Bütün türk dünyasından boyu
görünən - Dərviş Osman Əhmədoğlu
Şair Osmanı - Osman Əhmədoğlunu tanıyanda
9-cu sinifdə oxuyurdum. Onda şeirlərə, şeir yazanlara
yüksək dəyər verilirdi. Adını
eşidib, lakin üzünü görmədiyim, sadəcə,
şeirlərini qəzetlərdən - əsasən də
Gürcüstanda çap olunan mətbuatdan oxuduğum
şairlərin hamısını çox istəyirdim. Özüm də əzbərdən şeir söyləməyi
çox sevərdim.
Nədənsə, Osman müəllimin şeirlərini o
vaxt “Sovet Gürcüstanı” qəzetində tez-tez
oxuyardım, əzbərimdə daha çox qalardı onun
şeirləri. Yaşım artdıqca şeirə
marağım da artmağa başladı. O vaxtlar şair
Osmanın “Borçalı “ adlı bir
şeiri vardı. Qoşma üstündə
yazılan həmin şeir orta məktəb illərinin ən
doğma, ən əziz və sevimli yadigarı olub mənim
yaddaşımın. Və o şeirin mənim
səmtimin, yönümün müəyyənləşməsində
əvəzsiz rol oynayıb. Bəlkə də 30 ildən
artıq olar ki, bir gün də olmayıb o şeiri əzbər
söyləməyim:
İzin
ver başına dolanıb sənin,
Ümman qucağında üzüm, Borçalı.
Hər
obanı bir bənd bilib şeirimə,
Oymaqlardan misra düzüm, Borçalı.
Həm
tarixim, həm keçmişim, əzəlim,
Gəraylım,
təcnisim, qoşmam, qəzəlim,
İgidim,
ərənim, öz obam, elim,
Ən şirin söhbətim, sözüm,
Borçalı.
Təvəllüdüm
də sən, yaşım da sənsən,
Baharım da sənsən, qışım da sənsən.
Göylərə
ucalan başım da sənsən,
Duyan qəlbim, görən gözüm, Borçalı.
Dağların
atamdır, düzlərin anam,
Lilparlı
bulaqlar gül üzlü sonam,
Mən sənin
eşqinlə alışam yanam,
Adına “vətənim” yazım, Borçalı.
Qoy aləm
hüsnünə yetirsin nəzər,
Hər
sözün-söhbətin nəğməyə bənzər,
Sinəndə
ustadlar barmağı gəzər,
Babamdan yadigar sazım, Borçalı.
Könlüm
öz yurdundu, qürur ilə gəz,
Al qələm
əlinə, dastanını yaz,
Osmanam,
heç tufan qopara bilməz,
Bitmişəm sinəndə özüm,
Borçalı.
Sonralar onun çox şeirini və məqalələrini
oxudum. Və hamısı da mənə bir- birindən
xoş gələrdi. Təkcə
yazılarından yox, onun özündən də çox
öyrənməyə çalışmışam
ömrüm boyu. Özünü daha
yaxından tanıdıqca, onun necə bir insan olduğunu daha
çox anlamağa başladım. Özündən
danışmaz, öz şeirlərini və kitablarını
təbliğ etməyə çalışmaz Osman Əhmədoğlu.
Borçalını canından artıq sevən Osman
Əhmədoğlu ömrünü və həyatını
bu yurda həsr edib. Bu torpağın sazını,
sözünü və insanlarını tanımağa
çalışıb. Rəhmətlik
xalq şairi Hüseyn Arifin və mərhum aşıq
Aydın Çoban oğlunun məsləhəti və köməyi
ilə Gürcüstan Aşıqlar Birliyi yaratmış və
onu layiqincə yaşatmışdır. Şair Osman
Sarıvəllinin, Xındı Məmmədin, şair
Ağacanın, aşıq Əmrahın, Hüseyn
Saraclının, aşıq Kamandarın, Alxan
Qarayazılının, Quşçu İbrahimin, aşıq
Göycənin, aşıq Əmirin və
başqalarının dönə-dönə tədbirlərini
keçirib. Yubileylərinin təşkilatçısı
və aparıcısı olub.
Zəmanəmizin ən böyük
aşıqlarından olan Kamandar onun şeirlərini saz
üstündə, öz bəstəsində el məclislərinin
mötəbər insanlarına oxuyub. Eləcə də
ustad aşıq Əmrah və digərləri çox oxuyub
onun qoşmalarını, gəraylılarını.
Ən xoşuma gələni isə aşıqların
oxuduğu “Atam-anam” şeiridir:
Qonaq
qardaş, xoş gəlibsən bu yurda,
Dayanma, yaxına gəl, atam-anam.
At bir yana utanmağın daşını,
Sən də bizə qarış, gül, atam-anam.
Gəncə
bizim, Təbriz bizim, Kür bizim,
Sevincimiz
şəlalədən gur bizim,
İnan,
billah! Bu gün-sabah sur bizim,
Gəl məndən müjdəni al, atam-anam.
Ay Osman, Təbriz
de, titrət bədəni,
Kəs qəlbini o göynədən zədəni.
Vətəni,
milləti satan gədəni,
Qılınc ol, yarıya böl, atam-anam.
Hələ
neçə il bundan qabaq İncə dərəsində
Hacımahmud əfəndinin dəfn olunduğu ziyarətgah
olan Göy türbə çox gözəl təmir olunub. Bizim tərəflərdə - İncə dərəsində
onu bu gün də söyləyir gözü ilə görənlər,
şahidi olanlar. Deyirlər ki, o vaxtkı çətin
illərdə olan qadağalara baxmayaraq, bu müqəddəs məkanı
təmir etdirən kişi
Borçalıdan olan Dəmirçi Əhməddir. Sən demə, həmin Dəmirçi Əhməd
şair Osman Əhmədoğlunun atasıymış. Dəmirçi Əhməd övliya babamız
Cındır Osmanın oğluymyuş. Həmin
Osman babamız öz ömrünü Hacı Mahmud əfəndinin
Həzrəti-pirimiz olan Mir Həmzə Seyid Nigari həzrətlərinin
ən sədaqətli müridi olub. Yeri gəlmişkən,
xalq şairi Nəriman Həsənzadənin yazdığı
“Seyid Nigari Türbəsi” adlı məşhur
poemasının bütöv bir fəsli həmin Cındır
Osmana həsr olunub:
...Keçdin
rusun,
Osmanlının gömrüyünü.
Sən
bağladın Cındır Osman,
Zaman
açdı
Bu düyünü.
Qazaxda
Mahmud Əfəndi
Eşitdi,
güldü, bəyəndi,
Səndən ötrü qəhərləndi.
Həqiqətən Osman baba xeyirxa hlığın və
halallığın mücəssəməsiymiş. Dədələrdən
gələn haqq yolunun yolçusu olub şair Osmanın
ata-baba ocağı. Görünür, xalq
şairimiz “əslində olan dırnağında bilinər” kəlamına
da nəzər yetirib. Ustad həmin poemada
tanıdığı Osman Əhmədoğlunu unutmayıb.
Onun da dəyərini öz qüdrətli qələmilə
verib.
Həmin
poemanı yenə V hissəsində oxuyuruq:
Osman
qağa, görüşdüm mən
Şair nəvən
Osman ilə.
Bir qibləyə
namaz qılır,
Gördüm
bu can o
can ilə.
Qızılı
yox, gördüm qızıl
sözləri var.
Səndən,
məndən
xəbəri var.
Sinəsində
açılmamış
dəftəri var.
...Mən
görmüşəm,
dövran
keçir,
bir an gəlir,
O yoldan
ki, Osman keçib,
sonra yenə
Osman gəlir.
Mən Nəriman Həsənzadə
böyüklüyünü və ucalığını bu əsərində
bir də gördüm. Və ona Osman Əhmədoğluna bu əvəzsiz
misraları yazdığına görə bir də təşəkkür
edirəm.
Mən
Osman Əhmədoğluna da minnətdaram ona görə ki, məktəbdə
oxuduğum illərdə hər məni görəndə deyərdi:
- Mənim babam Hacımahmud Əfəndiyə 55 il qulluq edib. Mən də hər
İncə dərəsinə gedəndə nənəm Cahana
deyərdim ki, Borçalıda bizim elə vurğun bir
şair var, o şair ki, sanki bütöv ömrünü o
zuyarətgaha səcdə eləmiş Cındır Osmanın
nəvəsidir. Mən nənəmnən
hələ uşaqlığımnan o ziyarətgahı hər
zaman ziyarət eləmişəm, uşaqdan böyüyə
hər kəsin “Pir” dediyi o məkanda kəsilən
qurbanları görmüşəm, deyilənlərdən qəbul
olanları, nəzir verənləri, sadağa göndərənləri
görmüşəm.
Osman müəllim təkcə şair yox, həm də
elin-obanın və bütün insanların hamısına bir
insanlıq nümunəsidir.
Əslində, mən çoxdan yazmaq istəyirdim onun
haqqında. Əlbəttə, şairliyi və şeirləri
haqda yazmağa gücüm çatmazdı. Nə də onun yaradıcılığını dərindən
bilmirdim. Bilsəydim də o qədər
yazı-pozu dərinliyinə çox gedə bilməzdim.
Amma bir tərəfdən də ona olan
böyük hörmətim məni dincəlməyə
qoymurdu. Osman Əhmədoğlu mənim nəzərimdə
sadə və o qədər də səmimi bir şəxsiyyət
olub həmişə. Mən onu daha
çox bir insan kimi, bir doğmam kimi görmüşəm.
Gördüyüm kimi də düşünməyə
çalışmışam. Nədənsə,
öz yaxın qohumlarımdan birinə, əmimə,
dayıma, bəlkə də öz doğma babama
oxşatmışam onu. Əslinə qalsa,
onunla bir qohumluğumuz lap çoxdan, bəlkə də bizim
özümüzdən çox-çox əvvəllərdən
varmış. Bu da onun ulularının
İncə dərəsinə müqəddəs
bağlılığından gəlirmiş. Orada olan Göy türbəyə
bağlılığından gəlirmiş.
Mən ona “Osman baba” demişəm
uşaqlığımdan. Övladlarım da onu
belə çağırır.
Şair Osmanın dəyərini verən insanları da
çox görmüşəm. Onlardan biri dediyim kimi,
xalq şairi Nəriman Həsənzadədir. Osman Əhmədoğlunun tədbirləri,
görüşlərdəki çıxışları,
televiziya proqramlarındakı, şeir məclislərindəki
ağırlığı onun kimliyindən xəbər verir.
Dönə-dönə
“Ovqat”, “Səhər sovqatı”, “Ozan” və s. verilişlərdə
iştirakı, Türkiyənin “Türksoyla ipəkyolu”
televiziya proqramında və digər tedekanallardakı
görüşlərinin, tariximizə, mədəniyyətimizə,
ədəbiyyatımıza, sazımıza sevgi dolu
duyğularının tamaşaçısı olmuşam. Hər verilişdə, hər görüşdə
yeni bir keyfiyyəti üzə çıxır onun. Elmi yazıları ilə neçə-neçə
ağır simpoziumların, konfrasların
iştirakçısı və mükafatçısı
olub.
Tiflisdə,
Bakıda, Türkiyənin müxtəlif şəhərlərində,
Kosovoda, Qırğızıstanda və başqa yerlərdə
elmi, bədii və publisistik yazıları ilə
çıxış edib, neçə-neçə
uğurlara imza atıb.
Amma hara getsə də, harada olsa da, dönəcəyi,
duracağı və yaşayacağı bir yer var, bir məkan
var, bir yurd var ki, o da Borçalıdır. Osman Əhmədoğlu
nə qədər türk ruhludur, elə o qədər də
Borçalı ruhludur. Özünün bir şeirində
dediyi kimi:
Bir saz
olub ağır elli Borçalım,
Yerin-göyün havasını çalandı.
Zaman-zaman
qada görüb, qan görüb,
Atəşlərə, alovlara qalandı.
Danəndi,
əhli-ürfan kanıdı,
Ər məqamı, ərənlər meydanıdı.
Bir yurd
kimi yurdların sultanıdı,
Ondan
ayrı əfsanədi, yalandı...
Yurd məhəbbəti Osman Əhmədoğlu
üçün ata-ana sevgisindən də böyükdür. O sevgiyə çatmaq, o
sevgiylə yaşamaq da hər kəsə nəsib olmaz. Və o, hər ağrıya-acıya dözər,
yurd ağrısına, daha doğrusu, yurdsuzluğa dözməz
heç zaman.
“Borçalı” cəmiyyətinin verdiyi “Zahid Xəlilov
adına türklüyə xidmət” ödülünün və
Dünya Qarapapaqlarının İstanbul şəhərində
keçrilən I qurultayında “Türk dünyasına hizmət”
ödülü ilə mükafatlandırılıb Osman
Əhmədoğlu. Bunlar Borçalı tarixində bir ilk
olaraq tarixləşib. Bu başından-o
başına Borçalı ellərini bir-bir dolaşar, yayda
yaylaqlar, qışda qışlaqlar onun məkanı olar.
Yorulmaq nədi, bilməz. Artıq
ömrünün ixtiyar çağına doğru qədəm
basır, amma hələ yollardadır, uğurlardadır.
“Borçalı” cəmiyyətinin “Elat” bayramlarında
Armudlu yaylasında öz gözlərimlə nə qədər
doğmalıqlar görmüşəm. Orada da Osman
Əhmədoğlunu görmüşəm. Hər zaman haqqın və həqiqətlərin
yanında olub o insan, mərdlərin yanında olub. Hər tərəfdən gələn qonaqlar ona
gözaydınlığı verib. Doğrusu,
bütün bunları görüb qürurlanmamaq olmaz.
Keçmişə nə qədər
bağlıdısa, gələcəyə də o qədər
bağlıdır o. Keçmişiylə nə qədər
öyünərsə, gələcəyə ümidlə o qədər
öyünər. Və bu da inam yaradır insanlarda hər
zaman. Müəllim kimi müəllim, dərviş
kimi də dərvişdir Osman Əhmədoğlu. Hansı sahədə olursa-olsun kölgəsi
böyük görünür. Boyu uca
görünür. Ondan öyrənməyə
və ona güvənməyə, ona ümid etməyə dəyər.
Borçalıda bir şair yaşayır, bir dərviş
yaşayır, bir insan yaşayır və onun bütün
türk dünyasından boyu görünür. Bu, Osman Əhmədoğludur.
Şair Dərviş
Osmana
Mən sənə
əzəldən baba demişəm,
El, mahal
demişəm, oba demişəm,
Borçalı adında düha demişəm.
Sənə
kömək olsun böyük yaradan,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
İman
gördüm əsilində, soyunda,
İnam
gördüm Haqq göndərən payında,
Sədaqət
var çörəyində, suyunda,
Ay vətən
sevdalı mötəbər insan,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Bir
kitabsan, dastandır hər varağın,
Bu
dünyaya yayılıbdı sorağın,
Görüm
daim uca olsun bayrağın,
Sənin
halalındı qazandığın şan,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Gur
bulaqsan o dağlardan süzülən,
Hər kəlamı
qatar-qatar düzülən,
Bir
yazısan millətimə yazılan,
Bu vətən
naminə daim alış, yan,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Aqillər
dərs aldı sınaqlarından,
Sındı
Sınıq körpü qınaqlarından,
Satılıb
bölünən torpaqlarından,
Bürüdü
səcdəni dağlar tək duman,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Saraldın kölgədə, yandın gündə sən,
Düşmədin kəməndə, fəndə, felə sən,
Baban Osman kimi mömin bəndəsən.
Əzəldən
dolaşır ruhunda iman,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Ağ
saçların qayğıların gülüdür,
Danışdığın
Dədəm Qorqud dilidir,
Karvan-karvan dərd sinənə yeridi.
Səni
dağ-dağ etdi bu sönük zaman,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Vətən
dedin, var-dövlətə uymadın,
Vüqarını
mənsəb üçün əymədin,
Yurd daşısan yurdu yada qıymadın.
Sənə meydan olsun yer, göy, asiman.
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Eldarqızı
duaçıdır, nur ol sən,
Nə ki,
varsan, olduğun tək gur ol sən,
Bax, beləcə qocal görüm pir ol sən.
Ruhunda
yaşasın qoy ulu Turan,
Ay Osman
Əfəndi, ay Dərviş Osman.
Güllü Eldar
Tomarlı
Təzadlar.- 2016.- 19 aprel.- S15.