Nadir şəxsiyyət, dəyərli
insan
…Görkəmli
dövlət xadimi, Təhlükəsizlik orqanlarının
generalı, respublikanın “Əməkdar
hüquqşunası”, “SSRİ DTK-nın fəxri Əməkdaşı”,
uzun illər Azərbaycan DTK-nın rəhbərlərindən
biri olan Əbdül Süleyman oğlu Xalıqovun 100 illik
yubileyidir.
Çiçəklənən, dünyanın siyasi xəritəsində
özünəməxsus, ləyaqətli yer tutan Azərbaycanımızla
hər birimiz fəxr edirik. 25 ilə yaxın müddətdə
müstəqil dövlətdə yaşayan Azərbaycan vətəndaşı
artıq anlayıb ki, müstəqilliyi qoruyub-saxlamaq, dövləti
qurub-yaratmaq heç-də müstəqilliyi qazanmaqdan asan
iş deyil. Məhz bu səbəbdən ölkə
əhalisi öz prezidenti, cənab İlham Əliyevin ətrafında
birləşib, onun müdrük xarici və daxili siyasətini
bəyənir, onunla birgə yeni dövləti, yeni Azərbaycanımızı
inkişaf etdirir.
Ortaya sual
çıxa bilər: “1985-ci ildən istefada olan SSRİ
generalının müstəqil Azərbaycanla nə
bağlılığı var?” Cavab birmənalıdır:
“Bilavasitə!”.
Ə.Xalıqov
xidmətinin son 15 ilini Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin müavini kimi, məhz kadrlarla iş sahəsinə
cavabdeh idi. O, xalqın, millətin gələcəyini
düşünən, dilimizə, dinimizə bağlı insan
idi. Təhlükəsizlik orqanlarına milli kadrların
seçilməsi, bu orqanın milliləşdirilməsi onun
gündəlik fəaliyyətində prereqativ amillərdən
idi..
Onun rəhbərliyi və bilavasitə iştirakı ilə
Komitəyə işə qəbul olunan əməkdaşlar
80-ci illərin sonlarında xəyanətkar
qonşularımızla üz-üzə gəlmiş, bir
çox təxribatların, terror əməllərinin
qarşısını almışlar. Həmin əməkdaşlar
müstəqil dövlətin yeni bir təhlükəsizlik
xidmətini qurdular. Bu xidmətə bələd
olan insanlar dəqiqliyi ilə bilirlər ki, Azərbacan SSR
DTK-sı indiki Milli Təhlükəsizlik Nazirliyindən tam fərqlənir.
SSRİ DTK-nın pereferiya orqanı olan Komitə,
Sovetlər birliyinin təhlükəsizliyinin təminatında
bir növ yardımçı funksiyanı aparırdı və
tam formada Mərkəzin rəhbərliyi və nəzarəti
altında işləyirdi. Müstəqilliyimiz
təhlükəsizlik orqanlarının qarşısına
yeni tələblər qoydu. Respublikamızı
xarici dövlətlərin xüsusi xidmət
orqanlarının pozuculuq, beynəlxalq və yerli terror təşkilatlarının
təxribat əməllərindən sığortalamaq
üçün yeni bir orqan yaradılmalıydı,
Ə.Xalıqovun seçdiyi milli kadrlar onu yaratmağa nail
oldular.
O, 1915-ci il yanvarın 24-də Rusiyanın Amur vilayətinin
Blaqoveşşensk şəhərində dünyaya gəlib.
Atası Süleyman kişi 1898-ci ildə
bir neçə həmkəndlisi ilə bərabər
doğma yurdundan uzaqlaşdırılaraq sürgün həyatı
yaşamağa məhkum edilib. Onunla birgə
sürgün edilən həmkəndlilərindən biri hamilə
olduğundan qız uşağını qürbət ölkədə
dünyaya gətirməli olur. Adını
Gərəkməz qoyurlar. Süleyman nə az, nə çox, düz 16 il bu qızın
böyüməyini gözləyir və onunla evlənir. Əbdülün 9 yaşı olanda onlara bəraət
verilir və onlar doğma yurda - Şamaxının Nabur kəndinə
qayıdırlar. Əbdül orta məktəbi
vətənində bitirmişdir. İti
zehinli, möhkəm hafizəli bu oğlan müəllimlərinin
sevimlisinə çevrilir. Onlar Süleyman kişiyə
“oğlun qeyri-adi uşaqdır, ondan muğayat ol, belə getsə
o böyük adam olacaq”,- deyirlər. Ailənin yeganə övladı olan Əbdül on
dörd yaşında olarkən atasını itirir. Az sonra anası da dünyasını dəyişir.
Valideyn himayəsindən məhrum olan
Əbdül Xaçmaza gəlir və buradakı Pedaqoji
texnikuma daxil olur. Sonra hərbi xidmətə
göndərilir. Azərbaycan
Diviziyasının 77-ci alayında xidmət edir, bölmə
komandiri, tağım və batareya komandirinin köməkçisi
olub. 1936-cı ildə xidmətini başa
vurub, doğma kəndinə qayıdır. Ordudan müsbət xasiyyətnamələrlə
qayıtmış gənc rayon rəhbərliyinin diqqətindən
kənarda qalmır. Ona milis (indiki polis)
orqanlarında işləmək təklif olunur. Bu
seçim onun həyatını düz 50 il
hüquq-mühafizə orqanları ilə bağladı,
sıravi milis nəfərindən Dövlət Təhlükəsizlik
Komitəsinin generalınadək ucaltdı.
O, 1941-ci
ildən xidmətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Komitəsində davam etdirib. 1943-1952-ci illərdə
DTK-nın Kürdəmir və Yevlax rayonlarının
şöbə rəisi vəzifələrində
çalışıb. Gərgin iş şəraitinə
baxmayaraq təhsilini davam etdirmək qərarına gəlir. 1953-cü ildə Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsini bitirir.
1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi
aparatına keçirilir. Bu təyinatın
maraqlı bir tarixçəsi var. Bunu Əbdül Xalıqovu
şəxsən tanıyan hamkərları müxtəlif
formada söyləyirlər, lakin əsl həqiqət
aşağıdakıdır.
Yevlax rayon şöbəsinin rəisi təyin olunandan
bir müddət sonra onu toya dəvət edirlər. Toyda 10-15 dəqiqə
olur, toy yiyəsini təbrik edib gedir. Səhərisi kimsə
Mircəfər Bağırova anonim məktub yazır ki, bəs
rayon şöbə rəisi toyda içdi, dəm oldu,
oynadı və s. O vaxtkı sədr Stepan Emelyanov təcili
Xalıqovu Bakıya çağırtdırır ki, bu nə
məsələdir? O da deyir ki, mənim heç ömründə
dilimə içki dəyməyib (S.Emelyanov bunu bilirdi). Bir az söhbət edirlər. Sonra Emelyanov Mircəfər
Bağırova məruzə edir ki, bu adam nəinki
içmir, heç siqaret də çəkmir. Həmin
anonim məktub Əbdül Xalıqova düşərli olur.
Emelyanov görür ki, o, həm rusca təmiz
danışır, həm də savadlı, tərbiyəli,
nizam-intizamlı, işinə məsuliyyətlə yanaşan
kadrdır. Bu hadisədən sonra
Əbdül DTK mərkəzi aparatına irəli çəkilir.
Burada Heydər Əliyevin rəhbərliyi
altında daha əzmkarlıqla çalışır. Və bir müddət sonra dairə kəşfiyyat
bölməsinin rəisi olan Əbdül Xalıqov
keçirdiyi uğurlu əməliyyata görə SSRİ-nin ən
yüksək mükafatı - Lenin ordeni ilə təltif edilir.
1965-ci ildə Ə.Xalıqov Azərbaycan SSR DTK-nın əsas
şöbələrindən olan əkskəşfiyyat
şöbəsinin rəisi, 1970-ci ildə isə sədr
müavini vəzifəsinə təyin edilir və burada 1985-ci
ilədək işləyir. 1974-cü ildə ona
general-mayor rütbəsi verilir. Qeyd etmək
lazımdir ki, SSRİ respublikalarında 70 yaşına qədər
işləyən general, demək olar ki olmayıb. Lakin onu, hətta istefaya getmək haqda öz
müraciətlərinə baxmayaraq, xidmətdən
buraxmırdılar. Moskvanın onun
işini müsbət qiymətləndirməsi ilə
yanaşı, ulu öndər Heydər Əliyevin ona
böyük hörmət bəsləməsi Ə.Xalıqovun
xidmətdə qalmasında əsas rol oynayırdı.
İki böyük azərbaycanlını eyni məslək,
eyni amal birləşdirirdi... Onun 65 yaşı
tamam olanda, istefaya getmək üçün Mərkəzi
Komitəyə müraciət edir. Heydər Əliyev
deyir: “Əbdül Xalıqovu işdən buraxmaq olmaz. Azərbaycan DTK-sının kadrları etibarlı əllərdədir,
bu kadrlar sabahımızın təhlükəsizliyinin
canlı təminatçılarıdır”.
Ulu öndərin bu şəxsə olan inamı,
etibarı o qədər güclü idi ki, oğlu Qalibin də
bu sistemdə işləməsinə razılıq
vermişdi.
Əbdül Xalıqovun təqaüdə getmək barədə
raportunu kənara qoyub, “mən çox yaxşı bilirəm
ki, ata və oğul eyni sistemdə işləyə bilməz,
amma mən sizin heç birinizin bu sistemdən getməsinə
razı ola bilmərəm, çünki bu
orqan dövlətin bel sütunudur, buranı hər kəsə
etibar etmək olmaz”, - demişdi.
Xalıqovlar ailəsinin indi yaşadığı evi Heydər
Əliyevə veriblərmiş. Lakin o, 4 otaqlı mənzildən
imtina edərək deyir ki, Xalıqovun 7 övladı var, mənim
2. Qoy uşaqlar gen-bol evdə
yaşasınlar.
Əbdül Xalıqov 1996-ci ildə dünyasını
dəyişərkən mərhum prezidentimiz Heydər
Əliyev onun evinə telefon açaraq övladlarına
başsağlığı vermiş, atalarına xüsusi
münasibət, xüsusi hörmət bəslədiyini
bildirmişdi.
Onun dəfn mərasimində şəxsən
iştirak etmişdi. Əbdül
Xalıqovun övladları deyir ki, Heydər Əliyev rəhmətə
gedəndə biz sanki atamızı ikinci dəfə itirdik.
1939-cu ildə
o, sevib-seçdiyi Aynaxanımla ailə həyatı qurur və
onlar 57 il birgə xoşbəxt həyat
sürürlər. 7 övladı dünyaya gəlir,
4 qız, 3 oğlan. Övladlarının hamısı ali təhsil alır, 4-ü həkimlik
ixtisasına yiyələnir. Böyük
oğlu Qalib atası kimi milli təhlükəsizlik nazirinin
müavini vəzifəsinədək yüksəlir.
Övladları
onu belə xatırlayırlar: “Atamız kimə nə kömək
etdiyini heç vaxt deməzdi. Bizə də
tapşırardı ki, elədiyiniz işi heç vaxt dilinizə
gətirməyin, bu günahdır. Rəhmətə
gedəndən sonra onun stolunun siyirtməsindən nə qədər
təşəkkür məktubları tapdıq. Biz o
zaman bildik ki, valideynini itirmiş, maddi durumu ağır olan ailələrə
atamız nə qədər əl tutub, onların ali məktəblərə qəbul
olunmasında, işə düzəlməsində köməklik
göstərib. Onun əsəbi,
qaşqabaqlı olması yadımıza gəlmir. Özünə nəzarət onda çox
güclü idi. Yarımçıq
heç nəyi sevməzdi. Bəlkə də
bu onun peşə xüsusiyyətindən irəli gəlirdi.
O, qeyri-adi adam idi. Ömründə
bir dəfə də bizi danlamayıb. Ucadan
danışdığını eşitməmişik. Buna baxmayaraq ondan yaman çəkinirdik. Heç kəsə, hətta balaca uşağa belə
irad tutmaz, hamıya şəxsiyyət kimi yanaşar,
yaşından asılı olmayaraq hamıya siz deyə
müraciət edərdi.
Həmkarları
Əbdül Xalıqovu belə xatırlayırlar: Qanun onun
üçün hər şeydən uca idi. Qanunu
pozmaq onun üçün bir insan öldürməyə bərabər
idi. Həmişə deyirdi ki, qanunun
böyüyü, kiçiyi yoxdur, qanun elə qanundur. Ömründə qırmızı işıqda yolu
keçməzdi, yol boş olsaydı belə dayanıb
gözlərdi. Həssas və
qayğıkeş olmasına baxmayaraq son dərəcə tələbkardı.
Hətta doğma övladı üçün
belə kimsəyə ağız açmazdı. Sözündə bütöv, özü də
çox ədalətli bir şəxsiyyət idi. Həddən
ziyadə abırlı adam idi. Təhlükəsizlik orqanlarına işə
düzəlmək istəyənlərə çox ciddi
yanaşırdı. Kadrların
seçilib yoxlanılmasına, onlarla aparılan işlərin
düzgün qurulmasına, təlim-tərbiyəsinə, yerləşdirilməsinə
ciddi diqqət yetirirdi.
***
Doğrudan da Əbdül Xalıqov elə nadir şəxsiyyətlərdəndir
ki, onu tanıyanlar da, özünü görməyib
haqqında eşidənlər də bu dəyərli insan barəsində
həmfikirdirlər. İnsanların qəlbində qeyd-şərtsiz məskən
salan, onların iç dünyasına yol tapan Əbdül
Xalıqov bu şərəfi və izzəti vicdanlı
ömür yolu ilə qazanıb. General-mayor Əbdül
Xalıqov təhlükəsizlik orqanlarında işlədiyi
müddətdə “Lenin”, “Qırmızı bayraq”, iki
“Qırmızı Ulduz” ordenlərinə, Laos dövlətinin
“Qızıl fil” ordeninə, 20-dən çox medala layiq
görülüb. Dəfələrlə
Bakı Sovetinin deputatı seçilən Əbdül
Xalıqov respublika ictimaiyyəti arasında geniş işlər
aparmışdır. O, 1996-cı il
iyul ayının 30-da Bakı şəhərində vəfat
etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Əbdül Xalıqov onu sevənlərin xatirələrində
əbədi yaşayacaq.
Vaqif Ağayev,
polkovnik
Təzadlar.-
2015.- 24 yanvar.- S.7.