“Məhəmməd Əmin Rəsulzadə dünyada ilk beşlikdə olan şəxsiyyətdir”

 

Bütöv Azərbaycana xəritə çəkməklə yox, güclü dövlətçiliklə nail ola bilərik”“Məhəmməd Əmin Rəsulzadə dünyada ilk beşlikdə olan şəxsiyyətdir”“Məhəmməd Əmin Rəsulzadə dünyada ilk beşlikdə olan şəxsiyyətdir” 

 

Yanvarın 24-də ADP qərargahında “Məhəmməd Əmin Rəsulzadə və Bütöv Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirildi. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən tədbirdə M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları, alimlər, ziyalılar, ictimaisiyasi xadimlər, gənc nəslin nümayəndələri iştirak edirdi.

 

Tədbir dövlət himnimizin oxunması və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Toplantını giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy iştirakçılara təşəkkürünü bildirdi: “Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsini lazımi səviyyədə yad edə bilməsək də, o, xalqımızın qəlbində elə bir abidə qurub ki, min illər keçsə də, yaddaşlardan silinməyəcək. Bəzən düşünürsən ki, bu, təbii bir haldır, liderin həyatı da məhz öz millətinin həyatı kimi olmalıdır. Çünki Rəsulzadənin həyatı millətinin həyatı ilə eynilik təşkil edir. Baxın, bu gün artıq borçalıların doğma Azərbaycan ərazisinə şəxsi maşınları ilə gəlməsi mümkün deyil. Dərbənd unudulmuş vəziyyətə gətirilib. Qarabağın, Qərbi Azərbaycanın taleyi hamımıza bəllidir. Özünü islam dövləti adlandıran İran rejimi Allahın qanunlarına əməldə mənfi mənada çoxtərəfli yanaşır, soydaşlarımızın millidoğal haqlarını pozur.

Məhəmməd Əmin Rəsulzadə elə bir tarixi şəxsiyyətdir ki, türk dünyasının böyük dövlət xadimi Atatürk onu özünə örnək seçmişdi. Xiyabanı, Pişəvəri və ən nəhayət, Elçibəy məhz Rəsulzadənin apardığı islahatları həyata keçirməyə çalışmışdılar. Nə qədər ki, Bütöv Azərbaycan qurulmayıb, çatışmazlıqlar olacaq. Bizim bir hədəfimiz var, o da Bütöv Azərbaycandır. Arzu edirəm ki, tezliklə Bütöv Azərbaycan ideyası gerçəkləşsin”.

Məruzə üçün ilk söz M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, BAO Mərkəzi Şurasının üzvü, tarixçi alim Faiq Ələkbərova verildi: “Azərbaycan bir ideyadır. XX əsrin əvvəllərində cümhuriyyətimizin qurulması xalqımıza yeni bir ruh verdi. Tariximizi bilməliyik. Hər bir vətəndaş yaşadığı məmləkətin dilini, mədəniyyətini sevməlidir. Hər şeyin dünən yarandığını demək bizim üçün bir faciədir. Düzdür, vaxtilə Qacarlar dövləti də türk dövləti idi, XIX əsrin əvvəllərindəki müharibələr də Rus-İran yox, Rus-Qacar müharibələri idi. Qacarlar bu müharibələrdə məğlub olmuşdu və cümhuriyyət qurulan dövrdə türklükdən xeyli uzaqlaşmışdı. Cümhuriyyətə Azərbaycan adı verilməklə əslində GüneyQuzey Azərbaycan düşüncədə bütövləşdirildi. Bəlkə də bu gün əfsanə kimi görünür, amma Bütöv Azərbaycan mütləq qurulacaq. Yüz il öncə heç birimizin ağlına gəlməzdi ki, müstəqil dövlətimiz yaranacaq. Hər şey bitdi deməməliyik. Rəsulzadənin yaratdığı ideyaları daim davam etdirməliyik. Bu yolda bizlər haqlı uğurlara layiqik”.

Tədqiqatçı, BAO Mərkəzi Şurasının üzvü Yasəmən Qaraqoyunlu M.Ə.Rəsulzadənin keçdiyi həyat yolu, gördüyü işlər və Azərbaycan uğrunda apardığı mübarizədən danışdı: “Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti 1902-ci ildə Müsəlman Gənclər Təşkilatı qurması ilə başlayır. Sonra o, Məşrutə hərəkatında fəal iştirak edir. Bu hərəkat İranın bütövlüyünü qorumaqla bir yeniləşmə, konstitusiyalı monarxiya hərəkatı idi. Rəsuzadə Türkiyəyə getdikdən sonra türkçü ideyalarla çıxış etməyə başlamışdı. Burada Ş.C.Əfqaninin əsərlərinin ona böyük təsiri olub. Qeyd edim ki, o, həm Çar Rusiyasına, faşizmə, kommunizmə, həm də liberalizmə qarşı mübarizə aparıb. O, bu günbizim üçün çox əhəmiyyətli olan solidarizm ideyasını irəli sürmüşdür. Müsavat Partiyası liberalizm yolunu seçəndə bütün günü ağlamışdım ki, görün müsavatçılar hansı yolu gedir? Hamımız müsavatçıyıq. Müsavatçı olmaq partiya üzvü olmaq deyil”.

Y.Qaraqoyunlu çıxışını Stalinin Rəsulzadə haqqında dediyi bu sözlərlə bitirdi: “Siz Azərbaycan milli hökumətinin vicdanı idiniz. Siz Azərbaycan xalqının qəlbində elə bir toxum əkmisiniz ki, bu toxumu silmək üçün uzun illər mübarizə aparacağıq”.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dedi ki, Məhəmməd Əmin Rəsulzadə bəlkə də tariximizdə dərindən dərk edilməyən yeganə şəxsiyyətdir: “Onun haqqında düşünəndə yalnız bir cümlə ağlıma gəlir. Əgər Azərbaycan tarixində beş dahi varsa, onun biri Rəsulzadədir. Bir dahi varsa, o da bu kişidir. Çünki bu adam bir ideya qurdu. Dövrün bütün çətinliklərindən həqiqəti kəşf edənə qədər keçdi. O, həqiqəti reallaşdırdı. Bu gün əgər Rusiyadan beş dövlət ayrılıbsa, bunun təməl daşını Rəsulzadə qoyub. Bu gün Rusiyanın tərkibində 17 türk muxtariyyatı varsa, bunun da təməl daşını qoyan Rəsulzadədir. O, Azərbaycanın müstəqilliyi uğrunda sona qədər mübarizə aparmışdır. Məhəmməd Əmin Rəsulzadə həm də ona görə dahidir ki, ədəbiyyatımızda kimsənin yaza bilmədiyi Nizami haqqında monoqrafiya yazıb”.

Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd etdi ki, Bütöv Azərbaycan ideyası romantik arzu kimi yox, real milli ideya kimi təbliğ olunmalıdır: “Cümhuriyyətin qurulması da romantik bir ideya kimi görünürdü. Məhəmməd Əmin Rəsulzadənin böyüklüyü onun ideoloq, ədəbiyyat alimi, ziyalı olmasında deyildi. Onun qurduğu sistem indidavam edir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən möhtəşəm partiyalarından biri olan Müsavatın, müsavatçılıq ideologiyasının qurucusudur. Bu günün prizmasından baxanda, Rəsulzadənin gördüyü işlər asan görünə bilər. İkinci dünya müharibəsindən sonra böyük dövlətlərin toqquşmaları fonunda AXC-nin qurulması, neft şəhərlərindən biri olan Bakının paytaxt olması qazanılan inanılmaz uğurlar idi. Burada qələbə və məğlubiyyətlərdən danışıldı. Təbii ki, biz bu gün qalib durumda deyilik. Tarixi ərazilərimin 10%-ində dövlətimiz mövcuddur. Biz toparlanmalıyıq. Başqa ideya axtarmaq lazım deyil. Müsavatçılıq ideologiyası var. Burada Müsavatın liberal partiya olduğu qeyd olundu. Amma Müsavat müsavatçı partiyadır”.

Arif Hacılı tədbir iştirakçılarını yanvarın 31-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçiriləcək mitinqə dəvət etdi: “Ayın 31-də böyük Məhəmməd Əmin Rəsulzadənin 131 yaşı tamam olur. Həmin gün saat 12-də Müsavat Partiyası Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirəcək. Sizin hər birinizi bu mitinqə dəvət edirəm”.

BAO Mərkəzi Şurasının üzvü Aydın Mədətoğlu Azərbaycan Cümhuriyyətinin türk tarixindəki əhəmiyyətini qeyd etdi: “Göy Türk dövləti istisna olmaqla bütün tarixən türk dövlətləri qəbilə tayfanın adı ilə adlandırılırdı. Azərbaycan Cümhuriyyəti qurulandan sonra isə türk dövlətləri artıq ərazinin ya xalqın adı ilə adlandırılmağa başlandı”. A.Mədətoğlu çıxışını M.ŞəhriyarınAzərbaycanşeirini söyləməklə bitirdi.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tədbirin təşkilatçılarına iştirakçılara öz təşəkkürünü bildirdi: “Bugünkü tədbir tam yerində idi. Faiq Ələkbərova gözəl çıxışına görə minnətdaram. Arzu edirəm, cəmiyyətimizdə birlik olsun. Hamı bir mövqedən - Azərbaycan mövqeyindən çıxış etsin. Hamınıza uğurlar diləyirəm”.

Milli Fikir Hərəkatının rəhbəri Şəhriyar Məcidzadə mövzuya fərqli mövqedən yanaşaraq qeyd etdi ki, bizə şəxsiyyətlər yox, ideya lazımdır: “Şəxsiyyətləri qabartmaq bütpərəsliklə nəticələnir. Tarix yalnız öyrənmək üçündür. Səhvlərimizi bilib, daha düzgün yol tutmalıyıq. Hər yerdə gənclərə yer verilməlidir, bu işi gənclər aparacaq. Bütöv Azərbaycana xəritə çəkməklə yox, güclü dövlətçiliklə nail ola bilərik”.

Tarixçi Dilavər Əzimli isə bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə XVI-XX əsrin arasındakı ən böyük tarixi şəxsiyyətdir. O, Babəkin dövründə yaşasaydı, onun kimi qanını üzünə sürtüb, saraldığını göstərməzdi. Xətainin dövründə olsa, onu təkrar edərdi. Atatürk Rəsulzadə arasında böyük fərq var. İmperiya dağılsa da, hər şey qalmışdı. Yəni Atatürkün hər şeyi var idi. Amma Rəsulzadə heç nəyin olmadığı yerdə dövlət qurdu. O, dünyada ilk beşlikdə olan şəxsiyyətdir. Təəssüf ki, ona bu qiymət hələ verilmir. Türkiyədə bir tədbirə gedəndə Rəsulzadənin qəbrinə baş çəkdim. Elə vəziyyət yarandı ki, gül ala bilmədik. Ziyarət zamanı mühafizəçilər gəldi. Sanki onlar bizi anlamışdı. Dedilər ki, biz onun üstünə hər gün gül qoyuruq, o, tək sizin deyil, həm bizimdir, birlikdə hamımızındır. Mən kövrəldim, sonra da fikirləşdim ki, Rəsulzadə elə Türkiyədə yatsa, yaxşıdır, çünki orada ona daha böyük qiymət var”.

Elbar ŞİRİNOV

Təzadlar.- 2015.- 27 yanvar.- S.11.