Güney dərdimizdən
ən çox şeir yazmış şair
...Unudulmaz
azadlıqçün ölənlər,
Bizi anar
bizdən sonra gələnlər -
Bizim kimi
el qədrini bilənlər...
Ötən əsrin ən məşhur şairlərindən
biri də Süleyman Rüstəmdir (1906-1989). Adətən
hər bir tanınmış şairin xalqın
yaddaşında özünə yer etmiş yalnız bir
neçə şeiri olur ki, onun simasına çevrilir,
şairin adı çəkiləndə həmin şeirlər
yada düşür və bu şeirlər onun
yaradıcılığı haqqında ümumi təsəvvür
yaradır. S.Rüstəmin
yaradıcılığında bu qəbildən olan şeirlər
kimi “Ələmdən nəşəyə”, “Ana və
poçtalyon”, “Çapayev”, “Duz-çörək”, “Təbrizim”,
“Axtararsınız”, “Bəs nə deyim” və b. adını
çəkmək olar. Lakin fikrimcə, əslində
bu şeirlər S.Rüstəm
yaradıcılığının əsas qayəsindən,
ana xəttindən kənarda qalan şeirlərdir və onlar nə
qədər gözəl olsalar da onun şairliyinin həqiqi
simasını tam əks etdirə bilməzlər. Sovet dövründə məhz bu şeirlərin
S.Rüstəmin simasına çevrilməsi bəlkə də
ona qarşı ən böyük haqsızlıq olmuşdur.
Bu yazımızda həmin şeirlərdən
misal gətirmədən şairin daha yüksək dəyərə
malik yaradıcılığının mahiyyətini
açmağa çalışacağıq.
S.Rüstəm ilk növbədə ürəyi vətən
və millət eşqi ilə döyünən şair
olmuşdur.
Bu isə şair üçün ən böyük dəyərdir:
Çox
gözəl bilirəm, qəlbimdə bircə an
Bu odu
sönməyən məhəbbət nədəndir!
Həyatım,
varlığım, hər zaman, hər zaman-
Vətəndir,
vətəndir, vətəndir, vətəndir!
Şair həyatın
mənasını, dəyərini məhz vətənə,
millətə sevgidə görür, vətəni sevməyi,
ona xidmət etməyi hər kəsin vicdan borcu hesab edir, ona xəyanəti
lənətləyir:
...Vətəndən
danışaq, eldən danışaq,
Gərəksiz, mənasız söhbət olmasın.
...Könül,
candan bağlan vətəninə sən,
Eldə ünvanına nifrət olmasın.
...Anamız
vətənçin vurmasa ürək,
Haram olsun
mənə yediyim çörək!
Vətənini
sevən şairçün gərək
Vicdandan dəyərli sərvət olmasın.
S.Rüstəm
yaradıcılığının böyük bir qismi - 150-yə
yaxın şeiri və üç poeması məhz Güney
dərdimizə həsr olunub! XX əsr və sonrakı ədəbiyyatımızda
ikinci belə bir şair yoxdur! Özü də
bu şeirlərin hər birində yeni bir fikir, yeni bir rəng
tapmaq mümkündür, təkrarçılıq hiss
olunmur.
S.Rüstəmin Güney mövzusundakı
yaradıcılığı əsasən 1940-cı illərdən
- orada baş vermiş milli hərəkat dövründən
başlayır və ömrünün sonuna qədər davam
edir. Lakin öz xatirələrində qeyd etdiyinə
görə o dövrə qədər də Güney problemi
onu düşündürmüş və narahat etmiş,
yaradıcılığında da Güney mövzusuna
toxunmuşdur. Məhz İkinci Dünya
Müharibəsi illərində şairin sovet
quşunlarının tərkibində Güneyə getməsi,
orada türkcə yayımlanan mətbuat orqanlarında fəaliyyət
göstərməsi və hadisələrin canlı şahidi
olması onun bu mövzudakı yaradıcıığına
böyük təkan vermişdir.
S.Rüstəmin
Güney mövzusunda yazdığı şeirlərdə
yalnız Təbriz sevgisi, Araz ağrısı, ayrılıq
dərdi yoxdur, burada həm də fars
şovinizminə qarşı nifrət və azadlıq
uğrunda açıq mübarizə ruhu var:
Biz gedirik
azadlıqçün döyüşə,
Sinələri
dağlamayın, analar!
Şəhid
olsaq yaşarmasın gözünüz,
Başa
qara bağlamayın, analar!
...Unudulmaz
azadlıqçün ölənlər,
Bizi anar
bizdən sonra gələnlər -
Bizim kimi
el qədrini bilənlər,
Ağlamayın,
ağlamayın, analar!
Aşağıdakı
şeir 1945-46-cı illərdə S.C.Pişəvərinin
başçılığı altında
yaradılmış milli hökumətin fəaliyyəti
dövründə milli haqlarımızın özümüzə
qayıtmasının sevinci ilə yazılıb:
Azadlıq
günəşindən can gəlsin torpağına,
Təbrizli,
Savalanlı, Ərdəbilli qardaşım.
Uzun illər
kilidli dilin açıldı artıq,
Doğma
anam laylalı, anam dilli qardaşım!
Aşağıdakı
şeir isə bu milli hökumətin devrildiyi və dilimizə
qarşı qadağaların yenidən tətbiq olunmağa
başladığı dövrdə fars
şovinizminə nifrət dolu müraciətlə
yazılıb:
Mən sənin
dilinə dəymirəm, cəllad,
Gəl sən
də bu ana dilimə dəymə!
Sənin
də bağın var, gülün var, çəkil,
Bağımda
əkdiyim gülümə dəymə!...
İranda
şovinist rejimin yenidən hakimiyyətə gəlməsi və
dilimizə, mədəniyyətimizə qarşı
qadağaların, milli ziyalılarımıza qarşı
repressiyaların davam etdirilməsi Güney mövzusunu
S.Rüstəm yaradıcılığının daimi
mövzusuna çevirmiş, bu isə həmin dövrdə bu
problemin gündəmdə qalmasında və milli
şüurumuzun inkişafında əvəzsiz rol
oynamışdır.
S.Rüstəm Güney problemini poetik dildə hərtərəfli
və çox yüksək səviyyədə əks etdirə
bilmişdir.
Bu şeirlərdə həm millətin ağrısı, əzabı,
dərdi ifadə olunur:
Al qoynuna
dostlarını, ey bağrı qan Arazım,
Mənim
qanlı göz yaşımdan yaranmısan, Arazım!
Həm
düşmənə qarşı qəzəb və nifrət
aşılanır:
Əfsus,
başda oturan əqrəb yuvalı başlar
Azadlıq adlandırır bu zindanlı günləri.
Yox, belə getməyəcək xalq ömründən
siləcək.
Bu dəhşətli günləri, bu tufanlı günləri.
Həm də
azadlıq eşqi və nikbin mübarizə ruhu tərənnüm
olunur:
...Hər
yerdə günəşdir mənə bayraq
Baş əymərəm
aləm yağı olsa,
Qan axsa da sel tək bədənimdən.
Ölsəm
qalacaqdır əməlim sağ,
Düşmən
mənə əl vursa, əminəm,
Atəş çıxacaqdır kəfənimdən.
Heç
qüvvə ayırmaz məni bir an
Öz
doğma elimdən, vətənimdən
Göründüyü kimi, S.Rüstəm vətənpərvər
ruhlu şeirlərində yeri gəldikcə əruzun oynaq qəliblərindən
də çox məharətlə istifadə etmiş, təmiz
türkcəmizdə əruzvəznli şeirin gözəl
nümunələrini yaratmışdır.
Şair
Güney mövzusunda çox yazdığına görə
onu qınayanların da layiqli cavabını verir və bu
mövzuda yazmağın vacibliyini və əhəmiyyətini
də şeir dilində çox gözəl izah edir:
İllərdir
bu Araz qırağında mən,
Qardaş sorağında gəzən olmuşam.
Vahid vətən,
millət fərağında mən
Dözülməz dərdlərə dözən
olmuşam.
Mənə
sözarası “Şair, bir belə
Yazmaqdan nə çıxar” deyənlər də var.
Orda
zindandadır, ilk bahar belə,
El mənə, yazmasam lənət yağdırar.
Yağdırar,
yağdırar, necə yağdırmaz,
Bu
qızıl qələmi o verib mənə,
Vicdanım əmr edir şairim, yaz, yaz.
Hələ
az yazmısan, durma, yaz yenə.
...Öz
şəxsi dərdinə qalanlar mənə,
Hörümçəklər kimi tor hörməsinlər.
Ürəyi
qara daş olanlar mənə,
Müqəddəs
dərdimi çox görməsinlər...
Bəzən S.Rüstəmin Güney mövzusunda kəskin
şeirlər yazmasını o dövrdə SSRİ ilə
amerikayönümlü şah İranı arasında olan pis
münasibətlərlə əlaqələndirirlər və
bu cür şeirlərin məhz Moskvanın sifarişi ilə
yazıldığını iddia edirlər. Lakin bu da bir danılmaz
faktdır ki, 1979-cu il inqilabı nəticəsində
sovet dövləti ilə teokratik İranın müttəfiq
olmasından sonra da S.Rüstəm
yaradıcılığında bu mövzu eyni kəskinliklə
ömrünün sonuna qədər davam edir və həmin
şeirlərin tam səmimi bir qəlblə
yazıldığına şübhə yeri qalmır.
Xomeyninin əks-inqilabından
sonra yalançı islam donuna bürünərək
İranda yenidən hakimiyyəti qəsb etmiş qəddar fars
şovinistlərinin həqiqi üzü
aşğıdakı şeirdə gözəl
açılıır:
...Bədnam
fərmanlara qol çəkənlərin,
Nəşəni
xəlvəti bol çəkənlərin,
Qəmli
zindanlara yol çəkənlərin
Başda əmmamətək
qanlı tacı var...
Şair
aşağıdakı şeirində dünyadan da Güney dərdi
ilə köçəcəyini bildirir:
Bir də
xahişimi təkrar edirəm:
Vaxtında
dünyadan köçdüyüm gündə,
Tutsun tabutumdan o taylı əllər.
Yasin əvəzinə
qəbrim üstündə,
Bir
vüsal mahnısı oxusun ellər!
S.Rüstəmi tənqid edənlər adətən onu
1930-cu illər repressiyaları dövründə milli şairlərdən
“donos” verməkdə ittiham edirlər. Bu firkin yanlış olduğunu və
heç bir fakta əsaslanmadığını deyənlər
də var. Lakin istənilən halda S.Rüstəmin yüksək
şairlik istedadını, xüsusən də Güney
mövzusunda yazdığı şeirlərin dəyərini və
ictimai əhəmiyyətini, milli şüurumuzun
inkişafına və milli azadlıq mücadiləmizə hələ
bundan sonra da xidmət edəcəyini inkar etmək olmaz.
Şairin həmin dövrə yazdığı məşhur
“oxuma tar, oxuma tar, səni sevmir proletar (rusun öz gitarası
var)...” misralarının da həqiqi mənada deyildiyi
inandırıcı deyil. Tara qadağa cəhdləri olan
dövrdə deyilmiş bu sözlərin məhz tara sevgidən doğan yanğı və istehza
ilə deyildiyi şübhə doğurmur. Və
əsllində burada sovet dövlətinin milli mədəniyyətləri
yox etmə və ruslaşdırma siyasəti ifşa olunur.
Məhz
yuxarıda misal gətirdiyimiz şeirlər kimi
yaradıcılıq nümunələri Süleyman Rüstəm
böyüklüyünün, istedadının və şəxsiyyətinin
həqiqi mahiyyətini aça bilər, şairin məhz bu məzmunda
və ruhda olan şerləri dillər əzbəri olub onun
simasına çevrilməyə daha çox layiqdir.
Şirvani Ədilli
Təzadlar.- 2015.-
6 yanvar.- S.10.