Andına sadiq Azərbaycan polisi...

 

...Mehdiabad qəbirstanlığında bir qəbir var. İlahi səssizliyin, o nəfəskəsən sükutun içində sanki insanla danışmaq, dərdləşmək, nəyisə anlatmaq istəyir. Biz dirilər daş dilini bilmərik ki? Ya da gündən-günə daşa dönən ürəklərimizlə “İnsanlıq öldümü” sualı ilə baxışlarının üzümüzə qışqırdığı bir insanı, acı bir mənzərəni görməzlikdən gəlib yanından laqeydcəsinə keçərik.

Başdaşındakı tarixə baxıram. Dünyaya gəlişi ilə gedişi arasında bir göz qırpımlıq məsafə var. Dünyadan cavan köçən soydaşımın ömrünün qalan illərini qəbir daşı yaşayıb sanki. Qocalıb, qırışıb o daş. Soyuğa, istiyə dözüb, durub...

Hərdən mənə elə gəlir ki, insan diriykən bir yerdə qərar tapmır, ancaq dünyadan köçəndə son mənzili, son sığınacağı olan torpağa daha yaxın olur. Bəzən ağaclara baxanda da bu fikrimin üstündə dayanıram. Təbiət həmişə, biz isə dünyadan köçəndə torpağa vəfalı oluruq.

Bir fikrin ipindən tutub düşünürəm və belə qərara gəlirəm ki, hər qəbir daşı bu dünyadan o dünyaya ucalan bir nərdivandır. İstər fəhlə olsun, istərsə də alim, hamı, hər kəs bu nərdivanla ucalır haqq dərgahına. Haqq dünyasını görən, o dünyadan bir xəbər gətirən olmasa da, hamımız bu dünyanın kədərini, sevincini yaşaya-yaşaya o dünya üçün də bir az tədarük görürük. Savab qazanmaq, xeyirxah işlər görmək üçün bəhsəbəsə düşməsək də “qulpumuzdan qopan”la Yaradanın xoşuna gəlmək istəyirik. Həm də XOF deyilən, qorxu şəklində ruhumuzu saran gözəgörünməzlə üzbəüz gəlməyin qorxusu ac bir qurd kimi gəmirir içimizi. Allaha xatir gördüyümüz bir əməlin ucunda çörəyə, yeməyə, bir xoş üzə, bir şirin sözə ehtiyacı olanın Allaha ucalan duasını, Allaha açılan əllərini görərik...

Bu qəbir yiyəsinin də özüylə o dünyaya aparmadığı, bu dünyada qoyduğu əmələ görə təkcə onu tanıyanlar deyil, özünün, övladının, millətinin, dövlətinin gələcəyini düşünən hər kəs ona rəhmət oxuyur, xatırlayır, yada salır.

O, andına sadiq, əhdinə düz, torpağını, bayrağını sevən qəhrəman bir Azərbaycan Polisi idi. 1972-ci ilin oktyabrında Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində doğuldu polis polkovnik-leytenantı Namiq Gürzalı oğlu Musayev.

Deyirlər ki, torpağa, yurda bağlılıq kökdən gəlir. Bu inkarolunmaz faktdır ki, torpağa bağlı insanlar ya şəhid olurlar, ya da qəhrəman. O, doğulub boya-başa çatdığı ailənin də, torpağın da ulu tarixini yaxşı bilirdi. Çünki mənsub olduğu nəsil-Musayevlər soyadını daşıyanların əksəriyyəti oxumuş, kitaba, elmə, saza, sözə bağlı insanlar idi...

 

İlk itki, ilk şəhidlərdən biri...

 

Bəlkə də bu gün çoxları qədim-oğuz türk yurdu olan indiki Ermənistan ərazisindən, öz dədə-baba yurdlarından zorla deportasiya edilənlərin yaşadıqları ağrılı-acılı günlərdən, sözün əsl mənasında, bir millətin faciəsindən xəbərsizdilər. Həmkarımız Namiq Müsayevin atası Göyçənin Basarkeçər rayonunda doğulmuşdu. Ali təhsilini indiki SanktPeterburqda almışdı. Ziyalı və ayıq-sayıq bir türk oğlu idi. Hadisələrin azərbaycanlıların taleyini sual altında qoyaraq belə cərəyan etməsini Göygöldə işləsə də diqqətlə izləyir, bir çıxış yolu axtarırdı. Müxtəlif vəzifələrdə çalışan gürzalı müəllimin səlahiyyətlərdən xalqın xeyrinə istifadə etməsi kimlərinsə xoşuna gəlmədiyindən onu işindən uzaqlaşdırıb bir neçə kənddən ibarət təsərrüfat yaradırlar və onun rəhbərliyini də Gürzalı müəllimə həvalə edirlər. Həmin kəndlər ermənilərin əhatəsində olduğundan əhali istənilən vaxtı təhlükə ilə üzləşə bilərdi. Ermənilərin sıx məskunlaşdığı və erməni ekstremistlərinin məskən saldığı Çaykənd əsl təhlükə mənbəyi idi. Ermənilərin əsas məqsədi çoxlu sayda silah-sursat əldə edib Gəncə ətrafında olan bütün kəndlərdə yaşayan azərbaycanlıları Kür çayına qədər qovub torpaqları zəbt etmək idi. Gürzalı Musayevin təşkilatçılığı, uzaqgörənliyi nəticəsində soydaşlarımız ölümlə üz-üzə durub mübarizə apardılar və erməniləri yerinə oturtdular. Hətta erməni millətçiləri Gürzalı Musayevi öldürənə bir milyon rubl verəcəklərini də vəd etmişdilər...

Oğlu Ariz Musayev atasının şəhid olduğu günü belə xatırlayır: “1991-ci ilin soyuq fevralıydı. Ev telefonumza zəng gəldi və atamı soruşdular. Dəstəyi götürdü. Rəngi qara bulud kimi dolmuş, üzündə qəribə bir ifadə vardı. “Harda istəsəniz görüşək, sizin nəyinizdən qorxacağıq ki...Ax, bu namərdlər”,- deyib bayıra çıxdı. Sürücüsü Dəmirlə getdi...

Məktəbdəydim. Üstündən heç iki saat keçməmişdi. İradə adlı müəlliməmiz məni yanına çağırıb ağlaya-ağlaya təcili evə getməyimi bildirdi. Həyətin qarşısında böyük bir izdiham vardı. Atamı qan içində görəndə özümü itirdim. Ölümünə inana bilmədim”...

 

Haqq yoluna varmaq üçün...

 

Namiq Azərbaycanın ilk şəhidlərindən olan atası Gürzalı kişinin ölüm xəbərini alanda Bakıda ali təhsil alırdı. Elə o gündən düşmənə olan nifrəti qarşısı alınmaz bir dağ çayı kimi ürəyini didib-parçalayır, intiqam hissi ilə alışıb-yanırdı. Başsız bir məmləkətdə üz tutmağa, ürək qızdırmağa əzizlərindən başqa kimsə yox idi...

Azərbaycan Politexnik İntitutunu bitirdikdən sonra hüquq-mühafizə orqanlarında xidmət etmək həvəsi onu Azərbaycan Prezidenti Yanında Xüsusi İdarəyə gətirir. Gecəsini-gündüzünə qatıb işləyir, günü-gündən təcrübəsini artırır. Dövlətə və dövlətçiliyə olan hər bir qəsdin üstünün açılmasında, qarşısının alınmasında xüsusi fəallıq göstərir və dəfələrlə rəhbərlik tərəfindən işi müsbət qiymətləndirilir. Sonra xidmətini Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində davam etdirir. Həmkarımız sanki təhlükə ilə üzbəüz gəlməyi sevirdi. O, cinayətkarla, qanunazidd əməl törədənlə döş-döşə gəlmək, onları qanun qarşısında diz çökdürmək üçün əsəs iş prinsipi məxfiliyə söykənən, DİN-in görən gözü, vuran əli olan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsində xidmətini davam etdirir. Peşəsini sevməsi, təcrübəli əməkdaşlardan bu peşənin incəliklərini öyrənməsi kollektiv arasında ona xüsusi hörmət qazandırmışdı. Hər hansı bir əməliyyat tədbiri olanda hamı istəyirdi ki, Namiqlə birlikdə olsun. Qorxmazlığı, təmkini, cəldliyi və bir əməliyyatçı kimi situasiyadan asılı olaraq manevr bacarığı hamı tərəfindən heyranlıqla qarşılanırdı. Güclü yaddaşa, hafizəyə malik olması üstün cəhətlərindən biri kimi hər zaman köməyinə çatmışdı. Axtarışda olan şəxslərin şəklinə bircə kərə baxması kifayət edərdi ki, onu yadında saxlasın. DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adamları girov götürmə və hədə qorxu ilə tələb etmə cinayəti ilə mübarizə şöbəsində baş əməliyyat müvəkkili kimi digər gənc əməkdaşlara nümunə kimi göstərilirdi. Namiq heç bir işində səhvə yol verməzdi. Hər hansı bir əməliyyata əvvəlcədən hazırlaşar, yüz ölçüb bir biçərdi. Onu tanıyanlar, onunla birlikdə işləyənlər deyir ki, Namiqin çox qəribə xüsusiyyətlərindən biri də o idi ki, keçirilən əməliyyat tədbirində hər kəsi qoruyardı, dəfələrlə güllə ilə ömrü arasında bir tük məsafəsi qalmışdı. Ölüm də qorxurdu bu igid Azərbaycan oğlundan, Azərbaycan Polisindən.

Narkomanlar, narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar gözünün düşməniydi. Bu bəlanı yayanlara qarşı çox amansızıydı. Səssiz əcəllə can alan bəlanın təhlükəli olduğunu, onun ailələrə bədbəxtlik gətirdiyini yaxşı bildiyindən çalışırdı ki, insanların arasında çox olsun, onlara bu barədə daha çox məlumat versin.

 

Dostlar belə xatırlayır...

 

Ömür yolu yarıda qırılan həmkarımı daha yaxından tanımaq üçün onun dostları ilə görüşdüm, xatırladıq, yada saldıq və kövrəldik. O insan bədbəxtdir ki, özündən sonra izi, yada salınmağa bir xoş xatirəsi belə qalmır. Namiqi belə xatırlayırlar:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov:

- Namiq əsl dost idi. Onunla 1999-cu ilin noyabrında tanış olmuşduq və bu tanışlıq çox möhkəm sonra dostluğa çevrildi. Çoxları elə bilirdi ki, biz qardaşıq...

Bir hadisəni heç vaxt unutmaram. Bir dəfə ona dedim ki, xəstələnmişəm, həm də qızdırmam var, bu gün görüşə bilməyəcəyik. Mən Sumqayıtda yaşayırdım. Gün ərzində zəng edib keyfimi, nəyəsə ehtiyacımın olduğunu soruşdu. Dedim yaxşıyam. Səhər tezdən işə gəlirdim, birdən gözüm yolun kənarında dayanmış “Tofaş” markalı maşına sataşdı. Yaxınlaşanda gözlərimə inanmadım. Namiq maşının içində yatmışdı. Soruşdum ki, sən burda neyləyirsən? Dedi ki, Sumqayıtda tədbirimiz vardı, fikirləşdim ki, gecə yola çıxmayım, elə burdaca yatım. Sonra dostlarımızın biri ilə əlaqə saxlayıb Sumqayıtdakı tədbirin necə keçdiyini soruşanda aldığım cavaba məəttəl qaldım. Dünən orda tədbir-filan olmayıb. Sən demə, Namiq mənə görə Sumqayıta gəlib ki, birdən səhhətim pisləşər, nəsə olar. Hələ də onun yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, uzaq bir səfərə gedib və günlərin birində gələcək.

“Bəs ölüm xəbərini necə eşitdiniz, sizə kim xəbər verdi ki, Namiq həyatda yoxdur” sualıma Mirsaleh müəllim cavab verməsə də yanağından süzülən göz yaşları özü əslində bir cavab idi:

- Namiq bir müddət öncə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri yaxalamaq üçün Cəlilabada əməliyyata getmişdi, hətta atışmaya da düşmüşdülər. Növbəti dəfə belə əməliyyata gedəndə, o, növbədən çıxmışdı. Təsadüfən həmin gün bir dostumuzun doğum günü idi. Danışmışdıq ki, dostlar yığışıb bu günü qeyd edək. Mənə zəng vurdu ki, Cəlilabadda tədbirimiz var. İnşallah axşama qayıdıram. Bir az keçmiş ona zəng vurdum ki, hardasınız? Dedi ki, dağa qalxırıq...

Həmin gün bir başqa dostumgilə getmişdim. Onların qapısına çatanda sanki ayaqlarım yerimədi, bir anlıq bütün bədənim keyləşdi. O gündən bu günə kimi də həmin key bədənimdən getməyib. Elə bil ki, ürəyim məni yeyirdi. Bir yerdə qərar tuta bilmirdim. Göyün üzü bomboz idi və yağış da güllə kimi yağırdı. İş yerimə gəlib yerimə uzandım. Gözümə təzəcə yuxu getmişdi ki, telefon zəng çaldı. Namiqin iş yoldaşı Natiq idi. Dedi ki, sən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələ bilərsən? Dedim nə olub? Dedi ki, Namiq maşınla adam vurub. Dedim adam vurubsa ora niyə gəlim, elə birdəfəlik xəstəxanaya gəlim. Dəstəyi yerə qoydum və üç dəqiqə keçməmiş yenə zəng gəldi. Yenə Natiq idi. Bu dəfə dedi ki, hadisə ilə bağlı DİN-in rəhbərliyi də burdadır və Namiq yaralanıb. Az qalırdı ki, ürəyim ağzımdan çıxsın. Bircə onu deyə bildim ki, Namiq yaralansaydı özü mənə zəng vurardı. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə necə çatdım, onu Allah bilir. Namiqi soruşanda: “o daha yoxdur”,- dedilər.

Məni dərd götürmüşdü ki, ailəsinə, əzizlərinə, yaxınlarına bu qara xəbəri necə deyəcəyəm. Namiqin kiçik qardaşı Ariz onda Azərbaycanda deyildi, işlə bağlı xaricdəydi. Axı qardaşına, ciyarparasına necə deyəydim ki, Namiqi əcəl bizdən aldı. Saat üç və ya dörd olardı Arizə zəng vurdum. Dəstəyi götürəndə gözlərimə inanmadım. Sən demə bu saatlarda o da oyaqmış. Hal-əhval tutub dedi ki, bayaq elə telefona baxa-baxa səni düşünürdüm. Dedim ki, bir zəng eləyəsən, danışaq. Özümü güclə toparlayıb: “Sən Bakıya gəl, Namiq yaralanıb”,-dedim. Səsinin titrəməyindən bildim ki, ağlayır. Mənə dedi ki, Mirsaleh heç bilirsən saat neçədir? Namiq yoxdur hə...

Dostu Nadir müəllimə Namiqlə bağlı bir anım yazısı yazacağım haqqında məlumat vermişdim. Vədələşdiyimiz vaxt getdim və görüşdük. Araya dərin bir sükut çökdü və Nadir müəllim Namiqin adını çəkəndə hiss etdim ki, qəhər onu boğdu, danışa bilmədi. Namiq kimi bir dostu itirən ağlamazmı?

Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Nadir Aslanov:

- Mən onun haqqında bu dünyada yoxmuş biri kimi danışmaq istəmirəm və hara baxıramsa gözlərimin önünə gülən gözləri gəlir. Namiq sanki bu dünyanın adamı deyildi. Onun yerişi, duruşu tamam başqaydı. Mərddi, cəsurdu, qorxmazdı. Səxavətli, mərhəmətli həm də uşaq kimi kövrəyiydi desəm, bəlkə də inanmazsınız.

İşdən imkan tapanda qəbri üstünə gedirəm. Ürəyimdə onunla danışıram, dərdləşirəm. Elə bilirəm ki, ölməyib, elə bilirəm ki, mənimlə gizlənqaç oynayır. Yoxluğuna heç cürə inana bilmirəm. Axı bizim dost itirən vaxtımız deyil, sözün hər mənasında...

 

Ömür yarıda qırılsa da...

 

... 2007-ci ilin 5-6 noyabr tarixlərində çıxan qəzetlərdə “Narkotik qaçaqmalçıları polis zabitini güllələdi” xəbəri ölkə ictimaiyyətini dərin hüzünə qərq etdi. Noyabrın 3-dən 4-nə keçən gecə İran-Azərbaycan sərhəddində baş verən olayda Azərbaycan Polisi, polis polkovnik-leytenantı Namiq Gürzalı oğlu Musayev xidməti tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olsa da narkotik ticarətçilərindən 3-ü qanuna təslim edildi...

Namiq Mehdiabadda canından əziz bildiyi ana torpağa verildi. Cəlilabadın Şatırlı kəndi Namiqin gedib və dönmədiyi son ünvan oldu...

Həmin gün paytaxt Bakıda böyük bir izdiham vardı. Qaraçuxur qəsəbəsindən Mehdiabada uzanan maşın karvanına xəbəri eşidən və bundan sarsılan vətəndaşlar da qoşulmuşdular. İtki təkcə bir ailənin, bir nəslin deyildi, bir oğul eldən, Vətənimizin bağrından qopub əbədiyyətə qovuşmuşdu. Mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun və DİN-in digər yetkililərinin, orqan və hissələrin rəhbərlərinin iştirakı tutduğu vəzifədən, daşıdığı rütbədən asılı olmayaraq hər bir həmkarımıza, ən ümdəsi, Azərbaycan oğul və qızına göstərilən diqqətin bariz nümunəsi idi.

 

Sıramızda neçə-neçə

Namiq kimi oğullar var...

 

İnsanların sevgisini, dövlətin etimadını qazanmaq işini, peşəsini sevənlər, geyindiyi mundirin qiymətini anlayanlar üçün bir dünya deməkdir. Ölüm onlar üçün bir udumluq sudur. Qaşla-göz arasındakı zamana bəzən bir ömrü sığdırıb yaşayanlar, qorxmazlıq simvoluna çevrilib ölümsüzlüyün mahiyyətini bizə anladanlar, əslində, bir qəhrəman kimi tarixin yaddaşına həkk olunanlardır. ..

 

Ölüm çoxumuzun çıxmağa cürət etmədiyi ucalıqdır. Nəfəsi daralanlar ucalığı sevməzlər...

 

Ağ rəngi gözdən salanlara, ağı ölüm rənginə bənzədənlərə, sabahımızı rəngli sülh göyərçinləri uçan aydın səmalarda görmək istəməyənlərə qarşı vuruşur, mübarizə aparır və qəhrəmancasına həlak olur Azərbayacan Polisi...

Yeri gəlmişkən onu qeyd edim ki, Namiqin qəhrəmanlığı ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, o, ölümündən sonra “İgidliyə görə” medalla təltif olunmuşdur.

Bir qəhrəman paqondaşımın ömür yoluna işıq tutub bu yazını yazmağımın həm də bir səbəbi var: Bu gün ölkəmizin hər yerində, xüsusilə də ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış narkotiklərlə mübarizəyə qarşı 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar narkotik vasitələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını almaq üçün müəyyən maarifləndirmə tədbirləri keçirilir. Könül istərdi ki, “Narkomaniyaya yox deyək” devizi altında keçirilən hər bir tədbirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkarlara, narkobaranlara qarşı mübarizədə şücaət göstərən, hətta ölümün gözünə dik baxaraq içdiyi anda öülm ayağında olsa belə sədaqət nümayiş etdirib həlak olan polis polkovnik-leytenantı Namiq Gürzalı oğlu Musayev kimi həmkarlarımızdan da söhbət açılsın, onların xatirəsi yad olunsun. Gəlin, onları tanıyaq, unutmayaq, unudulmağa qoymayaq...

Namiqin Nurlanə və Nahid adlı iki övladı yadigar qaldı ömür-gün yoldaşı şəhid olan, Namiq kimi igid oğul dünyaya gətirən Aqilə Anamıza, əmisi Arizə, doğmalarına, biz paqondaşlarına, dövlətimizə və Azərbaycan xalqına. Bu anım yazısı bir yurddaşı, paqondaşı kimi məndən ona vəfa borcudur.

Ruhun şad olsun, əziz paqondaşım, qandaşım və qardaşım!

Hafiz Təmirov,

polis kapitanı

Təzadlar.- 2015.-31 yanvar.- S.13.