Mirzə Kiçik Xan və fars-rus problemi

 

 

İndiki İran adlanan ölkədə Orta Doğu tarixində ilk dəfə XIX yüzilliyin sonlarına doğru bölgəsəl idarəetmə projeləri Qacarlar dövləti tərəfindən gündəmə gətirilmişdir. Beləliklə, ölkənin sosial-iqtisadi yöndə gəlişməsi üçün yeni düzən ortaya çıxdı. Bu möhtşəm reformlara qarşı isə, ilk addım kimi dünya ağalığı iddiası ilə alışıb yanan, Orta Doğuda strateji hədəflərini açıq şəkildə sərgiləməkdən çəkinməyən Rusiya və İngiltərə bütün vasitələrlə mane olmağa çalışdılar. Qacar xanədanlığının başçısı Nəsrəddin Şah Qacar bölgələrə səlahiyyət verməklə tədrici yolla demokratiyanın təməlini qoymağa çalışırdı. Onun bu humanist addımlarından Batıya bağlı olan ölkələr və istibdada söykəmli dövlət siyasəti aparan Çarlıq Rusiyası qarşı çıxdılar. Qacarlar imperiyasının respublika dövlət quruluşunun inkişafına qarşı Hindistanın Dehli və Kəlküttə şəhərlərində İngiltərənin yaratdığı “İran mərkəzli, fars düşüncəli” yeni dövlət modeli ilə yanaşı, Çarlıq Rusiyasının “isti sulara” çıxış hədəfləri ideyası Orta Doğuda ilk dövlət demokratizminin qarşısını almağa çalışırdılar.

 

Qacar xanədanlığı və reformlar

 

Qacarlar xanədanlığının çevik dövlət modeli kimi irəli sürdüyü “Məşrutə Hərəkatı” (Ana Yasalı monarxiya) təkcə Güney Azərbaycan boyunca xalq tərəfindən dəstək qazanmış oldu. Türk kökənli olmayan fars, ərəb, kürd, lor, bəluc, cibal, lək, caf, mazəndaran, feyl və ehqaqlar məşrutə ideyalarını faktiki olaraq qəbul etmədilər. Yerli feodollar və dini fanatizm ideyalarının yanında yer almış din xadimləri buna qarşı çıxdılar. Onlar ölkəni mümkün qədər ortaçağın yaşam səviyyəsində saxlamaq üçün mübarizə aparırdılar.

Nəsrəddin Şah Qacar (1848-1896) dönəmindən başlayaraq, Avropaya çoxlu sayda gənclərin təhsil almağa göndərilməsi dövlət siyasəti kimi qəbul edilmişdi. Bu gənclər demək olar ki, şağdaş dünyanın gəlişmiş düzəni, texnologiya, hərb, şəhərsalma və memarlıq, elektrikləşmə, rabitə və digər sahələrdə peşəkar mütəxəssislərə çevrilirdilər. Beləliklə, Qacarlar imperiyası Orta Doğuda yüksək səviyyəli peşəkar kadrların sayəsində tədricən inkişaf etmiş dövlət düzəninin yaradılması üçün tələb olunan kadr potensialına malik idi. Bununla yanaşı, çağdaş standartlara uyğun orta məktəblərin və universitetlərin açılması, kitab, gündəc (qəzet) və dərgilərin nəşri kimi mədəni islahatlara başlanılmışdı. Ölkənin doğal zənginliklərinin istismarı üzrə texnoloji avadanlıqların alınması prosesləri müşahidə olunurdu. Bununla yanaşı, yeni texnologiya ilə istehsal müəssisələrinin inşasına başlanılmışdı. Faktiki olaraq, bu proses Müzəffərəddin Şah Qacar (1853-1907) və Məhəmmədəli Şah Qacar (19872-1925) dönəmində də davam etdi. Ölkədə əncümənlər (yerli idarəetmə üzrə parlament) və ölkəni təmsil edən parlaman yaradıldı. Bu prosesdə təbii olaraq burjuaziyanın və onlara yaxın ziyalı elitanın təmsil olunması ilkin mərhələdə keçərli sayılan bir proses idi. Bununla yanaşı, ilk dəfə siyasi partiya və cəmiyyətlərin də yaradılmasına başlanıldı. İctimai və siyasi proseslərdə hətta müxalifət və iqtidara mənsub olan düşərgələr belə, formalaşmaqda idi.

Orta Doğuda, özəlliklə də Qacarlar imperiyasında baş verən bu möhtəşəm inqilabi yüksəliş Çarlıq Rusiyasını və İngiltərəni çox ciddi şəkildə rahatsız edirdi. Buna görə də türk kökənli olmayan toplumlara arxalanaraq, siyasi, sosial, iqtisadi, təhsil, mədəniyyət və başqa sahələr üzrə baş verən islahatların qarşısını almaq üçün ölkəni süni şəkildə xaosa doğru sürükləməyə başlanıldı. Biz bu yazımızda, sadəcə, “Cəngəl Hərəkatı” adı ilə baş vermiş həmin xaosun tarixini açıqlamağa çalışacağıq.

 

Qacar dövlətinin süqutunda Rusiya və İngiltərə anlaşması

 

1905-1911-ci illərdə Qacarlar dövlətinin irəli sürdüyü islahatlara dəstək olaraq Təbrizdə “Məşrutə inqilabı” baş verdi. Min ildən çox ölkəni idarə edən, əhalinin çoxluğunu təşkil edən, milli və mədəni baxımdan dominantlığın önündə olan türklər bu inqilabi prosesə qoşulmaqla, qeyri-türk toplumların feodollarına və dini liderlərinə qarşı etirazlarını edirdilər. Beləliklə, Qacarlar dövləti iki problemlə üz-üzə qalmış oldu. Bir yandan dini klerikal zümrələrin, o biri yandan türk olmayan feodolların, bununla yanaşı, İngiltərənin Hindistan üzərindən idarə etdiyi “West İndian” və “Persian” tipli hədəflərə köklənmiş strateji maraqlara görə xarici iqtisadi və ticarət əlaqələri tamamilə iflasa uğramaqda idi. Sadəcə, Təbriz və Güney Azərbaycan ayağa qalxaraq, nə yolla olursa-olsun, reformların davam etdirilməsi müdafiə edilirdi. Tarixdə “Səttarxan inqilabı” deyə xatırladığımız bu möhtəşəm mübarizənin əsas səbəbləri bundan ibarət idi.

Siyasi proseslərin belə bir axarında gözlənilmədən Rusiya və İngiltərə arasında 1907-ci ildə gizli bir müqavilə imzalandı. Anlaşmaya görə, Qacar dövlətini tamamilə çökdürmək üçün bu ölkə ikiyə parçalanmalı idi. Gilan vilayəti və Güney Azərbaycan Rusiyanın, ölkənin neftlə zəngin olan güney bölgələri isə İngiltərənin nəzarətinə keçməli idi. Elə bu anlaşmanın ardınca Rusiya Məşrutə Hərəkatına mane olmağa çalışdı. Başda general Vladimir Lyaxov olmaqla rus qoşunları Təbrizdə 1908-1911-ci illərdə tarixdə misli görünməyən ən dəhşətli qətliamlar törətdilər. Demək olar ki, yeni texnologiya ilə inşa edilmiş fabriklər dağıdıldı, sənaye və ticarət tamamilə rusların nəzarətinə keçdi. Rusiya həmin dönəmdə ağır böhranlar yaşasa da, bu fəlakət Güney Azərbaycanda da baş verdi. Çünki Rusiya yaratmaq üçün deyil, ancaq dağıtmaq kimi düşüncəyə malik olan bir dövlət kimi tanınırdı.

On minlərlə islahat tərəfdarları dar ağaclarından asıldılar. Yüz minlərlə insan başqa ölkələrə köçüb getməyə məcbur oldular. Demək olar ki, Güney Azərbaycanın sosial-ictimai və mədəni həyatında xalqın milli enerjisinin daşıyıcısı olan fəal insanlardan təmizləndi. Güney Azərbaycana, eləcə də Qacar dövlətinə daha bir sarsıdıcı zərbə Gilan vilayətində rus kommunistləri tərəfindən vuruldu. Burada bütün istinad nöqtəsi adı tarixdə “Cəngəl (orman) Hərəkatı” kimi anılan, giləklərin lideri qismində Mirzə Kiçik Xan adlı birisi silahndırılaraq, Güney Azərbaycana qarşı istifadə olunmağa başlanıldı. Bu hərəkat ilk təcrübəsini 1905-1911-ci illərdə Təbrizdə sınaqdan keçirmişdi. Belə ki, sözdə Təbriz inqilabına dəstək üçün gəldiklərini bildirən giləklər əslində kommunist ideyalarının daşıyıcısı olduqlarını belə gizlətmişdilər. Onlara rəhbərlik edənlər Rusiya kommunistlərinin lideri Vladmir Lenin tərəfindən ezam edilmiş Serqo Orconikidze və Anasatas Mikoyan olmuşlar. Beləliklə də, Mirzə Kiçik Xan və “Cəngəl Hərəkatı” rus kommunistlərinin nəzarətində idi. Dini təhsil almasına baxmayaraq, Mirzə Kiçik Xan ictimai baxışlarına görə kommunistləri hər zaman müdafiə etmişdir.

 

Mirzə Kiçik Xan və “Gilan Sovet Respublikası”

 

Rusiya Güney Azərbaycanı davamlı olaraq təhdid etmək üçün Gilan vilayətinə və burada yaşayan giləklərə istinad etməyi əsas hədəflərdən birinə çevirmişdi. Buna görə də giləklər ruslar tərəfindən maliyyələşdirilir və silahlandırılırdılar. 1914-cü ildə II Dünya Savaşı başlanılan kimi Çarlıq Rusiyasının mövqeləri Güney Azərbaycan və Gilanda zəiflədi. Bu dönəmdə Rusiyada fürsətdən yararlanaraq kommunistlər daha da aktiv siyasətdə yer almağa başladılar. Çarlıq Rusiyasının dövlət siyasəti bu dəfə kommunist siyasətinin nəzarətinə keçdi. 1917-ci ildə çarlıq rejimi devrildiyi üçün Gilan vilayətində kommunistlər də aktivləşdilər. Mirzə Kiçik Xan isə yeni Rusiya siyasətinin aparıcı gücü kimi gündəmə gətirildi. 1919-cu ildə rus kommunistlərinin dəstəyi ilə Gilan Sovet Respublikası elan edildi. Bu hökumətin başçısı Mirzə Kiçik Xan oldu. Faktiki olaraq, bu hökumətdə Təbriz, Qəzvin, Ərdəbil, Tehran və digər iri şəhərlərdə cinayətkar kimi axtarışda olan quldurların hamısına vəzifə verilmişdi. Hətta Sovet Rusiyası Gilan Sovet Respublikası ilə diplomatik əlaqələr də yaratmışdı. 1920-ci ilin iyun ayından 1921-ci ilin sentyabr ayına kimi hakimiyyətdə olan Mirzə Kiçik Xan bu münasibətləri qoruyub saxlaya bildi. Bütün bunlara baxmayaraq, Sovet Rusiyası sonadək Gilan hökumətini müdafiə etmədi. Beləliklə, İngiltərə Avropada “Persiya”, doğuda “İran” adlanan ölkədə Qacar dövlətinin sonuncu başçısı Əhməd Şah Qacar xanədanlığını devirmək üçün açıq şəkildə hərəkətə keçdi və ilk addım olaraq Mirzə Kiçik Xanı və onun hökumətini devirdi.

 

Molla rejiminin Mirzə Kiçik Xan sevgisi

 

1925-ci ildə İngiltərə dövlət çevrilişi edərək Qacar dövlətini süquta uğratmaqla yanaşı, hakimiyyətə ilk dəfə olaraq fars mənşəli və uzun illər gah rusların, gah da ingilislərin mehtəri kimi işləmiş Rza Pəhləvini gətirdi. 1978-ci il 22 Bəhmən İnqilabı sayəsində hakimiyyətə gələn mollakratlar Mirzə Kiçik Xana isti münasibət sərgiləməyə başladı. 1980-ci illərdə onu İranın milli qəhrəmanı elan etdi və sonra da “Cəngəl” adlı televizya serialını dövlət büdcəsi hesabına çəkdirdi. Mirzə Kiçik Xanın Gilan vilayətinin mərkəzi Rəşt şəhərində ev muzeyi yaradıldı. Dəfn olunduğu yerdə mavzoleyin inşa edilməsi ilə yanaşı, həm də oranı ziyarətgaha çevirdi. Onun həyatı haqqında bir neçə kitablar dərc edildi. Bir sıra elmi araşdırmalar aparıldı. Bununla yanaşı, iki ildə bir dəfə Mirzə Kiçik Xanın şərəfinə poeziya festivalı keçirilir. Mollakratiya rejimi Mirzə Kiçik Xanın Tehranda dini təhsil almasına baxmayaraq, Gilan Sovet Respublikasının başçısı kimi sonacan dini əqidəsinə sahib çıxmasını və kommunistlərə etibar etmədiyi iddiasını ortaya qoyur. Onu daha çox “panirançı” və “panfarsçı” kimi təqdim etməyə çalışır. Əslində fars şovinizmi tarix boyu türkə və onun əzəmətinə qarşı kimlər mücadilə aparıblarsa, bu addımı təqdir etdiyini sübut üçün bu siyasəti sərgiləyir. Səttarxan inqilabının boğulmasında təkcə Çar Rusiyasının orduları deyil, həm də Gilan üzərindən silahlandırılmış fars şovinizmini müdafiə edən mollarlar və solçular birlikdə hərəkət etmişdilər. O da bir gerçəklikdir ki, tarix boyu Güney Azərbaycanda dinçilər və solçular milli məsələyə qarşı birlikdə hərəkət etmişlər. Mollakratiya rejiminin dəstəyi ilə Mirzə Kiçik Xan haqqında yazılmış mahnıda musiqinin və sözlərin harmoniyasında dərin nostalgiya hökm sürür. Yəni Mirzə Kiçik Xanın sayəsində giləklər tarixdə ilk dəfə ayağa qalxdılar və böyük bir mübarizə yolu keçdilər. Bu sürudun (himn) anlamının arxa bağçası isə Güney Azərbaycana qarşı dərin nifrət və küdurətdən ibarətdir. Uydurma “Böyük Gilan” və ya “Talışstan” notları üzərində köklənmiş ideyanın əsas məzmunu isə Tehrandakı mollakratiya rejiminin Güney Azərbaycana, həm də bağımsız Azərbaycan dövlətinə qarşı fərqli bir sosio-psixoloji qavramı deməkdir. Beləcə, Azərbaycan türkünə qarşı fars-rus tandemi hələ də davam etməkdədir.

 

Ənvər BÖRÜSOY

Təzadlar.- 2015.- 3 mart.- S7.