“Övladlarım istəmir camaat
bilsin ki, onların atasıyam”
“Xalq artisti adını aldığım gün qardaşım dünyasını dəyişdi”
Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın xalq artisti Hacı İsmayılovun APA-ya müsahibəsi
- Hacı müəllim, əhvalınız necədir?
- İş olanda özümü yaxşı hiss edirəm. Bekarçılıq adamı darıxdırır. 2014-cü il mənim üçün əlamətdar oldu. O mənada ki, keçən il 70 yaşım oldu, Teatr Xadimləri İttifaqının sədr müavini seçildim. Bundan başqa, Cəfər Cabbarlının bir çox əsərlərində oynamışam, ona görə keçən il “Cəfər Cabbarlı mükafatı”na layiq görüldüm. İndi həm Teatr Xadimləri İttifaqında, həm də Akademik Milli Dram Teatrında çalışıram.
- İlk mükafatınızı nə vaxt almısınız?
- 1977-ci
ildə Rasim Ocaqovun “Ad günü” filminə çəkildim.
O film mənim üçün çox uğurlu oldu. 1980-ci ildə “Ad günü” Dövlət
Mükafatına layiq görüldü. Yadımdadır,
yanvarın 26-da ulu öndərimiz, o vaxt respublikaya rəhbərlik
edən Heydər Əliyev həmin mükafatı filarmoniyada
şəxsən mənə təqdim etdi. Bu, mənim həyatımda sevincli, unudulmaz və bir
ömrə bərabər gün idi. O sevinci mən indi də
yaşayıram.
- Birinci
mükafatı alanda keçirdiyiniz həyəcanı sonrakı
mükafatlarda yenə yaşadınız, yoxsa belə şeylər
getdikcə adiləşir?
- Yox, deməzdim
adiləşir. Aktyorlar fəxri adları,
mükafatları xoşlayır. Birinci
mükafatımı alandan xeyli sonra əməkdar artist, 2000-ci
ildə isə xalq artisti fəxri adına
layiq görüldüm. Böyük
qardaşım sənətdə qazandığım
uğurlara görə çox sevinirdi,
yaradıcılığımı izləyirdi. Məsələn,
şəhərdə kimsə məni tanıyanda, salam verəndə qardaşım qürur hissi
keçirir, mənimlə fəxr edirdi. Təəssüf ki,
xalq artisti adına layiq görülən
gün qardaşım dünyasını dəyişdi. Yasa gələnlər bilmirdilər, məni təbrik
etsinlər, yoxsa başsağlığı versinlər.
Heyif ki, qardaşım həmin günü
görə bilmədi.
- İstəyirəm,
böyüdüyünüz ailə və mühit haqqında
danışasınız...
- Mən
İçərişəhərdə böyümüşəm.
Atam dənizçi idi, 40 il gəmidə
çalışıb. Anam bəy nəslindən
olub, orta təhsili olmayan evdar qadın idi. Əslən
Masallıdan, Mircavad bəy Talışxanovun nəslindədir.
Mən Mircavad bəy Talışxanovun
bacısının nəvəsiyəm. Bəylərə
qarşı repressiya başlayanda Bakıya köçüblər,
Suraxanıda və başqa yerlərdə məskunlaşıblar.
Anam Bakıda atamla tanış olub, ailə
qurublar və 1944-cü ildə mən dünyaya gəlmişəm.
Ailəmiz o qədər də yaxşı
yaşamırdı, atam maaşı ilə ailəni birtəhər
dolandırırdı. Uşaqlıq, gənclik
dövründə əynimdə plaşım, başımda
papağım olmayıb. Tələbə
vaxtı, hətta teatrda təzə-təzə işləyəndə
cibimdə bəzən 3-5 qəpiyim olmurdu ki, trolleybusa verib evə
gedim. Amma o çətinliklər məni
sındırmayıb, əksinə, daha dözümlü, əzmkar
olmuşam.
- Maddi
sıxıntını necə yaşınızdan sonra
özünüzdən uzaqlaşdırdınız?
-
Çox gec. Düzdür, maaşla birtəhər
dolanmaq olurdu, amma palto, kostyum, ayaqqabı almağa çox vaxt
pul qalmırdı, qardaşımın paltarlarını
geyinirdim. Bu evlənənə qədər
olub. Subaylığın daşını
atandan sonra vəziyyətim bir qədər düzəldi.
Bəxtim onda gətirdi ki, məni kinoya çəkdilər,
dublyaja cəlb etdilər. Sonralar lap yaxşı oldu. Prezident təqaüdləri təsis olunandan sonra
maddi vəziyyətimiz bir qədər
yaxşılaşıb. O mənada ki,
arxayınlıqdır, əziyyət çəkmirik.
- Nə
vaxtdan hiss etdiniz ki, tanınırsınız, küçədə
adamlar sizi göstərib deyir ki, o gedən Hacı
İsmayılovdur?
- (Gülür) Məktəbdə də, dərnəyə
gedəndə də ürəyimdə bir hiss vardı ki,
başqalarından seçilim. Öz-özümə
fikirləşirdim, hansı sənəti seçim ki, məşhur
olum. Ona görə aktyorluğa meyl etdim.
Sonralar gördüm ki, seçimimdə düz
etmişəm. Məni
tanıyırdılar, hörmət edirdilər. Amma
sonralar bu məni bezdirdi ki, bu nədir, hamı tanıyır, adam rahat ola bilmir. Peşəkar
olandan, püxtələşəndən sonra isə sevinməyə
başladım ki, insanların mənə münasibəti
müsbətdir, sevirlər, hörmət edirlər. Məsələn,
tanımadığın adam yolda sənə
salam verirsə, bunu izah etmək çətindir. Deməli, həyatda nə isə edə bilmişəm.
- Sizi “Ad
günü” filmi məşhur edib. Yəni məşhurluğa
görə, məncə, teatra yox, daha çox kinoya minnətdar
olmalısınız...
- O filmə
qədər teatr tamaşaçıları məni
tanıyırdılar. Amma, əlbəttə,
daha böyük məşhurluq həmin filmdən sonra məni
tapdı.
- Bəs
insanlar sizi tanımayanda hansı hissləri keçirirsiniz?
-
(Gülür) Bir az məəttəl
qalıram ki, nə əcəb bu adam məni tanımır? Bu
qabaqlar olmurdu, amma son zamanlar görürəm, cavanlar
üzümə baxırlar, onlara tanış
gəlsəm də, kim olduğumu tam aydınlaşdıra
bilmirlər. Bu yaxınlarda həyətdə yeddinci-səkkizinci
sinifdə oxuyan bir oğlan yaxınlaşdı ki, mənə
tanış gəlirsiniz, siz bəstəkarsınız?
Dedim, hə, oğlum, bəstəkaram (Gülür). Bir dəfə toya tələsirdim, yol polisi
saxladı. Gördüm, bir az qabaqda
polislərdən biri başqa maşını da saxlayıb. Tanınmış aktyoram, düşdüm
maşından, “salam-əleyküm salam”dan sonra
özümü təqdim elədim. Gördüm yox, bu adam mənə xam baxır. Dedim,
tanımadın məni, dedi, yox. Məəttəl
qaldım ki, necə yəni tanımırsan, kinoya, televiziyaya
baxmırsan? Fikirləşdim ki, bu ya mənimlə
zarafat edir, ya da tərs damarı tutub. Xeyli
danışandan sonra qabaqdakı polis qayıdıb gəldi, mənimlə
görüşdü, hal-əhval tutandan sonra qayıtdı
ki, Hacı müəllim, buna fikir vermə, uzun müddət
Özbəkistanda işləyib, indi gəlib Bakıya, ona
görə sizi haradan tanısın?
- Deməli,
polislərlə yola gedirsiniz...
- Yol
polisləri mənə o qədər hörmət edib ki. Bəzən
adam tələsdiyindən xətti
tapdayır, qaydanı pozur, amma saxlayıb görəndə
ki, mənəm, yola salırlar.
- Yol polis
sonuncu dəfə sizə nə vaxt protokol tərtib edib?
- Haradasa,
15-20 il bundan qabaq. Tanımayıb, deyib,
yazacağam, mən də demişəm, yazırsan, yaz! Bir-iki dəfə radara düşmüşəm,
amma özləri deyib, heç nə lazım deyil, gedin.
- Hacı
müəllim, yaşıdınız olan aktyorlardan kiminsə
istedadına görə qibtə etdiyiniz olub?
- Məndə,
ümumiyyətlə, qibtə hissi yoxdur, heç kimi də
ideallaşdırmıram. Sadəcə,
istedadlı aktyorlardan nələrsə götürürəm,
öyrənirəm. Məsələn, Səməndər
Rzayevdən, Yaşar Nuridən, Səyavuş Aslandan öyrəndiyim
şeylər olub. Mənim öz yolum, sənət
meyarım var.
- Sənətinizdən
küsdüyünüz vaxtlar necə, olub?
-
Küsdüyüm yox, həvəsdən
düşdüyüm vaxtlar olub. Keçid
dövründə çətinlik idi, amma heç vaxt
ağlıma gətirməmişəm ki, teatrdan gedim. Bəzən sənət dostlarım arasında
inciklik, anlaşılmazlıq olub. Ancaq
bunlar heç vaxt mən tərəfdən olmayıb.
Sadəcə, onların mənə münasibətində
qeyri-müəyyənlik görmüşəm və fikirləşmişəm
ki, bu adam mənə düzgün qiymət
vermir. Son vaxtlar bəzi adamların münasibətini görəndə
adam pis olur. Bir də
xoşlamıram ki, kimsə məndən sui-istifadə etsin.
- Sizdən kim sui-istifadə edib?
- Olub, belə
şeylər olub. Dostlar arasında da olub, ancaq
onların adını çəkmək istəmirəm.
Əvvəl elə bilirsən, doğrudan da səndən
kömək istəyir, sonra başa düşürsən,
yox, belə deyil, bu adam öz işinə
görə səndən istifadə edir.
- Qohum-əqrəbanın
xahişləri tez-tez olur?
- Əlbəttə! Ən çox yoldaşımın
qohumları xahiş edir (Gülür). Qayınlarıma,
onların uşaqlarına kömək etmişəm.
Öz tərəfimin qohumlarından çox az
olub. Məsələn, deyiblər, xeyir işimiz var,
tanınmış adamsan, sən də iştirak et, köməkliyin dəyər. Kiminsə
xahişini edəndə məmurlar da sözümü
eşidirlər. Amma bir şey var: hər iş
üçün məmur yanına getmək olmaz.
- Və yəqin
ki, belə şeylər sizi yorur...
- Hə,
elədir. Daha çox kiməsə ağız
açmaqdan utanıram. Adamdan bir dəfə
xahiş etmək olar, adamın xahişini bir dəfə edərlər.
- Bir dəfə
Rafiq Əzimovdan soruşdum ki, aktyorun rola dəvət alıb
sınaqdan keçə bilməməsi necə hissdir, dedi, dəhşətli
hissdir, bunu izah etmək çətindir. Sizdə
necə, belə şeylər çox olub?
- Mənə
bir şey təsəlli verir ki, çəkildiyim filmlərin əksəriyyətində
belə olmayıb. Məsələn, “Papaq”
filmində Hüseyn roluna məni dəvət etmişdilər,
amma alınmadı, Kamil Məhərrəmovu çəkdilər.
Sonra fikirləşdim ki, nə yaxşı məni
yox, elə Kamil Məhərrəmovu çəkiblər.
Bəzən rejissorun rol təklifini qəbul etməmişəm
ki, mənə filan rolu verin, ancaq razı olmayıb. Kinoda hər rejissorun öz aktyoru var. Mənim bəxtim
onda gətirib ki, rejissorların çoxu məni öz
tamaşalarında görmək istəyiblər.
- Dram
Teatrında imtina etdiyiniz tamaşalar olub?
- Bəzi
tamaşaların məşq prosesində rolumdan imtina etmişəm.
O tamaşaların heç adları da yadımda qalmayıb. Bu dava-dalaşla, incikliklə olmayıb, demişəm,
təklifə görə sağ olun, bu rol mənlik deyil.
Həmişə demişəm, mən bəxti
gətirən aktyoram. Yəni rol sarıdan
heç vaxt korluğum, əziyyətim olmayıb.
-
Sualım qəribə səslənməsin:
özünüzü böyük aktyor sayırsınız?
- Yox, nə
danışırsınız, qətiyyən! Məni
aktyor kimi Rasim Ocaqov kəşf edib. Bir az
əvvəl dedim ki, məndən daha yüksək sənətə
malik olan dostlarımdan çox şey öyrənmişəm.
Özümü böyük aktyor saymağı
heç ağlıma da gətirmirəm. Hər
aktyorun öz tamaşaçısı var. Elələri var, məni,
ümumiyyətlə, aktyor saymır. Bircə
Çarli Çaplindir ki, onu hamı sevib.
- Deyirlər,
Rasim Ocaqovla işləmək çətin olub...
- Onu kim
deyir, bilmirəm, əksinə, Rasim Ocaqovla işləmək
çox maraqlı olub. Həmişə deyirdim, kim Rasim Ocaqovun yanında ikinci rejissor işləyirsə,
həmin adam növbəti filmini sərbəst çəkə
bilər. Çünki o adam məktəb
idi. Kaprizi ancaq o ola bilərdi ki, aktyorun məsuliyyətsizliyini
bağışlamırdı. Sevmirdi aktyor mətni
bilməsin, çəkilişə geciksin,
şıltaqlıq eləsin. Lazım gələndə,
bəli, aktyora ağır söz deyirdi.
- Konkret
cavab verməyinizi xahiş edirəm: rol aldınız ən
uğurlu və ən uğursuz üç filmin adını
soruşsam, hansıları deyərsiniz?
- Uğurlu filmlərim şübhəsiz ki, “Ad günü”, “Həm ziyarət, həm ticarət” və “Yol əhvalatı”dır. Amma bura “Bəyin oğurlanması”nı da əlavə etmək istərdim. O ki qaldı uğursuz filmlərimə...
- Onda bəxti gətirməyən filmlər deyək...
- Məsələn, “Sarı gəlin” filmi çəkildi və mən istəyirdim, o, daha geniş yayılsın, amma aqibəti yaxşı olmadı.
- Bir dəfə kino adamları danışırdılar ki, “Sarı gəlin”dəki roluna görə Hacı İsmayılova ”Oskar” verilməlidir...
- Eşitməmişəm, vallah. “Oskar” istəmirəm, sadəcə, o filmi göstərsinlər, bəs edər. Əslində həmin rola Arif Quliyevi çəkmək istəyirdilər, amma nə isə alınmadı, onun əvəzinə məni çəkdilər.
- Övladlarınız sizin adınızdan və şöhrətinizdən istifadə edirlər?
- Yox, heç biri. Əksinə, övladlarım istəmir camaat bilsin ki, mən onların atasıyam (Gülür).
- Son
vaxtlar filmlərə dəvət almırsınız...
- Nəsə
dəvət etmirlər. Amma kinoya çəkilmək
istərdim. Düzü, seriallara da dəvət
almıram. Əslində seriala çəkilməyə
o qədər də meylli deyiləm. Mənə elə gəlir,
kinoda öhdəsindən gələ bilməyəcəyim
iş yoxdur. Amma hələlik təklif yoxdur, mən
də ümidimi üzmürəm.
Təzadlar.- 2015.- 22 yanvar.- S.4.