20 il əvvəlki 8
mart və 1995-ci ilin 13-17 mart hadisələri
...Düz 20 il əvvəl baş vermiş 13-17 mart hadisələrindən danışarkən nədənsə, 8 mart tarixi mənim üçün xüsusi məna daşıyır və daha maraqlı bir tarix kimi xatırlanır... Mən 8 mart Qadınlar bayramını deyirəm...
Düz 20 il əvvəl-1995-ci ilin martın 8-i şənbə gününə təsadüf edirdi. Martın 7-ci isə həftənin sonuncu iş günü olduğundan “Təzadlar”da çalışan köçkün xanım əməkdaşları təbrik edərək, onları evə yola saldıq... Sonra isə “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas və həmin qəzetin baş redaktor müavini Nazim Ağamirov, bir də mən - üçümüz, “Təzadlar”ın baş redaktoru kimi əyləşdiyim kabinetdə (mən həmin vaxtlarda həm də “Ədalət” qəzetinin baş redaktorun 1-ci müavini idim) bayram süfrəsi ətrafında nahar edirdik. Birdən qapı döyüldü. Açarla bağlanmış qapını açdım. Bir nəfər oğlan qapının ağzında dayanmışdı... Onu nahara dəvət etdim. Təşəkkür etdi. Amma hiss etdim ki, çox narahatdır, həyəcanlı idi... O, “Asif Mərzili lazımdır”, dedi. Bildirdim ki, mənəm. Onu üzdən tanıdım, “Azərbaycan” nəşriyyatında tez-tez görürdüm (Sonralar onu Ayaz Mütəllibovun işinə görə həbs etdilər). Dərhal əlində kitaba oxşayan bir bükülünü mənə uzatdı, “Sizə çatacaq”, - deyərək tələskən halda çıxıb getdi. Arxasınca “Kim göndərib?”, - deyə soruşdum. Sualım cavabsız qaldı... Onun dərhal uzaqlaşması məndə təqdim etdiyi bükülüyə şübhələr yaratdı. Lakin artıq gec idi, O, gözdən itmişdi. Qapını açarla bağlayıb süfrə arxasına keçdim.
Nahardan sonra həmin bükülünü açdım, içərisində videokaset var idi. Amma həmin illərdə bu lentli kasetə işdə baxmaq mümkün deyildi... Axşam evə gedəndə birinci olaraq video-maqnitofonu qoşub həmin kasetə baxmalı oldum... Keçmiş müdafiə naziri Rəhim Qazıyev həmin kasetdə kamera qarşısında çıxış edərək mənə birbaşa müraciət edirdi.
Kaseti sonadək diqqətlə izlədim. R.Qazıyev həmin dövrdə MTN-nin təcridxanasından qaçırılmışdı (Arif Paşayev, Əlikram Hümbətov, Baba Nəzərli və digərləri ilə birlikdə. Bu qaçışa görə MTN naziri Nəriman İmranov sonradan həbs edildi...) və axtarışda idi. R.Qazıyev kasetdə həmin ərəfədə “Təzadlar”da dərc olunmuş bir yazıdan bərk qəzəblənərək mənə müraciət edirdi, həmçinin Prezident Heydər Əliyev, Cəlal Əliyev, gömrük komitəsinin sədri Tahir Əliyev və digər yüksək vəzifəli məmurlar barədə sərt ifadələr işlədirdi...
***
Səhər işə gedərək X.Məmmədov Xeyriyyə Cəmiyyətinin sədr müavini (qəzet həmin dövrdə cəmiyyətin təsisçiliyində idi) Ş.Hüseynoğlunu axtarıb tapdım, kaset barədə ona danışdım. Sədr müavini həyəcanlandı və kaseti təcili olaraq cəmiyyətin sədri Rövşən Cavadova çatdırmağın vacibliyini bildirdi. Amma məlum oldu ki, R.Cavadov idmanda ayağını əzdiyindən (DİN nazirinin müavini idi) işə çıxmır və evdədir. Mən mərhum Komandirin (O, həm də “OMON”nun komandiri idi) evinə yollandım. Həyətə çatanda mühafizəçilərlə salamlaşdım, məni tanıyırdılar... Bildirdilər ki, mənzildə xeyli qonaqlar var. Amma vacib məsələ olduğunu bildirəndən sonra özünə məlumat çatdırdılar və R.Cavadov məni mənzilə dəvət etdi. Binanın həyətində isə silahlı “OMON”çular dayanmışdılar. “OMON”nun Qazax bölməsinin rəhbəri Elçin Əmiraslanovu da ilk dəfə orada gördüm. Tanıdıqlarımla söhbətlərdən məlum oldu ki, Qazaxda sərhəddə ermənilər fəallaşıb, silah çatışmır, bunun üçün də Elçin Əmiraslanov Bakıya gəlib... Həmçinin hansısa vəzifəli şəxslərdən birinə məxsus olan və Gürcüstana aparılan metalla bağlı gömrükçülərlə “omon”çuların nəsə problemlər yaşanıb.
Mühafizəçilər məni tanıdığından dərhal R.Cavadovun, səhv etmirəmsə binanın 4-cü mərtəbəsindəki mənzilinə buraxdılar. Mənzildə Çeçenistandan gələn səhra komandirlərindən, deyəsən, Basayev və başqaları da var idi. Qonaqlarının olmasına baxmayaraq, Rövşən Cavadov məni başqa bir otaqda qəbul etdi. Ayağının əzildiyini və axsayaraq hərəkət etdiyini gördüm... Dərhal mətləbə keçərək kaset məsələsini danışdım və bükülünü ona verdim. R.Cavadov MTN və digər hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə axtardığı bir vaxtda R.Qazıyevin video çıxış yazdıraraq redaksiyaya göndərməsindən çox təəccübləndi... Sonra evdə Çeçenistandan qonaqlarının olduğunu bildirərək kasetə təcili baxa bilməyəcəyini dedi və ardınca qəzetin hansısa problemlərinin olub-olmamasını soruşdu. Bildirdi ki, sabah, yaxud birisi gün yenə evə gəlim, ona qədər də o, kaseti izləsin, lazım gələrsə redaksiyaya mühafizəçilər göndərsin: “Bu, təxribat da ola bilər. Kimsə təxribat edib sonra bizi R.Qazıyevlə üz-üzə qoymağa, aranı qarışdırmağa çalışar”, -deyə söylədi.
R.Cavadov kaset məsələsindən çox narahat görünürdü. Hətta gülümsəyərək “Qorxmamısan?”, deyə soruşdu... Mən də gülümsəyərək “Yox...” dedim. Sonra onunla xudahafizləşdim... Arxamca “Bu elə məsələdir ki, lazım gəlsə, prezidentə məlumat verməli olacağam, narahat olma...”, -deyərək ürək-dirək verdi.
Lakin bir neçə gündən sonra Qazaxda məlum 13 mart hadisələri baş verdi, Rövşən Cavadov və DİN müavini Zahid Dünyamalıyev, DİN-nin idarə rəisi Fətulla Hüseynov və başqaları baş verənləri yerində araşdırıb tədbir görmək üçün Qazaxa getdilər...
Sonuncu olan görüş...
...Mən Rövşən Cavadovu bir də martın 15-də, “OMON” qərərgahında mətbuat konfransı keçiriləndə gördüm. Vəziyyət nəzarətdən çıxmışdı və “OMON” daxili işlər nazirinin əmri ilə ləğv olunmuşdu. Buna etiraz edən keçmiş döyüşçülər “OMON”nun Bakının 8 KM qəsəbəsindəki qərərgahına toplaşmışdılar. Siyasi hakimiyyətlə Rövşən Cavadovun arasında artıq qarşıdurma yaranmışdı... Belə bir vaxtda mən R.Cavadovdan kaset məsələsini soruşa bilməzdim... Lakin kaset məsələsindən bir də martın 20-də, R.Cavadov dünyasını dəyişəndən 3 gün sonra, polis qrupu tərəfindən mənzilimdən götürərək Bakı Baş Polis İdarəsinə aparıldığım vaxt müstəntiqlərin sorğu-suallarından sonra xəbər tutdum. Burada, indi Bakı şəhər Baş Mühafizə İdarəsinin rəisi olan (o vaxt Bakı Baş Polis İdarəsinin rəis müavini idi, Məhərrəm Əliyev isə rəis) Yaşar Əliyev qəbul etdi. Nəzakətlə davranırdılar... İlk sualları Mahir Cavadovun harada olması barədə idi. Guya mən kiməsə demişəm ki, Mahir Cavadov mənə sifariş göndərib ki, möhkəm olun, gəlirəm... Deməli, onun yerini bilirəm və s. Lakin ifadələrimdə yazdım ki, əgər MTN onun yerini bilmirsə, mən haradan bilərəm... Sonra isə mətləbə gəldilər... Söhbət R.Qazıyevin mənə göndərdiyi kaset barədə idi... Onda başa düşdüm ki, Rövşən Cavadova verdiyim kaset evində axtarış aparılarkən götürülüb (Evdən daha nələrin aparılması, kimlərin evi necə ələk-vələk etməsi və sair barədə isə R.Cavadovun atası mərhum Bəxtiyar Cavadovun bir vaxtlar redaksiyaya təqdim etdiyi, lakin sonra özünün müraciəti əsasında çap olunmamış saxlanılan əlyazmasındakı qeydlərini başqa bir yazıda təqdim edəcəyik).
Mən bu kaset məsələsinə görə bir neçə dəfə Bakı Baş Polis İdarəsinə çağrıldım və sonralar Baş Prokurorluqda yaradılmış Xüsusi İstintaq Qrupuna bir ilə yaxın müddətdə gedib-gələsi oldum... Bəzi istisnaları nəzərə almasaq, ümumiyyətlə, özümə qarşı hansısa təzyiq və ya təsir görmədim. Bir neçə hal olmuşdu, lakin Qrupun rəhbəri Layiq Mehdiyev bunu biləndən sonra müstəntiqlərə xəbərdarlıq etmişdi, bundan sonra süni gərginlik aradan qaldırılmışdı... Amma hələ də deyə bilmədiyim məqamlar var ki, şəxsən mənim üçün indi də söyləmək çox çətindir. Məsələn, istintaq dövründə elə adamların ifadələrinə rast gəldim ki, vaxtilə R.Cavadovun ən yaxın və etibar etdiyi insanlar idi... Lakin mənə məlum olurdu ki, məsələn, onlardan biri (adları mənə məlumdur, indi də bəziləri ilə rastlaşıram, iş yerini tanıyıram...) DİN-nin zabiti imiş, biri MTN əməkdaşı imiş, digəri... filan bankda məsul sahədə çalışırmış, başqa biri filan nazirlikdə şöbə müdiri imiş... və sair və ilaxır.
Nə isə...
“Təzadlar” çətin
sınaqlar qarşısında...
Bu hadisələr baş verəndən sonra isə “Təzadlar” qəzeti fəaliyyətini dayandırmalı oldu. Çünki X.Məmmədov Xeyriyyə Cəmiyyəti Ədliyyə Nazirliyinin qərarı ilə ləğv olundu, qəzet təsisçilikdən kənarda qaldı. Sonra qəzetin yenidən qeydiyyatı və təsisçiliyi məsələsi ortaya çıxdı... Qəzet böyük çətinliklərlə yenidən qeydiyyatdan keçdi... Çap məsələsi problem olaraq qalırdı. Çünki o vaxt “Azərbaycan” nəşriyyatında çap olunmaq üçün siyasi qərar lazım idi... Həmin dövrdə mərhum jurnalist Qeyrət Quliyevin təşəbbüsləri, sonra isə indi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi olan Əli Həsənovun köməkliyi sayəsində qəzetin nəşri bərpa olundu. Halbuki olmaya da bilərdi... Əslində, bu bir imtahan idi-Azərbaycan cəmiyyəti qarşısında. Mən qəzetin rəhbəri kimi təsisçilikdən imtina edib başqa sahədə, yaxud KİV-də işləyə bilərdim. Hətta deyim ki, o vaxt həm də “Ədalət” qəzetində baş redaktorun 1-ci müavini idim. Lakin “Təzadlar” artıq ictimai diqqət mərkəzində olduğundan, onun nəşrindən imtina edə bilməzdim. Yəqin oxucular məni düzgün başa düşər, bu qəzetin yenidən, özü də elə bir vaxtda təzədən çapı bizim cəmiyyət qarşısında bir sınaq imtahanımız, həm də bizim üçün məsuliyyətli bir addım idi. Biz bu imtahanı yaxşı insanların, ləyaqətli dostların... sayəsində verdik. Və bu günə kimi, hesab edirəm ki, o inamı və etibarı qoruyub saxlamaqdayıq. Deyə bilmədiyim, yazılması mümkün olmayan məsələlər var ki, onu qürurumuza sığışdırıb demirəm... Bilin ki, biz çox əziyyətlər çəkmişik, bizə çox əziyyətlər veriblər... tənələrə dözmüşük, pulsuzluq onun yanında heç nə olub. Amma bütün bu addımlar bizi daha da səfərbər edib... Amma “düşmənlər” bizdən əl çəkmək istəməyiblər. Hər addımda paxıllığımızı çəkənlər həm də ayağımızdan çəkməyindən qalmayıb... Bir müddət sonra X.Məmmədovun qəzetin manşetində gedən şəklini yığışdırmaq üçün böyük alimin ailəsinə əl uzatdılar... AzTV-də əleyhimizə çağırışlı çıxışlar yapıldı. Məhkəmələrə çəkildik... Dözdük və dözdükcə də bu təzyiqlərdə itiləndik, möhkəmləndik. Hətta vəziyyət o yerə gəlirdi ki, dəfələrlə tanınmış ədiblərimiz-Bəxtiyar Vahabzadə, Məmməd Araz... bizə mənəvi dəstək olublar, təsəlli veriblər. Bizi anlamaq üçün bizim yerimizdə olmağınız gərəkdir. Mən, pafosdan çox uzaq, elə bil sınağa çəkilirdim, sanki bu sınaqların qarşısında əzilməmək üçün də səfərbər olmaqdan başqa yol görmürdüm. Elə bu günkü kimi... R.Cavadovun ailəsi ilə heç bir qohumluğumuz yoxdur, amma onun Qarabağda göstərdiyi döyüşçü şücaəti məni ona doğmalaşdırmışdı. Mən Vətən torpağında qan tökmüş bir döyüşçünün siysətdən uzaq qəhrəmanlığını duyurdum. Mənim ön cəbhədə igidlik göstərmiş bir insanın arxa cəbhədə arxasından qaçmağım niyə də xəyanət sayılmasın?
R.Cavadovun atası Bəxtiyar Cavadovun bir sözü həmişə yadımdadır: “Ailəmizin yeganə təsəllisi budur ki, siz hər çətinliyə dözdünüz, bu qəzeti dayanmağa qoymadınız... Qoymayın dayansın...”.
Dünyagörmüş bir insanın bu sözü həm də bizə etibarın təsdiqi idi. Mən isə bizdən narahat və nigaran qalmış Bəxtiyar müəllimə (Cavadova) hər dəfə bildirirdim ki, narahat olmayın...
“Təzadlar” bəzilərinin gözünə iti bir ox idi...
“Təzadlar” bəzilərini o dərəcədə narahat edirdi ki... Hətta adını çəkmək istəmədiyim nazirlərdən biri günlərin birində hüquq elmləri doktoru, professor, “Təzadlar”ın İH-nin üzvü İlham Rəhimovun barəsində prezident Heydər Əliyevə müraciət (şikayət) yazmışdı və professoru hakimiyyətin düşməni kimi təqdim edəndən sonra yazmışdı ki, “...Hətta İlham Rəhimov “Təzadlar” qəzetinin redaksiya heyətinin də üzvüdür” və sair... İ.Rəhimov həmin nazirə cavabında yazmışdı ki, “Mən fəxr edirəm ki, “Təzadlar” qəzetinin İdarə Heyətinin üzvü olmuşam və indi də üzvüyəm...”.
Həmin məktub redaksiyanın arxivində saxlanılır.
1995-in martı da gəldi,
elə
dərdi də...
...Mənim
üçün məlum 13-17 mart hadisələrinin motivi
aydındır, illər ötdükcə bu hadisələr
süzgəcdən keçirilir, əslində, nələrin
baş verdiyi üzə çıxır. Bir
sözlə, zaman suları özü bildiyi, olduğu kimi
duruldur. Bilirəm ki, o illərin dumanı
illər ötdükcə çəkiləcək, nəinki
o hadisələr və baş verənlər, həm də bu
hadisələrin iştirakçılarını, bəzi
hallarda isə əsas qəhrəmanlarını daha
yaxından tanımağa başlayacağıq. O illər
isə, sanki bir videokamera kimi kənardan nələrin baş
verdiyini izləyir, təhlil edir. Hər bir
insanın o hadisələrə baxışını bir
kamera kimi təsəvvür etsək, görün nə qədər
“videokameralar”ın obyektindəyik.
Mənim də gördüyüm və şahidi
olduğum çox şeylər var. Zaman keçdikcə
bunları olduğu kimi KİV-də yazmış, müsahibələrimdə
söyləmişəm. Zənnimcə, qaranlıq qalası hələ çox
şeylər var. Və həm də qaranlıqda qalanlar da
çoxdur... Məsələn, yəqin hamımız
üçün maraqlıdır: həyatın işinə
bir bax, mart hadisələrinin katalizatoru kimi rol oynamış
Ali Sovetin o vaxtkı sədri Rəsul Quliyev niyə indi
ABŞ-da mühacirdir və o vaxt qulluq etdiyi hakimiyyətin indi
qatı düşməninə çevrilib?
Yeri gəlmişkən, bu yaxınlarda 1995-ci ilin 16 mart
gecəsində həyata keçirilmiş əməliyyatda
iştirak edən komandirlərdən birinin facebook-da məktubunu
oxudum. Yazır ki, martın 16-da gecə “OMON” komandiri Nizami
Şahmuradov və digərləri Prezident Aparatında oldular.
Sülh əldə olunması üçün şərtləri
danışıb getdilər... Lakin gecə
atışmalar oldu. Rəsul Quliyev H.Əliyevə təkid
etmişdir ki, “OMON”nun bazasını mühasirəyə
alıb əməliyyat keçirmək lazımdır, lakin
H.Əliyev son ana qədər buna razı
olmamışdır... Sonradan R.Quliyev müsahibələrində
bu məsələyə toxunmuşdur, əməliyyata
başlama əmrinin onun təkidindən sonra gedildiyini
bildirmişdir.
Tarixi
yazanlar və yazdıranlar...
13-17 mart hadisələrinin acı sonluğu bəllidir,
bu sonluğa gələn uzun, qaranlıq bir yolu hələ də
çoxlarımız bilmirik. Məsələn, kim
bilir ki, H.Əliyev ilk dəfə Naxçıvandan Bakıya
gələndə təhlükəsizliyini niyə məhz
Rövşən Cavadova etibar etmişdi? ANS-in hərdən
yada salınan tarixi kadrlarında da bunlar əks olunub.
Yaxud, bəlkə də çoxları bilmir ki,
Rövşən Cavadovla hazırkı Prezident İlham
Əliyevin etibarlı və sıx münasibətləri var
idi. Hətta 1994-cü ildə “Günay Sığorta”
Şirkətinin təzə ofisinin (indiki Atatürk Mərkəzi
ilə üzbəüzdə) açılışında
İlham Əliyev də iştirak edirdi. Orada Rövşən
Cavadov başda olmaqla, digər tanınmışlar bir arada
idilər... Şirkətin prezidenti isə iş adamı kimi
tanınan Mahmud Məmmədov idi.
Başqa
bir misal: Bakıda 1994-cü ildə “Rövşən Cavadov
mükafatı uğrunda” karate yarışı
keçirilirdi. İndiki Əl Oyunları Stadionunda
üç gün davam edən yarışa hakmiyyətin həmin
dövrdə ən yüksək vəzifəli şəxsləri-Ramiz
Mehdiyev, Abbas Abbasov, İlham Əliyev, Murtuz Ələsgərov,
Ramil Usubov, Abid Şərifov və başqaları fəxri
qonaq qismində iştirak edirdilər. İndi bu
yarışın qalibləri olan Füzuli Musayev, Ülvi
Quliyev (deputat) Rövşən Cavadov məktəbinin yetirmələridir...
Amma onu da bilirəm ki, R.Cavadovun bir ayağı cəbhə
bölgəsində idi. Çünki bu səfərlərin əksər
vaxt iştirakçısı həm də mən olurdum.
Horadiz istiqamətində gedən
döyüşlərdə “OMON”nun şücaəti isə
sonuncu tarixdir.
Bəlkə də çoxları bilmir ki, Şirvan
şəhəri yaxınlığında bir hərbi hissə
var idi, orada ABŞ və Türkiyədən gəlmiş hərbçilər
R.Cavadovun rəhbərliyi altında xüsusi alaya hərbi təlim
keçirdilər. Həmin xüsusi təlim bazasında mən
də olmuşdum. Hətta yadımdadır
ki, xalq artisti Canəli Əkbərovun rəhbərliyi
altında musiqi kollektivi orada konsert də vermişdi.
Rövşən
Cavadovun çeçen səhra komandiri Basayevlə münasibətlərini
də az adam bilir. Qarabağ
döyüşlərində çeçen
döyüşçülərinin xidməti, silah və
sursat təchizatındakı köməyi danılmazdır və
bu başqa bir mövzudur.
Əfqan döyüşçülərinin Qarabağ cəbhəsindəki
rolu və gələcəkdə hansı formada
iştirakı məsələsini də bəlkədə
çoxları bilmir. Onları Bakı küçələrində görənlər
xatırlayar... Şəxsən özüm
şahidəm ki, bir dəfə R.Cavadov məni DİN-ə
çağırdı, təkbətək bir söhbətimiz
oldu. Söhbət “Nyu-York Tayms” qəzetində
dərc olunmuş bir yazıdan gedirdi. Həmin
məqalənin foto-surəti “Təzadlar”ın arxivində hələ
də durur. Məqalədə R.Cavadovun
Əfqanıstana gedərək əfqan muzdlularının Azərbaycana
gətirilməsi üçün danışıqlar
apardığı qeyd olunurdu. R.Cavadov bildirdi ki, məsələ
H.Əliyevin nəzarətindədir və biz bunu təkzib etməliyik...
Dövlət başçısı isə həmin
təkzibi rəsmi mətbuatda deyil, etibar etdiyimiz müstəqil
KİV-lərin birində dərc etdirməyi məsləhət
bilmişdi. Beləliklə, “Təzadlar”ın 1993-cü il tarixli saylarının birində (qəzet
arxivimizdə durur) həmin yazı təkzib edildi, sonra tərcümə
edilərək ABŞ səfirliyinə və aidiyyəti
KİV-lərə göndərildi. Amma, əslində, vəziyyət
başqa cür idi... Mənim şəxsi
arxivimdə R.Cavadovun Əfqanıstanda səhra komandirləri
ilə birlikdə çəkdirdiyi fotoşəkli var. Bu
yazıda təqdim edirəm. Bu da bir tarixdir... Həmin fotonu R.Cavadov məlum təkzib müzakirəsi
zamanı mənə təqdim etmişdi.
Ola bilsin
çoxları onu da bilmir ki, məsələn, 1993-94-cü illərdə
“Təzadlar”da Qarabağ problemi ilə bağlı yazılarda
bəzən hakimiyyəti tənqid edən ifadələr yer
alırdı və R.Cavadov bir neçə dəfə bizə
belə tənqidlərdə ehtiyatlı və diqqətli
olmağı tapşırırdı. Amma ona
bildirirdik ki, biz siyasətə qarışmırıq, sadəcə,
Qarabağ probleminə dair müstəqil fikirlərə yer
ayırırıq. Hətta bir dəfə R.Cavadovun
atası rəhmətik Bəxtiyar Cavadov belə tənqidlərin
birinə etiraz edərək redaksiyaya zəng edərək
narazılığını bildirdi... Mən bu
barədə R.Cavadova məlumat verdim. Dedim ki, komandir, Bəxtiyar
müəllim redaksiyanın daxili işlərinə
qarışır və s. Rövşən Cavadov bu sözlərimə
o qədər həssaslıqla və səmimiyyətlə
yanaşıb cavab verdi ki, hətta sonralar
özümü narahat hiss etmişdim. R.Cavadovun bu ifadəsi hələ
də yadımdadır: “Narahat olmayın, Bəxtiyar Cavadov sizə
mənim atam kimi yox, sadiq oxucunuz kimi etirazını bildirib, əgər
lazımdırsa, onun da mövqeyini dərc edin... Atam Heydər
Əliyevlə dostdur və görünür, o, hesab edir ki,
dostunu müdafiə etməkdə haqlıdır...”. Və sonra B.Cavadovu redaksiyamıza gəldi və
geniş müsahibə verdi, H.Əliyevlə
bağlı maraqlı fikirlərini söylədi. Həmin
müsahibə də “Təzadlar”ın arxivində durur... Bəlkə
bu da bir təzaddır ki, mart hadisələrindən sonra
B.Cavadov bir neçə dəfə redaksiyamızda oldu,
müsahibələr verdi. Amma
bir dəfə də olsun həmin o müsahibəni yada
salmadı.
***
Bəlkə
də bu xatirələr sapı qırılmış
boyunbağının dənələri kimi pərakəndə
düzülüş təsiri bağışlayır... Bu da təbiidir. Mən o illərin-20 il əvvəl baş vermişlərin canlı
şahidi olduğumdan hansını necə təsvir etməyi
dürüstləşdirə bilmirəm. Deyə bilmədiklərim
də var, deməyə bilmədiklərim də... Çünki o hadisələrdən danışarkən
R.Cavadovun ətrafında olmuş insanları da
düşünürəm, indi onların cəmiyyətdəki
və həyatdakı yerini də. Amma onu
da deməliyəm ki, R.Cavadovun mart hadisələrində
başına gələn hadisələrin əsas qəhrəmanlarından
bir çoxları indi Azərbaycanda yoxdur, bəziləri isə
həyatda. Mən hələ mart hadisələrinə
görə Milli Qəhrəman olanları, vəzifə
alanları, sonradan bu vəzifəni də, qalan xətir-hörməti
də itirənləri demirəm. Məsələn, bəlkə
də çoxları bilmir ki, R.Cavadov 1995-ci ilin martın 17-də
“OMON”nun bazasından salamat çıxmışdı və mənim
gözümün qarşısında “Neftçilər”də
Rüstəmov küçəsi ilə çıxıb
bazanı tərk etdi (Axşam N.Şahmuradov PA-dan qayıdandan
sonra “OMON”çuların demək olar hamısı silahı
anbara təhvil verib evlərinə getmişdilər, qalan az
sayda adam isə R.Cavadovla bazada qalmışdı ki,
silahları mühafizə edib səhər DİN-dən gələn
nümayəndələrə təhvil versinlər). Və
orada ona güllə atıldı... Həmin hadisə baş
verəndə mən xeyli aralıda-arxada idim... Sonralar
R.Cavadovun atası Bəxtiyar Cavadov “Təzadlar” qəzetinə
(5-12 mart 2002-ci il) müsahibə verərək
deyəcəkdi: “...Rövşənə Naxçıvan
MTN-in işçisi Əmiraslan Rza oğlu Əliyev atəş
açmışdı və ona görə də o, sonra
öldürüldü. Onun etdiyi sui-qəsd də
Rövşənin ölümünə səbəb
olmuşdu. Əmiraslan Əliyevi hazırlayıb terror
üçün yola salan isə “Laba” ləqəbli Mübariz
gördüyü işlə hələ də fəxr edir...”.
***
...Hadisələri
insanlar törədir, amma həm də hadisələrdə əsil
insanlar törənir. 13-17 mart hadisələrindən
əvvəl və sonra baş verənlər hələ də
bizə dumanlı görünür. Bu
dumanın içində daha kimlərinsə silueti gözə
dəyir, bunu hər kəs bilir. Və bu
yerdə R.Cavadovun bir fikri hələ də yadımdadır.
“Təzadlar”a müsahibəsində deyirdi ki, “Kim Qarabağ məsələsində
günahkar axtarırsa, güzgüyə baxsın!”.
Vaxtilə Qarabağı üç günə azad edə
biləcəyini deyənlər isə indi özünə
baxır, güzgünü çoxdan vurub
sındırıblar.
Mövzuya siyasi çalar qatmaq istəmirəm, amma hərdən “Təzadlar”da qəhrəman səviyyəsində təriflənən, daha doğrusu, özünü təriflədən, özü haqqında tərif yağdıran və yazdıran, mif yaradan filankəslər... indi bilmirəm hardadır. Əslində, bilirik hardadır, amma o yazıları indi bir də oxuyanda deyirəm ki, Allah sənə rəhmət eləsin, Rövşən Cavadov, sən o vaxtlar doğru deyirdin ki, “Onları az danışdırıb tərifləyin! Çünki tərifli bir işləri yoxdur, danışdıqları nağıla bənzəyir... Danışmağa bir yerimiz var: o da Qarabağ cəbhəsindədir. Orada isə silahlar danışır, adamlar yox!”.
***
...Elə hadisələr də var ki, bəzən danışa, bəzən də dilə gətirə bilmirsən... Rövşən Cavadovun ailəsinə (indi kim qalıb ki!) imkan yol verən qədər baş çəkir, yaxud əlamətdar gündə, xatirə günlərində zəng edirəm. Bilirəm ki, unutsaq, unudulacağıq! R.Cavadovun xanımı Zemfira xanıma dəfələrlə xahiş etsəm də, müsahibə vermək istəmir. Ona görə yox ki, danışmaq onun üçün çox ağırdır, sadəcə, nədən danışmağa çətinlik çəkir. Bəzən bacı-qardaş söhbətimiz də olur. Çox dözümlüdür, fədakar xanımdır... Həyat yoldaşını, az sonra yeganə oğlu Laçını, elə ard-arda ata kimi dərin hörmətini saxladığı qayınatası Bəxtiyar müəllimi, anası qədər xətrini istədiyi qayınanası Tamara xanımı itirib... İndi o ailənin tək qızı olan övladı Jalə xanımla, onun iki qızı və oğlu Laçından yadigar bir qız nəvəsi ilə nəfəs alır.
Mənim üçün ən yaddaqalan və bəlkə də xoş günlərdən biri idi ki, “Təzadlar”ın 20 illik yubiley tədbirində Zemfira xanım və Jalə xanım iştirak edirdilər. Qonaqlar onların bu tədbirdə iştirakından çox təsirlənmişdilər... Biz bununla özünə qapanmış və hələ də xəyala dalmış Azərbaycan cəmiyyətinə nəyisə sübut etmək fikrindən çox uzaq idik... Onsuz da bu cəmiyyət nəyin necə olduğunu yaxşı bilir, amma bilmədiklərini ayağının altına yığsa, yəqinki başı göylərə dəyərdi.
***
...Mənim üçün həm də o ağrılıdır ki, Qarabağ döyüşlərində əlindən gələni edən bir komandir-döyüşçü uğrunda ölməyə hazır olduğu o torpağın azadlığını görə bilmədi. Və özü Xırdalan məzarlığındakı torpağın altındadır və sinəsinə Qarabağ dağlarının buz kimi sərin təmiz dağ havasını deyil, Xırdalandakı Vətən torpağını çəkib...
Zəruri arayış: yazının bir hissəsi “Təzadlar”ın rəsmi internet səhifəsində dərc olunmuşdu (Saytda 20 il əvvəl, mart hadisələri ərəfəsində Rövşən Cavadovdan götürdüyüm və bu yaxınlarda tapdığım müsahibəsinin canlı audi səsi də var). Martın 12-də Rəhim Qazıyev mənə zəng vurdu və çox əsəbi idi. Onunla dialoqumuzu təqdim etməyə lüzum görmürəm... Lakin iradı bu idi ki, guya bu yazı ilə mən Rövşən Cavadova hakimiyyətin qarşısında bəraət vermək, özümə isə hakimiyyətdən nəsə xalq qazanmaq istəmişəm və s. Onun həm də etirazı buna idi ki, niyə həmin kasetdə olanları açıqlamamışam: “Mən kasetdə Heydər Əliyevin, Cəlal Əliyevin, ümumiyyətlə, o vaxtkı hakimiyyətin ünvanına sərt danışmamışam, əksinə, onları ifşa etmişəm... Niyə bunu yazmırsan?” və sair... Hörmətli keçmiş müdafiə nazirinin diqqətinə çatdırdım və bir daha çatdırıram ki, bu yazının ortaya çıxmasında məqsəd 20 il əvvəl Rövşən Cavadovdan götürülmüş bir müsahibənin 20 il sonra tapılmış kasetini olduğu kimi ictimailəşdirməkdir. Burada məqsədim R.Qazıyevin 20 il əvvəl mənə göndərdiyi kasetdəki çıxışından bəhs etmək yox, mənim Rövşən Cavadovla sonuncu görüşümə səbəb olmuş bir təsadüfi kaset məsələsinə toxunmaqdır. Kim kimə bəraət verəcək, kimsə bundan necə bəhrələnəcək, bu mənim iqtidarımda və səlahiyyətimdə, həm də niyyətimdə deyil... Əksinə, mən yaza da bilərdim ki, R.Qazıyev həmin kasetdə filankəsləri ifşa edirdi və sair. Bunu yazmadım, təkrar edirəm, çünki məqsədim bu deyildi.
P.S. Rövşən Cavadovdan 1995-ci ilin mart hadisələri ərəfəsində götürülən video-müsahibəni tezadlar.az saytında izləyə bilərsiniz.
Asif Mərzili
Təzadlar.- 2015.-
17 mart.- S8.