“Aşıq gərək saza yaraşan adam
ola”
Aşıq Əli Quliyev: “”İndi elələri var ki, saz tutanda deyirsən ki, bu hansı oğrudu, hansı cibgirdi, hansı julikdi?”
Aşıq Əli Quliyev çağdaş ozan-aşıq sənətimizin ürfan ustadlarından biridir. Onun çalğıları ayrılıqların, yalqızlıq və tənhalığın bitib-tükənməyən göz yaşlarıdır. Əli Quliyevi qara sazı dilləndirib söz deyəndə görəsən. Sanki qədim bir şaman taxtanın üstündəki sehirli simi tərpədərək dua oxuyur. Dua oxumaq da hər kişinin bacaracağı iş deyil. Dua oxumaq sözləri əzizləyə-əzizləyə, öpə-öpə dara çəkməkdir. Əli Quliyev üçün bu məqam bəlkə də Tanrı ilə qarşılaşmaq məqamıdır. Hər halda, müqəddəs məqamdır. Mübarək olsun, deyirik. Əli Quliyev mənə sazın səsi ilə ahı göstərib. Ahdan Allaha bir qarış yol var deyirlər. Deməli, yolumuzu Tanrıya yaxın eləyəndir Əli Quliyev.
Qırxlar pirindən dərs almış, çox ünlü el və elmi-ürfan adamların sevgiylə, sayğıyla haqqında danışdıqları aşıq Əlinin ariflər məclisində, aqillər yanında öz sözü, öz ləli-gövhər hücrəsi var. İllər ötəcək, hələ çoxları aşıq Əlinin sözünün sofu qatlarına işıq tutacaqlar. Sənətindən, sənətkarlığından, ömür-gün yoldaşı Atlas xanımın da adı keçən yüzlərlə məzəsindən, Tanrı bəxşeyişi olan hazırcavablığından yazacaqlar. Təkcə yazacaqlarmı? Yox, həm də 77 yerə yozacaqlar. Axı hər kəs sudan sənəyinə görə götürür. Əli əmimin də, Allaha şükür, sözü-gapı mürşüdüm Akif Səməd demiş, bulaq suyu kimi duru, duru olduğu qədər sərin, sərin olduğu qədər də dərindir. Elə mən də möhtərəm oxucularımızın və gələcək araşdırmaçılarımızın az da olsa təlabatlarını ödəyəcəyi qənaəti ilə ustadla olan budəfəki qabırğa söhbətimi sizlərə təqdim etmək qərarına gəldim. Ustadla qabırğa söhbətinə girən mən oldum, şəklimizi tarixiləşdirən Elvin Rafaeloğlu və Xəqani Qaraxanlı, ustadla görüşməyimiz üçün atını qantarğalayıb dördnala çapdıran isə dosdumuz Səbuhi Qədirli oldu.
(Əvvəli ötən sayda)
- Aşıq havalarının notla tədrisi sizi nə dərəcədə qane edir?
- Məni qane etmir. Aşıq sənəti azad
bir sənətdi, onu çərçivəyə salmaq olmaz.
Havanı nota salmaq bülbülü qəfəsə
salmaqdı. Aşıq Hüseyn Saraçlını sən qəfəsə
sala bilərdinmi? Bir də baxdın, səni yandırmaq
üçün on birlik sözü aparıb
çıxardırdı on beşliyə. Üzeyir bəy kimi bir adam onu nota
salmadı. Dedi, olmaz. Əsədə, Mirzəyə qulaq
asdı, gördü yox, bir havanı hərəsi bir cür
çalır. Hərəsinin ayrı-ayrı
yanğıları vat. Dedi, yox, bunu qəfəsə
salmaq olmaz. Üzeyir bəy özü
bülbülü qəfəsə salmadı ki, bülbülə
azadlıq yaraşır. Aşığın
ruhu, dünyası nota sığarmı? İndi
də aşığı məktəbdə yetişdirmək
istəyirlər. Aşığın dili
elin-obanın dilidi. Ütülü akademik
dillə aşıq olarmı?
- Əmi, şəyirdin varmı?
- Tək
bircə şəyirdim var, o da bizim Şəhriyardı. Heç özüm də çox şəyird istəmirəm.
Aşığın məclisi-meydanı
olmayandan sonra neynirəm kimisə yazıq eləyim. Amma aldadıb alanlar var. Məktəblərdə də
aşıq edəcəyəm deyib çöllərə
buraxırlar. O, aşıq deyil. Gəlsin
görüm bilirmi aşıqlığın səmti,
sorağı haradı?
-
Üzünə demək olmasın, sənin üzündən
oxunur aşıqlığın. Hansı
havanı desən sənin mübarək üzündə
tapmaq olar. Deyirəm aşıqlıqda
fiziki görkəm də əsas məsələdi. Bir də görürsən ki, boyu kəmərindən
yuxarı qalxmayan “aşıqlar” çıxdı meydana.
Fikir verirəm, belələrinin çalğısı da
olsa, səsi də olsa, yenə də tamaşaçıya
yapışqanlı ola bilmirlər.
- Elədi.
Yöndəmsizdən nə aşıq? Saz müqəddəsdi. Aşıq gərək
saza yaraşan adam ola. Bax,
Əkbər saza yaraşırdı. Eləcə də
Əmrah kişi, Ədalət, Xanlar,
Mikayıl əmi. Hüseyin Saraclı saz tutanda
bir aləm olurdu. İndi elələri var
ki, saz tutanda deyirsən ki, bu hansı oğrudu, hansı
cibgirdi, hansı julikdi?
- Əmi, Xındı Məmmədin bir “Yanıq Kərəmi”si
vardı ki, oğul istəyirəm o havaya oynaya bilsin. Ümumiyyətlə
“Yanıq Kərəmi”yə oynamaq olarmı? Bu məsələdə sizin baxışınız
necədir? Məsəlçün, Akif Səməd də
deyirdi ki, “Yanıq Kərəmi”yə şəhid anası
“Şuşanın dağları”na oynayan kimi oynamaq olar...
- Sənə
bircə kəlmə söz deyim. Deyir “Qara camaat
da gözümdən düşüb, “Yanıq Kərəmi”yə
süzəndən bəri”. Elə-belə
yaranmayıb bu şeir. Yanğıdan da
oynamaq olar, dərddən də oynamaq olar, eşqdən də
oynamaq olar, sevincdən də. O vaxt kişilər deyirdi
bircə oğlum var, onun toyunu görüm qolumu qaldırajam.
O qolumu qaldırajam kişi oyunuydu. Qolunu bir dəfə qaldıra bilərsən,
yanğın sönər, yoxsa şıdırğı
süz, qaldır özünü yerə vur. Artıq bu
oldu “Yanıq Kərəmi”nin goruna söymək,
onun ruhuna toxunmaq. İndi “Ruhani”yə, “Dilqəmi”yə
də oynayan tapılır. Bala-bala
onları da edirlər. Bu olmaz, dərdin
alım. Bu dərdin ən yüksək
nöqtəsidir.
- Əmi,
biz ruhumuza əlac gəzəndə, məsəlçün,
Söyün əmiyə (Hüseyn Saraclıya), Avdı babaya,
Kamandara, Əmraha, Aşıq Sadığa, Cəlal Qəhrəmanova,
Kövrək Murada, rəhmətlik Xanlara, sənə qulaq
asırıq. Bəs sən özün kimə
qulaq asırsan?
- Allah
ölənlərə rəhmət eləsin. Ölənlərin
adını çəkməyəcəm. Ölənlərin arasında çoxları
varıydı. Ancaq indi Ədalət Nəsibovdan
başqa heç kimə səbrim çatmaz ki, qulaq asam.
Çünki sənət odur ki, gərək mən
səndən feyz alam ki, oturub sənə qulaq asam. Ədalət böyük sənətkarıydı.
Ancaq hayıf ki, Ədaləti ömür,
gün, zaman, dövr qocaltdı. Aşıq
gördüyünü çağırar. Mən Ədalət Nəsibovda aşıq sənətinin
nə olduğunu gördüm. Mənim bu gözlərim
gördü ki, Ədalət Nəsibov kim
olub? İndi Ədalət Nəsibov yoxdu. Məndən
ötrü elə bilirəm Ədalət Nəsibov 20 il bundan qabaq dünyasını dəyişib.
Mən Ədaləti 20 il bundan qabaq
gördüm. İndi mən onu görmürəm,
heç yerdə yoxdu. Gedib, uçub, yerdədi,
göydədi, bilmirəm.
-
Çağdaş aşıq sənətində bir ustad kimi
sizi qane etməyən nədir?
-
Çağdaş aşıq sənətində məni qane
etməyən odur ki, sənətə eqoist yanaşma var. Sənətə
gəlir üçün yanaşma var. Sənətə gələrək
tezcə varlanmaq istəyirlər, var-hal sahibi olmaq istəyirlər.
Bu, məni çox narahat edir. Əgər
sən sənətə var-dövlət, beş
manat gözündən baxırsansa, o sənət sənə
haçansa haram olacaq. Səni yarı yolda
qoyacaq, səni hörmətdən salacaq. Allah
rəhmət eləsin Cabbar Qaryağdıoğluna. Deyirdi ki, sən gəl ustada qulluq elə, sənəti
öyrən. Sən sənəti öyrənəndən
sonra kolun dibində gizlənsən də gəlib səni
aparıb, çaldırıb, oxutdurub, ləzzət alıb,
feyz alıb, sənin hesabını verəcəklər.
Ancaq indi heç kəs kamilliyə doğru getmək,
ustada qulluq etmək istəmir.
- Əmi, bu gün elə bil aşığı şəxsiyyətdən
ayırmaq planı yerinə yetirilir. Şəxsiyyətsiz
aşıq olarmı? Şəxsən mən
bunu heç cür qəbul edə bilmirəm.
- Ola bilər
şəxsiyyəti yoxdu, ancaq Allah o sənəti ona bəxş
eləyib. Nə deyim, vallah... Ancaq məncə,
sənətkarda şəxsiyyət birinci vacibdi. Əgər
o sənətkarın sənəti olub, şəxsiyyəti
olmasa, onun hörməti də az olacaq. Ancaq öləndən sonra şəxsiyyət
silinir, sənət qalır.
- Bir
söz deyim, əmi. Başqa sənətlərlə
aşıq sənətinin fərqi var axı. Tarixən aşığın missiyası olub.
Dədə Ələsgər demirdimi ki aşıq gərək
“Xalqa həqiqətdən mətləb qandıra”, “El
içində pak otura, pak dura”, “Mərifət elmindən
halı ola” və s.
- Yenə
də deyirəm. Şəxsiyyət cürbəcürdü.
Şəxsiyyət bir nöqtənin
üstündə dayanılan söz deyil, çox şaxəlidir.
Şəxsiyyət həm də onun qəddi-qaməti,
ölçü-biçisidir. Sazı əlinə
alırsan. Şəxsiyyət həm də
odur ki, saza yaraşan olsun. Şəxsiyyətlə
saz təmasda olanda, səni məcbur eləyəcək ki, sən
ona qulaq asasan. Əgər şəxsiyyətdən
kasadsansa, camaat yönünü bu yana
çevirib saza qulaq asacaq, özünü də görmək
istəməyəcək.
- Mənim
istədiyim cavab da təxminən bu idi. Əmi,
aşıq kimi həmişə insanlarda ehtiyac yaradırsan.
Özünü formada necə saxlayırsan?
- Bu
gözəl sözdü. Bunu hardan eyninə gətiribsən?
Mən həmişə insanlar arasında eyni
ölçüdə, eyni biçidə qalmaq istəmişəm.
Mənim tərzim budur. Əgər mən
bu gün səninlə bir cür, sabah
başqa tərzdə oturub-dursam, onda mən öz ideyama xəyanət
etmiş olaram. Yoxsa, mən aşıq Əli
olmazdım. Mən ölərəm, əqidəmi,
düşüncəmi dəyişə bilmərəm. Əli əmin hər şeyi dəyişər,
düşüncəsi dəyişməz.
- Bu
gün ömür sarayının kövrək vaxtını,
sənətin enişli-yoxuşlu yolunda ustad taxtını
yaşayan Əli Quliyevin sosial təminatı nə vəziyyətdədi?
Axı aşıq Əliyə ən yüksək
dövlət təqaüdünün və
mükafatının verilməsi onun da ana südü kimi
haqqıdır.
- Yaman
yaralı yerimə toxundun, a dərdin alım. Bu,
lap mənim ürəyimdən olan söhbət oldu. Bilirsənmi, dərdin alım, mən həmişə
qazancımın 2 manatını övə verəndə, 5
manatını da ayrı şeyə vermişəm. Amma
indi zaman, dövür bir az dəyişib. Aşıq sənətinin öz məclisi yoxdu.
O gördüyün əhli-ürfan, danəndə kişilər
qalmayıb. Bu vaxta qədər mən sazı mərd
ərənlərin, əhli-hal kişilərin, qoç
kişilərin məclisində şahə
qaldırmışam. İndi də istəyərdim
ki, təqaüdüm olaydi, nadan adamların, harın məxluqatların
məclisinə, qapısına bundan sonra da yönüm
düşməyəydi. Bircə ona
görə təqaüd istəyirəm. Əlimdəki
saza görə, sənətimin urvatına görə təqaüd
istəyirəm. Bilim ki, burada 5 nəfər
sənin kimi saz adamı var, oraya gedim. Ehtiyacdan
ötrü hər yerə mənim ayağım
açılmasın. Urvatla gəlmişəm,
urvatla da getmək üçün təqaüd istəyirəm.
Axı mən atlı, ulaqlı sənətkar
olmuşam. İndi mən əlimdə saz yolun
qırağında dura bilmərəm.
- Oxuculara
sözünüz?
- Mən
elimə-obama, Azərbaycan xalqına sülh və əminamanlıq
arzulayıram.
Həmid ORMANLI
Təzadlar.- 2015.-
27 yanvar.- S.15.