Xüsusən
də böyük və çox bahalı enerji tələb
edən elmi axtarışlar sahəsində.
Baş
redaktorun düşüncələrindən
Ətəklər
zirvələrə daim edəcək təzim,
Zirvələr şairidir Şirvanlı Seyid Əzim.
Şeirimiz damarlarımızda axan qan, ruhumuzdakı hiss,
həyəcan, həmçinin duyğularımıza qədər
bütün mənliyimizə sirayət etmiş və
kimliyimizlə bütünləşmiş xarakterimizdəndir. Şeir bizlərə
hava, su, çörək qədər əziz və müqəddəslərimiz
qədər qüdsidir. Şerimizə xalqımıza
aid mənalılıq, xüsusi obrazlılıq, sevgilər,
eşqlər, ümidlər, həsrətlər hopub. Şerimizə onunla bütünləşmiş
ruhani, mənəvi duyğular, ümumi dərdlər,
hicranlar, vətən və millət sevdası sızıb.
Şerimizi keçmişdən ayrısaq,
keçmişimizdən qoparıq, şeir də süniləşər.
Şerimizdəki dil bizi əsrlərin alt qatlarından gətirir,
səs də, musiqi də eləcə...
Şerimizdə əsas olan duyğu və məna zənginliyidir. Bu duyğular,
mənalar xalqımızın könlündən yayılan
çiçəklərin ətridir. Şeir
İlahi əsintidir, şair isə onu milli - bəşəri
duyğularla yoğurub eşqə çevirərək
Tanrıya qaytarır. Ustad M.Füzuli nəyə
görə deyirdi ki, “Ya Rəbb, bəlayi eşq ilə
qıl aşina məni!” Çünki ruh əzabı
duymayan şair ola bilməz və
özü şeir də iztirabdan doğulur. Amma iztirab çəkdirmək
üçün yox! Şairin ilhamlanıb,
xüsusi təblə şeir yazması birinci tərəfdir, əsas
isə həmin ilhamı ruhiləşdirib əsərini xalqa,
bəşərə verərək əksəriyyəti
ilhamlandırmaq bacarığıdır. Əslində
şeir çoxlarının dediyi kimi, heç də sənət
deyil. Sənətdə öyrənmək
və öyrədilmək xassələri mövcuddur.
Şeiri ibadət deyil, itaət predmetinə çevirənlər
də az deyil. Bəzi
şair adlananlar materialst, ateist duyğu, düşüncə
sərhədlərini aşa bilmir. Bu
yarımçıqlıq şair adlanan bəzilərinin
öz duyğu, düşüncələrini bədən qəfəsindən
çıxara bilməməsi halıdır. Yəni
şairin özünü öz içinə
sığdıraraq, özünü aşmaması... Ustad Nəsimi
deyir: “Məndə sığar iki cahan, mən bu cahana
sığmazam!” Bax, şairin özünü
aşmaması, içinə sığmaması Nəsiminin
bu cahana sığmazlığıdır.
Şeir daha çox metafizik (zaman-məkanüstü)
düşüncə, duyğu, ruh tutqusudur. Şairin kosmik
bağlantısı, sezgisi əsərində duyulmursa və o
yoxdursa, bu, necə şairlik ola bilər? Şeirdə misralar gedilməmiş, izsiz yollardan
keçməlidir. Şair bu yolla şeir
gözəlliyini şair özəlliyində birləşdirən
insandır. Məncə, şeirdə ədəbiyyatşünaslıqdan
və onun nəzəriyyəsindən bilmək
başqadır, fitrətən şair doğulmaq, şeir
yazmaqla nəsiblənmək başqa...
Ötən
il “Söz qibləgahım” adlı 600 səhifəyə
yaxın şeir nümunələrindən ibarət toplu nəşr
etdirdim. Həmin kitabın müəllifi kimi özüm haqda
xoş sözlər söyləsəm ola
bilər ki, bu səmimilikdən uzaq yozula. Həmin
əsər haqda əziz oxucu, tənqidçi, yüzə qədər
alim, yazar, şeir və söz ustaları mətbuatda fikirlərini
açıqlayıblar. Müəllifi
olduğum kitabda Seyid Əzim Şirvaninin elmi, poetik, mənəvi
şəxsiyyətinin ucalığına aid bir sıra
şeirlərlə bahəm, şairin doğma yurdu haqqında
da xeyli şeirlər silsiləsi sıralanıb. Təbii ki, böyük ustad şair Seyid Əzimin qərar
tutduğu zirvəni şeirə, sözə
sığdırıb təsvir etmək müşkül məsələdir.
Biz, sadəcə, düşüncələrimizi,
duyğularımızı ərz edirik.
Fəxr edirəm ki, bir zamanlar böyük söz-ruh sənətkarlarının,
alimlərin, həmçinin Şirvan, Şamaxı elində
yaşayan Seyid Əzimin ayaq basdığı torpaqlarda mənim
də uşaqlığım, yeniyetməliyim, gəncliyim,
cavanlığım xatirələrə çevrilib. Məncə,
şair göydə Allaha sığındığı kimi,
yerdə də el-obasına, xalqına söykənməlidir.
Allahına, xalqına, elinə, obasına
söykənən şairi öncə Allah, sonra da xalq unutmaz.
Elə şair də göylə yer arasında
vasitəçi kimidir.
Poetik...
Ətəklər
zirvələrə daim edəcək təzim,
Zirvələr şairidir Şirvanlı Seyid Əzim.
Azərbaycan doyarmı o böyük ziyalıdan?
Nurlu söz xatirədir Əli Vahid Çaylıdan.
P.S. Necə
ki, şair şeiri üzə çıxarır, eləcə
də şeir şairini anladır.
Əli Vahid
Çaylı,
“Qızıl qələm”
Media mükafatı laureatı
Təzadlar.-
2015.- 3 mart.- S15.