Qarabağ şəhəri haqqında nə
bilirik?
Gülablı kəndinin tarixi...
Qarabağ geniş bir regionu əhatə edir. Onun hüdudları Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə daha geniş idi:
mərkəzi Şuşa şəhəri
olan Qarabağ vilayətini, yəni hazırkı Dağlıq
Qarabağı, Aran Qarabağı və 1920-ci ildən sonra ədalətsiz
olaraq Ermənistana töhfə edilmiş Zəngəzur
mahalını əhatə etmişdir” (Axundov N. “Qarabağ
salnamələri”. Bakı: Yazıçı, 1989, 232 s.). Onun “...cənub tərəfdən Xudafərin
körpüsündən Sınıq körpüyə qədər
- Araz çayıdır. Şərq tərəfdən
Kür çayıdır... Şimal tərəfdən
Qarabağın Yelizavetpolla sərhədi Goran
çayıdır... Qərb tərəfdən Küşbək,
Salvartı və Ərikli adlanan uca Qarabağ
dağlarıdır...”. Zəngəzur,
Qapan, Qarabağın Çuldur, Mehri mahalları da
xanlığa daxil idi.
“Müfəssəl dəftər”də yalnız Şəmkürbasan
və Böyük Kürəkbasan nahiyələrində 25 kəndin
qeyri-müsəlman kəndi olduğu göstərilir. Qeyri-müsəlmanların
çox böyük əksəriyyətini isə XVIII əsrdə
də albanlığını unutmamış xristian əhalisi
təşkil edirdi (Yunis Hüseynov, “Qarabağ tarixi mənbələrdə”,
“Şuşa” nəşriyyatı, 2012, s.23). B.Liokqobitov “Qafqaz arxasındakı rus mülklərinin
icmalı” əsərində göstərir ki, meşələrinə
görə zəngin olan bu ölkə tatar (Azərbaycan)
dilində qara bağ mənasını verən “Qarabağ”
adını almışdır. Q.Qan
adlı başqa bir müəllif yazır ki, Qarabağ - qara və
bağ sözlərindəndir. Qara
yarpaqlı (həmişəyaşıl) bağlar ölkəsi
deməkdir. M.Bodnarski “Coğrafi adlar
lüğəti”ndə qeyd edir ki, Qarabağ - qara yarpaqlı
bağlar ölkəsi deməkdir. Müasir
elmi ədəbiyyat həmin fikirləri qəbul etmişdir
(Baharlı. M.Əvalati - Qarabağ: İkinci kitab. Tərtib edəni və çapa hazırlayanı
professor N.Axundov. Bakı, Yazıçı, 1991, s.15).
Dağlıq
Qarabağın Muğan, Şirvan, Naxçıvan, Gəncə,
Qarabağ əyalətləri ilə əhatə olunduğunu
bir anlığa nəzərimizə gətirsək,
yuxarıda qeyd etdiyimiz vəziyyətin yaranmasındakı
coğrafi və tarixi şəraiti dərk etmiş olarıq.
Yuxarıda dediklərimizdən aşağıdakı nəticəyə
gələ bilərik:
Qarabağ adı ədəbiyyatda söz kimi VII əsrdən
(Ş.Sədiyev “Qarabağ”ın mənası, “Elm və həyat”
jurnalı. 1963, ¹3), əyalət kimi XIII əsrdən
(Baharlı. “Əhvalati Qarabağ”. 1898. Əlyazmasından
foto-surət, Azərb. SSR EA Rəyasət Heyəti
yanında Əlyazmaları fondu. 1929, s.4 ),
xanlıq kimi XVIII əsrdən (C.Əhmədbəy. “Qarabağ xanlığının siyasi vəziyyətinə
dair”. Bakı, 1951.) məlumdur.
Qarabağ tarixi ərazisi, ondan əvvəlki
Qarabağ xanlığı, daha əvvəl isə Qarabağ
əyaləti öz adını haradan almışdır?
Aparılan elmi axtarışlar göstərir ki, bu
adların “anası” vaxtilə Araz çayının kənarında
yerləşən Qarabağ şəhəri olmuşdur. Bu şəhərin
XVII əsrin birinci yarısına qədər mövcud
olması haqqında dəqiq kartoqrafik məlumat əldə
edilmişdir. XVII əsrin birinci
yarısında alman səyyahı Adam Olearinin tərtib etdiyi
“İran səltənəti” adlı xəritədə (Adam
Oleariy. “Opisanie puteşestviə v
Moskoviö i çerez Moskoviö v Persiö i obratno”. Peterburq. 1906.) Qarabağ
yaşayış məntəqəsi 39* Şimal en dairəsi
ilə 82* Şərq uzunluğu dairəsinin kəsişdiyi
nöqtədə göstərilir. Xəritədə
Cənubi Azərbaycandan keçən və Qara suyun
yatağı ilə uzanaraq Kiçik Qafqaza daxil olan
mühüm bir ticarət yolunun Qarabağ şəhərindən
keçdiyi göstərilir. Zənn
edildiyinə görə, həmin şəhər XVII-XVIII əsrlərdə
baş vermiş müharibələr nəticəsində
dağılıb məhv olmuşdur. Şəhər
adının böyük bir əraziyə verilməsi onun
mühüm ticarət mərkəzi və nəqliyyat
qovşağı olduğunu göstərir. Şəhər nə qədər
yaşamışdır? Əlbəttə,
bu suala arxeoloqlarımız gələcəkdə daha dəqiq
cavab verəcəklər. Biz isə
Qarabağ sözünün, VII əsrdən mövcud
olduğunu nəzərə alıb, onun 1000 ildən artıq
ömür sürdüyünü inamla söyləyə bilərik.
“Qarabağ”
sözünün mənası haqqında
Bu
sözün mənasını şərh edənlər “qara”nı həmişə rəng adı kimi
düşündüklərindən, adın düzgün mənasını
izah edə bilməmişlər. Bağa nə
üçün qara deyilsin? Bu suala məntiqli
cavab verən olmamışdır. Son zamanlarda Azərbaycan
toponimikası sahəsində aparılmış işlər
nəticəsində “qara”nın bir
neçə mənası müəyyən edilmişdir;
onlardan biri də “qalın”, “sıx” deməkdir. Buna əsasən, demək olar ki, Araz
çayının kənarındakı Qarabağ şəhəri
son dərəcə “bağlı-bağatlı” olduğuna
görə belə adlandırılmışdır.
Qarabağ lap əski dövrlərdən Azərbaycan
türklüyünün ana vətənidir.
“Qarabağ” deyəndə ilk növbədə onun tarixi,
havası, torpağı, suyu, sıx meşələri, ilahi səsli
xanəndələri yada düşür. Bu gün isə
hər birimiz bu adı xatırlayanda dərk edirik ki, erməni
gavurlarının yağmaladığı cənnət
güşələrimizin azadlığı hava-su kimi
vacibdir. Dünyanın diqqət mərkəzində
dayanan bu başıbəlalı problemimizin həlli təəssüf
ki, uzanır.
Gülablı kəndi Qarabağın dağlıq ərazisində
yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa
qəzasının tərkibində olmuşdur. Gülablı
kəndini Tanrı sanki əhvalının xoş olduğu
vaxtda yaradıb. Kəndi əhatə edən dağlar,
zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli
aralıda bulaq sularının bir-birinə
qarışmasından əmələ gələn
çayın kəndi ikiyə bölməsi bu
yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl
təbiəti, saf havası qədimlərdən burada
yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə
(söhbət Qarabağ xanlığından gedir) xan
övladlarına dayə və süd anası Gülablı kəndindən
tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə
İbrahim xan Şuşada doğulan hər bir oğlan
uşağına Abdal-Gülablı kəndindən dayə və
süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən
Qarabağ xanının bu fərmanına əməl
olunması, oğlan uşaqlarının hünərli olmasına
səbəb olmaqla yanaşı, həm də
Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin
də Şuşada ecazkar səsli xanəndələrin
yetişməsinə təsir edən əsas amillərdən
idi. (F.Şuşinski. “Qarabağ
musiqiçiləri”. 1995, Bakı, “Maarif” nəşriyyatı).
“Kiçikbəyim üçün
Gülablı kəndindən gətirilmiş və o zamandan bəri
sarayda qalmış dayə, xanımın qarşısında
çömbəlib, onun baş barmaqlarını ağ ipliklə
çatdı”. (Yusif Vəzir Çəmənzəminli.
əsərləri, ikinci cild. “Elm” nəşriyyatı,
Bakı: 1976. s. 491)
Çünki
burada əsilli-nəcabətli, dünyagörüşlü,
təhsilli adamlar az olmamış, tərbiyə
və elmə can yandıranlar təkcə kənddə deyil,
bütün Qarabağda, eləcə də ətrafda
tanınmışlar. Gülablı kəndinin
münbit torpaqları, bol suları onun yaşayış
üçün əhəmiyyətini
artırdığından burada əkinçilik, maldarlıq,
bağçılıq, pambıqçılıq,
baramaçılıq və digər sahələr inkişaf
etmişdir. Təkcə onu demək
lazımdır ki, kənd ərazisindəki on səkkiz dəyirman,
on bir kəhriz, doqquz bulaq, iki artezian, iyirmi bir məhəllənin
olması bu kəndin olduqca əhəmiyyətli
yaşayış məntəqəsi olduğunu təsdiqləyir.
Digər tərəfdən, bir kənddə bu qədər
dəyirmanın inşa edilməsi kənddə lap qədimlərdən
taxılçılığın inkişafından xəbər
verir. Deməli, kənddə taxıl həmişə
bol olmuş, həm əhalini ərzaqla təmin etmiş, həm
də kənd adamlarına gəlir və bərəkət gətirmişdir.
Kənddəki hamam və məscid bu yaşayış məntəqəsinin
qədim tarixi abidələridir. Bunlardan hamam daha əskidir.
Çox güman ki, ilk orta əsrlər
dövründə inşa edilmişdir. Kəndin
yaşlı sakinlərinin (İltifat Rəşid oğlu
Qarayev (1927-ci ildə Gülablı kəndində anadan
olmuşdur), Qəhrəman Hüseyn oğlu Hüseynov (1937-ci
ildə Gülablı kəndində anadan olmuşdur), Əhmədov
Yelmar Misir oğlu (1937-ci ildə Gülablı kəndində
anadan olub) Nəsirov Sabir Şirin oğlu (1939-cu), Əliyev
Mübariz Əziz oğlu (1947-ci ildə Gülablı kəndində
anadan olub) və s.) dediyinə görə, hamama hətta
xanlıq dövründən də qabaqlar Ağdamdan və digər
ərazilərdən adamlar gəlirmişlər. Deyilənə görə, həftənin
üç günü kişilər, üç günü
isə qadınlar üçün nəzərdə
tutulmuşdu. Yaşlı sakinlərin
şəhadətinə görə, kənd məscidinin bir
neçə yüz illik tarixi vardır. Kəndin
məhəllələrinin adları, əhalisini təşkil
edən müxtəlif tayfalar Gülablının zəngin
etnoqrafiyasını, məişətini, kəndin
böyüklüyünü özündə əks etdirməkdədir.
Kənddə rast gəlinən daşqutu qəbirlər,
müxtəlif saxsı parçaları, dulusçuluq
nümunələri bu yaşayış məntəqəsinin
qədimliyini göstərir. Gülablının
Hüsü, Yusif, Osman, Vaqif kimi vətənpərvər
oğulları təkcə kəndin yox, Qarabağın
tarixində iz qoymuşlar. Nəvəsi Burzunun
söylədiklərinə görə, “Hüsü qeyri-adi cəsarət
göstərərək Tiflisdə rus generalını
öldürmüş və bu cəlladdan xalqının
intiqamını almışdır. Yusif
kişi isə Azərbaycana köməyə gələn Nuru
paşanın qoşunlarına bələdçilik etmiş,
yaşlı olmasına baxmayaraq öz cəsarəti və mərdliyi
ilə Nuru paşanın rəğbətini
qazanmışdır”.
Yusif kişinin nəvəsi öz babasının ənənəsini
davam etdirən Vaqif Rzayev isə erməni quldurlarına
qarşı Gülablı kəndinin müdafiəsi
uğrunda mübarizəyə başçılıq
etmiş, sücaəti və igidliyi ilə adını tarixin
qızıl səhifəsinə yazmışdır. O bu yolda
sağlamlığını itirmiş, sonra isə
canından artıq sevdiyi doğma kəndinin itkisinə
dözə bilməmiş, gözlərini həyata əbədi
yummuşdur.
Misirov Bayram kəndin igid oğullarından biridir. O, Ağbulaq, Yenikənd,
Qarakənd, Hasdı, Naxçivanik kimi kəndlər
uğrunda qəhrəmanlıqla vuruşmuş, bir neçə
döyüşçünü əsirlikdən azad etmiş,
həlak olmuş döyüşçülərin cəsədini
döyüş meydanından çıxarmışdır. Bayram qorxmaz kəşfiyyatçı kimi
tanınmış, el arasında hörmət
qazanmışdır.
İltifat
Qarayev, Yelmar Qarayev və Sabir Nəsirovun mülahizələrinə
görə, kəndin qədim adı “Güllü dərə”dir.
Deyilənlərdən məlum olur ki, XIV əsrdə ərəblər
kəndə gələndə bu yaşayış məntəqəsi
Güllü dərə adlanırmış, daha sonralar bu kənd
Gülablı kimi tanınmışdır. Xorasan
şəhərinin yaxınlığında Gülablı
adında tayfa olub. Bəs Gülablı
sözünün mənası nə deməkdir?.
Öncə qeyd edək ki, söz üç
hissədən - “Gül-ab” - “Gül suyu” - sözün
üçüncü hissəsi isə leksik şəkilçidir.
Buradan demək olar kı, “Gülablı”,
“Gül suyu olan yer” anlamındadır”.
Kənddə rastlanan naxışlı - qara, boz rəngli
qablar, küpələr, çölməklər
xüsüsi maraq doğurur. Tədqiqatçı
Aida Məmmədova bu dulusçuluq məmulatlarının
tunc dövrünə aid olduğunu yazır (Aida Məmmədova.
“Azərbaycanda tunc dövrünün öyrənilməsi
tarixi və onun problemləri”. Bakı.
Adiloğlu. 2001, səh.112).
Tarixən məlumdur ki, Azərbaycandakı
daşqutu qəbirlər albanlarla bağlı olub,
eramızın birinci əsrinə aiddir. Buradan nəticəyə
gəlmək mümkündür ki, həmin qəbirlərin ən
azı iki min illik tarixi vardır .
Gülablı kəndinin yaranma tarixi ilə bağlı
yerli əhali arasında müxtəlif yozumlar, rəvayətlər
mövcuddur. Hətta “Gülablı” adının bu kənddə
gülab hazırlayıb satmaqla məşhur olan böyük
bir tayfanın adı ilə bağlı olduğu söylənilir.
Yaranma tarixi təxminən VI-VII əsrlərə
təsadüf edir. Əsasən ərəblərin
Azərbaycana gəlməsi dövrünə istinad edilir.
İmam Həzrəti Əlinin bu yerdə
olması və möcüzəli tarixi “Əli bulağı”
ziyarətgahı bu fikri qüvvətləndirir.
Rəvayətə görə, VI əsrdə Həzrəti
Əli Gülablı kəndinin kənarında öz
qoşunu ilə məskən salır. Kənd sakinləri söhbət
zamanı sudan korluq çəkdiklərini
bildirirlər. “Güllü” dərə
yaxınlığında olan qaya parçasına Həzrəti
Əli qılıncı Zülfüqarı endirir. Qaya Həzrəti Əlinin üstünə gələrkən,
o, sol əlini qayaya dirəyərək, sağ əli ilə
böyük bir daşı həmin qayanın altına dirək
verir. O vaxtdan Zülfüqarın yerindən qayadan su
çıxır. Həzrəti Əlinin əl
izləri qayada qalır (həmin daşın
ağırlığı 8-10 tona qədər imiş).
O zamandan bu yerin adı “Əli bulağı” adlanır. Gülablı kəndinin əhalisi və ətraf ərazilərdə
yaşayan insanlar bu müqəddəs yeri ziyarət edər,
kimin nə müşkül işi varsa, bu müqəddəs
ocağa gələr, Allaha dualar edər, mətləb diləyərdilər.
Mətləbləri hasil olanlar bu bulağın ətrafını
ziyarət etdikdən sonra qurbanlar kəsər və imkanı
olmayanlara paylayardılar. Kənddə
yaşamış hər bir sakin buna şahiddir.
“Əli
bulağı”nın daha bir maraqlı
möcüzəsi də odur ki, həmin qayanın
üstündə, daşın içərisində bitmiş
bir neçə nar kolunda nar çiçəyi əvəzinə
gül açırdı. Bu bulağın bir
möcüzəsi də suyun öz mənbəyini hardan
götürdüyünün məlum olmamasıdır. Digər bulaqların suyu bəzən azalıb, quruma
dərəcəsinə çatsa da, bu bulağın suyu həmişə
eyni axarda olmuşdur. Bu nar ağacları
böyümür, qurumur, necə var eləcə də
qalırdılar. İnsanlar dilək diləyəndə
bu nar kollarına düyünlər vurub arzu edərdilər,
niyyətləri yerinə yetəndə gəlib ocağı
ziyarət edib, düyünləri açardılar.
(Davamı var)
Almara
NƏBİYEVA,
folklorşünas,
BDU-nun “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının
elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Təzadlar.-
2015.- 29 yanvar.- S.12.