“Nə övladlarım, nə mən Məhəmməddən doyduq...”

 

"Daha sonra Məhəmmədin yaxın dostu olmuş dəyərli alimimiz Rafiq Əliyevgilə zəng vurdum. Rəhmətlik həyat yoldaşı Aida xanımla danışdım..."

Məlum Qarakənd faciəsindən düz 24 il ötür. Moderator.az saytının əməkdaşı 20 noyabr 1991-ci ildə Xocavənd rayonundən Xankəndiyə uçan Mİ-8 N 72 helikopterində həyatını itirmiş daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə xanım Əsədova və nəvəsi Nigar Əsədova ilə həmsöhbət olub. «Təzadlar» həmin müsahibəni təqdim edir:

-Məleykə xanım, Məhəmməd Əsədovlu xatirələrinizdən danışacağıqsa, o faciəni, ağrılı günü yada salmasaq olmaz. Ona görə istəyirəm ki, elə birbaşa həmin gündən başlayaq. Üstündən 24 il zaman keçməsinə baxmayaraq 20 noyabrı yəqin xatırlamadığınız gün olmayıb...

- 1991-ci ilin noyabr ayının 20-si tək mənim üçün yox, bütün Azərbaycan xalqı üçün dəhşətli gün idi. Mənim yaşadığımı, keçirdiyimi ancaq o dərdi yaşayanlar bilər. Həmin gündən bir gün qabaq Məhəmməd Əsədov Qazaxdan qayıtmışdı və o səfərə getməyə də bilərdi. Ancaq elə adam deyildi ki, getməsin, mən getmə desəm də o gedəcəkdi. Məhəmməd Əsədov torpaq üçün, xalq üçün canını qurban verən adam idi və verdi də. Həmin ərəfədə başıma gələnləri, yaşadıqlarımı, gördüyüm yuxuları çox danışmışam, çox yazıblar, o üzdən də bir daha təkrarlamaq istəmirəm. Həmin gecəni necə sabahladığımı, nələr hiss etdiyimi bir tək Allah bilir. Ürəyimə dammışdı ki, xoşagəlməz nəsə olacaq, nə olacağını isə bilmirdim. Təsəvvürümə gətirməzdim ki, belə bir dəhşətli faciə olacaq.

- Məhəmməd müəllimi yola salanda demişdiniz ki, “Qayıtmayacaqsız!”. O sözün peşmançılığını çəkirsinizmi heç?

- Çox narahat olduğumdan səhərə yaxın yuxuya getmişdim, o, da hiss etmişdi ki, çox gərginəm. Ailə qurduğumuz müddətdə ilk dəfə idi ki, qalxıb ona çay vermədən yola salırdım, daha doğrusu, özü çağırmışdı ki, “gedirəm, gəl qapını bağla”. Qapıdan çıxanda da dedi ki, “saat dörddə qayıdacağıq”. Elə onda özümdən qeyri - ixtiyari ağzımdan çıxdı ki, “Yox gəlməyəcəksiz, qayıtmayacaqsız”. O sözü deməyimə də o qədər peşmançılıq çəkdim ki... İndiyə qədər də fikirləşirəm ki, axı mən niyə o sözü dedim, heç indi də bilmirəm səbəbini. Səhər saat dördə qədər hər dəqiqə səs gözləyirdim, bir xəbər olacağını hiss edirdim. Elə saat dörd radələrində də xəbər verdilər ki, onların olduğu vertolyot itib. Onda anladım ki, mənim neçə gündür keçirtdiyim həyəcanın, narahatçılığın səbəbi nə imiş.

- Məleykə xanım, həmin vaxtda Məhəmməd müəllim bir dəfə də ölümdən dönmüşdü axı. Sərhədləri gəzdiyi zaman olduğu helikopter təsadüfən erməni kəndinə eniş etmişdi. Niyə qorumurdu axı özünü?

- O qorxmurdu. Məhəmmədə görə ehtiyat edənlər çox idi, dostları məsləhət edirdilər ki, getməsin. Onu istəyənlər, dostları deyirdi ki, “getmə, biz səni qorumağa çalışırıq, sənsə özünü aparıb dəhşətin, ölümün qabağına atırsan. Ozü də bilirdi ki, onu nə isə gözləyir. Az əvvəl də dumana düşərək erməni kəndinə düşmüşdülər. Daha əvvəl də Xankəndində iclasa getmişdi, orada bütün işıqları söndürmüşdülər, balaca bir otelin birinci mərtəbəsində çox dəhşətli vəziyyətdə saxlamışdılar onları. Ermənilər hər an gəlib yatdıqları yerdəcə onları güllələyə bilərdilər. Sumqayıt hadisələrində də eləcə özünü ölümə atmışdı. Sumqayıtda yaşanan vəziyyəti yaxşı bilirdi, ancaq ona rəğmən maşınına minərək ora getmişdi. Həmin vaxt ora gələn hökumət adamlarının maşınını yandırırdılar. Ancaq onun maşını yaxınlaşanda hamı qışqırmışdı ki, “Məhəmməd Əsədovun maşınıdır, buna dəymək olmaz”. Camaatı yararaq ona yol vermişdilər ki, gəlib keçsin. Bütün Sumqayıt əhli ona çox hörmətlə, izzətlə yanaşırdı. Ona olan hörmətə, diqqətə görə özünə çox arxayın idi ki, xalq məni qoruyacaq. Hara gedirdisə, hansı çətin iş olurdusa müsbət həll edib qayıdırdı.

Onun çəkdiyi zülümlərin demək olar ki, əksəriyyətini mən də çəkmişəm. O, indikilər kimi istirahət etmək nədir, şənbə-bazar nədir bilməmişdi.

- Həmin gün Prezident Aparatından onu çağıranda şübhə etmədi ki, bu bir tələ ola bilər?

- O da hiss elədi... Ancaq məğrur insanlar heç vaxt arxasını yerə vurmur. Həmin axşam televiziyada Qazaxdakı görüşlərini izləyirdi, elə həmin anda mən dedim ki, sabah Qarabağa gedirsiz. Bir anlıq fikrə daldı, bir jestlə dedi ki, “Protokola görə mən getməli deyildim, nə əcəb məni salıblar o səfərə”. Həmin axşam çox yerə zəng vurdu ki, bir məlumat ala bilsin, ancaq heç kim telefona cavab vermədi. Ən azı bir gün istirahət etməliydi, ona baxmayaraq yenə də səhər tezdən durub getdi.

- Əvvəldən də evdə nəsə danışmırdımı heç, onlara mane olmağa çalışanlardan və ya hansısa neqativ vəziyyət baş verəcəyindən, hansısa qüvvələrin torpaqlarımızı “qurban verməyə” hazır olduğundan?

- Məhəmməd hara gedirdisə torpaqlarımızın dərdin çəkirdi və nəinki o, həmin vertolyotda olanların hər biri. Həmin ərəfədə bir qarış da torpağımız işğal olunmamışdı, əksinə olaraq Azərbaycan rayonlarında yaşayan erməni kəndlərinin çoxunun sakinləri öz xoşları ilə köçmüşdü, yerdə qalanlar da könüllü şəkildə köçürülürdülər.

- Saat dörddə qayıdacağını demişdi, ancaq qayıtmadı. Həmin gündən sonra saat dörd tamamda ürəyinizdə bir nisgil qübar etmir ki?

- Nəinki saat dörd, elə həmin günlər başdanbaşa ürəyimdə yara kimi qalıb. Ancaq nəyə görəsə, bəlkə də Allahın möcüzəsidir ki, mən daima onun var olduğunu hiss etmişəm, yoxluğu barədə düşünməmişəm. Çünki o qədər təmiz, saf, mehriban, qəhrəman, xalqını, millətini sevən, vətənpərvər insan idi ki, onun yoxluğuna inana bilmərəm. Deyirəm ki, heç bir kəs elə bir oğulu öldürməyə qıymazdı. İnanıram ki, nə vaxtsa o, qayıdıb gələcək, bununla özümü aldadıram yəqin ki. Ancaq bu aldatmağıma da o qədər güclü inanıram ki, özüm özümü aldatmağımı düzgün kimi qəbul edirəm. Mən başa düşürəm ki, o var, həmişə bizimlədir və nə vaxtsa gələndə də lap yanımızda olacaq. Axırıncı illərdə onu heç sevinən görümürdüm, son dəfə Azərbaycan müstəqilliyinə qovuşduğu gün ürəkdən sevinmişdi, sevincindən uçmağa qanadı yox idi. Müstəqillik aktına imza atanlardan biri də o, olmuşdu və ona görə də “Müstəqil respublikamızı yaratdıq” - deyə çox sevinirdi.

- Məhəmməd Əsədov uşaq vaxtı necə biri olmuşdu, uşaqlıq xatirələrini bölüşürdümü sizinlə?

- Məhəmməd Əsədov uşaqlıqdan da çox çevik, savadlı, öz üzərində işləyən bir uşaq olmuşdu. Azərbaycan bölməsini qurtarmağına baxmayaraq rus dilini də dəqiq öyrənmişdi. Bir misal var ki, “ət yeyən quş dimdiyindən bəllidir”. O, yaşadığı Baharlı kəndindən bizim Mincivan kəndinə məktəbə gəlirdi. Həmin illərdə də işıq, saat yox imiş, elə olurmuş ki, ayın işığına oyanıb məktəbə üz tuturmuşlar. Yolun yarısında görürlərmiş ki, hələ səhər açılmayıb, qarın işığına yola çıxıblar. Qış günü uzaq yolda, dizə qədər qarlı havada o qədər canavara, çaqqala rast gəlirlərmiş ki. Ağacda qalırlarmış ki, səhər açılsın və məktəbə getsinlər. Oxumağa, elmə o qədər həvəsli olub ki, çətinliklərin heç birindən qorxmayıb. Hər zaman deyərdi ki, “Mənim üçün “bilmirəm”, “bacarmıram” sözü yoxdur, “etmək istəmirəm” sözü var və mənə də bilmirəm deməyin, deyin ki, etmək istəmirəm. Yəni ki, bilməlisən, öyrənməlisən və bacarmalısan”.

- Cəmi 23 illik ailə həyatı yaşadınız. Həmin 23 ildə Məhəmməd Əsədov necə bir həyat yoldaşı oldu? Onun bir kişi kimi hansı müsbət keyfiyyətləri sizi qürurlandırırdı və ya hansısa mənfi hərəkətləri var idimi ki, dəyişməsini istəyirdiniz?

- Məhəmməd Əsədov ilk növbədə xalqının qeyrətli oğlu idi, vətənin sevirdi, sonra ata-anasının qeyrətli oğlu idi, ata-anasın sevən, hörmət bəsləyən oğul idi, daha sonra həyat yoldaşını istəməyərəkdən almayan insan idi, ailəsini də sevirdi. Tək evlənmək, ailə qurmaq üçün sevgi gərəkmir ki, həyatda hər şeyə sevgi olmalıdır. İşinə, ailənə, qonağa, qohuma, qonşuya, övladına, həyata, Allahın yaratdığı nə varsa onun hamısına sevgi olması mütləqdir. Məhəmməd Əsədovun sevgisi də hərtərəfli idi. Onun sevgisini sözlə deməsinə belə gərək qalmırdı, xalqına, işinə, ailəsinə, övladlarına sadiq idi, məhəbbəti vardı. Məhəmməddə bütün sevgilər tamamlanmışdı.

- Heç umu-küsünüz olmurdumu?

- Təbii ki, umu-küsüsüz ailə olmaz, ancaq xanım ona deyərəm ki, ailədə olan umu-küsünü heç kimə bildirməsin. Divarlar nə üçündür bəs?! Qadının yoldaşı ilə söz-söhbəti öz aralarında qalmalıdır, qapıdan çölə çıxmamalıdır. Əgər ailənin sirrini bir adam belə bilsə, o ailədən ailə olmaz daha, ailənin təməli laxlayar və nə vaxtsa uça bilər. Bizim ailəmizdə də söz qapıdan kənara çıxmayıb, söz-söhbətimiz olub, elə həmin vaxt qapının zəngi çalınıb, açmışıq ki, qonağımız gəlib və heç nə olmamış kimi qonağımızı qarşılayıb yola salmışıq və sonradan həmin söz-söhbəti də unutmuşuq. Daima səbrli, hövsələli, təmkinli olmağa çalışmışıq. Bəzən narazılığım olurdu və düşünürdüm ki, Məhəmməd gəlsin narazılığımı bildirəcəyəm. Ancaq qapını açanda onun yorğun sifətini gördüyümdə gəlişinə görə dünyanı mənə verirdilər. Deyəcəklərimi də elə oradaca unudardım, bir kəlmə şikayət belə etməzdim. Bir dəfə olsun belə ona narazılıq bildirməmişdim, nəyəsə ehtiyac olduğunu deməmişdim.

- Daima vəzifələrdə olan həyat yoldaşınızı ola bilməzdi ki, işinə qısqanmayasınız...

- Onun bizə ayırdığı qısa vaxtdan belə məmnun olmuşam. Biz təzə ailə qurandan Məhəmməd Əsədov vəzifədə işləyib. Bir dəfə olsun belə onun nə iş yerinə, nə katibəsinə zəng vurub nəsə soruşmamışam, bir söz deməmişəm. Həm özü ona rəvac verəcək hərəkət etməyib, həm də mən şəxsiyyətimə sığışdırıb onu etməmişəm. Fikirləşirdim ki, zəng etmiş olsam özüm alçalaram. Düşünürdüm ki, əgər boş vaxtı olsa elə bizimlə keçirər də.

- Məhəmməd Əsədov necə ata idi, övladlarına necə diqqət ayırırdı?

- Övladlarım da, mən də heç Məhəmməddən doymadıq... Heç üzünü də doyunca görmədik... İşdən o qədər gec gəlirdi ki, uşaqlar həftələrlə atalarını görmürdülər. Saat birdə, ikidə işdən gələrdi, dörddə, beşdə işə gedərdi. Ancaq mən uşaqlara başa salırdım ki, atanız işdədir və elə belə də olmalıdır. Ümidlə yaşayırıq ki, nə vaxtsa qayıdıb gələr və doyunca görərik onu, cavanlığından doymadıq, kim bilir bəlkə qocalığını doyunca görərik... Həyatda o qədər möcüzələr var ki...

- Ən çox hansı xörəkləri sevirdi, onunçün məxsusi olaraq nə bişirməyinizi istəyirdi? Saat dördə qayıdacağam deyib çıxdığı həmin gün nə bişirmişdiniz?

-Heç vaxt deməzdi ki, mənimçün hansısa xörəyi hazırla. O, da, mən də, uşaqlar da evdə nə olardısa yeyib Allahımıza şükr edirdik. Heç vaxt “kapriz”i olmayıb. Ancaq bütün kişilər kimi uşaqlığından anasının bişirdiyi nə vardısa həmin xörəklər ona daha dadlı gəlirdi. Həmin gün də dolma bişirməliydim, ancaq içimdəki narahatçılıq xörəyi belə sonacan bişirməyimə imkan vermədi. Qazanda yarımçıq qoyub, durub işə getdim. Qayıdandan sonra da yarımçıq qalmaması üçün başdansovdu büküb atdım qazana. Ürəyimə dammışdı ki, heç o xörək yeyilməyəcək. Daha sonra Məhəmmədin yaxın dostu olmuş dəyərli alimimiz Rafiq Əliyevgilə zəng vurdum. Rəhmətlik həyat yoldaşı Aida xanımla danışdım, “dolma bişirmişəm, axşam bizə gələrsiniz, bir yerdə yeyərik”- dedim. Onda hələ faciə barədə məlumatım yox idi, ancaq sən demə mən özümdən ixtiyarsız olaraq tək qalmamağım üçün onları çağırırmışam.

- Həmin günlərdə sizə daha çox kimlər dayaq durdu?

- Heç kim tək buraxmadı məni, qohumlar, dostlar, tanışlar gəldi. Gələn, gedən o qədər adam olurdu ki. Hər şey adi gəlirdi mənə, key kimi idim. “Leç.Komissiya”nın poliklinikasından tibb bacısı göndərmişdilər bizə. Bircə onun fərqində idim ki, həmin tibb bacısı tez-tez ağzıma həb qoyub su içirdirdi. Sonrdan bildim ki, faciənin dəhşətini çox hiss etməməyimçün elə edirmiş. O günlərdə bizə dayaq durmayan yox idi, bütün Bakı əhli gəlmişdi bizə. Rayonlardan belə axışıb gəlmişdilər, elə bir rayon yox idi ki, oradan gələn olmasın.

Onu da deyim ki, işlədiyi rayonların camaatına qarşı onda o qədər mehribançılıq, istilik var idi ki, hər bir sakini özünə doğma, əziz bilirdi. Hansı rayonda işləyib qayıdırdısa həmin rayonun sakinləri onun ardınca ağlayırdı, onu ötürməyə düz Bakıya qədər arxasınca maşın sürürdülər. Hər beş-on kilometrdən bir Məhəmməd düşüb onları yalvar-yaxarla geri qaytarırdı. Kaş ki, o günləri özünüz gözünüzlə görəydiniz. O qədər hörmətli adamı kimsə öldürə bilərdimi?! O qədər sevilən adam ölə bilərmi, yox ola bilərmi?! Yox! Neçə ildir ki, Məhəmməd Əsədov yoxdur, ancaq yenə də hamının qəlbindədir, heç kimin ürəyindən silinməyib. Məhəmməd Əsədov haqqında kimdən soruşsanız hər kəs bəlkə də mənim bilmədiklərimi də danışa bilər. Azərbaycan xalqının əsl kişisi idi Məhəmməd Əsədov!

- Səhv etmirəmsə sizin toyunuz noyabr ayının on yeddisi olmuşdu və elə Məhəmməd müəllim də noyabr ayında general rütbəsini almışdı. Hər zaman sizə sevinc bəxş edən noyabr ayı ömürlük kədər də gətirdi...

- Bəli, bir tərəfdən kədər, bir tərəfdən də fəxarət hissi gətirdi. O, noyabr ayında getsə belə gedişi də uğurlu gediş oldu. Mən onun gedişinə indi də pis baxmıram, gəzməyə getməmişdi ki... Bilirdim ki, o, vətən üçün, torpaq üçün getmişdi...

- Məhəmməd müəllim rəhmətə gedəndə oğlanlarınızın ikisi tələbə idi, balacası da on yaşındaydı. İndi hansı sənətin sahibidilər, nə işlə məşğuldular?

- Həmin gün böyük oğlanlarım Natiqlə Nazim evdə yox idilər, dərsdə idilər. Böyüyü hüquq fakülətəsində, o biri də Tibb Universitetində oxuyurdu. Evdə balaca oğlum Rasim idi mənimlə. Televizorda da simfonik konsert verilirdi, qəfildən konsert kəsildi və faciənin xəbərini verdilər. Xəbəri eşidəndə 10 yaşlı Rasim stolun başına necə fırlanırdısa özünə yer tapa bilmirdi. Bilmirdi ki, neyləsin...

 “Nə övladlarım, nə mən Məhəmməddən doyduq...”

Böyük oğlum elə atasının yolunu davam etdirdi, hüquq sahəsində çalışır. Və mən ataları ilə necə fəxr edirəmsə oğlanlarımla da o qədər fəxr edirəm. Allah eləməsin ki, respublikamızın üstünü qara buludlar alsın, ancaq əgər elə bir hal baş verərsə və mən bilsəm ki, o qara buludları mənim övladlarım qova bilər, razı olaram ki, atalarının yolu ilə gedib öz missiyalarını yerinə yetirsinlər. Mənim övladlarım həm də bu respublikanın övladlarıdır, əgər gərək olarsa elə birinci cərgədə onlar gedərlər. Məhəmməd Əsədovun özünə layiq 3 oğlu var. Mən tərbiyə etməmişəm, Məhəmməd Əsədovun tərbiyəsini götürüblər. Heç vaxt onlardan narazı olmamışam.

- Bir qədər də nəvələrdən danışaq. Babasının adını daşıyan nəvə varmı?

- Oğlanlarımın ikisi ailəlidir, hərəsinin də iki balası var, bir qız, bir oğlan. Böyük oğlumun qızı mənim adımı daşıyır, ikinci oğlumun da oğlu babasının adını.

- Nəvə Məhəmməddə baba Məhəmmədə xasiyyətcə, görünüşcə bənzərlik varmı?

- Balaca Məhəmmədin doqquz yaşı var, dördüncü sinifdə oxuyur, “gələcəkdə general olacağam” deyir. Hər zaman ona deyirəm ki, sən general olmalısan, babanın adını doğrultmalısan. Babası Məhəmməd uşaq vaxtı çox çevik olduğuna görə bir qədər arıq olub, ancaq nəvəm bir qədər dolu bədənlidir. Zaman göstərəcək babasına oxşayıb oxşamadınığı, amma inanıram ki, elə babasına bənzəyəcək.

- Məleykə xanım, etiraf edək ki, həyat yoldaşı olmayan xanım haqqında çox dedi-qodular olar. Hələ o qadın sizin kimi yaraşıqlı, gözəldirsə söz söhbətlər lap çox olar. Bu 24 ildə özünüzü elə dedi-qodulardan necə qorudunuz?

- İnanın ki, o barədə heç vaxt fikirləşməmişəm. Elə ilk dəfədir ki, mənə bu sualı verirlər. Təsəvvürümdə də olmayıb ki, Məhəmməd Əsədov həyatda yoxdursa mənə nəsə deyə bilərlər. Biz Məhəmməd Əsədovla ailəli olanda da o, aylarla haradasa iş səfərlərində olub. Heç o zaman da ağlıma gətirməmişəm ki, Məhəmməd evdə yoxdur, kimsə mənə nə isə deyə bilər. Heç zaman düşünməmişəm ki, kimsə haqqımda danışa bilər, o fikirdən də çox-çox uzaqdayam. İndi siz deyəndə çox qəribə gəldi məni. Bu 24 ildə mən hər zaman Məhəmməd Əsədovun həyat yoldaşı kimi yaşamışam.

- İndi yaşınızın elə bir çağındasınız ki, nə qədər yaxşı qohum, dost, yaxşı övlad olsa belə, bu yaşda qadın ən azından axşam yastığa baş qoyanda bir qulaq yoldaşı, ürək sirdaşı arzulayır. Sizdə necədir, dərdləşmək üçün Məhəmməd müəllimi axtarırsınızmı heç?

- Haqlısınız, ancaq mən hər axşam yatanda da, səhər oyananda da Allahıma şükr edirəm. Səhərimizin açılması üçün, mənə belə balalar verdiyi üçün, şirin nəvələr bəxş etdiyi üçün dönə-dönə şükr edirəm. Nəvələrimlə o qədər xoş vaxt keçirirəm ki, bir dəqqiqə olsun belə beynimin boş qalmasına imkan vermirlər. Elə bir anım olmur ki, kimsəsizliyimi, təkliyimi hiss edim.

- İki oğul evləndirmisiniz, nəvələr dünyaya gəlib, xoşbəxt anlar yaşamısız. Bəs həmin anların sevincini necə, paylaşmısınızmı Məhəmməd müəllimin ruhuyla?

- Bütün xoşbəxt anlarımın sevincini yığıb saxlamışam. Məhəmməd Əsədov nə vaxtsa gələrsə, nə vaxtsa görüşəriksə, o zaman bölüşəcəm sevincimi, bütün şad xəbərlərimi...

- Son olaraq Məhəmməd Əsədov haqqında nələri danışmaq istərdiniz ki, o barədə sizdən soruşmadım və ya indiyədək heç kimə danışmamısınız.

- Onu qeyd edim ki, Məhəmməd Əsədov tutduğu bütün vəzifələri öz zəhməti, öz biliyi, öz əzmkarlığı ilə qazanmışdı. Hər hansı vəzifədə olsa belə nə zaman desəydilər ki, bu vəzifədən ərizə yazıb getməlisən və ya istefa verməlisən həmin dəqiqə onu edərdi. O, heç vaxt vəzifə üçün, vəzifəyə gəlmək üçün can atmayıb, onu dəvət ediblər vəzifələrə. 1990-cı illərdə Bakıdakı mitinqlərdə çox-çox dövlət adamlarının adlarını mənfi mənada hallandırardılar. Məhəmməd Əsədov deyirdi ki, “bircə dəfə adımı o mitinqlərdə çəksələr həmin günün səhəri işə getmərəm”. Ancaq kaş ki, mitinqlərdə onun da adını çəkəydilər və o da işdən çıxaydı. Ancaq yenə də deyirəm ki, yox, yaşamaq nə qədər yaxşı olsa belə, qəhrəmancasına ölmək hər adama qismət olmur. O, ölümüylə elə bir zirvəyə ucaldı ki, heç kim onu unutmayacaq, bu dünya durduqca Məhəmməd Əsədov da yaşayacaq. O vaxta qədər unutmayacaqlar ki, Məhəmməd Əsədov qayıdıb gələcək, mən ümidlə gözləyirəm o günü...

Bir haşiyə də çıxım ki, əvvəllər həyata baxanda insanların hamısını müsbət görürdüm. Ancaq zaman keçdikcə insanların bəzilərini fərqli görürəm. İnsanların hamısını müsbət görməyimi onunla əlaqələndirirəm ki, mən hamını Məhəmməd Əsədovun fonunda müsbət görürdüm, çünki onda bircə dənə olsun belə mənfi xüsusiyyət, kişiyə yaraşmayan hərəkət görməmişdim. Amma indi Məhəmməd Əsədova daha çox üstünlük verirəm. İndiki insanlarla onu müqayisə etdikdə düşünürəm ki, Məhəmməd Əsədov mayakdır!

Məleykə xanımı müsahibəmiz boyu tək qoymayan nəvəsi Nigarla da həmsöhbət olduq. Nigar Əsədova səkkizinci sinifdə oxuyur. Baba Məhəmməd Əsədovun ikinci oğlu Nazimin qızıdır, nəvə Məhəmməd Əsədovun bacısıdır.

- Nigar xanım, general Məhəmməd Əsədovun nəvəsi olmaq necə bir duyğudur?

- Mən babamı görməmişəm, ancaq uşaqlığımdan bəri nənəmin, qohumlarımızın, yaxınlarımızın babam haqqında danışdıqları xatirələrlə böyümüşəm. Məhəmməd Əsədovun nəvəsi olmaq mənim üçün fəxrdir. Hər zaman qürur duymuşam ki, mənim belə bir babam olub, belə bir şəxsiyyətin nəvəsiyəm. Hər zaman çalışmışam ki, babama layiq nəvə olub, onun kimi vətənpərvər olum. Hər zaman da həm qardaşıma, həm də əmim uşaqlarına demişəm ki, biz babamıza layiq insan, şəxsiyyət olmalıyıq. Evimizdə babamla bağlı video lentlər, disklər var. İlk dəfə həmin video göürüntüləri izləyəndə babamın necə danışdığını gördüm. O vaxta qədər babam haqqında eşitdiyim bütün müsbət keyfiyyətlərin həmin görüntülərdə cəmləndiyini gördüm. Həmin günlərdə babamı gördüm, danışığını eşitdim, səsini duydum deyə çox sevincliydim. Hər dəfə də o görüntüləri izləyəndə iftixar duyuram ki, elə bir insan məhz mənim babam olub. Ancaq çox təəssüff də edirəm ki, babam qəhrəmancasına şəhid olduğuna görə onu üzbəüz görə bilməmişəm...

- Nənəniz baban haqqında ən çox nələrdən danışır, babanla bağlı dönə-dönə danışmağını istədiyin hansısa maraqlı hadisələr varmı?

- Nənəm hər zaman babamın qəhrəmanlıqlarından danışır və istəyirəm ki, hər zaman da danışsın. Babamın necə layiqli bir həyat yoldaşı, gözəl ata, gözəl bir insan olduğunu anladır. Nəinki nənəm, bütün qohumlarımız da babam haqqında daima müsbət fikirlər söyləyirlər. Və mən də hər yerdə, məktəbdə də, cəmiyyət arasında da babam haqqında danışmağa çalışıram. İstəyirəm ki, babamın böyük şəxsiyyət olduğunu hamı bilsin.

 

Təzadlar.- 2015.- 24 noyabr.- S.8-9