ŞƏHID
QARDAŞ
Bir qiyamçı ömrü düşüb taleyimə…
Qiyamçıyam!
Haqsızlığa, rəzalətə,
dayanmıram…
Üsyançıyam!
Baxan yoxdur gileyimə,
üzülürəm.
Haqq yolunda əzilirəm!
Susammıram -
saxtakarlar həqiqəti
danan yerdə.
Susammıram -
insanların ürəkləri
dərd əlindən
yanan yerdə.
Haqsızlığa çoxlarıtək
mən də baxıb keçəmmirəm!
Cəlladların qan qoxulu əllərindən
badə alıb içəmmirəm.
Bir qiyamçı ömrü
düşüb taleyimə…
Tapdaq olmuş torpaqlarım qan ağlarkən
mən toy-büsat qurammıram.
Haqq yolunda ölənlərin məzarına
yan çevirib durammıram.
Sakit-sakit
baxammıram
solğun şəhid
balasının üzünə
mən.
Bu millətin dərdlərinə
dözəmmirəm,
sarsılıram ürəyimdən.
Sən də rahat yatammırsan,
Şəhid qardaş!
Günahsızca ölənlərin qanlarına
şahid qardaş!
İntiqamı alınmayıb daş
məzarda yatanların!
Başlarına çevrilməyib sarayları
Vətənini satanların,
torpaq, torpaq deyə-deyə
sinəsinə döyənlərin,
üstü bəzək,
altı təzək işlər görüb
özlərini öyənlərin!
Arzuları, diləkləri nakam
qalan
Şəhid qardaş!
Mənim
ilə yaşıd qardaş!
Mən sənin də əvəzindən yaşayıram…
Acılarla tar-mar olan bu sinəmdə
iki ürək daşıyıram.
Rahat uyu!
Yazacağam ikimizin yerinə
mən!
Yazacağam
Vətənimdən,
millətimdən…
Hər nə yazsam düz yazacam…
Namərdlərin sinəsinə basacağam
köz, yazacam!
Dönməyəcəm öz yolumdan!
Elə mən də şəhid olum – söz yolunda!
Qoy, bir kimsə deyəmməsin
hisslərimdə yalançıyam.
Bilsinlər ki,
Nizamilər kökündənəm,
Nəsimilər soyundanam,
Üsyançıyam!
Üsyançıyam!
(20 yanvar şəhidi şair, publisist Ülvi Bünyadzadənin
xatirəsinə)
Afaq Şıxlı
Təzadlar.-
2015.- 17 yanvar.- S.11.