“...Su bizi ayıra bilməz”

 

Cənubi Azərbaycanın məşhur şairi Hüşəng Cəfəri: “Prezident Həsən Ruhaninin iş üstə gəlməsi ilə görürük ki, pəncərələr açılır, işıqlı yollar görünür...”

 

 

“Fars şeir axşamı keçiriləndə ora 50-60 adam gəlir, türk şeir axşamı keçiriləndə isə yüzlərlə insan yığışır”

 

Azərbaycanın elə bir şair və yazıçısı yoxdur ki, sovet dövründə Cənubi Azərbaycan, Təbriz haqqında yanıqlı-yanıqlı yazmasın. Bu tayın həmişə o tay həsrəti, o tay nisgili, o tay naləsi olub. Yadımdadır, 1981-ci ildə Şüvəlanda yazıçı və şairlər üçün yaradıcılıq evi açılırdı. Açılışda o vaxt AKP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyev də iştirak edirdi. Xalq şairi Söhrab Tahir öz çıxışında “Mən özümü burada qərib hiss edirəm”- deyəndə H.Əliyev onun sözünü kəsmişdi ki, niyə elə deyirsən? Həmin tədbirə radio ilə canlı qulaq asdığımdan H.Əliyevin sözlərini olduğu kimi təqdim edirəm: “Şair, sən niyə özünü qərib hiss edirsən? Bunun günahı bax burada oturan şair və yazıçılardadır. Niyə siz o taydakı şair və yazıçıların kitablarını burada, bu taydakı şair və yazıçıların əsərlərini o tayda çap etdirib, mənəvi körpü yaratmırsınız ki, o taylı qardaşlarımız burada özünü qərib hiss etməsinlər? Siz nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, mən kömək etmədim?”

 

O vaxt Heydər Əliyevin arzuladığı o mənəvi körpü bu gün real bir körpüyə çevrilib. Artıq o taylı qardaşlarımız bura, bu taylı soydaşlarımız o taya istədikləri vaxt gedib-gələ bilirlər. Necə deyərlər, o tay həsrətinə, nisgilinə, yanğısına az da olsa, su çilənib. O tay, bu tay həsrəti ilk növbədə həmişə şair və yazıçıların qələmində daha çox təcəssüm edib. Zaman-zaman M.H.Şəhriyarın, B.Vahabzadənin, həsrətli şeirləri ilə ovunmuşuq və iki qardaşın birləşəcəyi günə ümidimizi heç vaxt itirməmişik.

Elə bu birlik həsrəti ilə yazan və o tayda şeirləri ilə son illər böyük nüfuz qazanmış şair Huşəng Cəfəri ilə həmsöhbət olanda hiss etdim ki, imperiyalar nə qədər güclü olsalar da, ayrılıq nə qədər uzun çəksə də, iki qardaşı heç vaxt bir-birindən ayrıla bilməz. Yeni il ərəfəsi Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar Bakıya dəvət olunduğu bir tədbirdə iştirak edərkən, haqqında yaxın dostum, onun şeirlərini və çıxışları əks olunan disklərini burada yayan ağsaqqal İbrahim kişi vasitəsi ilə canlı görüşmək şərəfinə nail oldum. Çox qısa vaxtları olduğundan mən də fürsət tapıb, ürək dolusu olmasa da, hər halda söhbət etmək imkanı qazandım. Söhbət etdikcə, bu bəstəboy şairdə böyük bir ruh yüksəkliyi gördüm. Qəlbi isə vətən sevgisi, inqilabçılıq əhval-ruhiyyəsi və o tay, bu taya böyük məhəbbətilə dolu idi. Hər kəlməsindən, şeirlərinin hər sətirindən od, alov yağan bu şairi dostum İbrahim kişi elə haqlı olaraq “vulkan” adlandırır. Doğurdan da, Huşəng Cəfərinin vətən üçün yanan qəlbi, qardas həsrəti ilə döyünən ürəyi odlu-alovlu sətirləri, vətən yanğılı şeirləri ilə bir vulkan kimi püskürür.

Yaxşı olar ki, müxtəlif obyektiv və subyektiv səbəblərdən bir qədər gecikmiş Huşəng Cəfəri ilə olan söhbətimizi təqdim edim. Onda hər şeyi özünüz görəcəksiniz. Onu da diqqətə çatdırım ki, İbrahim kişi vasitəsi ilə Huşəng Cəfəri haqda yazı və onun şeirləri Azərbaycan mətbuatında ilk dəfə məhz “Təzadlar”da dərc olunub. İlk müsahibəsinin də “Təzadlar”da dərc olunması Huşəng Cəfərinin qəzetimizə göstərdiyi diqqətdir. İnanıram ki, bu müsahibə ilə mərhum prezident Heydər Əliyev demiş, o tayla bu tay arasına bir mənəvi körpü salacaq.

- Huşəng bəy, demirəm Azərbaycana xoş gəlmisiniz. Axı o tay da, bu tay da vətəndir. Ona görə də deyirəm, evinizə xoş gəlmisiniz.

- Çox sag olun, cox yaşayasınız, ikimizin evinə demək olar. Su torpağı aradan bölə bilməz ki.

- Elədir. Huşəng bəy, su demişkən, elə sizin bir fikrinizi bilmək maraqlı olardı. Birilik ki, o taylı, bu taylı Azərbaycan ədəbiyyatında iki qardaşın həsrətinə çox şeirlər, əsərlər yazılıb. Həmişə də bu ayrılıqda Araz çayını günahlandırmışıq ki, bizi iki yerə ayırıb. Ustad şairimiz M.Araz bu baxımdan çox gözəl deyib: “...Azərbaycan torpağında Araz boyda şırım açdı...”. Siz necə bilirsiniz, bu ayrılıqda Araz çayı nə qədər günahkar ola bilər?

- Baxın, suyun ki, günahı yoxdur. Su o həzin səsi ilə ortadan keçməklə öz dərdini də bizdən gizlədir. O yaxşı bilir ki, iki Azərbaycan nə çəkir. O sakit halda axması ilə deyir ki, baxın, məndə heç bir günah yoxdur. Amma siz gərək bir-birinizi duyasınız, anlayasınız, bir-birinizi düşünəsiz. Bu baxımdan Arazda heç bir təqsir görmürəm. Heç bir su bizi bölə bilməz. Ürəyi su bölsə, ölə bilərik. Amma biz ölməmişik, deyirik, qışqırırıq, dərdimizi bağırırıq. Odur ki, belə diriyə ölüm yoxdur. O kəsin ki, fikri, düşüncəsi varsa, ona ölüm yoxdur.

- Bildiyimiz kimi, böyük ustad şairimiz M.Şəhriyar çox cəhd edirdi ki, bu taya gəlib, buradakı qardaş, bacıları ilə görüşsün. Lakin o vaxtkı bizi iki yerə ayıranlardan biri olan sovet hokuməti buna imkan vermirdi. İndi isə siz çox rahat şəkildə bu taya gələ bilirsiniz. Deyəsən, bu taya gəlişiniz birinci dəfədir. Özünüzü bu tayda necə hiss edirsiniz?

- Bəli, birinci dəfədir ki, bu taya gəlirəm. Bir də hec vaxt mən o tay, bu tay bilmədim ki. Onu bilirəm ki, böyük Şəhriyar “Heydər babaya salam” poeması ilə həm o taya, həm də bu taya geniş bir qapı açıb getdi. Böyük Bəxtiyar Vahabzadə də bu taydan “Gülüstan” poeması ilə bir qapı açdı. Amma indi biz görürük ki, o tayla bu tay arasında nəinki qapılar, körpülər açılıb, hətta iki qardaş arasında böyük bir məhəbbət körpüsü də yaranıb. Bizlər görürük ki, bu tayda da, o tayda da bir-birinə qarşı isti sevgi, duyğu var. Bunu görəndə təəssüf hissi keçirirəm ki, ustad Şəhriyar bu günü görə bilmədi. Bizi burada bacı-qardaşlarımız böyük coşqu, böyük məhəbbətlə alqışlayırlar, bizləri bağırlarına basırlar. Ona görə də deyirəm ki, su bizi ayıra bilməz.

- O taydakı Azərbaycan ədəbiyyatının vəziyyətini bilmək istərdim. Daha o tay, bu tay demirəm, bütöv Azərbaycan ədəbiyyatını nəzərdə tuturam. Yeni gələn nəsl Azərbaycan ədəbiyyatını, şeirini, nəsrini yaşada bilirmi?

- Sizə deyim ki, uzun müddət o tayda Azərbaycan ədəbiyyatı yasaq oldu. Amma prezident Həsən Ruhaninin iş üstə gəlməsi ilə görürük ki, pəncərələr açılır, işıqlı yollar görünür. Əlbəttə, bu, bizi sevindirir ki, indi biz başara bilirik. Amma Əhməd Nejdət zamanı biz heç nə başara bilmirdik. Həsən Ruhani gələndən sonra mən 7-8 bölgədə olub, çıxışlar etmişəm. Məndə böyük bir ümid yaranıb ki, Ruhaninin bizlərə açdığı pəncərə imkan verəcək ki, bu 40 milyona yaxın millət öz ana dilində yazıb, oxuyacaq. Belə olanda əlbəttə ki, yeni-yeni gənc şair və yazıçılar yetişəcək və ədəbiyyatımızı yaşadacaqlar. Amma bu, o demək deyil ki, indiyə qədər ədəbiyyatımız omayıb. Bütün rejimlərdə tannımış, öz sözünü deyə bilən şair və yazıçılarımız olub. Ancaq bunlar çox az olublar. İndi imkan yaranıb ki, bunların sayı çoxalsın və Azərbaycan ədəbiyyatı Cənubi Azərbaycanda da inkişaf etsin.

- Maraqlıdır, o taydakı qardaşlarımız bu taydakı ədəbiyyatı izləyə bilirlərmi və bu tayın şair və yazıçılarını necə qarşılayırlar?

- Aga, bu tayın şairlərini o tayda çox sevirlər, çox gözəl alqışlayırlar. Biz görürük ki, fars şeir axşamı keçiriləndə ora 50-60 adam gəlir, amma türk şeir axşamı keçiriləndə isə yüzlərlə insan yığışır. Hələ qapı ağzına 300-400 adam yığışır. Bu, onu göstərir ki, millət ayılıb və öz kökünə qayıdır. Mən buna bir şeir yazmışam. Orada belə bənd var:

 

“Görürəm, əslinə qayıdır elim,

Bu elin gücünə bağlıdır belim.

O zülüm zalımın, bu, mənim selim,

Bu seldə dayanar sal, Dədə Qorqud,

Bir döyüş havası çal, dədə Qorqud.”

 

Bu onu göstərir ki, o tayda şeir sevilir, alqışlanır və bu tayın Bəxtiyarını, M.Arazını, S.Vurğununu, Söhrab Tahirini və digərlərini çox sevirlər.

- Bu tayın şairləri ilə o tayın şairləri arasında hansısa bir mənəvi körpünün yarandığını demək olarmı?

- Çox yaxşı ki, bir körpü var. Bu tayın şairlərini o tayda sevə-sevə oxuyurlar. Biz görürük ki, Bəxtiyarın, Bəhmən Vətənoğlunun, M.Arazın, Söhrab Tahirin necə gözəl, duyğulu şeirləri var ki, o tayın insanlarında gözəl əhval-ruhiyyə yaradır və vətənə məhəbbət hissləri aşılayır. Söhrab Tahirin “Azərbaycan” poeması isə o taylı, bu taylı Azərbaycanın yaralı ürəyinin təsəllisidir. Bildiyiniz kimi, o tayda şairlərə həmişə bir basqı olub, biz sıxıntı yaşamışıq. Şeirlərin birində arzular, birində duyğular var ki, bunu bu tayda rahat deyirlər. Amma biz bunu o tayda rahat deyə bilmirdik. İndi bir neçə müddətdir, bu yöndə bir dönüş var, bir az düzəlib. Biz bunun gələcəkdə daha da yaxşı olmasını istəyirik. Biz prezident Ruhanidən elə bir şey istəmirik. İstəyirik ki, öz ana dilimizdə yazıb, oxuyaq. Öz dilimizdə danışaq. Bütün dünyada hər bir millət öz dilində yazıb, oxuyur. Bəs biz niyə bundan məhrum olmalıyıq? Mən təəccüb edirəm və mat qalmışam ki, İran dövləti buna niyə bir əncam çəkmir?

- İnşallah, o taylı qardaşlarımızını da öz ana dilində yazıb, oxuması tezliklə baş verər. Huşəng bəy, bildiyimiz kimi, bu tayın ədəbiyyatında həm vətənpərvərlik, məhəbbət, həm də bir inqilabi hisslər, fikirlər öz əksini tapır. Bəs o tayda bunlardan hansı daha çox özünü göstərir?

- Elə hamısı var. Son vaxtlar duyğulu, siyasi şeirlər xeyli çoxalıb. 10 il bundan əvvələ baxanda görürük ki, indi bu yöndə şeirlər birə yüz artıb. Artıq baxışlar dəyişib, fikirlər dəyişib. Bu gün mənim yurdum olan Zəncanda 5 tar çalan, 5 kamança çalan, qarmon çalan var. Bunlar Azərbaycan musiqisini, şeirini yaşadırlar. Xalqda böyük bir canlanma var. Xalq öz dilini, adətini qoruyub, saxlaya bilib ki, bu da bizi sevindirir.

- Huşəng bəy, bir vaxtlar M.Şəhriyar var idi ki, xalq onun arxasınca gedirdi. İndi o tayda elə bir şair varmı ki, xalqı arxasınca apara bilsin?

- Son illər əlbəttə, belə şairlər var. Vallah bunu necə deyim, bilmirəm, desəm də təvazökarlıqdan uzaq olar. Amma mənim haqqımda başqalarının fikrini deyirəm. Vəli Düşdür, Əli Qafqasiyalı yazır ki, son 500 ildə heç kəs xalq arasında Huşəng Cəfəri kimi alqışlanmayıb, onu bu qədər sevməyiblər. Mən görürəm ki, xalqın içinə gedəndə məni nə qədər alqışlayırlar. Az qala prezident kimi qarşılayırlar. Bunun üçün Allahıma şükür edirəm və sevinirəm ki, deməli, mən xalqın dərdlərini qələmə ala bilmişəm, onların dərdlərini hayqıra bilirəm. Mən bir çıxışımıda dedim ki, biz nə pantürküstik, nə də təzyətələbik, vallah, billah, qışqırırıqsa, haqqımızı istəyirik. Şeirlərimin birində deyirəm:

“...Az bicəhət sözün oxuna tuşlayın məni,

Zənciri qırmışam, dəliyəm, boşlayın məni.

Bu siz, bu bizlərik, o sizin verdiyiz hüquq,

Nə alqış istərəm, nə də ki, xoşlayın məni.

Mən xalqımın min il yeyilən haqqın istərəm,

Öz nəfimə danışsam əgər, daşlayın məni...”

 

Mənim çıxışlarım hər yerdə böyük coşqu ilə qarşılanır. Deməli, xalqın yaralarına az da olsa, məlhəm ola bilirəm. Nə deyim, vallah, sonra elə çıxmasın ki, özümü tərifləyirəm. Amma həqiqətdə belədir, mənim heç kimdən qorxum yoxdur. Xalqımın yolunda ölmək lazımdırsa, ölərəm, amma əqidəmdən dönən deyiləm.

- Bəy, bəs İran polisi bu çıxışlarınıza görə nə əcəb sizə toxunmur, həbs eləmir?

- Ağa, hünərləri çatmaz. Dəfələrlə məni polisə çağırıblar, söhbətlər aparıblar, həbs etmək istəyiblər. Amma onu da yaxşı bilirlər ki, məni polisdə 15 dəqiqədən artıq saxlasalar, xalq ayağa qalxacaq və bunun qabağında dura bilməyəcəklər. Mən xalqımın haqq bağıran səsiyəm və bu yoldan da dönən deyiləm. Xalq da məni hər yerdə alqışlayır və buna görə Allahıma şükür edirəm.

- Huşəng bəy, bilirəm, vaxt azdır. Lakin buna baxmayaraq, istəyirəm qəzetimizin oxucuları üçün o tayda xalqın alqışladığı şeirlərdən bir neçəsini söyləyəsiniz.

- Baş üstə! Mənə ayırdığınız bu vaxt və diqqət üçün sizə və qəzetinizin rəhbərliyinə təşəkkür edirəm və sizə bir neçə şeir söyləmək istəyirəm.

- Çox sağ olun!

Huşəng Cəfərinin müsahibədən sonra diktafona söylədiyi şeirlərin bir neçəsini oxucularımızın da diqqətinə təqdim edirik.

 

Huşəng Cəfəri,

Cənubi Azərbaycan şairi

 

Yar ağladı, mən ağladım

Yarın boyun qucaqladım,

Yar ağladı, mən ağladım.

Yığışdı qonşular bütün,

Car ağladı, mən ağladım.

 

Başında qar qalan dağa,

Danışdım ayrılıq sözün.

Bir ah çəkib başındakı,

Qar ağladı, mən ağladım.

 

Tarımda nar ağacları,

Məni görüb danışdılar.

Boyumu zeytun oxşadı

Nar ağladı, mən ağladım.

 

Elə ki, əsdi bir xəzan,

Talandı güllərim mənim.

Xəbər çatınca bülbülə.

Xar ağladı, mən ağladım.

 

Ürək sözün dedim tara,

Simlər oldu para-para

Yavaş-yavaş sızıldadı

Tar ağladı, mən ağladım

 

 

Dedim ki, həqq mənimkidir,

Başımı çəkdilər dara.

Tənab kəsəndə boynumu.

Dar ağladı, mən ağladım.

 

Cəfəriyəm boyum bala,

Qəm sinəmdə qala-qala,

Yar canımı ala-ala,

Yar ağladı, mən ağladım.

***

Babəkin qolları

 

Görüm zülmün evi kökdən talansın,

Tökülsün leş-leş üstündən, qalansın.

Kökündən az qalır dağ yırğalansın,

Nə cingilti salıbsan, şanlı Babək?

"Səhənd"-im tək başı tufanlı Babək!

 

Səni azadələr dildən sevərdi,

Bütün Babək deyib düşmən döyərdi.

Qolundan əlli milyon qol göyərdi,

Gözün aç, üz- gözü al-qanlı Babək,

"Səhənd"-im tək başı tufanlı Babək!

 

"Dədə Qorqud" deyər sazlar telində,

"Koroğlu" səslənər Çənlibelində.

Gələr bir gün dilə Türklər dilində,

Deyər hər yerdə hər iranlı Babək,

"Səhənd "-im tək başı tufanlı Babək!

 

Sənin eşqində bayraqlar əsirlər,

Yetiblər öz kökündə bu nəsillər.

Əlan da "mötəsim "-lər qol kəsirlər,

Nə cingilti salıbsan, şanlı Babək?

“Səhənd”im tək başı tufanlı Babək!

Babək kimi dur qollarını çırmala hey hey,

'l'ürk ellərini yığmağa tonqal qala hey-hey!

 

Baş bölgü bölənlər sizi yaddan çıxarıblar,

Haqq almalıdır, dur yapışaq qol-qola hey-hey!

 

Qəm dev kimi dünyanı tutub ovcuna sıxdı,

Bas barmağı sinsin, boğazın parçala hey-hey!

 

Ay nəsli-nəsimi sizə susmaq ki, yaraşmaz,

Türk oğlu deməz ah! Dərisin soysala hey-hey!

 

Dağlar dağılar, gər ucala nərəsi türkün,

Bir nər ərəbəm, vaqəndə çöküb şaqqala hey-hey!

 

Yazmaq günüdür, bir qələm al, saxla əlində,

Həq-həq deyib, həqq üstə verək dal-dala hey-hey!

 

Hər şəhridə min Babəkimiz qaldıracaq baş,

Babək qalasından yaradaq min qala hey-hey!

Turan yaratdım

 

Yenə cansızlar üstə can yaratdım,

Ənəlhəq söylədim, insan yaratdım.

 

Nə gördün dağlara susmaq yaraşmır,

Dağ üstə dağ çəkib, vulkan yaratdım.

 

Uca dağlar başında qala saldım.

Yeni Babəklərə tufan yaratdım.

 

Dağ darıxmışdı tamam səssiz, səmirsiz,

Yel oldum şeyhəli tufan yaratdım.

 

Qalandan Möhtəsimdən çiynə-çiynə,

Ərəb şəkilində min şeytan yaratdım.

 

Uzaq düşmüşdüm, yurdumdan elimdən,

Qızıl Azər dedim, Zəncan yaratdım.

 

Dağıldım parçalanmış ölkələrdə,

Haray çəkdim, sizə üsyan yaratdım.

 

İtitdim Babəkin kəskin qılıncın,

Və türkə başqa bir Turan yaratdım.

***

Ürəyi qanlıyam, qızım

 

Mən də sənin kimi başı tufanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bir ölüm çökdü könlümə, lay-lay kədər mənim,

Baxdım, qaraldı, öldü qəzavü qədər mənim,

Ömrüm kül oldu, sovrulub, oldu hədər mənim,

Bir qəlbi qanlı, sinəsi şan-şanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bax Şəhriyara, gör necə də bəxtiyar olub,

Təbriz çəkibdi əl başına, Şəhriyar olub.

Zoppu Zəbi kimi kişi Zəncanda xar olub,

Zülmüm mənim əlimdə budur, zəncanlıyam qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Bunlar əlaqə bağladılar, latəl-lutiyə,

Bir kimsə fərq qoymadı Kərkəsdə tutiyə.

Kim nə əl qoydu burda, vurubdur sübutiyə,

Nə söz deyəm, burda kimi danlıyam, qızım?

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Burdan da özgələr kimi bir fayda görmədim,

Qeyrətlimiz çox olsa da, küt sayda görmədim.

Çox şamili olaydı, vəli ayda görmədim,

Ayda görəndə şeirimi sahmanlıyam, qızım,

Dindirmə, ağlaram, ürəyi qanlıyam, qızım.

 

Təzadlar.- 2015.- 3 mart.- S12-15.