Ömür yolu
Ömür hardan başlayır? - Bu suala müxtəlif cavablar vermək
olar. Ancaq gərək bu cavablar hansısa məqsədi
aydınlaşdıra, hansısa tələbləri həll edə
bilə. Məsələyə bu
açıdan yanaşanda sualın cavabı xeyli çətinləşir.
Məsuliyyət belə şeydir - hər bir
münasibəti çətinləşdirə bilir. Ancaq biz burada bu çətinliyə yoldaş olub
sualın cavabını deməyə
çalışacağıq. Öncə
onu deyək ki, biz insan ömrünü fiziki
başlanğıcından dəyərləndirməyin
yanlışı deyilik. Fiziki
başlanğıcından sonra ömürdə aşkarlanan
bir çox cəhətlər uzaq qədimlikdən gələn
keyfiyyətlərdir. Uzaq qədimlik isə
xəlqi mahiyyətə bağlıdır. Bu mənada, hər bir fərd əslində həm
xalqdan başlayır, həm də xalqı başlayır.
Xalqdan
başlayır həm cismaniliyi, həm də mənəviliyi
- gələnək və görənəyi, dəyərləri,
ləyaqəti, qəhrəmanlığı, özündənkeçməni,
sanbalı, döyüşkənliyi...
Xalqı başlayır özünün soy (nəsil)
artırma imkanıyla, insansevərliyi, vətənsevərliyi,
xalqsevərliyi ilə; yaradıcı, qurucu keyfiyyətlərini
aşkarlamasıyla.
Burada “xalqı başlayır” deyimi yerinə “xalqı davam
edir” də demək olar. Əslində hər bir
başlanğıc özü bir davam, hər bir davam
özü bir başlanğıcdır.
Hər bir fərd xalqın həyatında rol oynayır,
özü bunu anlasa da, anlamasa da.
Bəs bu rol necədir, müsbətdirmi, mənfidirmi? - Təbii ki, yaşamın
anlamını bilməyən adamın oynadığı rol
müsbət ola bilməz, başqa sözlə,
bütöv sayıla bilməz. Xalqın
varlığına kortəbii qatılmaq dəyərə
çevrilməz. Ona görə də
xalqın həyatında müsbət rol oynamaq
üçün onun varlığını - tarixi
keçmişini, mənəviyyatını,
ruhaniyyatını, vətənçiliyini, dövlətçiliyini
dərk etmək, dəyər yaradan, dəyərə
çevrilən şəxsiyyətlərini tanımaq gərəkdir.
Bu çox ağır işdir və uzun
prosesdir. Hər adamın
bacarmadığı bir işdir. Bu səbəbdən
də şəxsiyyətlər nadir olur və hər zaman da
yetişmir.
Bununla belə, düşünürük ki, hər bir fərd
böyük şəxsiyyətləşmə yolu yeriməsə
də, milli kimliyə, xəlqi anlama doğma yaşaya bilər,
yaşamalıdır. Onda fərdin də, bütövlükdə
xalqın da həyatında adil bir nizam yarana bilər. Qədimliyimizin yüksək, qutsal dəyərləri,
keyfiyyətləri çağımızın inkişafı
üçün özül olar və gələcəyimizi
aydınlığa çıxarar.
Asif Atanın amalı belə istəkləri gerçəkləşdirməyi
hədəfləyən ideyalardan ibarətdir. Bu ideyalar əsasında
yaşayan da, bu ideyaları ömründə daşıyan da
xoşbəxt insandır. Bununla belə,
ideyanı ömründə daşımaq ideya əsasında
yaşamaqdan daha böyük fərəhçilikdir. Çünki birincidə ömür ideyaya tən
olur və məktəbə çevrilir. Məktəb isə
ali yaşamın örnəyini yaradır.
Bu deyilənlər insanlaşma və insanlaşdırma
fəlsəfəsinin ölçüsüdür. İndi mən
bu ölçüyə dayanıb amaldaşım Nurtəkin
Atalının “Heyrətimin inciləri” kitabına bir neçə
kəlmə ön söz yazmaq istəyirəm. Kitabın adı təsadüfən seçilməyib.
Məndən olsa, Nurtəkinin adına
“Heyrət” adını da əlavə edərdim. Çünki heyrət onun varlığının
mayasına çevrilib. Nurtəkin gözəlliyə,
ülviliyə, qutsallığa, saf düşüncələrə,
ülvi münasibətlərə elə heyrətlənir ki,
ünsiyyətdə olduğu hər kəsə fəziləti
tanıdır və sevdirə bilir. Bu, bənzərsiz
və özünəməxsus bir haldır. Özü də az-az adamlarda təsadüf olunan
haldır. Çünki Nurtəkinin heyrəti
kortəbii xassələr daşımır - idraklı,
duyğulu heyrətdir. Bu heyrət ideyaya və
ideyanın yaradıcısına vurğunluqdan
işıqlanır. İdeallar dərk
olunmasaydı, heyrət sönük olardı. Böyük ideyalar qarşıya böyük tələblər
qoyur. Bu tələbləri ödəmək
üçünsə çətinliklər aşmaq gərək
olur. Çətinlik də yalnız
idraklı, duyğulu hünərin qarşısında yenilir.
Əlbəttə, bu çətinliklər bir anda
qarşıya çıxıb bir anda da ötülməyib. Nürtəkinin
hünəri çətinliklərin dolanbaclarını bir
sıra aşamalarda ötüb adlayıb. Düz 18 ildir ki, Nurtəkin Asif Atanın
çağırışından təpərlənib onun
saldığı çətin yollarla sabaha
yürüyür. Bu 18 ilin hər anı həm
ağrılarla, həm də fərəhlərlə
yüklü olub. Ağrını doğuran, yaradan səbəblər
çoxdur, fərəhi isə doğuran səbəb birdir -
hər ağrını, acını yaşayıb yenmək,
hər çətinliyi arxada qoymaq...
Bəs çətinliklər niyə var, hardan
çıxır?! - Ümumi mənada vurğu eləmək olar ki, Asif
Atanın ideyaları insanı gedişata qarşı
çağırır, - yalanla, cəhalətlə,
ikiüzlülüklə, vətənsizliklə
döyüşə yönəldir. Bu
döyüş insandan qüdrətli, dözümlü olmaq
tələb edir. Qüdrət və
dözüm isə hazır şəkildə olmur, onu yaratmaq
gərəkdir. Yaradıcılıq da
daldada, bucaqda deyil, meydanda gerçəkləşir. Meydana çıxmaq isə böyük bir axına
qarşı çıxmaqdır. Artıq
bunları biləndən sonra qarşıya gələn çətinliyi
şərh etməyə ehtiyac qalmır.
Həm də
nəzərə alsaq ki, Nurtəkin zərif cinsin nümayəndəsidir,
özü də kənd mühitində yaşayıb
böyümüşdür, onda çətinliyin bir az da aşırı olacağını
düşünmək mümkündür.
Nurtəkin Atalı 1974-cü ildə Bakının Saray
köyündə doğulub boya-başa
çatmışdır. Bu köydə orta təhsil
almış və Sumqayıt Dövlət Sənaye
İnstitutuna girmişdir. İnstitutun
4-cü kursunda oxuyarkən orada öyrətmənlik edən
keçmiş ocaqçılardan birinə rast gəlir.
İlk dəfə Asif Atanın adını da həmin
ocaqçıdan eşidir. Sonradan onun
araçılığıyla (vasitəsiylə) gedib Asif
Atanı dinləmiş və ocağa evlad olmuşdur. Bununla da Nurtəkinin həyatında dönüş
başlamış və aqibətinin gələcəyini
seçmişdir. Bu seçim 22
yaşlı gənc bir qız üçün nələr vəd
edir, əlbəttə, o çağlar özü bunu dərk
etmirdi. Onun seçimi özünün idi,
heç bir valideynin, qohum-qonşunun qatqısı yox idi.
Nurtəkin atasını uşaq
yaşlarında itirmişdir. Anası da mədəniyyətli,
zəhmətkeş qadın olmaqla yanaşı, həm də,
övladlarının seçim haqqına qarışmayan
anlaşıqlı bir şəxs idi. Bu
baxımdan, Nurtəkinin Asif Ata amalına bağlanmasına
evin içindən əngəl yaranmayıb. Bununla belə, qıraqdan Nurtəkinə
qarşı gözə görünən və görünməyən
basqılar qısa vaxt içində araya-ortaya
çıxır. Çünki Nurtəkin
həm təhsil aldığı yüksək oxulda, həm kənd
qonşularında, qohum evlərində Asif Atadan eşitdiklərini,
öyrəndiklərini deməyə, özünü ifadə
eləməyə başlayır.
Hər bir yeni yola, əqidəyə başlayan insanlarda
olduğu kimi, Nurtəkində də əqidə haqqında
bilik, təsəvvür birdən-birə yetgin biçimə
düşməmişdir. Ona görə də
ünsiyyətdə olduğu insanlara anlada bildiyi, bilmədiyi
məqamlar olub. Sonucda qohumlar, qonşular
Nurtəkinin yanlış yolda olduğu təsəvvürü
yaratmağa başlayıblar. Onun əqidəsini
ayrı-ayrı dini təriqətlərlə, təşkilatlarla
eyniləşdirməyə çalışıblar. Ancaq Nurtəkinin düşüncəsi yetişdikcə,
yetkinləşdikcə ona qarşı münasibətlər dəyişməyib,
tərsinə, qısqanclıq, paxıllıq kimi münasibətlər
də üstünə gəlib. Heç kim
yörəsində özündən üstün -idraklı,
mənəviyyatlı şəxs görmək istəmir,
özəllikcə də yaxın qohumlar, tanışlar
içərisində.
Hər tərəfdən dedi-qoduların
başladığı bir vaxtda Nurtəkin dözülməz
bir sarsıntı ilə - Asif Atanı cismən itirməklə
üzləşir. Belə bir durumunda birdən-birə mənəvi
dayağını itirmək, əlbəttə, gənc bir
qız üçün əqidə yolunda getməyi
mümkünsüz edirdi. Ancaq o, yoldan
sapmadı, amaldaşlarına söykənib ayaqda durdu.
Bundan sonra heç kim, heç nə onu
Asif Atanın yolundan döndərə bilmədi. İlk heyrət, ilk vurğunluq işini
görmüşdü - o, əbədiyyət yolçusuna
çevrilmişdi.
Sonralar, gələcək həyat yoldaşının
(nişanlısının) anası tərəfindən
ocağa qarşı təhdidlərlə üzləşəndə
nişanı qaytarıb imtina etmişdir. Onu, əqidəsinə
sayğı ilə yanaşıb anlayan birisinə rast gəlmədiyi
üçün uzun illər ailə qura bilməmiş,
evsiz-eşiksiz yaşamışdır. Gah
qardaşının, bacısının evlərinə
sığınmış, gah Amaldaşı və rəfiqəsi
ilə birlikdə kirayələrdə qalmışdır.
Ancaq daim ocaqçılıq fərəhi ilə
yaşamış, Ocaq əməllərindən geri
durmamışdır. Nurtəkin
rahatsızlıqdan, şəraitsizlikdən çox əziyyətlər
çəkmiş, hətta xəstəliyə də
uğramışdır. Sağlamlığını
bərpa edənə qədər maddi çətinliklər də
yaşamışdır. Bu çətinlikləri
yenərək sağlamlığını bərpa edəndən
sonra isə ayrı-ayrı yerlərdə işləmiş,
qazandığı paraları da ocaq ədəbiyyatlarının,
arxivinin yaranmasına, Azərbaycanı
qarış-qarış gəzərək Asif Ata
Amalını haraylamağa xərcləmişdir. O, ocaq
yolunda fədakarlığın və
umacaqsızlığın zirvəsini fəth etmişdir.
Nurtəkinin gücünə zərbə vuran hadisələrdən
biri də anasını itirmək oldu. Amaldan
qıraqda güvəndiyi bir şəxs vardı, o da anası
idi. Anasının ölümü böyük
kədər idi, ancaq o bu kədəri çox ləyaqətlə
yaşadı. Ümumən, kədər
Nurtəkində çox gözəl görünür,
çünki onun kədərinə heç bir saxta əhval,
oyun qarışmır. Anlayır kədəri,
ona görə də onu adiləşdirmir. Onun bu
halını ayrıca örnək saymaq olar...
Budur, o, yenə
də ruhani iş başındadır. Hər
bir ocaq əməlini ərdəmliklə yerinə yetirir,
ocaqçılıq ömrünü fərəhlə
sürdürür.
Burada, biz əsasən Nurtəkinin ömründən bəhs
etdik. Çünki bu kitabı da, elə onun ömründən
bəhs edir.
Nurtəkin ocağın uluyol-hünər ailəsinin yükümlüsüdür. Onun “Ailə günü” tədbirlərində, Ocaq mərasimlərində uğurlu çıxışları olur. Bu çıxışlar - Asif Ata amalını öyrəndiyi, dərk elədiyi, yaşadığı halların ifadəsi kimi araya gətirdiyi düşüncələrindən və yazılarından ibarət olub. Hesab edirik ki, sevdalı ürəklər, ruhani diləklər bu yazılarda Asif Atanın əməyini, məktəbinin etkisini duyub bəhrələnəcəklər. Ona görə də bu yazıları sıralayıb oxuculara, soydaşlarımıza təqdim edirik. Yuxarıda vurğuladığımız kimi, bu yazılar bir millət və əqidə fədaisinin heyrətinin inciləridir.
Amaldaşımız Nurtəkin Atalı öz heyrətini yazıları ilə ifadə edən çağlarda bunları nə vaxtsa kitab şəklinə salmağı heç ağlına da gətirməmişdi. Başqa sözlə, o, kitab üçün yazmırdı, heyrətli anlarının hesabatını verirdi. Ancaq yaşadıqlarını, düşündüklərini soydaşlarınla paylaşmağın uğurlu bir üsulu da kitabçılıqdır. Kitab böyük sözdür və qutsaldır. Çünki orada ömür yolu yazılır. O ömür ki, insani, milli ləyaqəti var edir.
Amaldaşımıza ömür yolunda dönməzlik və ölməzlik diləyirik.
Soylu Atalı
Təzadlar.- 2015.-
6 yanvar.- S.15.