Yaddaşlara yazılan, tarixləşən əməllər...

 

 

Əmək fəaliyyətinə 1969-cu ildə Bərdə rayonu, “Kommunizim yolu” qəzetinin redaksiyasında korrektorluqla başlayan Hüseynov Rafil İsrafil oğlunun 1977-ci ildən 2012-ci ilə kimi çalışdığı vəzifələri sadalamalı olsaq, bir necə səhifəyə yer ayrılmalıdır. Ancaq buna bir elə də ehtiyac duyulmur...

 

İnsan övladı hər hansı vəzifədə öz səmimiyyətini qoruya bilirsə, tutduğu vəzifə həmin şəxsin boyuna biçilib”, -ifadəsi, haqqında söhbət acacağım insanın xarakterinin-təbiətinin göstəricisi olub, şəxsiyyətinə işıq tutan bir kəlam-aforizmdir.

40 ilə yaxın bir zaman ərzində, rayon qəzetinin əməkdaşlığından başlayaraq, hazırda icra başçısı kimi məsul vəzifə tutanbu vaxta kimi onlarca müxtəlif vəzifələrdə çalışan, müxtəlif xarakterli, səviyyəli insanlarla yoldaşlıq edən bir insanın, əsl ziyalının, jurnalistin, psixoloqun öz səmimiyyətini saxlaması, köhnə kişi olmağın, dədə-babalarımızın yolunu getməyin əyani təsdiqidir.

Yazımızın qəhrəmanı Hüseynov Rafil İsrafil oğlu 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində dünyaya göz açıb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, 1980-cı ildə ÜİLKGİ MK yanında AKM-ni, 1989-su ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakültəsini bitirmişdir. O, 2010-1012-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Keçid dövrünün, hələ başa çatmamış Qarabağ savaşının, məişətimizdə olan bir sıra müvəqqəti çətinliklərin insan psixologiyasına vurduğu mənəvi zərbənin zədələri, torpağımızın hər bir bölgəsində özünü açıq şəkildə biruzə verdiyi məlumdur.

Belə bir vaxtda hər hansı bir bölgədə səlahiyyətli vəzifədə çalışmağın psixoloji gərginliyi danılmazdır. İdarəetmə məktəbinin təcrübəli bir kadrı-mütəxəssisi Rafil Hüseynov qədim bir tarixə malik Masallıya icra başçısı təyin ediləndə, torpağımızın bir parçası olan, tarixi mənbələrdə bu toponimin “Məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər” mənasında anılmasını xatırladı...

Rafil müəllim yerli camaatın görüşünə getməklə, bu “məsəl çəkənlər” yurdunun ağsaqqalları ilə təmasda olub, arzu və istəklərini öyrənmək, məsləhətlərini dinləmək qənaətinə gəldi.

Bir rayonun təkcə inzibati rəhbərliyilə ayrı-ayrılıqda işlə bağlı görüşməkdən başqa, hər bir kəndin ağsaqqalarıyla ünsiyyət yaratmaq təqdirəlayiq hal kimi qəbul olundu.

Zəngin mədəniyyətə malik Masallıya zaman-zaman görkəmli siyasi xadimlər, sərkərdələr, mədəniyyət-sənət adamları gələrək bu məkanla yaxından tanışlığa önəm vermişlər. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Masallıya gəlişi tarixi faktlar sırasındadır.

Masallı rayonu respublikanın ən sıx əhali yaşayan rayonları sırasındadır. 212-min əhalisi olan bu rayon, az torpaqlıdır. Lakin torpağının az olmasına baxmayaraq, əkin sahələrinin bir hissəsinə taxıl və digər dənli bitkilər əkilməsi torpaq payçılarına səmərə vermir. Bütün bunları bir zəngin təcrübəli kənd təsərrüfatı mütəxəssisi, torpağın “diliniana dili kimi bilən Rafil müəllim məlum iqtisadi geriliyin aradan qaldırılması üçün yollar arayırdı.

Rayonda az torpaq sahəsindən daha çox gəlir götürmək üçün mümkün olan sahələrdə istixana təsərrüfatının yaradılması mövcud problemlərin həllində rol oynadı. 11 hektar istixana təsərrüfatının yaradılması öz iqtisadi səmərəsini vermişdir. 1 hektar istixanada 20 nəfər daimi işlə təmin olunursa, 11 hektar istixananın ümumi işçiləri 220 nəfər olur. Bu isə istixanaya cəlb olunmuş işçilərin sayının, taxılçılıqla müqayisədə bir dəfə artması deməkdir. Götürülən gəlirin isə yüz dəfələrlə çox olması real faktlara söykənir.

Rafil müəllimin icra başçısı kimi son iki il yarımda gördüyü işlər iqtisadi cəhətdən öz səmərəsini, bəhrəsini artıq verməkdədir. Rayonda faraş kartof əkini sahələrinin genişlənməsi məqsədilə görülmüş tədbirlər öz müsbət nəticəsini göstərmiş və kartofun idxal edilməsi problemi aradan qaldırılmışdır.

05 fevral 2014-cü il tarixli konfrasda Prezident İ.Əliyev geniş proqramlı çıxışında kənd təsərrüfatının hərtərəfli inkişaf yolunu göstərərək, bildirmişdir ki, bu sahədə struktur dəyişiklikərinin aparılmasına böyük ehtiyac vardır. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün, bu sahənin hərtərəfli irəliləyişi naminə müasir texnikanın alınması davam etdirilməlidir.

Ölkə rəhbərinin bu proqram xarakterli çıxışının müsbət təsiri Masallıda hər bir sahədə özünü göstərməkdədir. Sosial-iqtisadi imkanların rayonda artırılması sahəsində də planlı şəkildə əməli işlər görülməsi əhalinin rifah halını yüksəldən amillərdəndir.

İqtisadi inkişafın güclənməsi, heç şübhəsiz ki, sosial-mədəni yüksəlişin də təkanına səbəb olur. Masallı şəhərində son illər görülən abadlıq-quruculuq işləri ürək açandır. Azərbaycan, Talışxanov, Həzi Aslanov küçələrinin və bu küçələrdəki kommunal binaların fasadlarının, dam örtüklərinin dəyişdirilməsi, əvəzlənməsi işlərində də bir sıra nəzərə çarpan yeniliklər həyata keçirilmişdir.

Respublikanın əksər rayonlarının içməli su, su-kanalizasiya sisteminin problem olaraq qaldığı məlumdur. Masallı şəhərində bu sahənin yenidən əsaslı surətdə qurulub başa çatdırılmasının yüksək səviyyədə təşkili əsas vəzifələrdən biri kimi öz həllini bütövlükdə tapacağına böyük inam var.

Görkəmli dövlət xadimi H.Əliyevin bir vaxtlar mədəniyyət haqqında dediyi kəlam bu gün olduğu kimi, gələcək illərdə də öz aktuallığını saxlayacaq: “Xalq bir çox xüsusiyyəti ilə tanınır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Mədəniyyət barəsində deyilən bu kəlamla, Masallının bu günkü mədəni inkişafı səsləşir. Rayonda fəaliyyət göstərən, “Həcər” folklor ansamblı və “Göy qurşağı” poeziya kulubu öz fəaliyyəti ilə nəinki Masallıda, eləcə də respublika hüdudlarında tanınması da mədəni-mənəvi irsimizin inkişafının göstəricilərindən biridir.

Yüksək intellektual səviyyəsi ilə seçilən Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq, Beynəlxalq Folklor festivalı yüksək səviyyədə keçirilib. Öz tarixi qədimliyi, mədəni zənginliyi ilə Masallı bu festivala ev sahibliyi edib. Bu festivalda Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın da folklor kollektivləri iştirak etmişlər.

Masallı rayonunun inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi başa çatdırılmışdır. Belə ki, H.Əliyev mərkəzi yenidən qurulmuşdur. Rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri başa çatdırılmış, şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli,Talaşxanov, Qarabağ küçələrində geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Geniş-miqyaslı abadlıq-quruculuq işlərinin yüksək səviyyədə görülməsi gərgin əməyin, zəhmətin məhsulu olub, rayon sakinlərinin istifadəsinə verilməsi sosial-iqtisadi inkişafın aydın göstəricisidir.

İnkişaf etmiş ölkələrdə insan amilinin önə çəkilməsi, bir sivil yanaşma olub, insana göstərilən qayğı və verilən bir qiymətin təzahürü sayılır. Məhz bu baxımdan ölkə prezidentinin hər tərəfli qayğısı nəticəsində bölgələrin mədəni-maddi inkişafı, günümüzün reallığı olub, hərtərəfli inkişafın insan həyatına gətirdiyi rahatlığı, könül xoşluğunu tamamlayan amillərdəndir.

Bu yazımızda faktları rəqəmlərin diliylə göstərmək fikrindən uzaq olub, bir bölgə şəhərimizin-Masallımızın bu günkü inkişafına bir az işıq salmaq istədik. Ümumilikdə rayonun sosial-iqtisadi, mədəni-maarif, səhiyyə-təhsil və turizmlə yanaşı, təbiətin saflaşması yönündə yaşıllaşdırmanın artırılması sahəsində görülmüş geniş miqyaslı əməllərdən ətraflı danışmalı olsaydıq, bir sanballı kitab alınardı. Bir qəzet səhifəsində görülmüş işlərə bir anlıq güzgü tutub, şəhərin inkişafının görüntüsünü çanlandırmağa çalışdıq...

***

Az bir zaman kəsiyində, cəmi iki il yarımda Masallı rayonunun əksər kənd yollarının yenilənməsi və təmiri sahəsində çox böyük işlərin görülməsi alqışlanmağa layiq bir haldır.

Rayon ərazisində qazlaşmanın başa çatdırılması işi davam etdirilir. Rayon mərkəzi yenidən qurulub, ikinci həyatını, gözəl günlərini yaşayır...

Masallı kimi böyük bir rayona rəhbərlik etməyin ağırlığını açıqlamağa ehtiyac yoxdur. Hər bir işində ağsaqqal-böyük məsləhətinə önəm verən, ona inananların etimadını doğrultmaq üçün fədakarlıq nümunəsi göstərən, yerli sakinlərin yaddaşında özünə yer tutan Rafil Hüseynov kimi icra başçılarına, sinəsində torpağına, xalqına bir oğul məhəbbəti bəsləyən övladlara həmişə mənəvi ehtiyac duyulub...

***

Əsl ziyalı üçün torpağının yuxarısı, ortası və aşağısı olmur. Əsl ziyalı, öz övladına arzuladığını, yurdun balalarına arzulayır. Əsl ziyalının torpağına dəyən bir zədə, - bir barmağa dəyən zərbənin ürəkdə əks-səda verməsi kimi, əsl vətəndaş ziyalının ürəyində ağrıya dönür. Yuxarıdakı bir abzasımla məmur kürsüsündə öz səmimiyyətini qoruyub saxlayan bir duyğulu könül sahibinin, ürəyinin şəklini sözün rəngləriylə verməyə çalışdım...

***

...Masallı rayonunun icra başçısı Rafil Hüseynovun 21 fevral 2014-cü il tarixli hesabatına nəzərə salıb, rəqəmlərdən daha çox, ümumi görüntü yaratmaq istəyimiz, bu torpaq ürəkli, vətən canlı ziyalımızın Masallının hər qarışını ürəyinin oduyla qızdırdığı, fikrinin işığında gördüyü könül açan əməlləri yaddaşlara yazılıb, tarixə qovuşmaqdadır...

Nazim

Təzadlar.- 2015.- 10 yanvar.- S.7.