Elbəyi Cəlaloğlu ruhunun təntənəsi

 

“İnsanlar yalnız fitri istedadı, zəhməti ilə fərqlənib ucalır”

 

Yanvarın 15-də şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun 50 yaşı tamam olur. Bu günlərdə redaksiyamızın qonağı olan şairi elə bu münasibətlə təbrik etdik. Onunla səmimi söhbətimiz bizi fərqli mövzulara çəkdi...

 

- Elbəyi bəy, 50 illik yubileyinizi təbrik edirik.

- Təşəkkür edirəm, sağ olun.

- 50 yaşdan geriyə baxanda nələri görürsüz?

- Borçalı adlı bir mahalda doğulduğum, aşıq ailəsində keçirdiyim uşaqlıq çağlarından boy atan əlli illik bir ömrü görürəm. 50 yaş ömrün ən gözəl dövrüdür. Elə bir dövrü ki, arxaya boylananda uzun bir yol görünür. Qeyd etdiyim kimi, aşıq ailəsində doğulmuşam, atam aşıqdır. Evimizdə həmişə saz səsi eşitmişəm. Bəlkə də bu səbəbdən saz məni özünə çəkib. Hətta orta məktəbin üçüncü sinfində ikən keçirilən tədbilərdə saz çalırdım. 15 yaşına çatanda isə poeziyaya həvəsim gücləndi. Hələ üçüncü sinifdə oxuyanda “Yaz” adlı şeir də yazmışdım. O illərdə rəsm sahəsinə də meylim vardı. Dərsliklərdəki şəkilləri kağıza köçürərdim. Yuxarı siniflərdə hekayələr də yazmağa başladım. 80-ci illərdə artıq Gürcüstanın dövri mətbuatında şeirlərim dərc olunurdu. Əsgərlikdən sonra Marneuli rayonunda fəaliyyət göstərən “Dan ulduzu” ədəbi birliyinə üzv seçildim. Sonra Bakıya köçdüm və burada fəaliyyətimi davam etdirdim. 2006-cı ildən başlayaraq müxtəlif vaxtlarda üç şeirlər, “Mehralı bəy” (dastan-poema), “Göy ərləri, yaxud Borçalı türklərinin etnik tarixinə səyahət” (etnoqrafik-publisistik araşdırma), “Eşq dənizləri qovuşanda” (dərvişnamə) adlı kitablarım çap olundu. Əlinizdə olan “Haqq məndədi” adlı kitabım isə 2015-ci ilin ilk günlərində işıq üzü görüb. Bu kitabımda son dövrlərdə yazdığım şeirlər toplanıb.

Üç övladım, iki nəvəm var. Və bu gün arxaya baxanda mənalı bir ömür görürüəm.

- Bəziləri deyir guya şair, yazıçı korluq çəkəndə, ehtiyac içində yaşayanda daha yaxşı əsərlər yazır. Bu düşüncə nə dərəcədə məntiqlidir?

- Bu məntiqlə gərək mən əlimə qələm almayaydım. Çünki son illər istisna olmaqla ömrü boyu maddi ehtiyacım olmayıb. Atam işləyib qazanıb, gözəl kənd həyatı yaşamışıq. Daha sonra özüm davamlı işləmişəm. Kənd şəhər həyatı kimi deyil. Şəhərdə addımını evdən bayıra atırsan, hər şey üçün pul xərcləməli olursan. İki ilimi Ukraynanın Donetsk şəhərində yaşamışam. Orada texniki peşə məktəbində avtomobil təmiri üzrə həm təhsil alıb, həm də işləmişəm. Sonra iki il Rusiyanın Sverdlovsk vilayətinin Nijni-Taqil şəhərində hərbi xidmətdə oldum. Əsgərlik həyatım da çox maraqlı keçib. Bu barədə hətta povest də yazmışam, inşallah, yaxın vaxtlarda oxuyarsız.

- Qeyd etdiyiniz kimi, aşıq ailəsində böyümüsünüz. Bəs necə oldu ki, yaradıcılığınızı tamam başqa istiqamətdə inkişaf etdirdiz?

- Bildiyiniz kimi, insanlar yalnız fitri istedadı, zəhməti ilə fərqlənib ucalır. Və belə insanlar adətən həmişə özlərini axtarır. Mən də müxtəlif sahələrə meyil etməklə özümü axtarırdım. Əvvəlcə özümü sazda tapdım. 1980-ci ildə Gürcüstanda keçirilən incəsənət olimpiadasında saz ifaçısı kimi ən yüksək mükafat aldım. Ən yüksək mükafat bürünc medal idi. O mükafata layiq görülən üç nəfərdən biri mən oldum. Ondan sonra bədii yaradıcılıq dövrüm başlandı.

Bilirsiniz, mənim xarakterimdə elmlə yüksəlmək var, elmə çox bağlı olmuşam. Saz ifaçısı olsaydım, dastanlara yönələcəkdim. Dastanlar da romantizm dövrünün məhsuludur. Mən də romantizmdən kənara çıxmağa çalışdım. Bu gün aşıqlarımız şikayət edir ki, cəmiyyət aşıq sənətini qiymətləndirmir, onları irəli çəkmir. Əgər aşıq heç bir yenilik etmirsə, niyə irəli çəkilməlidir ki? İllər öncə ustadlarımız nə yaradıbsa, indiki aşıqlar onları təkrarlayır. İndi bir aşığa meydan versən ki, bir dastan danış, onu üç saata danışacaq. Yaxud, istənilən aşığa bir sual verib görürsən ki, o sual ətrafında on dəqiqə danışır. Halbuki bu gün bir misra ilə şeir yazan ustalar var. Yəni fikir, ifadə konkret, lakonik olmalıdır. Ancaq aşıqlar bunu nəzərə almır. Hesab edirəm ki, çağdaş zamanda aşıqlar istəyirsə ki, onlara vaxt ayırsınlar, beş-on dəqiqənin içərisində bir neçə saz havasını ifa etməlidirlər. Belə olsa, cəmiyyət məmnuniyyətlə onları dinləyər. Çünki indi yenilik, novatorluq dövrüdür. Ancaq mənim aşıq sənətinə meyil etməməyim bununla əlaqəli deyil. Aşıq ifaçısı kimi yolumu davam etdirsəydim, ola bilsin bu sənətə yeniliklər gətirə bilərdim. Lakin ədəbiyyata meyil etdim. Və “Mehralı bəy” dastan-poemasını yazdım. Bu əsəri yazmaqda məqsədim tarixi qəhrəmana dönmüş Mehralı bəyi tarixin yaddaşına həkk etməkdir. Həqiqətən də böyük qəhrəmanlıqlar göstərmiş Mehralı bəy Koroğlu, Qaçaq Nəbi kimi haqsızlığa dözməyərək, əsasən rus işğalçlarına qarşı vuruşub.

“Eşq dənizləri qovuşanda” dərvişnamə əsərim isə dahi türk sufi şairləri Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumiyə həsr olunub. Bu əsərimdə təsəvvüf fəlsəfəsindən ətraflı söz açmaqla yanaşı, XIII əsr Anadolu Səlcuq tarixinə də kifayət qədər işıq salmağa çalışmışam.

 

“Əsərdə müəllifin özü yox, məqsədi görünməlidir”

 

- Son dövrdə ölkəmizdə şair, yazıçı bolluğu yaşanır. Kimi dindirirsən, ya şeir, ya hekayə, ya da roman yazır. Əsl şair, yazıçı kimi tanınmaq çox çətindir. Sanki ədəbiyyatda bir xaos yaranıb, yaxşı ilə pisi ayırd etmək çətinləşib.

- Çox doğrudur. Bu, hazırkı dövrümüzün ən diqqət çəkən məsələlərindəndir. O da var ki, Azərbaycan xalqı əvvəldən şeir yazmağa meyilli olub. Romançılıq ədəbiyyatımızda XIX əsrin axırlarından başlayıb. Ancaq ta qədimdən divan ədəbiyyatımız mövcud olub. Nizami Gəncəvi, Xəqani Şirvani, Xətib Təbrizi dövründən üzü bəri nəhəng şairlərimiz olub. Onu da qeyd edim ki, VII-VIII əsrlərdə yaşayıb-yaratmış və məvali şairlər adı altında ədəbiyyat tarixinə daxil olmuş Musa Şəhəvat, İsmayıl ibn Yəsar və Əbül-Abbas əl-Əma kimi azərbaycanlı şairlər ərəbdilli poeziyanın inkişafında mühüm rol oynayıblar. Bununla yanaşı, onlar öz xalqlarının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olub.

Onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni səviyyəsindən heç də geri qalmayıb, bir çox millətlərin birgə səyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni keyfiyyətlər kəsb etməsində, forma və məzmunca dərinləşməsində, ictimai və siyasi həyata dərindən nüfuz etməsində öz faydasını əsirgəməyib.

Sizin sualınıza gəlincə, həqiqətən indiki dövrdə çoxu şeir yazır. Bizim romantizmdən gəlmə şeir yazma forması var. Yəni istənilən şair dağ, qartal, çay, dəniz, bülbül və s. mövzulara müraciət edib. Və bir də görürsən ki, iyirmi bənddən ibarət mənasız şeir yazırlar. Axı bunu kim oxuyacaq? Əslində şeir üç bənddən ibarət olsa, daha yaxşı olar. Birinci bənddə problemi qoyursan, ikinci bənddə problemi yaradan mühiti təqdim edirsən, sonuncu bənddə isə problemdən çıxış yollarını göstərməlisən. Əgər nəsr əsəri yazırsansa, yaxud bir əhvalatı danışmaq istəyirsənsə, onu maraqlı etməlisən, necə olmuşdu, o əhvalatı yaradan mühit və nəticə. Yəni əsər qısa olmalıdır ki, oxunsun. Şeirlə poemanın fərqi olmalıdır.

- Sizdə belə şeirlər varmı?

- Əlbəttə, var.

 

Nə qədər ki, yanımdaydın, sevgilim,

Deyirdim ki, ötəri bir həvəsdir.

Hicrət etdin gözlərimdən qəflətən,

Anladım ki, sənsiz ömrüm əbəsdir.

 

Görən deyir, - bu nə haldır düşmüşəm, -

Gündən-günə solurammış, sən demə.

Ətəyindən tök daşları, qayıt gəl,

Səndən ötrü ölürəmmiş, sən demə.

 

At çapırsan qəm çölündə könlümün,

Üzəngiylə döyəcləyib qarnına.

Gəl barışaq, yəhər üstdən sən əyil,

Mən də qalxım ayağımın burnuna.

 

Belə bir şeirim də var ki:

 

Bu fani dünyadan qürub edəndə,

Tanrı aləmində doğulacağam.

Cismim gömüləcək qara torpağa,

Sağlam toxum kimi doğrulacağam.

Ölümsüz olmağın sübutu üçün

Bir ana bətninə sovrulacağam.

Allahın bənzəri saf insan kimi

İlahi nurlardan yoğrulacağam,

Həyata yenidən doğulacağam.

 

Nə qədər sərbəstliyi və sadəliyi xoşlasa da, quruluş baxımından sistemliliyə sadiq qalan bədii əsərlərin yazılması müəllifdən fitri istedadla yanaşı, böyük cəsarət, yüksək təhsil və peşəkarlıq da tələb edir. Çünki əsəri oxuyarkən müəllifin özü yox, məhz məqsədi görünməlidir. Bədii əsər sistemində əsasən üç mərhələ qabardılmalıdır. Birincidə, problem qoyulur, ikincidə, problemin yaratdığı mənzərə göstərilir, üçüncüdə isə, problemdən çıxış yolları aydınlaşdırılır. Buna teorem kimi yanaşsaq, o zaman bədii əsəri riyazi tənliklə müqayisə etmək olar. Beləki, əgər bədii əsəri x-lə işarələsək, onun ayrı-ayrı fərdlərin canlı həyatda yaşamış olduğu, yaxud da yaşadığı ehtimal olunan hadisələr cəminin yazıçı təfəkkürünə hasilindən alınan nəticənin əsərdə yaradılmış obrazların nisbətinə bərabər olduğunu demək olar. Belə isə, müasir yazar mətbəxində oxucusunun mənəvi mədəsini zövqlə doyura biləcək, dadı oxucusunun mənəvi damağında qalacaq “ləziz yeməklər” hazırlamağa qadir olmalıdır.

 

“Bəs yazıçı, şair nə ilə dolanmalıdır?”

 

- Səhv etmirəmsə, sizin yaradıcılığınızda tarix, fəlsəfə daha qabarıq şəkildə özünü büruzə verir.

- Bayaq dediyim kimi, yaranmış əsər oxucuya nəsə deməlidir. Elə şairlər var ki, gözəlliyin təsvirini daha çox qabardırr. Amma şairlər də var, daha çox tarixə, fəlsəfəyə üstünlük verir. Əsərin ruhu olmalıdır, yəni sənə nəsə deməlidir. Əsəri oxuyandan sonra heç nə yadda qalmırsa, o, əsər deyil.

- Kitab təqdimatlarının keçirilməsinə necə baxırsınız?

- Normal yanaşıram. Bilirsiz, mən fikirləşirəm ki, ədəbiyyat və mədəniyyətin hansı sahəsindən asılı olmayaraq sənətlə, yaradıcılıqla məşğul olan hər bir insanın cəmiyyətə təqdim olunmasına ehtiyac var. Ancaq mən problemi başqa şeydə görürəm. Xeyli sayda tanınmış, ölkədən kənarda çap olunan şair və yazıçılarımız var. Təəssüf ki, onlar televiziyalarda az hallarda görünür. Çünki əsasən şou əhli efiri zəbt edib. Müğənni efirə çıxaraq tanıınır, sonra da toylara gedib pul qazanır. Bəs yazıçı, şair nə etməlidir, nə ilə, necə dolanmalıdır? Bax, əsas problemlərdən biri budur. Əvvəllər senzura olsa da, kitablar dövlət tərəfindən nəşr olunurdu, müəlliflər kifayət qədər qonorar alırdı. Dövlət hesabına yaradıcılıq ezamiyyətlərinə, istirahətə, müalicəyə göndərilirdi. Bəs indi yazıçılar, şairlər sosial problemlərini necə həll etməlidir?

- Mətbuatda Azərbaycan Yazıçılar Birliyi ilə bağlı təzadlı fikirlərə rast gəlinir, yəqin, siz də o deyilənlərlə tanışsınız. Fikrinizcə, bu qurum barəsində deyilənlər həqiqətə nə dərəcədə uyğundur?

- Birliyin üzvü olsam da, az hallarda ora gedirəm. Lakin Yazıçılar Birliyinin əleyhinə də deyiləm. Sadəcə, daha çevik və nüfuzlu bir quruma çevirmək olar. Yazıçılar Birlyinin işi təkcə kitab çap edib, onu təqdim etməkdən ibarət deyil. Yazıçılar Birliyinin işi həm də yazıçıların, şairlərin sosial problemdən necə çıxmasına yollar aramalıdır.

- Bir gün televizordan bir şairə yüksək ad və medal verildiyini eşidən dünya şöhrətli alim Xudu Məmmədovun dostlarından biri ona zəng edir. Həmin şairin Xudu müəllimlə olan münasibətini nəzərə alıb, hətta böyük alimi muştuluqlayır da. Xudu müəllim dostunu dinlədikdən sonra cavab verir ki, doğrudan da maraqlı işdir, görmüşük, şairin Nəsimi kimi dərisini soyarlar, Füzuli kimi dərdə salarlar, Müşfiq kimi güllələyərlər, Cavid kimi sürgün edərlər, ancaq bu gün şairə ad-san, medal verirlərsə, deməli, düşünməyə dəyər...

- Bu barədə, əlbəttə, düşünməyə dəyər. Fitri istedad, yüksək helm və elm sahibləri zamanını qabaqlayan fikir sahibidir. Onlar adi insanlardan fərqli olaraq, cəmiyyəti daha üstün dəyərlərə malik görmək istəyir və bununla bağlı öz ideyalarını həyata keçirmək, yeni sferaya inteqrasiya etmək barədə düşünürlər. Cəmiyyətin mövcud psixoloji durumu qeyri-adi istedad sahibini qane etmədiyi kimi, cəmiyyət də öz növbəsində dünyaya xüsusi missioner kimi gəlmiş Allah bəndələrini həzm edə bilmir və onu “dəli”, “ağılsız” adlandırır, “niyə çörək pulu dalınca düşmür?” deyə qınayırlar. Lakin anlamırlar və ya anlamaq onlara sərf etmir ki, ictimai düşüncəni gəlişdirən, bəşəri daha aydın qatlara yüksəldən həmin bu “dəli”lərdir. Tarixən böyük fikir sahiblərinin, Haqq carçılarının, o cümlədən peyğəmbərlərin, imamların, övliyaların, filosofların, şairlərin işgəncələrə, edama məruz qalması da elə bununla əlaqədar baş verib.

 

“Yazıçı və şairlərin sosial vəziyyətinə müsbət təsir etmək üçün bir model təklif edə bilərəm”

 

- Elbəyi bəy, bütün dünyada maliyyə və düşüncə böhranı yaşanır. Təbii ki, Azərbaycanda da nevrotik durum və labrint düşüncə, qələm əhlinin sosial problemləri boy göstərir. Bu istiqamətdə həll, çözüm və təklifləriniz nələrdən ibarətdir?

- Yazıçı və şairlərin sosial vəziyyətinə müsbət təsir etmək üçün bir model təklif edə bilərəm. Belə ki, hökumət səviyyəsində konusvari üçmərtəbəli, yaxud üçmərhələli bir komissiya təşkil etmək olar. Demokratik quruluşda yaşadığımıza görə bu prosesin adını “senzura” yox, “müsabiqə” qoya bilərik. Bu komissiyada yuxarı mərtəbədə 9, ondan aşağıda 18, üçüncüdə isə 27 nəfər olmaqla, müxtəlif sahə alimlərinin də iştirak etməsi şərtilə, əsasən filologiya üzrə alimlər və tənqidçilərdən ibarət heyət təmsil olunmalıdır. Əsərlərin seçim məsələsinə gəldikdə, ədəbi şöbəsi olan müxtəlif qeyri-hökumət və hökumət təşkilatları öz yazar üzvlərinin işıq üzü görmüş, diqqət çəkən kitablarını, eləcə də nəşriyyat və mətbəələr çap etdiyi kitab nümunələrindən öz daxili şurasının qərarı ilə uyğun hesab ediləni komissayının aşağı mərtəbəsinə təqdim etməlidir. 27 nəfərlik komissiya hər doqquz kitabdan birini seçməklə özündən yuxarıdakı mərtəbəyə ötürür. 18 nəfərlik komissiya öz növbəsində hər altı kitabdan birini seçməklə üst mərtəbəyə ötürür. Doqquz nəfərlik sonuncu komissiya isə hər üç kitabdan birini seçməklə müəyyən olunmuş siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir. Mədəniyyət və Turizm Nazirliyi isə təbii ki, Prezidentin təsdiqinə göndərir. Burada nəyi müşahidə etmiş olarıq? Əgər il ərzində komissiyanın aşağı mərtəbəsinə 3240 kitab daxil olarsa, onlar 360-nı seçib özündən yuxarıdakı mərtəbəyə ötürəcək. O da öz növbəsində 60-nı ən yuxarıdakı mərtəbəyə ötürəcək. Sonuncu isə 20 kitabı və ya onların müəllifini qalib olaraq müəyyən edəcək. Beləliklə, hər il 20 yazar kitabının səhifə sayının nisbətinə uyğun olaraq müəyyənləşdirilmiş qiymətlə mükafatlandırılacaq. Mükafatın məbləgini müəyyən edərkən nəzərə alınmalıdır ki, bir əsər minimum 3-4, maksimum 10 və daha çox ilə ərsəyə gəlir. Əsərə sərf olunmuş əqli əməyin müddətini ortalama 4 il və ya 48 ay götürsək, o zaman müəyyən edilmiş məbləğ orta aylıq əmək haqqının 48 aya hasili qədər olmalıdır. Bu əməliyyatın tətbiqi həm yazarlar arasında rəqabətə səbəb olar, həm qrafomaniyanın, metromaniyanın baş alıb getdiyi bir dövrdə ictimaiyyətimizə yazarı “yazar”dan asanlıqla fərqləndirən münbit bir şərait yaradar, kitablar öz oxucusunu tapmış olar, həm də seçilmiş yazarlar sosial problemlərdən bir qədər xilas olarlar. Lakin vurğulamalıyıq ki, bu sistemin saflığı rüşvətxorluq virusundan qorunmalıdır.

 

“Varlı yeyib-içəndə kef edir, kasıb yeyib-içəndə əyyaşlıq edir, deyirlər”

 

- Guya şairlər içməsə, ilham pərisi gözə görünmür. Bu, doğrudanmı belədir?

- Ümumiyyətlə, cəmiyyətdə belə bir şey var ki, varlı yeyib-içəndə kef edir, kasıb yeyib-içəndə əyyaşlıq edir, deyirlər. Niyə düşünürük ki, yazıçı, şair içməməlidir, ürəyi belə istəyir içir. Bizim yazıçı və şairlərin 99 faizi kasıb olduğuna görə onlar haqqında belə düşünürlər. Əgər onlar da imkanlı olsaydı, deyərdilər ki, kef edir. Elə məqamlar var ki, nəyisə günlərlə, aylarla düşünüb tapa bilmirsən. Amma bəzən bir dostun gəlir, 50\-50 içirsən və daha sürətlə düşünməyə başlayırsan. Amma bunu birbaşa ona bağlamaq olmaz ki, yazmaq üçün mütləq içmək lazımdır. Belə deyil. Çünki içkili yazılan əsər elə içkili olacaq.

- Yeri gəlmişkən, yaradıcılığınızın ən məhsuldar dövrünü hansı illərə aid etmək olar?

- Hesab edirəm ki, mənim yaradıcılığımın məhsuldar dövrü 2006-cı ildən başlayıb və davam etməkdədir. Gözəl mövzularım var, amma sosial problemlər, kirayənişin həyatı bunları yazmağa imkan vermir. Sözümün məğzi odur ki, sanballı əsərlərin sayını xeyli artırmaq olar.

 

“Nəfs olmadan bədənlə ruh ətalət halında olardı”

 

- Amma insanlar həmişə düşünürlər ki, görəcəkləri ən yaxşı günlər hələ qabaqdadır...

- Həyat insanın düşdüyü bir lillikdir, bataqlıqdır. Oradan çıxmaq üçün insan özünə yol axtarmalıdır. Həm də bu yol məkr, hiylə ilə yox, sevgi ilə, eşq ilə başlamalı və sonacan davam etməlidir. Elə şeylər var ki, onlar həzz verir, həzz alanlar da var. Həzz almaq gözəl şeydir, lakin insan bundan nəşələnməli yox, əksinə həzz verməyi öyrənməlidir. Həzz verənlərdən olmaq Allahın sevimlisi olmaq deməkdir. Məsələn, gül heç nədən həzz almır, amma həzz verir. İnsan ədəbi, elmi, təfəkkürü, müdrikliyi, kamilliyi, təvazökarlığı, səxavəti, mərhəməti, səbri və vicdanı ilə həzz verə bilər. Bu həzz Allaha qədər gedib çıxar və ulu Yaradan həmin insanı yaratdığından məmnun olar, yəni Allah həmin insandan razı qalar.

İnsan üç hissədən ibarətdir - bədən, ruh və nəfs. Nəfs olmadan bədənlə ruh ətalət halında olardı, yəni insanla əşya fərqlənməzdi. Bu mənada, ruhla bədən nəfsə sahib olmaq uğrunda mübarizə aparır. Bədənlə ruhu inersiya vəziyyətindən xilas etməklə katalizator rolunu oynayan nəfs əslində insanın yaşamasına bir vəsilədir. Bu mübarizədə ruhun silahı ağıl, nəfsin silahı isə dünya həzzidir. Ruhun təntənəsi bədənin məğlubiyyəti üzərindədir. Əgər ağıl dünya həzzinə üstün gəlib, onu özünün quluna çevirməyi bacararsa, demək, ruh bədən üzərində qələbə çalıb. Bu, o deməkdir ki, ruh bədənin önündədir, ruhun təntənəsi təmin olunub. Ruhun mənəvi bütövlük, əxlaqi saflıq, elmi kamillik, səbir dəfinəsi, təvazö dəryası, vicdan qaynağı, nur mənbəyi kimi qavranılmaqla önə verilməsi əsas şərt kimi qəbul olunarsa, insan Allahın sevimlisinə çevrilər, Onun seçilmişlərindən olar. Belə halda ulu Ruh, yəni Allah heç zaman insanı darda qoymaz. Bədənin ruhu önləməsi isə, insanın cəhalətə yuvarlanmasıdır. Ata oğlunun biqeyrət olmasından əziyyət çəkdiyi kimi, Allah da bədənə ram olmuş nəfsinin qulu olan bəndəsindən xoşlanmaz. Dünyada isə əvəzi olmayan bir addım, bir hərəkət, bir davranış yoxdur. Haqla görülən işin əvəzi mükafat, günahın cavabı cəzadır.

- Elbəyi bəy, bir daha yubileyinizi təbriklə sizə və sizi sevənlərə əziz Allahdan ən gözəl nəsiblənmələr diləyirik.

- Çox sağ olun. Mən də “Təzadlar”ın rəhbəri Asif bəyə və onun timsalında qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıram.

 

Elbar ŞİRİNOV

Təzadlar.- 2015.- 13 yanvar.- S.12-13.