Cəmi on doqquz il yaşadı...

 

Sənan Əkbər oğlu Rüstəmov 1973-cü il yanvarın 11-də Ağdam şəhərində dünyaya göz açmış, burada böyüyüb ərsəyə çatmışdı. Şəhər 2 saylı məktəbdə oxuduğu dövrdə o, idmana böyük maraq göstərmiş idmançı kimi yetişmişdir. O, dəfələrlə respublika çempionatında doğma Ağdamın adını qaliblər sırasına yüksəltmiş, yarışlarda uğurlar qazanmışdır.

Sənan musiqiyə böyük həvəs göstərmişdi. Qarmonda ifa etdiyi xalq mahnılarını, bəstəkar əsərlərini dinlədikcə bu gənc oğlanın barmaqlarının yaratdığı möcüzələrə vurulmamaq olmurdu. Beləcə, idmançı musiqili bir ömür yaşadı. bu şən, şaqraq həyat pozulanda onun cəmi 15 yaşı vardı.

1988-ci ildə Qarabağın başının üstünü qara buludlar alanda Sənan ağlına belə gətirməzdi ki, vaxtsa o, vətən uğrunda həlak olacaq, şəhidlik kimi uca bir zirvəyə yüksələcək.

Sənan cəmi 19 il yaşadı. Amma bu on doqquz ili böyük bir tarixi ömür yaşadı. Günlərin birində ermənilərin Gülablıya hücum etməsindən xəbər tutub. hərbi hissəyə yollanıb, kəndin müdafiəsinə gedən dostlarına qoşulub.

Elə bu vaxt bizim vertolyotlardan biri düşmən tərəfindən vurulur. Paraşütlə atılan heyətin düşmən əlinə keçəcəyini görən Sənan bir neçə döyüşçü ilə onları xilas etmək üçün irəli atılır. Podpolkovnik azad edilir. Sənan ağır yaralanır. bu yaralar...

Ağdamda Şəhidlər Xiyabanında bir məzar var. Bu məzarda 19 yaşlı bir gənc uyuyur - Sənan Əkbər oğlu Rüstəmov. Bu gün yaşasaydı, Sənanın 41 yaşı tamam olacaqdı. Amma o, 19 yaşında əbədiyyətə qovuşdu. 22 ildir gedib onun məzarını ziyarət edə bilməsək , Allah Əkbər müəllimə ömür versin, o məzarların hamısını ziyarət edək.

 

Surxay Əlibəyli

Təzadlar.- 2015.- 10 yanvar.- S.13.