“Saz mənim qibləgahımdı"
Aşıq
Əli Quliyev: "Aşıqlıqdan əl
çəkmək ömrümün
tamamlanması deməkdir"
Aşıq Əli Quliyev çağdaş ozan-aşıq sənətimizin ürfan ustadlarından biridir. Onun çalğıları ayrılıqların, yalqızlıq və tənhalığın bitib-tükənməyən göz yaşlarıdır. Əli Quliyevi qara sazı dilləndirib söz deyəndə görəsən. Sanki qədim bir şaman taxtanın üstündəki sehirli simi tərpədərək dua oxuyur. Dua oxumaq da hər kişinin bacaracağı iş deyil. Dua oxumaq sözləri əzizləyə-əzizləyə, öpə-öpə dara çəkməkdir. Əli Quliyev üçün bu məqam bəlkə də Tanrı ilə qarşılaşmaq məqamıdır. Hər halda, müqəddəs məqamdır. Mübarək olsun, deyirik. Əli Quliyev mənə sazın səsi ilə ahı göstərib. Ahdan Allaha bir qarış yol var deyirlər. Deməli, yolumuzu Tanrıya yaxın eləyəndir Əli Quliyev.
Qırxlar pirindən dərs almış, çox ünlü el və elmi-ürfan adamların sevgiylə, sayğıyla haqqında danışdıqları aşıq Əlinin ariflər məclisində, aqillər yanında öz sözü, öz ləli-gövhər hücrəsi var. İllər ötəcək, hələ çoxları aşıq Əlinin sözünün sofu qatlarına işıq tutacaqlar. Sənətindən, sənətkarlığından, ömür-gün yoldaşı Atlas xanımın da adı keçən yüzlərlə məzəsindən, Tanrı bəxşeyişi olan hazırcavablığından yazacaqlar. Təkcə yazacaqlarmı? Yox, həm də 77 yerə yozacaqlar. Axı hər kəs sudan sənəyinə görə götürür. Əli əmimin də, Allaha şükür, sözü-gapı mürşüdüm Akif Səməd demiş, bulaq suyu kimi duru, duru olduğu qədər sərin, sərin olduğu qədər də dərindir. Elə mən də möhtərəm oxucularımızın və gələcək araşdırmaçılarımızın az da olsa təlabatlarını ödəyəcəyi qənaəti ilə ustadla olan budəfəki qabırğa söhbətimi sizlərə təqdim etmək qərarına gəldim. Ustadla qabırğa söhbətinə girən mən oldum, şəklimizi tarixiləşdirən Elvin Rafaeloğlu və Xəqani Qaraxanlı, ustadla görüşməyimiz üçün atını qantarğalayıb dördnala çapdıran isə dostumuz Səbuhi Qədirli oldu.
- Torpaqla, daşla yaşıd bildiyim aşıq Əlinin bəs kağızla yaşı neçədir?
- Ömrü boyu yaşla maraqlanmamışam. Yaş deyilən hardan gəlib, hara gedir, dədəmin goru haqqı, məni maraqlandırmayıb. Sağlıq olsun, büvünnən bir gün özün soruşarsan. Pasport gətirəndə deyirəm ki, onu o yana tulla. Mənə yaşımın neçəliyini bildirməyin, deyirəm.
- İstəyirəm belə bir solaxay sual verim: sən kimsən, aşıq Əli?
- Aşıq Əli deyirsən, mən o aşıq Əliyəm ki, ustadların sözlərinin, söhbətlərinin üstündə əsim-əsim əsmişəm. İlahi, birdən yanlış deyərəm. Hər şeyin həqiqətini istəmişəm.
- Əmi, saz sənin üçün nədir?
- Saz mənim eşqimdi, minbərimdi. Nə qədər ağır da olsa, bunu deyirəm, Allahım bilər, mən bilərəm. Necə ki, məsciddə minbər Allahın istiqamətini göstərir, mənim də minbərim sazdır, saz. Saz mənim qibləgahımdı.
- Əmi, sazla qol-boyun olandan bəri el-oba arasında adınla bağlı xeyli sayda maraqlı əhvalatlar söylənilir. Necə olur ki, bu əhvalatlara urcah olursan?
- Fikir vermisənsə, Allahdan payı olan sənətkarların hamısının adı ilə bağlı lətifələr yaranıb. Hətta o lətifələr get-gedə onları əfsanələşdirib. Bütün bunlar həm də o sənətkarların el-oba arasında hörmətindən xəbər verir. Sənətkar gərək təbii olsun. Ölçü-biçi yəni 10 qram ondan, 10 qram bundan sənətkara yaraşmaz, onun kamilliyə doğru getməyinə imkan verməz. Gərək sənətkarın ölçü-biçisi sənətində olsun, ancaq qalan şey də ondan uzaq olsa, yaxşıdı. Mən burada deyim ki, orada adamlar oturub, mən burada heykəl kimi oturum, nəyə görə, ə? Mənim də özümə görə ayağımı uzatmağım var, özümə görə sinəmi açmağım var. Sən köynəyinin bir düyməsini açırsan, mənim də sinəm orda yanır, deyir yox, ikisi açılmalıdı. Ordan da mədənilər deyir, ə, niyə Əli ikisini açdı? Sənətkar azadlığı sevəndi. Azadlıq olan yerdə də tamlıq var, kamillik var. Tutaq ki, mən pivəni bakalı öpə-öpə, maç-maç eliyə-eliyə içirəm, o birisi də inək arxı soran kimi başına birdəfəyə qaldırır. Bu da bir lətifəyə çevrilir. Sən maşına oturanda qaytarğadan ikiəlli yapışırsan, mən də bir əlim qaytarğada bir əlimi də telimə çəkirəm. Fikrim də ala dağda, qara dağda, nolar olar də. Qismət Allahdandı, ya evimə gedib çıxaram, ya da çıxmaram. Bu da bir lətifəyə çevrilir. Yəni sənətkarda ölçü-biçi hüdud təşkil eləyəndə nə lətifə düzələr, nə də el onu sevər. Deyəcəklər, aşıq Həmiddi də, get gətir. Ancaq o Həmid olmayacaq. Bəs mən də belə şeyləri bilirəm axı.
- Əmi, bəlkə o başına gələn məzəli əhvalatlardan birini deyəsən.
- Mən sazı toydan sonra evə qoyuram. Çünki sazla nəmlik bir-birinə öcdü. İstər simləri olsun, istər kleyi, istərsə də çanağı olsun. Nə isə... Bir dəfə axşamdan möhkəm vurmuşdum, səhər gəldim gördüm ki, saz oturacağın üstündə yoxdu, arxaya baxdım gördüm futlyar ağzı bağlı durub orda. Dedim yəqin futlyarda olacaq. Sən demə, bibin sazı götürüb içəri yükün üstünə qoyubmuş. Mən də görməmişəm. Daha mən də sabah gördüm futlyar yerindədi, götürüb toya getdim. Sözün doğrusu, toya da bir az gecikmişdim. Gördüm acıqları tutub. Günahımı yumaq üçün dedim sizə elə hava çalajam ki, inciklik aradan götürüləcək. Balabançıya dedim, get sazı gətir. Gətirib futlyarı stolun üstünə qoydu. Mən də futlyarı eşqlə açdım, bir də gördüm içində saz yoxdu. Orada bir söz işlətdim. İndi bağışla məni, orada bir söz işlətdim, sən burda nöqtələr qoyarsan, camaat da keçindi gülməkdən. Dedilər, aşıq Əli nədi, nə olub? Dedim, a tarixinizə lənət, ayə, bu da istəkdəndi. Sizə isdədim bir eşqli hava çalım, saz da öydə qalıb. Hamı da aşıq Əlini bağışladı.
- İndiyədək çaldığın havalardan ən çox hansı xoşuna gəlir?
- Məndə sonalamaq yoxdu. Sazı sinəmə alıb o havaları ki dindirirəm, onların hamısı mənə əzizdi.
- Üzünə demək olmasın, ay ustad, sanki sazı sənin sinəndə dinləyəndən sonra başqasının əlində sazı qışqıran, məni bunun əlidən alın deyən, məni dardan qurtarın deyən, sazı bizdən inciyən görürəm. Söz yox ki, bu fikrimi barmaqla sayılacaq qədər 5-10 aşıq var ki, onlar istisna olmaqla deyirəm.
- Saz o zaman səndən inciyir ki, sən onu ürəklə sinən üstünə mindirmirsən. Sən onu ürəklə gəzdirmirsən. Dəxli yoxdu mənə, Allahqulu olsun, İmanqulu olsun, Pirvəli olsun... kim olur-olsun, əgər sazı gəzdirirsə, ürəklə gəzdirsin. Çünki o Tanrı alətidir. Ona ürəklə yanaşmadın, o saz səndən mütləq inciməlidir. Gərək onun çəmini tapa biləsən, çəmini tapmadın, o səndən inciyəcək.
- Kim də bilməsə, mən bilirəm ki, bal kimi şirin dastan dilin var, dastanlarımızı öz ifanda lentə aldırmısanmı?
- Yox. Yoxdu. Ancaq toylarda-şanlarda çox yazılıb. İstəyirlər dəvət etsinlər, eləyək. Yoxsa, elimin-obamın keçmişini ki, mən, dastanlarda, hekayətlərdə sənə çatdırıram, Sən də onu lentə almaq üçün məndən nə isə təmənna güdürsənsə, belə lentə almaq nəyimə lazımdır? Çağır məni, borcumdur ki, söyləyim. Yosa ki, məni çağırıb sonra da nə isə umursansa, vallahi-billahi bu elin malına xəyanətkarlıqdan başqa bir şey deyil.
- Əmi, nə vaxt hiss etdin ki, aşıqsan?
- El-oba mənə "aşıq Əli əmi" deyəndə bildim ki, aşığam.
- Aşıqlıqdan əl
çəksəniz, neylərdiniz?
- Kəsə deyəcəm,
qadan alem. Allah bu sənəti
mənə veribsə,
bütün çətinliklərə
sinə gərməyi
də veribdir. Çətinliklərə sinə gərməyi
bacarmasaydım, bu sənətdən yapışmazdım.
Aşıqlıqdan əl çəkmək
ömrümün tamamlanması
deməkdir.
- Əmi, nə vaxt dincəlirsən?
- Mənim dincəldiyim hələ ağlıma gəlmir. Bir adam ki,
yeddi qat tərin ortasında əlləşə, onun nə dincəlməyi olar? Bir adam ki, yolla gedəndə Dəli Əsəd kimi sayıqlaya ki, görəsən, Ələsgər babam burda nə deyib,
onun nə dincəlməyi olar?
- Şəhərə yolun düşəndə
kimlərə, hara baş çəkirsən?
- Üzr istəyirəm, bir söz deyəcəm,
heç kim
məndən inciməsin.
Mən Bakıya gələndə
insanlar məni maraqlandırmayıb. Ancaq mütləq
Əli qədəmgahına,
Ət ağanın qəbrinə, bir də ana Xəzərin
sahilinə baş çəkirəm.
- Bəs Bakıda
haranın həsrətini
çəkirsən?
- Tovuzdakı cənab Əlinin qədəmgahlarının,
Düldül dərəsinin,
Haçaqayanın, bir
dolça Əsirik suyunun, Ana Kürün qırağının, Cəfərxanənin...
həsrətini çəkirəm.
- Ay ustad, bilirik ki, dinlə də məşğulsan.
Yeri gələndə, dini onlardan da yaxşı
bilirsən. İndi haqq
dünyasında olan ağır taxtalı dostumuz Akif Səməd
deyirdi ki, aşığın dinə
ehtiyacı yoxdur.
Bəs səndə hansı ehtiyacdan yarandı?
- Akif Səmədə Allah rəhmət eləsin. Akif çox ustad adam
idi. Akif onu məcazi
mənada deyirdi.
Yəni demək istəyirdi ki, aşıq hər şeyə qadirdi. Aşığın heç nəyə
ehtiyacı yoxdur.
Ancaq mən dinimi, imanımı öyrənmək
istəmişəm. Əgər mən
dinimə, imanıma bələd olmasaydım, məndən aşıq Əli olmazdı. Mənim dinimi, imanımı bilməyim məndən ötrü çox qaranlığa işıq
saldı. Bu bilgilər mənim hoyuma yetdi, dadıma
çatdı, mənim
hidayət yolumu mənə göstərdi
ki, sənin hidayət yolun budur, ərkanın budur. Ustadların sözlərinə aydınlıq gətirdim.
Əgər mən dinimə,
imanıma bələd
olmasaydım, mən olardım Lıqı aşığı. Mən əhli-ürfanların
məclisində otura bilməzdim. Orada yerim
olmazdı. Tufarqanlı
Abbasın, Dədə
Ələsgərin, Hüseyn
babamın (Bozalqanlı
aşıq Hüseynin)
sözlərinə çox
aydınlıq gətirmişəm
ki, bunu da dini bilgilərimə
borcluyam.
- Əmi, ruhu şad olsun, bayaq Akif Səmədin
adını çəkdik,
o rəmətliklə də
yaman tapışmışdınız,
hətta bir-birinizə
söz də ismarlamısınız. Bəlkə Akif
haqqında nə isə demək isdəyirsən.
- Deyir taylı-tayını
tapmasa günü ah-vayla keçər. Akif Səmədi çox istəyirdim. Nəyə görə,
bilirsənmi? Çünki ondan cavab ala bilirdim. Çox böyük səbr
sahibi idi. Kollektivi sevən adam idi.
İstəyirdi ki, əhli-əyyar,
əhli-ürfan adamların
hamısı heç
olmasa həftədə
bir dəfə görüşsün, dərdləşsin,
söhbət etsin.
Akif Səməddən sonra, özün bilirsən ki, həmin məclislərimiz də dayandı. Başımızın alayı pərən-pərən
oldu. İndi mənə zəng
edirlər ki, Akif Səməd dursaydı, həftədə
bir dəfə görüşərdik. Rəhmətdiyin
şairliyinə də
ki, nə söz ola
bilərdi? Hər misrasında bir
dünya var idi, dünya. Allah ona qəni-qəni
rəhmət eləsin.
- Bu halal yolnan-yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.
- deyən Akif
Səmədi aramızdan
nakam aparan səbəbin bir adı da türkün
Qarabağ dərdi idi. Maraqlıdır, Qarabağın həllini
aşıq Əli nədə görür?
- İstəyirsən yerdən göyə çıx, göydən
yerə en, yüz siyasətçi gəlsin,
yenə də Qarabağın həllinin
bircə yolu var, o da ağıl
öndə olmaq şərtilə birlikdədir. O el-oba ki ağılla-kamalla birləşdi, orada qələbə var. Allah rəhmət
eləsin, Tufarqanlı
Abbas deyirdi ki:
El bir olsa dağ
oynadar yerindən,
Söz bir olsa zərbi kərən sındırar.
- Ay ustad, yəqin sən də sözümü təsdiq
edərsən ki, bu gün cəmiyyətdə
müşahidə olunan
saza meyillilik heç də aşıq sənətinə
öz töhfəsini
verə bilmir. Aşıq sənəti yorğun görünür. Sənətmi yorğundur, yoxsa millət?
- Nə millət yorulandı, nə sənət yorulandı, nə də sənətkar. Bunlar heç zaman
yorulan deyil. Ancaq yorğun kimi görünən odur ki, artıq aşıq sənətinin
sahibləri, bir də onları dinləyən kişilər
varıydı ey, yanılanda yerdən deyirdilər ki, Qurbaninin filan sözünün filan yeri elə deyli,
belədi. Aşıq
sənətinin sahibləri və onların dinləyiciləri
hayıf ki, getdilər. Ona görə də
sənət də yorğun kimi görünür, millət də.
Çünki artıq sərbəst
aşığa qulaq asmaq yoxdur.
-
Aşıq havalarının notla tədrisi sizi nə dərəcədə
qane edir?
(Davamı var)
Həmid ORMANLI
Təzadlar.- 2015.- 24 yanvar.- S.15.