İYİRMİ BEŞİNCİ İRAN SƏFƏRNAMƏSİ

 

(Əvvəli ötən saylarda)

 

Qəzəl

Könlün quşu can arzulayıb canə yetişdi,

Qoy söyləməsinlərYenə hicranə yetişdi”.

 

İstanbulu, Daşkəndi, Bədəxşanı da gəzdim,

Addımlarım hərdən Ərəbistanə yetişdi.

 

Addım, mənə lovğa deməsinlər ki, utannam,

Bir yerdə qərar etmədi, çox yanə yetişdi.

Təbriz ulu Şəhriyarın şəhri olubdur,

Seyr etmək üçün göz onu seyranə yetişdi.

 

Gəldimsözünü bir neçə yol eylədi təkrar,

Tuti quşu, ey dil, şəkəristanə yetişdi.

 

Şairdə vüsal həsrəti var idi, qovuşdu,

Şəm'in oduna yanmadı pərvanə, yetişdi.

 

Mərdanəliyi sizlərin, əlbəttə, əyandır,

Mərdanələrin yurduna mərdanə yetişdi.

 

Başdan-başa bir türfə gülüstandı diyarım,

Bülbül yenə gül gəzdi, gülüstanə yetişdi.

 

Pərvaz elədi Azəribaycan diyarından

Şahin yenə Azəribaycana yetişdi.

19 sentyabr

...Bu gün istirahət günüdür. Maşına əyləşib Təbrizi seyr etməyə tarixi yerlərinə baş çəkməyə getdik.

Mehrançay, yaxud Mehranrud çayı. Bir vaxtlar suyu bol idi. İndi azalıb. İndi bu çayın adı Quruçay olub. Çayın üstündəki bir körpünün adı “Pole-qari”, yəniQarı körpüsüadlandırılıb. Bu haqda rəvayət var...

Məşhur Göy Məscidə gəldik. Müzəffəriyyə memarlıq kompleksinə daxildir. Bu əzəmətli tikili haqqında çox yazılıb. Onuİslam dünyasının firuzəsi adlandırırlar. Göy Məscid 1465-ci (hicri-qəməri təqvimlə 870-ci) ildə Qaraqoyunlu sülaləsinin məşhur hökmdarı Cahanşahın hakimiyyəti dövründə onun qızı Salihə xanımın istəyi ilə inşa olunmuşdur. Məscidin kitabələri nəstəliq, kufi, süls ruqə xətləri ilə yazılıb.

1788-ci ildə Təbrizdə baş vermiş müdhiş zəlzələ nəticəsində Göy Məscidə böyük dağıntı üz verdi onun günbəzləri dağıldı. 125 ildən sonra təmir olunmağa başlanılan binanın tağ sütunlarının yenidən bərpa olunması 37 il sonra başa çatdırıldı. Hazırda təmir işləri davam etməkdədir.

Məscidin yanında Azərbaycan muzeyi Xaqani parkı vardır. Yaxınlıqda Saat Meydanı Təbriz Mərkəzi Bazarı yerləşir.

Məsciddən çıxıb məqbərəyə gəldik: “Məqbərətüş-şüərakompleksi. Onun yerində adı Sürxab olan qəbristanlıq olub ki, vəfat etmiş məşhur şairlərin gürgahları oradadır. 407 şairin gürgahı. İndisə dağınıq halda deyildir. Hamısı bir yerdə bu məqbərədədir. Mən əvvəlikiİran Səfərnamələri”mdə bu haqda yazmışdım.

Budur, ustad Şəhriyarın əzəmətli qəbri. Buranı ziyarət etməyə hər gün yüzlərlə adam gəlir.

Esmiranın gözlərində yaş qətrələri süzülür. Esmira sakitcə, dinməz ağlayır...

Oradan çıxıb mərhum şairin ev muzeyinə gəldik. Bizi Hadi qarşıladı. Muzeyin kiçik kitabxanasında M.Şəhriyarla bağlı onlarla kitab var. Şəhriyarşünas alimlərimiz Elman Quliyev Esmira Şükürovanın monoqrafik əsərləri şüşə arxasındadır.

Mən fürsətdən istifadə edibİran Səfərnamələrikitabımın yeni nəşrini (Bakı, 2013, 686 səh.) bu il işıq üzü görmüşDördüncü Divan”ımı avtoqraf yazıb ustad Şəhriyarın oğluna verdim.

Otelə qayıtdıq. Təəssürat böyükdü. Axşam bu səfərimə həsr etdiyim beşinci şeirimi yazdım:

 

Qəzəl

Ustad Şəhriyarın məzarı önündə

İran kimi bir diyarə gəldim,

Çox gəlmiş idim, dübarə gəldim.

 

Hər gün qarışıq yuxu görürdüm,

Mən sərhədi yarə-yarə gəldim.

 

Təbriz yenə şairi çağırdı,

Biçarəyə oldu çarə, gəldim.

 

Rədd oldeyərək fərağı qovdum,

Var oldeyib intizarə, gəldim.

 

Diz çökməyə qəbr önündə məhzun,

Baş əyməyə bir məzarə gəldim.

 

Əhsən ola, afərin bu yurda,

Alqış ola Şəhriyarə! Gəldim.

Fəxr oldu mənə demək bu şeri,

Yetdim bu iftixarə, gəldim.

 

Qış fəslidir ömrümün, ey ustad,

Qışdan sovuşub baharə gəldim.

 

Yazdıqlarının müqabilində

Yazdıqlarım oldu parə, gəldim.

 

Söylə, sən hara mən, ey ustad,

Səndən mənə bir işarə, gəldim.

 

Bildir, qələmim qırılmasınmı?

Bəlkə çəkilim kənarə? Gəldim.

 

Söylə yenə mən qəzəl yazımmı?

Olmazmı bu çöhrə qarə? Gəldim.

 

Yaz ustadaŞəhriyarnamə”,

Şahin, belə bir qərarə gəldim.

20 sentyabr

Sübh tezdən oyandım. Hələ yatağımdayam. Klassik şairlər Nizamini, Nəsimini, Füzulini, Sə'dini. Hafizi ..., əlbəttə, Şəhriyarı xatırladım. Belə bir qəzəl yarandı:

 

Qəzəl

Gərçi bir çox aşiqə xas çox nigarın sevgisi,

Amma, çıxmır xatirimdən bircə yarın sevgisi.

 

Nəğməkar bülbüldə vardır öylə sehrin cövhəri,

Gülləri məst eyləməkdə nəğməkarın sevgisi.

 

Olsa azca pis deyildir, fanidir dünya kimi

Varidatın, sərvətin, dövlət varın sevgisi.

 

Öylə kəs vardır ki, çox sevda təmənnasındadır,

Məncə hər bir sevgidən üstün - diyarın sevgisi.

 

Doğma yurd uğrunda qeyrətlə qılınc çəkmək gərək,

“La fəta illa Əli”dir zülfüqarın sevgisi.

 

Gen düşüblər e'tibardan e'tibarsız kimsələr,

E'tibarlı kəslə qaynar e'tibarın sevgisi.

 

VarSegah”ın, “Çargah”ın, varRast”ın yanğısı,

Var kamanın məndə mehri, var tarın sevgisi.

 

Var Nizami, var Nəsimi, var Füzuli, Sə'di var,

Vardır Hafiztək qəzəldə hökmdarın sevgisi.

 

Qəlbin həcmi az tutumlu, sevdiyin şairsə çox,

Şahinin qəlbində sakin Şəhriyarın sevgisi!

 

Bu gün Bakıya uçmalıyıq. Aeroportda bizi ehtiramla yola saldılar. Təyyarədə bir neçə dəqiqə mürgülədim. Yuxuda yuxu gördüm: Dünya ilə söhbətləşirdim... Oyanıb yeni bir şeir qaraladım:

Qəzəl

 

Arabir üz-üzə söhbətləşirik, dünya - mən,

“- Şəhriyar haqda kitab yazmamışam, heyfa mən”.

 

Dedi dünya: “Elə şair az olubdur peyda,

Bilirəm Şəhriyarın qiymətini ə'la mən”.

 

Söylədim: “Şəhriyarın qiyməti daim baqı!

Demişəm Şəhriyar haqda qədər misra mən.

 

Bəzi kəslər eləyirlər o kəsin qiybətini,

Onları heç vədə əfv eyləmərəm əsla mən.

 

Şe'rini fars, ərəb, türki dilində yazmış,

Edərəm ustadı ifşa edəni ifşa mən.

 

Şairi qoyma ki, çıxsın savaşa, ey dünya,

Hadisə vaxtı ya onlar öləcəklər, ya mən”.

 

Bu kiçik söhbəti röyada görübdür Şahin,

Arabir üz-üzə söhbətləşirik, dünya - mən.

Xudahafiz, Təbriz! Salam, Bakı! Qismət olsa yenə Təbrizlə görüşərik!

16-20 sentyabr

Bakı-Təbriz-Bakı

 

Şahin Fazil

Tarix elmləri doktoru, professor

Təzadlar.- 2015.- 3 mart.- S6.