Mirağa Cəfərquliyev – 75
"Həyatda
elə bir insan yoxdur ki, nəyisə itirməsin"
Mirağa Cəfərquliyev:
"Uşaqlıq illərim o qədər
də xoş keçməyib"
Bu gün haqqında sizə bəhs etmək istədiyim insan, Azərbaycanın vətənpərvər övladı, professor Mirağa Cəfərquliyevdir. Onun adı ilk dəfə eşidənlərə bu bəlkə də bir şey demir. Amma haqqında danışmağa başladığımız zaman Mirağa müəllimin necə böyük bir şəxsiyyət olduğuna hər kəsin heyran olacağına heç bir şübhəm yoxdur. 1940-cı ilin noyabr ayında Lerik rayonunun indiki Günəşli kəndində bir körpə dünyaya gəldi. Kasıb bir dülgər ailəsində dünyaya gözlərini açan balaca Mirağanın gələcəyi bəlkə də o zamanın insanları üçün bir xəyal olardı.
Dünyaya gəlişi qanlı və faciəli müharibə illərinə rast gəldiyi üçün uşaqlığı o qədər də xoş keçməyən Mirağa müəllim 1949-cu ilin martında atası Əşrəfi də itirərək yeni bir imtahanla qarşı-qarşıya qaldı. O, hələ 9 yaşında ikən artıq bacılarının və anasının yükünü daşımalı olduğunu başa düşmüşdü. Müharibə illərini ağrısı-acısı, müharibənin gətirmiş olduğu fəsadlar hələ uzun illər onun yaddaşında həkk olunacaqdı. Amma bütün bunlara baxmayaraq hələ uşaqlıqdan zəhmətkeş kimi tərbiyə olunan balaca Mirağa 1947-ci ildə daxil olduğu orta məktəbi 1956-cı ildə “əla” və “yaxşı” qiymətlərlə bitirir. Lakin maddi vəziyyətləri yaxşı olmadığı üçün təhsilini davam etdirə bilmir. 1959-1962-ci illərdə hərbi xidmətdə olur. Hərbi xidmətin sona çatmasına bir neçə ay qalmış M.Cəfərquliyev Yekaterinburqda yerləşən hərbi məktəbin hüquq fakültəsinə daxil olur və 1964-cü ildə fərqlənmə diplomu ilə bitirir. 1965-ci ildə Azərbaycana qayıdan Mirağa müəllim Sumqayıt Şəhər Polis (o vaxtki milis) İdarəsində cinayət-axtarış üzrə müfəttiş vəzifəsinə təyin olunur.
“Ürəyimin səsinə qulaq asdım...”
Daha sonra hər şeyin elm və savadla əldə olunduğu düşüncəsi və oxumaq həvəsi onu yenidən təhsilin yüksək mərtəbələrini əldə etməyə səsləyir. O, elm sevdası ilə döyünən ürəyinin səsinə qulaq asaraq sənədlərini Moskvada yerləşən SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına göndərir. Mirağa müəllim Moskvada 3 imtahanı “əla” qiymətlərlə verərək 1966-cı ildə akademiyanın birinci kurs tələbəsi olur. 1969-cu ildə buranı da fərqlənmə diplomu ilə bitirən M.Cəfərquliyev müəllimlərin təkidi ilə adı çəkilən Akademiyanın əyani aspiranturasına daxil olaraq, 1972-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi olur. Bütün bu illər ərzində vətənindən uzaqda qalmağa artıq dözə bilməyən Mirağa Cəfərquliyev 1972-ci ilin noyabr ayında Azərbaycana qayıdır və Bakı Şəhər Daxili İşlər İdarəsinin analitik şöbəsinin böyük müfəttişi vəzifəsinə təyin olunur. Daha sonra gənc və güclü kadr kimi də xarakterizə edə biləcəyimiz Mirağa müəllim bir sıra müxtəlif vəzifələrədə çalışır və çalışdığı bütün kollektivlərin hörmətini qazanmağa müvəffəq olur.
“Böyük bir həyəcan içindəydim...”
M.Cəfərquliyev öz həyatından danışanda yaddaşında dərin iz qoyan bir hadisəni heç vaxt unutmayacağını bildirir: “Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsinə təlimatçı vəzifəsinə məsləhət görüldüyüm gün yaxşı yadımdadır. Bu vəzifəyə təyin olunmaq üçün Mərkəzi Komitənin katibləri ilə bir-bir görüşmək lazım idi və mən də bütün katiblərlə görüşərək heç bir maneə olmadan bu mərhələləri keçdim. Amma məni qarşıda daha bir böyük sınaq gözləyirdi, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşməli idim. Daxildən böyük bir həyəcan içindəydim, görəsən, mənə nə suallar verəcək, o suallara cavab verə biləcəyəmmi?” Ulu öndərimiz Heydər Əliyevlə görüşdüyü 1977-ci ilin 8 avqustunu həyatına qızıl hərflərlə yazıldığını söyləyir, Mirağa müəllim. Bizimlə görüşündə də Mərkəzi Komitədə Heydər Əliyevlə uzun illər bərabər çalışmasından fəxrlə danışdı...
İşlədiyi illər ərzində öz zəhmətkeşliyi, alicənablığı və bacarığı ilə hər kəsin etimadını qazanan Mirağa müəllim 1983-cü ilin dekabr ayında Bakı Şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinin müdiri vəzifəsinə seçilir. 1985-ci ilin may ayına kimi bu vəzifədə çalışan Mirağa Cəfərquliyev daha sonra Azərbaycan respublika prokurorunun kadrlar üzrə müavini təyin olunur və ona baş ədliyyə müşaviri (ədliyyə polkovniki) rütbəsi, 28 may 1987-ci ildə isə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) rütbəsi verilir və Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsinə təyin olunur.
1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilən M.Cəfərquliyev sonrakı illərdə bir sıra mühüm dövlət işlərində çalışmışdır.
Ədliyyə general-mayoru, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev 2001-ci ildə bundan sonrakı ömrünün qalan hissəsini elmə həsr etmək qərarına gəlir. Məhz elmə yüksək dəyər verdiyi üçün onun indiyə kimi 150-dən artıq elmi məqaləsi, 10-dan çox elmi əsəri və 5 dərsliyi işıq üzü görmüşdür. Bundan başqa, Mirağa müəllim 1 hüquq elmləri doktoru, professor və 14 nəfər hüquq üzrə fəlsəfə doktoru yetişdirməyə də nail olmuşdur. Bu fəaliyyət hazırda da davam etdirilir. Təqaüdə çıxdıqdan sonra da öz elmini, bilik və bacarağını gələcək nəsillərin yetişməsinə sərf etməyi qarşısına məqsəd qoymuşdur. Allahın bundan sonrakı ömür payını da hazırda çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsində yeni yaradıcılıq töhfələri verməklə keçirmək istəyir.
“Bəzən hər şey sənin istədiyin kimi olmur”
Mirağa müəllimlə ilk dəfə onun iş yerində, Azərbaycan Milli Elmlər Akademiyasında görüşdük. Elə bu ilk görüşdən sadə, istiqanlı və dərin düşüncə sahibi təəssüratı sərgiləyən bu böyük alimlə görüşmək mənim üçün əlamətdar bir hadisə idi. Mirağa müəllimə “çalışdığınız uzun illər ərzində peşiman olduğunuz nə isə oldumu” sualını ünvanlayanda maraqlı cavab verdi: “Mən buna peşimanlıq deməzdim. Amma bu illər ərzində bir sıra hadisələr məni həddindən artıq narahat etdi və hazırda da narahat etməkdə davam edir. Çünki baş verən bəzi hadisələrin nəticəsi heç də yaxşı olmadı. Mən təkcə özümü nəzərdə tutmaq istəmirəm. Bütün insanlara şamil etmək istərdim ki, bəzən hər şey sənin istədiyin kimi olmur. Məsələn, narahat olduğum məsələlərin başında Qarabağımızın ermənilər tərəfindən işğal olunması durur. Məni narahat eləyən ikinci əsas məsələ bəzi hegemon dövlətlərin Azərbaycanımıza qarşı tətbiq etdiyi ikili standartlardır. Heç şübhəsiz ki, bu qədər problemlər Azərbaycan xalqının müsbət inkişafına istər-istəməz bir əngəldir. Çünki insan bir problemi olduğu zamanı onun elmi həlli yollarını axtarır və elmdə irəli addımlar atmağa başlayır.
Bizi əvəz edəcək gələcək nəsillərə də məhz bunu başa salmaq lazımdır. Çünki həyat heç də düz, hamar deyil. Biz məhz dərəli-təpəli yollarda irəliləməyi gələcək nəsillərə aşılamalıyıq ki, onlar problemlərlə qarşılaşdıqları zaman həll etmək çətin olmasın, hər hansı bir çətinliklərlə qarşılaşdıqları zaman ruhdan düşməsinlər.”
“Həyatımda o qədər yaddaqalan hadisələr baş verib ki...”
75 yaş az yaş deyil, ömrün böyük hissəsi olmaqla kamillik dövrüdür. Ötən bu illər təbii ki, kamil insan kimi Mirağa müəllimin həyatında çox dərin iz buraxıb, o qədər yaddaqalan hadisələr baş verib ki...
Özü də etiraf edir ki, belə hadisələrin sayı olduqca çox olub, hamısını saymaqla qurtarmaz. Məsələn, onun Moskva Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmağının özü də yadda qalan hadisə olub. Çünki Sumqayıtda işləyən zaman oxumağa getməklə-getməmək arasında tərəddüd eləyib. Təhsil yolunu seçməyi isə həm iş yoldaşlarının təkidi, həm də ailəsinin arxasında dayanması ilə baş tutmuşdu: “Bundan başqa mən Azərbaycana qayıdandan sonra uzun müddət mərhum prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında işləmişəm. Bu illər və mənim ondan öyrəndiklərim heç vaxt yadımdan çıxmayacaq qədər mənə əziz xatirələr olmuşdur. Mən həmişə onunla işlədiyim üçün böyük fəxarət hissi keçirirəm. Mənim müəllifi olduğum dərsliklərin bu də bu gün universitetlərdə vəsait kimi istifadə olunması mənim üçün böyük fəxrdir. Mən həmin əsərləri Azərbaycanın müstəqillik qazanmasından sonra yazmışam və bu dərsliklər gələcək nəsillərin yetişməsində müəyyən bir rol oynadığı üçün özümü xoşbəxt hiss edirəm. Mən düşünürəm ki, doğrudan da mən özümdən sonra bir iz qoya bilmişəm.”
“Ən böyük itki torpaq və vaxt itkisidir”
Mirağa müəllimin yola saldığı bu illər ərzində qazandıqları ilə bərabər itirdikləri də olub. Onun fikrincə, həyatda elə bir insan yoxdur ki, o nəyisə itirməsin. Bunlardan ən başlıcası isə vaxt itkisidir: “Bəzən həyatda elə şeylərlə qarşılaşırsan ki, insan “davam edimmi?” deyə düşünür. Bu isə onun vaxtının hədər yerə sərf olunmasına gətirib çıxarır. Qarşına çıxan hər hansı çətinliyi həll etmək üçün də bəzən çox vaxt sərf edirsən. Yenə təkrar edirəm ki, insanlar üçün ən ağır itki torpaq itkisidir. Azəbaycanda da bu itkinin adı Qarabağdır. Əminəm ki, biz torpaqlarımızı mütləq geri qaytaracayıq...
Mənim prokurorluq sistemində görmək istədiyim ən birinci - ədalət prinsipinə yüksək səviyyədə riayət edilməsidir. Prokurorluq qanunların tətbiqinə bilavasitə nəzarət edən bir orqan olmalıdır. Əgər prokurorluq səhvlərə yol verərsə, bu başqa orqanlara birbaşa sirayət edəcək. Xüsusən də mənim işlədiyim dövrdə Respublika Prokurorluğunun səlahiyyətləri daha çox idi. Çünki Konstitusiya Məhkəməsi yox idi və qanunların düzgün tətbiqinə məhz prokurorluq nəzarət edirdi. Mən həmçinin düşünürəm ki prokurorluq sistemi dünyada ən şərəfli peşələrdən biridir. Orada əli-əyriliyə və ya qanun pozuntusuna, xüsusən də cinayətə qətiyyən yol vermək olmaz. Prokurorluq sistemində baş verə biləcək qanun pozuntuları yenə deyirəm ki, digər bütün orqanların fəsada uğramasına gətirib çıxara bilər.
Prokurorluq sistemində çalışan hər bir şəxs, ilk növbədə, həyatda digər maraqlarını unutmalıdır. Onun əsas çıxarı və mənafeyi xalqına və qanunlara xidmət olmalıdır. Cinayətkarların tapılması, onlara layiqli cəzanın verilməsi üçün hər bir prokurorluq əməkdaşı öz şəxsi maraqlarını bir kənara qoymalıdır”.
Bax beləcə, bir insan ömrünün qısa da olsa, keşməkeşli həyat yolunu qısaca olaraq sizlərə çatdırdım. Sonda onu da qeyd etmək istəyirəm ki, bu ilin noyabr ayının 8-də Mirağa müəllimin 75 yaşı tamam olacaq. Biz də onun arzularının yerinə yetməsini diləyir, uzun ömür, cansağlığı arzu edirik.
Vüsal ƏLİYEV
Təzadlar.- 2015.- 10 noyabr.- S14.