Dağlaroğlunun dağlardan başlayan
elm yolu
Elm adamları belə hesab edirlər ki, insan oğlu da
günəş, ay kimidır. Onun görünən
və görünməyən tərəfləri vardır.
Görünənlər gözlə
müşahidə edilir. Görünməyənlər
isə gizli qalır. Onu bəzən sezmək
olur, çox zaman isə mümkün olmur. Bu ali varlıqlar müxtəlif xarakterdə,
xasiyyətdə, habelə təfəkkür və
düşüncədə olduqları üçün də
qəlbləri müəyyən məqsədlərlə
döyünməsi ilə bir-birilərindən fərqlənirlər.
Birinin ürəyi xeyirxah, savab əməllərlə
çırpınmaqda, digərinki isə bədxah, xəbis
niyyətlərlə vurmaqdadır. El şairi Cəmil
Əkbər bu münasibətlə belə yazır:
Hər
sinə altında bir ürək vurur,
Sevdası başqadır, eşqi başqadır.
Hərəsi
bir cürə yaradıb qurur,
Təpəri başqadır, məşqi başqadır.
Ürəyi elm uğrunda döyünən fədakar
alimlərimizdən biri də professor Rza Abbasoğludur. Bir xoş təsadüf nəticəsində
2009-cu ildə “Qırmızı körpü” sərhəd
gömrük məntəqəsində, tələbəlik illərindən
tanıdığım rəssam dostum Mənsur Cəfərovun
vasitəsilə “Ay işığında” tanış
olduğumu indi də xatırlamaqdayam. Səmimi
keçən ilkin söhbətimizdən sonra, ara-sıra
onunla telefonlaşıb bir-birimizin hal-əhvalını xəbər
alırdıq. Bu minvalla Dağlaroğlunu
özüm üçün öyrənməyə, kəşf
etməyə çalışırdım. Ötən
illər ərzində alicənab, xeyirxah, niyyəti saf,
amalı pak, səmimi tərəf müqabili,
doğru-dürüst, həqiqətpərəst,
gözü-könlü tox, təbii, olduğu kimi
görünən, göründüyü kimi olan bir şəxsiyyət
tək qəlbimə qətrə-qətrə dolması sayəsində,
günlərin birində sahilləri görünməz, dərinliyi
bilinməz olan Rza adlı “insanlıq dəryasının” əmələ
gəlməsi ilə təlatümləndi. Qərara
gəldim ki, xalqımız da bu vətən oğlunu
tanımaqdan məhrum qalmasınlar. Çünki
Rza müəllim Azərbaycan elminə şərəf-şan
gətirən zəhmətkeş, cəfakeş
ziyalılarımızdandır. Alimin ömür yoluna
qısaca nəzər saldıqda anladım ki, Rza müəllim
də Akademik Tofiq Köçərli və atam Cəmil
Əkbər kimi Gədəbəydə doğulub boya-başa
çatıb, aspiranturanı Lomonosov adına Moskva Dövlət
Universitetində fərqlənmə diplomu ilə
tamamlamışdır. Hər üç alimin
fərqli cəhəti onda idi ki, Tofiq müəllim tarix, atam Cəmil
İmamverdioğlu siyasi-iqtisad elmi sahəsində 1951-ci ildə
məzun olmuş, Rza Abbasoğlu isə Kvant kimya aləminin
mütəxəssisi kimi təhsilini uğurla
yekunlaşdırmışdır. Azərbaycanlı alimlər
arasında akademik Abel Məhərrəmov, professor Fatma
Abdullazadə, professor Gülnaz Abdullazadə aspirant
yoldaşları olaraq Rza müəllimlə bir dönəmdə
təhsillərini davam etdirmişlər.
Rza Abbasov 13 aprel 1952-ci ildə Gədəbəyin
Samanlıq kəndində Məmmədbağır kişinin
halal ocağında dünyaya göz açmışdır. Yeniyetməlik dövründə
Gədəbəy dağlarında qoyun-quzu otarması ilə
keçən yeyniyetməlik çağlarında Rzanın, ali təhsil alma arzusu, həvəsi məhz bu səfalı
diyardan pərvəriş tapmış, elmi
araşdırmalarla keçən illər ərzində
neçə-neçə uğurlara imza atması ilə nəticələnmişdir.
Qarış-qarış gəzib heyran qaldığı
“Çoban dağı”, “Kəmər qaya”, “Səngər yal”,
“Qabaq yal”, “Çanaxçı yaylağı”, “Haça qaya”
onun qəlbində daimi məskən salmış,
“Nüyutonun qanunları”nı, “Pifaqorun teorema”sını bu
füsunkar dağlar qoynunda öyrəndiyi üçün
onlara minnətdar olmuş, özünü “Dağlaroğlu”
olaraq qəbul etmişdir. Sanki şair Cəmil Əkbər
Rzanın bu məftunluğunu nəzərə alaraq
başı buludlara bülənd olan şaxqamətli
dağları poetik misralarla belə vəsf etmişdir:
Əzəmətli
vüqarı var,
Bu dağların, o dağların.
Neçə-neçə
nübarı var,
Bu dağların, o dağların.
Gözüm
qalıb zirvəsində,
Təpəsində,
dərəsində,
Nələr
yatır sinəsində,
Bu dağların, o dağların.
Qar
saxlayır quzeyləri,
Gəl-gör
deyir güneyləri,
Qayalardır
muzeyləri,
Bu dağların, o dağların.
Gədəbəy
dağlarının gözoxşayan seyrəngahlı
yal-yamacları, mənzərəli yaylaqların xalıyabənzər
güllü-çiçəkli naxışlarla bəzədilmiş
əsrarəngiz gözəllikləri, yaşıla bələnmiş
talaları, yazda-yayda şimşəkli-yağışlı,
qəfildən dolu tökən saatları, qızılı
payız fəslində barlı-bəhərli günləri,
Rzanın yaradıcılıq ilhamına qanad vermiş,
qış mövsümünün sisli-dumanlı,
qarlı-boranlı, şaxtalı ayları, digər yöndən
isə kənd həyatının özünəməxsus
çətinlikləri onun elmin ağır, sərt
yollarındakı səbrini, dözümünü, əzmini
artıran cəhətlərdən biri olmuşdur.
Özünün də qeyd etdiyi kimi, Rza Abbasoğlunun
Kvant kimyasına olan ilkin marağı orta məktəbin 7-ci
sinfində təhsil aldığı dönəmdə,
1967-cı ildə professor Zəlimxan Qarayevin “Atomun
quruluşu'' kitabını mütaliə etdiyi zaman yaranmışdır. 1968-ci ildə Samanlıq kənd
orta məktəbinin 8-ci sinifini əla qiymətlərlə
başa vuran Rza Məmmədbağıroğlu, həmin il qəbul
imtahanlarından əla qiymətlər alaraq “1 ¹-li Respublika
Fizika-Riyaziyyat təmayüllü internat məktəbi”nə
daxil olmuşdur. 1970-ci ildə isə məktəbi
fərqlənmə diplomu ilə yekunlaşdıraraq Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinə yüksək
qiymətlərlə qəbul olmuşdur. 1973-cü ildə
fakultənin üçüncü kursunu əlaçılıqla
bitirmiş Rza Abbasoğlunun müvəffəqiyyətini nəzərə
alan institut rəhbərliyi, onu M.V.Lomonasov
adına Moskva Dövlət Universitetinin Kimya fakültəsində
təhsilini davam etdirməsinə zəmanət vermişdir. Kimyanın ən cətin sahəsinə, kvant
kimyasına olan hədsiz marağı və ilk gündən fədakarcasına
çalışqanlıq əzmi, Sovetlər İttifaqında
kvant kimyası elmində tanınmış akademik Nikolay
Fyodoroviç Stepanovun da nəzərindən
qaçmamışdır. Bu keyfiyyətlərinə
görə də Azərbaycanlı tələbəsini “Maddə
quruluşu və molekulların kvant mexanikası” bölməsinə
qəbul edərək, Rzanın fizika-riyaziyyat ağırlıqlı
olan “Fiziki-kimya qrupu”nda təhsil almasını məsləhət
bilmişdir. Rza Abbasoğlu məhz müəlliminin
yönətmənliyi sayəsində “Propan molekulunda rəqsi
hərəkətlərin tezliklərinin nəzəri
hesablanması'' mövzusunda yazdığı diplom işini
müdafiə edərək, 1976-cı ildə həmin
fakültəni müvəffəqiyyətlə bitirmiş,
kimyaçı ixtisasına yiyələnmişdir.
1976-1980-ci illər arası M.V.Lomonasov adına Moskva Dövlət
Universitetinin Kimya fakültəsinin aspiranturasında təshilini
davam etdirmiş Rza Abbasoğlu, 29 yaşında (1981), “Maddə
qurulusu və molekulların kvant mexanikası”
laboratoryasında, akademik N.F.Stepanovun rəhbərliyi ilə “Tərkibində
ftor, karbon və hidrogen olan sadə molekulların xassələrinin
və elektrofilik birləşmə reaksiyalarının
kvant-kimyəvi tədqiqi” mövzusunda yazdığı namizədlik
dissertasiyasını uğurla tamamlayaraq “Kimya Elmləri Namizədi”
alimlik dərəcəsi ünvanını
almışdır. Bir alim eyni zamanda bir insan kimi
yetişməsində akademik N.F.Stepanovun
qayğısını qədirşünaslıqla
xatırlayan Rza Abbasoğlu, müəllimininin zəhmətini
heç zaman unutmur, təlim-tərbiyə və elmi
araşdırmalara dair verdiyi dəyərli tövsiyələri
əməli işi ilə həyata keçirməkdədir.
R.M.Abbasov
1981-83-cü illər arası akademik S.Ş.Rəşidovun, o
dönəmdə direktoru olduğu Özbəkistan
Respublikası Elmlər Akademiyasının “Polimerlərin
kimyası və fizikası elmi-tətqiqat inistitunda” baş
elmi işçi vəzifəsində
çalışmış, az bir zamanda “Kvant kimyası”
qrupunu yaradaraq ona rəhbərlik etmişdir.
Vətənə olan ülvi sevgi hissləri, Rza müəllimi
1983-cü ildə Nizami yurduna, doğma Gəncə
torpağına çəkib gətirmişdir. 1993-cü ilə qədər
taleyini Azərbaycan Texnologiya İnistitutuna bağlamış
Rza müəllimin, bu ali təhsil ocağında elmi-tədqiqat
işləri ilə yanaşı, tələbələrin
hazırlıq səviyyəsinin yüksəldilməsi sahəsində
apardığı uğurlu fəaliyyətlərini nəzərə
alan institut rəhbərliyi, onu mütəxəssis alim kimi
1983-cü ildən 1986-cı ilə kimi baş elmi
işçi, 1986-cı ildən 1991-ci ilədək “Kimya
kafedrası”nda assistent, 1991-cü ildən isə dosent vəzifəsində
çalışmasına şərait yaratmışdır.
Elmi-pedaqoji yaradıcılıq sahəsindəki fəaliyyətlərini
1993-cü ildən qardaş Türkiyə Cümhuriyyətində
davam etdirən Rza müəllim, hazırda Qaradəniz Texniki
Universitetinin “Kimya bölümü”ndə
çalışmaqdadır. O dönəmdə Kvant kimyası
sahəsində Anadolu alimlərinin yetəri sayda olmamasına
rəğmən, Rza Abbasoğlu şəxsi təşəbbüsü
ilə “Kvant kimyası” qrupunu yaradıb ona rəhbərlik
etmiş, ötən dövr ərzində bu elm sahəsində
Türkiyədə ad qazanmışdır. Fəxarətlə
qeyd etməliyik ki, dörd elmilər doktoru və on magistr
(yüksək lisans) məhz Rza Abbasoğlunun rəhbərliyi
ilə elmi dərəcəyə yüksələ
bilmişdir. 2005-ci ildən qurumun professoru olan Rza müəllim
“Fiziki-kimya kafedrası”nın müdiri vəzifəsində
pedaqoji fəaliyyət göstərməklə, tələbələrinə
və aspirantlarına mütəmadi olaraq fərqli sahələr
üzrə mühazirələr də oxumaqdadır. Təsadüfi deyil ki, Rza müəllim uzun illər
topladığı zəngin biliyi, təcrübəsi sayəsində
müəllifi olduğu bir çox dərs vəsaitləri ilə
kimya elminə dəyərli töhfələr bəxş
etmişdir.
Rza Abbasoğlu müasir kvant kimyası sahəsində
aktual mövzularda bir sıra elmi-nəzəri mahiyyətli əsərlər
də yazmışdır. “Abbasoğlu”
imzasıyla tanınan Rza müəllim, bir sıra
yabançı ölkələrdə yayınlanan məşhur
jurnallarda çap olunmuş 70-dən artıq elmi məqalənin
və 60 tezisin müəllifidir. “The Journal of Organic
Chemistry” jurnalının hakimlik jürisinin və
TÜBİTAK-da (Türkiyə Bilimlər Akademiyasında)
projeləri dəyərləndirmə komissiyasının
üzvü olan Rza müəllim, “The Journal of Organic Chemistry”
jurnalında, dünyanın məşhur kvant kimyacısı,
professor Kendall Houku'nun və tanınmış Türk üzvi
kimyaçısı, professor Mətin Balçı'nın məqalələrinə
hakimlik etmiş, onların nəşri üçün elmi rəylərini
vermişdir. Müxtəlif beynəlxalq simpozium və konqreslərdə
kvant kimya elmi ilə əlaqədar problemlərin müzakirəsi
zamanı Azərbaycanı xarici ölkələrdə
yüksək səviyyədə təmsil etmiş R.M.Abbasov,
Kendall Houku /Amerika/, Eiji Osava /Yaponya/, Lenoir Dieter /Almanıya/, Mətin
Baçlı /Türkiyə/ (hal-hazırda 1998-ci ildən
Nyu-York Elmlər Akademiyasının həqiqi
üzvüdür) kimi dünyanın adlı-sanlı kvant
kimaçı professorları ilə elmi sahədə olan
yaradıcılıq əməkdaşlığını bu
gün də uğurla davam etdirməkdədir. Almanyada nəşr
olunmuş “Orbitals in Chemistry” (Springe 2009) kitabda
tanınmış kvant kimyacısı, professor Satashi
Inagaki'nin yazmış olduğu “Orbital mixing Rules” isimli
bölümdə, Rza Abbasoğlunun kvant kimyası sahəsində
əldə etdiyi elmi nəticələri xüsusi
vurğulamış və bu nəticələrdən
geniş istifadə olunduğu bildirilmişdir. Dünya kvant
kimyaçıları arasında məxsusi bir yeri olan Rza
müəllimin on beş elmi məqaləsi,
kvant kimyası sahəsində beynəlxalq miqyasda çap
olunmuş, yüksək elmi dəyəri və
aktuallığı ilə fərqlənən ən
yaxşı məqalələrin siyahasına daxil
edilmişdir. Bu nailiyyətlərlə yanaşı, Rza müəllim
2010-cu ildə nəzəri kimya sahəsində “Abbasoğlu
qaydası”nı vermiş və bu qayda
dünyanın tanınmış alimləri tərəfindən
qəbul edilmişdir. “Journal of Molecular Strucrure: THEOCHEM (Kanada,
Elsevir, 955, 2010, 13133)” və “Acta Chimica Slovenenica (Sloveniya, 57,
2010, 842-848 və 59, 2012, 109-116)” kimi mötəbər dərgilərdə
nəşr olunmuş bu qayda, dünya ədəbiyyatına
kecmişdir. Eloğlumuzun nəzəri kimya sahəsində
uluslararası arenada qəbul edilmiş önəmli bir qayda
verməsi təbii ki, qürurvericidir.
Hazırda ikinci bir qayda üzərində tədqiqat
işlərini aparan Rza müəllim bu elmi
çalışmasına “Dağlaroğlu qaydası”
adını verməyi düşünür. İnanırıq
ki, bu orijinal isim yaxın zamanda alimin dağlara bəslədiyi
ülvi məhəbbətinin daha bir ispatı olacaqdır.
Elm yolunda əzmlə çalışan R.M.
Abbasov, “Gərgin quruluşlu alkenlərə xlor və bromun
elektrofil birləşmə reaksiyalarının mexanizminin və
stereokimyasının kvant - kimyəvi
araşdırılması” mövzusunda yazmış olduğu
doktorluq dissertasiyasını 2009-cu ildə tamamlayaraq, Bakı
Dövlət Universitetində müvəffəqiyyətlə
müdafiə etmiş, kimya elmiləri doktoru alimlik dərəcəsinə
layiq görülmüşdür. Qeyd
etdiyimiz dissertasiya işi kvant kimyası alanında Azərbaycan
dilində yazılmış ilk elmi əsər olduğu
üçün, mütəxəssislər Rza müəllimi
bu sahədə Azərbaycanın ilk kvant kimyacılarından
biri hesab edirlər.
Azərbaycan dilində kvant kimyası sahəsində
fundamental bir elmi əsər yazmaq Rza Abbasoğlunun hələ
gənclik illərinin arzu olub, xüsusən də professorlar
Xudu Məmmədovun və Şamil Əhmədlinin ona bir
müəllim-alim tövsiyələridir.
Yabançı ölkələrin tanınmış elm
adamları, həmçinin də Azərbaycanın bir
çox görkəmli alimləri Rza Abbasoğlunun elmi dəyərə
malik məqalələrinə, ələlxüsus da doktorluq
dissertasiyasına yüksək qiymət vermişlər. Onlardan bir
çoxunu qədirbilən oxucularımızın diqqətinə
çatdırmağı məqsədəuyğun hesab edirik.
1. Məşhur kvant kimaçısı, professor Eiji Osava /Yaponya/: “Transanulyar birləşmə reaksiyalarının kvant-kimyəvi araşdırılması sahəsində Molekulyar Modelinq Jurnalında çap olunmuş məqalələrnizi çox bəyəndim və bu araşdırmalar transanulyar birləşmə reaksiyalarının ümumi nəzəriyyəsinin işlənib hazırlanması yolunda irəliyə atılmış ciddi bir addımdır''.
2. Məşhur kvant kimaçısı, professor Lenoir Dieter /Almanya/: “Bromun alkenlərə elektrofil birləşmə reaksiyalarının nəzəri araşdırılması sahəsində olan məqalələrnizi məmnuniyyətlə və zövqlə oxudum. Bu araşdırmalara yüksək qiymət verirəm və Sizinlə bu sahədə ortaq elmi araşdırmaların aparılmasını təklif edirəm''.
3. Akademik N.F.Stepanov (M.V.Lomonosov adına Moskva Dövl?t Universiteti) /Rusya/: “Sizin doktorluq dissertasiya işinizdə proqnozlaşdırma gücünə sahib olan xassə-quruluş əlaqələrinin müəyyən edilməsi fiziki və üzvi kimyanın inkişafında böyük əhəmiyyətə
4. Məşhur kvant kimyaçısı, professor R.M.Minayev (Cənubu Federal Universiteti), /Rusya/: “R.M.Abbasovun dissertasiya işi üzvi reaksiyaların mexanizminin tədqiq edilməsi sahəsində fundamental elmi əsərdir''.
5. Türkiyə Bilimlər Akademiyasının həqiqi üzvü, professor Mətin Balçı, /Türkiyə/: “Qartalın hədəfi dağ zirvəsidir, Abbasoğlunun hədəfi isə elmin zirvəsidir. Bu xüsusiyyətlər onun kvant kimyasında əldə etdiyi naliyyətlərin mənbəyidir''.
6. Bakı Dövlət Universitetinin rektoru, akademik A.M.Məhərrəmov: “Rza müəllim öz əməyi və zəhməti ilə elm müstəvisində müəyyən səviyyəyə gəlmiş və özünə məxsus yeri olan alimdir''.
7. AMEA-nın müxbir üzvü, professor M.S.Salahov: “Rza müəllimin doktorluq dissertasiyasını öz doğma ana dilində yazması təqdirə layıqdır. Rza müəllimin dünya kvant kimyaçilarının arasinda özünə məxsus bir elm yoluna sahib olması qürurveriçidir. Müzakirəyə təqdim edilmiş dissertasiya işi və iddiaçı tərəfindən onun yüksək elmi səviyyədə təqdim edilməsi məni çox məmnun etdi''.
Rza müəllimin yabançı ölkələrdə çap olunmuş aktual məqalələrinə, bir çox dünya şöhrətli kvant kimaçı professorlar: Tim Clark /Almanya/, Stewart James /Amerika/, Jaroslav V.Burada /Çex Respublikası/, Irəm Csizmadia /Kanada/, Rivail Jean /Fransa/, Aleksander Pavko /Sloveniya/, Goverdhan Mehta /Hindistan/ xarici mətbuat səhifələrində yüksək dəyər altmışını tamamlayıb, 65 yaş istiqamətində elmin zirvələrinə doğru addım-addım irəliləyən Rza Məmmədbağıroğlu Abbasova kvant kimya elmi aləmində növbəti yeni nailiyyətlər diləyərək deyirəm: Ananın müqəddəs südü, atanın bərəkətli çörəyi sənə halal olsun, Dağlar oğlu! Yaz, yarat, zehnin açıq, qələmin iti olsun.
İlqar
İmamverdiyev,
sənətşünaslıq
doktoru, professor
Təzadlar.-
2015.- 8 yanvar.- S.15.