Bəxtiyar Vahabzadənin dramaturgiyasında
milli və ümumbəşər ideyaların vəhdəti
...Xalq
şairi Bəxtiyar Vahabzadənin ədəbiyyatın
bütün növ və janrlarından: poeziya - iyirmidən
çox iri həcmli poema və saysız-hesabsız şeir, nəsr
- on bir elmi-publisistik kitab, məqalələr, dram əsərlərindən
ibarət olan əlvan palitralı
yaradıcılığının mühüm bir hissəsini
dramaturgiya təşkil edir. Ustadın, dram növünün
bütün forma və janrlarını ehtiva edən-sosial-məişət,
fəlsəfi-tarixi mövzulu dramları, faciə, komediya,
dramatik novella, ssenari, radio-pyes kimi müxtəlif janrlı, səpkili
əsərləri müasir dövrümüzdən
başlayaraq, ulu tariximizin ən dərin qatlarınadək
yaşadığı həyatın, sözün əsl mənasında,
bir ensikopediyasıdır.
Kələntərli
Məlahət Məmməd qızı,
Məna, məzmun zənginliyi, bu əsərlərdə
qoyulan geniş fəlsəfi, etik-estetik, mənəvi -
insanı insan edən problemlərin həllinə xidmət
edir. Bu əsərlərdə
yazıçı incə zövqlü cərrah həssaslığıyla
cəmiyyətin mənəvi, etik həyatında baş verən
“xəstəlikləri”, hadisələri, bu zaman şəxsiyyətin
mənəvi aləmində baş verən təlatümləri
üzə çıxarır. Müxtəlif məzmunlu,
böyük həcmli dram əsərlərində - “Vicdan”,
“İkinci səs”,”Yağışdan sonra”,”Yollara iz
düşür”,”Qızıl alma”, “Hara gedir bu dünya”,
“Özümüzü kəsən qılınc”,”Cəzasız
günah”, “Dar ağacı”, “Rəqabət” və b. əsərlərində
yazıçı münaqişənin həllini “dış
dünya” zəminində, hadisələrin fəal
axımı məcrasında açmaqla bərabər, qəhrəmanlarının
şəxsiyyətində baş verən psixoloji vəziyyəti
açmağı, hisslə, duyğu ilə
ağılın, ürəklə başın, arzu ilə həyat
borcunun təzadlarını göstərmişdir. Sənətkarın bütün əsərlərindəki
hər bir qəhrəmanında, sanki daim bir “ikinci səs”
mövcuddur, sanki onların mənəvi aləmi bir məhək
daşıyla sınaqdan keçir. Ustadın
öz diliylə desək, o, həmişə “öz qəlbini
öz eşqinə zindan, öz eşqini öz qəlbində
dustaq edə bilən” insanların təlatümünü
göstərərək, onları ümumbəşər
paklığa, təmizliyə səsləyir. Məcazlar, istiarələr,
üstüörtülü imalar, işarələr pyeslərdə
qoyulan problemlər vasitəsiylə geniş ümumiləşdirməyə
nail olur. Qədim Göktürk dövlətinin faciəsi
səksənillik yalanlar üzərində qurulmuş,
çağ-daş, dahi Məmmədəmin Rəsulzadənin
deyimiylə, “qırmızı imperiyanın” xəstə nəticələrini
dar ağacı altında, qul psixologiyası ilə
yaşayanların, qəhrəmanlıqla şəhid olan vətənpərvərlərdən
daha çox “ölü” olduğunu, qoluzorluların kölgəsi
altında başını girləyənlərin kölgələrinin
olmadığını, yəni insan adına layiq
olmadıqlarını əyani şəkildə göstərir.
Böyük
həcmli klassik dram növünün bütün
janrlarında-sosial-məişət, fəlsəfi-tarixi, faciə
və b. yazdığı əsərləriylə bərabər,
sənətkarın “Qisas”, “Duz”,”Atılmamış güllə”,”Yaxşılıq”
adlı dramatik novellaları, “Təyyarə kimi”, “Qəlyan”
adlı radio-pyesləri vardır.
Onu da qeyd
edim ki, Bakı Dövlət Universitetində
çalışdığım zamanlarda şairlə
söhbətlərimin birində ustadın bu kiçik həcmlı
pyeslərindən danışarkən, onların dərin fəlsəfi
mənasından ürək dolusu söz edərkən, orijinal
əsər kimi onların janrını “dramatik novella”
adlandırdım. Hörmətli sənətkarımız, ədəbiyyat
dünyamızın korifeyi olan alim-şairimiz, o zamanlar gənc
tədqiqatçı, ədəbiyyatımızın tədqiqatçısı
kimi elmdə ilk addımlarını atan mənim bu
müşahidəmi çox bəyəndi, qəbul etdi və
xeyir-dua verdı. O, nə zamandır bu əsərlərə
tədqiqatçıların “ad qoyma-dıqlarını”,
janrlarını təyin etməkdə tərəddüd
keçirdiklərini və əsl dəyərlərini vermədiklərini
də söylədi. Bu miniatür dramların,
dramatik novellaların fəlsəfi dərinlik, yüksək
ideya, estetik baxımdan dəyərləri çox yüksəkdir.
Ona görə ki, həcmlərinin kiçik
olmasına baxmayaraq, onların daşıdıqları məna
yükü, dərin, böyük ümumbəşəri
ideyaların açılması daha da bariz şəkildə
üzə çıxır. Həcm, kəmiyyət
keyfiyyətin gözəlliyinə xələl gətirməyir.
Dramatik novellaların bahabiçilməz qiyməti
ondan ibarətdir ki, müəllif Azərbaycan xalqının mənəvi
aləmini, əsrlərlə yaşatdığı etik
normaları ümumbəşər səviyyəyə
qaldırır və bəşəriyyətin tarix boyu əldə
etdiyi humanitar dəyərlərlə birləşdirir. Bu isə, müasir dövrümüzün
qarşısında duran humanitar tərbiyə, tolerantlıq,
xəlqilik prinsiplərinin, böyük insan
konsep-siyasının həyata keçməsinə xidmət
edir. Ustad, Azərbaycan xalqının, türk
dünyasının göz bəbəyi kimi qoruduğu, bir
çox dünya xalqlarında olmayan milli-mənəvi, əxlaqi
dəyərləri, duz-çörəyə sədaqət
(“Duz”), yaxşılığa yamanlıqla, xəyanətlə
cavab ver məmək (“Yaxşılıq”), qadın yanında
kişiyə əl qaldırmamaq, ona xətər gətirməmək
(“Atılmamış güllə”), zəiflərə pasiban olmaq,
təmənnasız yardım, anaya, qadına hörmət etmək
(“Qisas”) və b. kimi qiymətli fikirləri dünya
miqyasına çıxararaq, ümumbəşər mənəvi
dəyərlər xəzinəsinə daxil olan incilər kimi
qiymətləndirmək istəmişdir və buna müvəffəqiyyətlə
nail olmuşdur. Bi isə, Azərbaycan xalqının fərdi,
milli, ümumxalq fəlsəfəsinin ümumbəşər
fəlsəfəsiylə vəhdəti, harmoniyası deməkdir,
xalqımızın dünya xalqları məclisində şərəfli
yer tutması deməkdir...
***
“Qisas” (1991) miniatürü ucqar bir dağ kəndində
baş vermiş hadisə nəticəsində
qarşılaşan iki insanın, iki mənəvi
dünyanın, iki həyat fəlsəfəsinin vicdan
qarşısında imtahanıdır. Qalın qar
yorğanının altında itib qalmış kəndin
ucqarında ağbirçək Tükəz qarının
dağa yaslanmış köhnə evinin damı
çökür və yaşlı qadın xəsarət
alır. Gurultuya kənd camaatı
qaçaraq gəlir və təcili şəkildə
qadını xilas edib, evini təmir etmək üçün
məsləhətləşirlər. Tək bircə nəfər
bu hadisəyə biganədir: Musa kişi...
Kəndin girəcəyində abad evli-eşikli,
oğul-uşaqlı Musa kişi nəinki
köməyə gedir, hətta “Hara qaçırsan? Yoxsa damı çiyninə alacaqsan? Qayıt!”, - deyərək, 15-16 yaşlı oğluna
acıqlanır və onu geri qaytarır. Musa kişi
sakitcə odun yarmağına davam edir. Kənd
camaatı, xüsusilə də Sadıq Tükəz
qarının evini təmir etməyə qərar verir. Sadığın evində xəstə yatan Tükəzi
qonşular müalicə edir və hadisənin ikinci
günü kəndlilər Sadıqgilə toplaşaraq,
inşaat məsələsini müzakirə edirlər. Tək
bir nəfər gəlməmişdir: Musa kişi...
Kəndin ağsaqqalının təkidilə
Musa gəlir, kimsənin tərs baxışına fikir vermədən,
bir tərəfdə oturur. Kəndlilər əl-ələ
verib, Tükəz qarıya təzə bir ev
tikməyi qərara alırlar. Hamı bir
ağızdan evin daşını, tirini, taxtasını,
qocunu, arabasını, mıxını-mismarını verir.
Fəqət bir nəfərdən səs çıxmayır,
bir nəfər susur: Musa... El birliyi ilə
lazım olan hər şeyi toplayırlar, lakin təkcə kirəcləri
yoxdur. Yolları qar kəsdiyindən şəhərə
gedib ala bilmədikləri üçün, Musadan istəyirlər,
lakin o, rədd cavabı verir və yaz-başı oğluna ev tikəcəyini bəhanə edir. Yazbaşı yollar açılandan sonra ona istədiyi
qədər kirəc təklifləri də nəticəsiz
qalır. O, kobudluqla, “elə qarıya yazbaşı ev
tikin”, - deyə söyləyir: “Məgər
qaçaqaçdı?”. Onun
bu hərəkəti hamıda nifrət oyadır və
Sadıq mütləq Musanın kirəcini almaq və Tükəz
nənənin evini təcili tikmək qərarına gəlir.
Gecə yarısı, o, Mürsəllə
birlikdə Musanın anbarından bir qədər kirəc
alıb gedir. Uçuq evin yerində qızğın
iş gedir, hamı canla-başla çalışmaqdadır.
Tək bir nəfər işləməyir: Musa! O, qəzəblə
tikinti yerinə yaxınlaşır və “kirəci
oğurlayanın anasına” təhqiramiz səslənir.
Sadıq ona cavab verir:
“Mən oğurlamışam. Musa, qanın bahası
söyüş söydün. Yaz
açılan kimi şəhərdən alıb kirəcini
qaytaracağam. Söyüşünə gəlincə
onu da sənə qaytaracağam... Amma
söyüşlə yox, qanınla”.
...Artıq
yaz gəlmiş, yollar açılmış, Sadıqla Mürsəl
kirəc alıb kəndə dönmüşlər,
arabanı Musanın evinə sürən Mürsəl, kirəcləri
boşaldırkən, Musanın arabasına taxıl kisələrini
yüklədiyini görür. Onun taxılı
bol olmuş, yaza da qalmış, satmaq üçün də.
Mürsəl Musanın səhər Cəfərabada
bazara gedəcəyini Sadığa xəbər verir. Artıq Musanın kirəci qaytarılmış,
sıra onun söyüşünə cavab qaytarılmasına
çatmışdır. Dan yeri ağararkən
Sadıq dərə yolunda əlində tüfəng,
Musanı gözləməkdədir. Ona tərəf
beş-altı addım qalmış, Musanın
arabasının təkəri oxdan çıxıb diyirlənir
və buğda tayları yerə tökülür. Musa bir neçə dəfə təkəri yerinə
qoymaq istəyirsə də təkər kənara diyirlənir
və əlacsız qalan Musa çıxılmaz vəziyyətdə
qaldığı zaman, Sadıq tüfəngini bir kənara
qoyub, Musaya yaxınlaşır. Musa
Sadığı görüb, qorxur, geri çəkilir.
Sadıq dinməz-söyləməz arabanın
altına girir. Musa heyrətlə
Sadığa baxır. Sadıq arabanın altından
başını qaldırıb qışqırır:
-Nə
gözünü döyürsən, təkəri taxsana...
Musa sanki yuxudan ayılır, təkəri oxa
keçirir. Sadıq Musanın üzünə baxmadan,
ağacın arxasında qoyduğu tüfəngini
götürüb, yerində donmuş Musaya
yaxınlaşır, “Adam adama dar gündə kömək əlini
uzatmalıdır. Ona görə də bu
qalsın sonraya”, - deyir və kəndə yollanır. Musa Sadığın arxasınca baxa-baxa qalır,
birdən ona tərəf qaçır, Sadıq arxaya
çevrilir. Bir müddət dinməzcə
dayanıb bir-birinə baxırlar. Birdən
Musa Sadığın üstünə atılıb onu
qucaqlayır, əlindən öpür.
Öz
qınına çəkilərək, şəxsi
rahatlıq, zənginlik, hər şey mənim
üçün, dünya dağılsa da mənə nə,
təki mən tox olum, özgələr ilə nə işim
var deyərək, meşşan “fəlsəfəciyi” ilə
yaşayanlar Mütləq Ədalətin qəzəbinə
gec-tez uğramalıdırlar. Bu, Həyat
adlı Müdrik Müəllimin ədalət dərsinin tələbidir.
Bu dramatik novelladan, beş səhifəlik
kiçik bir əsərdən çıxan nəticə
qat-qat böyük, qat-qat dərindir. Əsərin əvvəlindən
sonuna qədər nifrət etdiyimiz, Musa əvvəlcə
yaşlı, xalq nəzərində hörmətli ağsaqqal
adam kimi “Musa kişi” adlanır, lakin xudbin,
biganə, meşşan, mənəviyyətdən uzaq olan hərəkətləri
ilə müəllifin, oxucunun nifrətini qazanır və əsərin
sonuna qədər o, sadəcə “Musa” deyə adlanır. Lakin Bəxtiyar müəllim işin həllini belə
asan yolla bitirməyir. O, personajı tamamilə mənfi
şəkildə səciyyələndirməmişdir.
Meşşanlığın qorxunc bəla olduğunu bəşər
tarıxındə təsdiq etməyən dahi sənətkar
qalmamışdır və “nə üçün bəladır”
sualının cavabı isə həmişə
onun-meşşanlığın öz biganəliyini, “güllə
məndən ötüb, qardaşıma dəysin”
şüarını zahirdə minbir aldadıcı dona girərək,
gizlənməyində olmuşdur. Musa
çalışqan, bacarıqlı, ev-ailə sahibidir,
uşaqcanlıdır, həyəti-bacası abad,
baxımlıdır, yaxşı
çalışdığından bol məhsul
toplamışdır, buğdası həm
qışlığını, həm yazlığını
təmin etmiş, hətta satmağa da yetmişdir. Oğluna yazda tikəcəyi evin bütün ləvazimatını
çox-çox əvvəlcədən səliqə ilə
alıb toplamışdır. Kənardan baxarkən
heç kimdə onun barəsində pis bir fikir oyana bilməz,
sanki necə deyərlər, “adam kimi adamdır”! Kimsənin
malına göz dikməyir, öz malının da qədrini
bilir... İdeal ailə başçısı, ideal ev sahibi... Diqqətlə
baxınca isə, sanki özünü bu geniş dünyadan,
insanlardan təcrid etmiş əcayib bir varlıq. Lakin
hadisələr boyunca, ana təbiətin
dilsiz-ağızsız üsyanı, qar uçurumu sanki
Tükəz nənənin evini deyil, Musanın
özü-özünə hördüyü
meşşanlıq, xudbinlik qalasını, hörümçək
torunu məhv, tamamilə boş olan mənəviyyat aləmini
isə alt-üst edir. Hər zaman özünə
güvənən və bunun əbədiyyən belə davam
edəcəyindən əmin olan, bu səbəbdən də
acizlərə biganə qalan Musa, özü bu vəziyyətə
düşdükdə, sanki yuxudan ayılır, “başı
daşa dəyir”. Bu zaman onun heç də
gənc olmayan həyatında baş verən “katharsis”- ruhun
arınması, təmizlənməsi onu maddiyyat aləmindən
mənəviyyat dünyasına çəkir. İnsan, bütün canlılar aləmində
olduğu kimi təkcə ətdən, dəridən,
sümükdən deyil, ruhdan, mənəviyyatdan ibarətdir.
Sadığın əlini öpmək
üçün diz çöküb alçalan Musa,
insanlıq aləminə, əsl insan şərəfinə
ucalır. Müəllifin Sadıq vasitəsilə
dilə gətirdiyi həqiqət Musanın kökündən
dəyişməsiylə təsdiqlənir, çünki
humanist sənətkarımız insan oğlunun, Azərbaycan
övladının “musalaşması” ilə barışa bilməyir.
Əsərin Musadan başqa bütün qəhrəmanları
Sadıq başda olmaqla ən ülvi, ən dərin hörmətə
layiqdirlər və xalqımızın etik, mənəvi zənginliklərini
daşıyan gözəl nümayəndələridirlər. Məhz
Sadığın alicənab, əsl kişilərə xas olan
davranışı Musanı ikiayaqlı canlıdan insana
çevirir. Bu kiçik, beş səhifəlik
dramatik novellada şairimiz sanki qəhrəmanlarının
bütün həyatının tarixini vermiş, “akkumulyasiya”
etmiş, geniş dəryanı kiçik, incə bir
sürahiyə yerləşdirmişdir.
***
Dörd səhifəni belə doldurmayan “Duz” adlı
dramatik novella, B.Vahabzadənin nadir incilərindən biri,
nağıl süjetli, neçə-neçə cildlərə
bədəl, realist həyat səhnəsinin inikası olan əsərdir. Qıvraq,
Türkiyə yazarlarının diliylə desək,
“arxasınca sürükləyən”, son dərəcə
maraqlı bir tapmaca şəkilli proloq və dünyanın ən
müdrik deyimi ilə bitən epiloqdan ibarət dörd səhifə.
Əsər şah sarayının qaranlıq xəzinəsində,
gözətçilərin “xorna çəkib”
yatdıqları gecə nəyinsə tappıltı ilə
düşməsi və inilti səsiylə, bir kölgənin
bağçaya çıxıb, uca hasardan aşması ilə
başlayır. Böyük ustalıqla qurulmuş
giriş səhnəsi, hadisələrin
başlanğıcı-düyünün bağlanması,
inkişafı, kulminasiya nöqtəsi, girişə
dönüşlə çözülməsindən ibarət
olan “dairəvi”, yaxud “bədii çərçivələmə”
/ “xudojestvennoye obramleniye”/ adlanan kompozisiya üzərində
qurulmuş bir miniatür nümunəsi. Əsərin
məzmununu bütün şah sarayını, şahın
özü də başda olmaqla, həm dəhşətə
salan, həm təəccübünə səbəb olan, həm
də onların anlamaqda aciz olduqları, mərdliyinə heyran
qoyan bir gəncin macərası təşkil edir. Vəzifələri bütün gecəni ayıq-sayıq
şahın xəzinəsini qorumaq olan gözətçilər
səhər vahimə içində bütün
qapıların ən sirli qıfıllarının
açıldığını görürlər.
Tezliklə onların qorxusu təəccüblə əvəz
olunur: xəzinədən heç bir şey
oğurlanmayıbdır. “Bəs nə
üçün qapılar açılmış, fəqət
heç bir şey oğurlanmamışdır” sualı
şahı da maraqlandırmağa başlamışdır.
Onları tamamən tərksilah edən ən böyük sual
isə bu idi: belə nadir saray açarlarının sirrinə
bələd olan şəxs kimdir, necə bir fövqəladə,
təcrübəli ustadır?
Carçının elanı da bir nəticə vermədikdə,
gənc bir oğlan saraya yollanıb, qapıları
açdığını etiraf edir. Şahın təəccüb
dolu- “O qıfılları ki, sən aça bilmisən,
böyük ustalıqdır. Bu
ustalıqdan sonra bəs niyə heç nə aparmamısan?”
- sualına gənc “Əlahəzrət,
duzundan keçə bilmədim” deyə cavab verir. Bu müəmmalı cavabı açmağı, son
dərəcə maraqlanan şah, gəncdən rica edir. Məlum olur ki, kasıb olduğu üçün
uğrunda çox əziyyət çəkdiyi, sevdiyi
qızı atası ona verməyincə, gənc əziyyətlə
şah sarayından oğurlayacağı dövlətlə
alsın. Lakin xəzinədən çıxarkən
ayağının duz daşına dəyib
ağrımasıyla əlini həmən “sərt” bir şeyə
vurub, sonra da inilti səsini boğmaq üçün
ağzına apardıqda, bunun duz olduğunu fərq edir və
duzunu yediyi insana xəyanət etməyi vicdanına
sığışdırmayaraq, heç bir şey
götürməyib, gedir. ( kursiv - M.K.).
Şahın səxavətlə ona istədiyi qədər
var-dövlət təklifindən gənc imtina edir: asan yolla əldə
etdiyi dövlətlə evlənmək istəməyir.
Şahın “Bəs oğurluq dövlətlə necə”
sualına belə cavab verir: “Oğurluq özü əziyyətdir,
əzabdır. Mən o qıfılları açarkən
nə həyəcanlar keçirdiyimi bilməzsiniz. Ürəyimin döyüntüsü
qulaqlarımı batırırdı. Apara
bilsəydim çəkdiyim əzabı özümə halal
bilərdim. Ona görə ki, siz bu
var-dövləti halal qazanmamısınız. Amma mən əziyyət çəkdiyim
üçün mənə halal olardı”.
Oğlanı mərdliyinə görə azad buraxan
şahın “get, tamam halal qazanmağa çalış”
tövsiyəsinə gənc belə cavab verir: “O zaman
alacağım arvadı da özümə tam halal hesab edərəm”
(kursiv - M.K.). Bəli, qaranlıq xəzinədə
tappıltı ilə düşən, inildəyən həmən
gəncin, ağrıdan əlini ağzina aparıb
daddığı şor nəsnə nəmliyi çəkmək
üçün şah xəzinəsinə qoyulan duz
daşı imiş. Kasıblığın
oğurluğa məcbur etdiyi bu gəncin qəlbindəki əsl
kişilik qüruru, mərdliyi bu günümüzdə belə,
real həyatımızda böyük tərbiyəvi əhəmiyyət
kəsb edir: haram pulla nə arvad almaq, nə də
arvad-uşaq saxlamaq olmaz!
***
“Atılmamış güllə” miniatürünün
mövzusu cəmi üç səhifədə
insanlığın mənəviyyat dünyasının
yazılmamış qanunlarından ən qiymətlisinə həsr
edilmişdir.
Çalpapaqla Qaçaq Kərəm arasında
olan münaqışə üzündən dəstənin
üzvləri başçılarını göz bəbəyi
kimi qoruyurlar, onun xanımıyla görüşü
zamanı səhərədək Şeşəbığ
Aslan keşik çəkir. Lakin səhər
erkən Qaçaq Kərəm alaçığın
eşiyində yerdə bir patron görür. Öz patrondaşındakı güllələrin, dəstə
üzvlərininkilərin yerində olduğunu öyrənib,
fikrə gedir. Dünən gecə
Çalpapağın onların düşərgəsinə gəldiyini
anlayır. Həqiqətən, Şeşəbığ
alaçıq ətrafında dolaşarkən onun azca
uzaqlaşdığı zaman Çalpapaq içəri
girmiş, Kərəmi öldürmək üçün
tüfəngini ona tuşladıqda düşməninin qadınla
şirin yuxuda olduğunu görüb, bunu rəva bilməmiş,
ər oğul qeyrətinə
sığışdırmamış, lakin buraya gəldiyini
bildirmək üçün, patronunu alaçığın
qapısı ağzına atmış, otuz illik düşməninə
qarşı xəyanət etməmişdir. Lakin
burada olduğunu patronu - atılmamış gülləsi vasitəsilə
bildirmiş. Müəllif demək istədiyi, əsərin
ana fikrini təşkil edən ideyasını, Şeşəbığ
Aslanın diliylə Çaqqal Ədilə müraciətlə
söyləyir: “Çalpapaq, kişini arvad yanında vurmaz”.
Əbədi-mənəvi
zənginliyin təməlini təşkil edən bu qanun, ancaq
bəşəriyyətin iyrənc olaylarının “baş qəhrəmanları”
- terrorizm, faşizm, soyqırım cəlladları tərəfindən
pozulmuş, insanlıq adına bir ləkə olmuşdur. Son zamanlarda isə yaxın qonşularımız tərəfindən
dinc əhaliyə göz dağı vermək məqsədi ilə
həyata keçirilmişdir. Həqiqətən,
kişini qadın yanında, uşaq yanında, ailə
başçısını ailə üzvləri
qarşısında təhqir etmək - cəzalandırmaq,
öldürmək, işsiz qoyub xəcalətə məhkum
etmək, alçaltmaq insanlıq suçunun ən iyrəncidir
və B.Vahabzadənin əsəri belə hallara üsyan etməsi
ilə ölməzlik qazanmışdır.
***
“Yaxşılıq” (1979) miniatürü dörd
yarım səhifəni əhatə edir, lakin ideya, məzmun, bədii
təsir baxımından fövqəladə qüdrətə
malikdir. Əsərdə zaman, məkan mövhumu şərtidir,
əsas qayə isə xəyanətin, yalanın,
tamahkarlığın, xudbinliyin qoluzorluluğun ifşası,
mənəviyyatın, yaxşılğın qələbəsidir.
Bu kiçik əsərdə müəllif bir neçə
cild əsərə mövzu və ideya ola
biləcək problemləri toplamış, onların orijinal həllini
vermişdir. Əsərin süjet xətti zəngin
Ağabəy ilə kasıb kəndli, bəyin yekəxanalıqla,
təkəbbürlə “cındırından cin hürkən”
adlandırdığı Kürən Abbas arasında olan
münaqişə üzərində qurulmuşdur. Bir
neçə mehtərin xidmət etdiyi böyük bir
ilxının sahibi Ağabəy qayabaşılı Kürən
Abbasın xariqə atını, qaşqa köhlənini
görüb, ona büsbütün vurulur və nəyin
bahasına olursa olsun, onu ələ keçirmək istəyir.
Doğrudan da, onun təcrübəli mehtərləri
bu atın Ağabəyin bütün ilxısından da qiymətli
olduğunu söyləyirlər. Mehtərbaşı
Ayaz ağasını sakitləşdirib, onun göy ürgəsini
tərifləyir, mehtərlər isə Kürən Abbasın
köhləninin tayı-bərabəri
olmadığını, onun at deyil, ceyran olduğunu söyləyirlər.
Ağabəy xüdbinlikdən, paxıllıqdan sakit ola bilməyir və Kürən Abbası
cümə günü atıyla birlikdə cıdıra
çağırır. Bütün kəndin
maraqla izlədiyi bu yarışın əsl mənasını
yaxşı bilən Kürən Abbas, irəli çıxan
köhlənin cilovunu çəkib, göy ürgəni irəli
buraxmaq istəyir ki, Ağabəyin şərindən qurtulsun.
Qaşqa köhlən cilovunu gəmirir, Kürən
Abbas bir daha cilovu çəkdukdə, köhlən şaha
qalxıb, Abbası belindən yerə çırpır və
bir anda göy ürgəni ötüb keçir, cıdır
başına birinci çatır. Kənd əhli
qaşqa köhləni alqışlar, təriflər,
övgülər yağdırır. Ağabəyin
daxili aləminin çürüklüyü, çirkinliyi
burada üzə çıxır. O, dəlicə sevdiyi
atın qiymətini azaldıb ələ keçirmək
üçün “ürəkyananlıqla” Abbasa deyir: “Ay Abbas,
bu at səni şil-küt eliyər. Qazancın
təpitməyə gedər. Kasıb adamsan, sat getsin!”. Abbasın etirazına isə sanki kəndliyə
ürəyiyananlıq edirmiş kimi, əslində daha da həyasız
bir qarşılıq verir: “Mən sənin üçün
deyirəm, bu harını neyləyirsən?”.
Kürən Abbasın “Atın eləsi yaxşı deyilmi? Sən
ki at sərrafısan, Ağabəy!” cavabından kəndlinin də
at sərrafı olduğunu, atının qədrini bildiyini və
onu şirin dilə tutub aldada bilməyəcəyini anlayan
Ağabəy artıq alverə keçərək, Abbasa,
qaşqa köhlənin əvəzində ilxısından istədiyi
əvvəl üç, sonra isə beş at seçməyi
təklif edir. Abbas razı olmayınca, “sonra peşman olacaqsan!..”, - deyib, uzaqlaşır. Artıq qaşqa at
Ağabəyin yuxusuna girir, az qala onu dəli
etmişdir. Yuxuda bu atın əvəzində
bütün ilxısını, iki yüz atını verməyə
hazırdır. “Mənim iki yüz atım
sənin Qaşqanın tək bircə dırnağına dəyməz”,
deyə Kürən Abbasa yalvarır. Yuxuda Qaşqa
köhlənin belində “uçur”. Artıq
Ağabəy köhlən üçün hər şeyindən
keçməyə razıdır. Kürən Abbas isə
Ağabəyə canını verməyə razıdır,
amma Qaş-qadan keçməyə yox... Münaqişə
artıq zirvəyə çatmışdır.
Birinci - Ağabəyin ilxısında və
cıdırda baş verən hadisələri ehtiva edən - səhnədə
konfliktin əsası qoyulmuş, ikinci səhnədə -
Ağabəyin yuxusunda münasibətlər gərginliyin ən
uca, kulminasiya nöqtəsinə çatmışdır. Üçüncü
və son səhnə, əsərin məna yükünü
daşıyan bu qismi ən dramatik, ən təsirli və eyni
zamanda ideya baxımından ən ibrətamiz hissəsidir.
Ustad şairimiz bu son səhnədə
“travesti”-cilddəyişdirmə, başqasının cildinə
girmə üsuluna müraciət etmişdir. Bu üsul mənfi
obraz kimi Ağabəyin daxili aləminin kökündən
ifşası, eyni zamanda əks qütbü, müsbət
idealı təmsil edən Kürən Abbasın və onun
şəxsində yüksək mənəviyyatın, mənəvi
dəyərlərin tam qələbəsini nümayiş
etdirmək üçün gözəl bir zəmin rolunu
oynayır. Münasibətlərin, mövqelərin
toqquşmasından çıxan nəticə isə, əsərin
ideyasını aşkar edir.
Üçüncü səhnə
axşamçağı dörd yolun ayrıcında, uca bir
palıd kölgəsində çəmənlikdə
ağsaqqal bir qocanın iniltiləriylə başlayır. Qaşqa
köhlənin belində yol ayrıcından keçən
Abbas atdan düşüb, inilti səsinə qocaya
yaxınlaşır, halını öyrən-əndən
sonra evlərinə aparıb yardım etmək
üçün qolundan tutub, atına mindirir, köhlənin
cilovunu da onun əlinə verir. Cilovdan tutub, ata təpinən
“qoca” sürətlə oradan uzaqlaşır və uzaq məsafədən
saqqalını çıxarıb, Kürən Abbasa deyir:
“...Qaşqanı mənə satmadın, qaçırası
oldum. İndi get haqq divanına, ala bilsən, al!”.
Bu cümlədən sonra gələn, qızıl hərflərlə
yazılıb, hər bir evdə baş guşədə
asılmağa layiq olan mükalimə şah əsərdir və
bütövlüklə sitat gətirməyi özümə
borc bilirəm:
Kürən
Abbas (təəccüblə baxır, onu tanıyır) -
Ağabəy, bir sözüm var, onu deyim, sonra apar
Qaşqanı.
Bəy:
-Buyur,
Kürən...
Kürən
Abbas - Ağabəy, heç kəsə demə ki,
Qaşqanı namərdliklə qaçırmısan. De ki, min dinara almışam.
Bəy:
-At əlindən gedəndən sonra bunun nə mənası
var?
Kürən
Abbas: - Var, Ağabəy, birinci ona görə ki, Qaşqa qiymətdən
düşməsin. İkinci ona görə ki,
bu əhvalatı eşidən el-oba bundan sonra inamını
itirər, zəlilə, köməksizə əl tutmaz.
Dünyadan yaxşılıq köçər, Ağabəy!
Onda vay adamların ha-lına! ( kursiv -
M.K.). Bu sözlərimə əməl elə,
Qaşqa köhlən halalın olsun.
Kürən Abbas sözünü qurtarıb arxaya
çevrilir, kəndə tərəf üz tutur. Ağabəy
atın belində quruyub qalır. Abbasın
getdiyini görüncə atdan düşür, Qaşqanın
yönünü Abbas gedən tərəfə çevirir,
özü isə əks tərəfə yan alır. At Abbasa yaxınlaşır. Ekranda
şərid kimi uzanan yolun bir başında Ağabəy, o
biri başında Abbas, ortada isə Qaşqa köhlən
görünür.
Kürən
Abbasın, bir kasıb kəndlinin dilində səslənən
“Qaşqa qiymətdən düşməsin” cümləsi Azərbaycan
xalqının qədimdən bu günümüzə qədər
qoruyub yaşatdığı gözəl etik, mənəvi
irsinə istinad edir. İgidin atını,
silahını və qadınını toxunulmaz sayan,
onların qiymətdən düşməsinin
qeyri-mümkün olduğuna dərindən inanan xalq, bunun əksini
böyük həqarət, bunu edənlərin hərəkətini
isə namussuzluq kimi qiymətləndirir. Müəllif
maddi zənginliyin mənəvi zənginlikdən heç zaman
uca olmadığını Abbas və Ağabəy surətlərinin
şəxsində əyani şəkildə göstərmişdir.
Kasıb Abbasın mənəvi zənginliyi ona
kəndlilər arasında böyük hörmət
qazandırmışdır. Ağabəyin təkidlərinin
şahidi olan sadə insanlar, mehtərlər
narazılıqlarını çəkinmədən bildirirlər:
“...yetim əlində qoğal əcayib görünər”.
Ağabəy-Kürən Abbas dueli, qarşıdurması mənəvi
zənginliyin, ali insanlıq ruhunun mənəviyyatsızlıq
üzərində tam qələbəsidir və yenə də
böyük humanist şairimiz daxili aləmi xudbinlik, eqoizm mərəzi
tərəfindən çürümüş azərbaycanlının
tam rəzilliyi ilə barışa bilməyir və onda
oyanmaqda olan vicdanın baş qaldırmasını, atı
geri verməsi ilə göstərir.
***
Qısa təhlilini verdiyimiz bu
miniatürlərin - dramatik novellaların dəyəri, ədəbiyyat
tariximizdə, dövrümüzün humanitar tərbiyəsində
böyük rolu, Azərbaycan xalqının əsrlərcə
yaşatdığı mənəvi dəyərləri həm
bugünkü cəmiyyətimizə xatırlatmaqda, həm də
dünyaya elan etməkdədir. Bu yüksək
humanist ideyaları B.Vahabzadə
ütülü-nişastalı köynək, kostyum, yaxası
qalstuklu, kəpənəkli-papilyonlu intelligentlərin, yüksək
təhsil görmüş ziyalıların, ali mənsəb
dövlət işçilərinin, ictimai xadimlərin diliylə
deyil, sadə əmək adamlarının - kənd sakinlərinin,
gözəl sənətkar olan kasıb gəncin,
ədalət mübarizləri olan qaçaqların, mehtərlərin,
kəndlilərin, “cındırından cin hürkənlər”
vasitəsiylə insanlara, dünyaya elan edir. Şairimiz
xalqımızın sağlam mənəvi aləminə
ürəkdən inanır, onun zəngin
dünyasının bəşəriyyətə örnək
olması ilə fəxr edir.
Kələntərli Məlahət
Məhəmməd qızı
Təzadlar.- 2015.- 27 oktyabr.- S12-13