Onu mələklər apardı...
Zəlimxan Yaqubun əziz
xatirəsinə (2-ci yazı)
İlk dəfəydi ki, boynubükük gəlirdim Zəlimxan sarayına. İlk dəfəydi orada ürəyim mən deyəni demirdi. İlk dəfəydi taybatay açıq olan darvaza qapıları qırılmış qartal qanadlarına dönmüşdü. Və bu qapılardan içəriyə də, dışarıya da ələm yağmış, qəm səpələnmişdi. Hər dəfə onu görən insanların qaynayan qanı bu dəfə öləzimişdi. Hər kəs suruğvat olmuşdu.
Hər gələndə məni bu qapının eşiyində qarşılayıb bağrına basan Zəlimxan bu dəfə mənə tərəf heç baxmadı da. “Xoş gəldin, Osman əfəndi! Borçalıda nə var, nə yox?” sözlərinin mehrinə sarılammadım. Evinə tərəf boylandım. Elə bil qos-qoca saray xəcalətindən gecənin qaranlığına daldalanmışdı. Evdə də, həyətdə də qurulu olan hər iki çadırda da müdhiş bir səssizlik hakim kəsilmişdi. Ağlaşmadan da əsər-əlamət yox idi sanki. Bilmirəm. Bəlkə mənə elə gəlirdi. Bəlkə mən özümdə deyildim. Amma bu beləydi. Kölgə kimi dolaşan adamlar göz yaşı tökməyə cəsarət edə bilmirdi sanki. Bəlkə də onun ölümünə inanmırdı, inana bilmirdi heç kəs. O isə öz bəmbəyaz örtüyünə - ağ libasına bürünüb şirin bir yuxuya dalmışdı. Əbədi oyanmayacağı bir yuxuya. Və bu yuxu illərlə çəkdiyi ağrı-acılardan, əzablardan biryolluq qoparmış, başqa bir aləmə aparmışdı onu. Bu yuxu hər kəsin görəcəyi bir yuxuydu. Bu yuxu Qadir Allahın qədər yuxusuydu. Bir alın yazısının son nöqtəsiydi.
...O gecə son gecəsiydi bu fani dünyada. O gecə sonuncu dəfə “ağırlanırdı” öz ocağında. Ruhu isə ilk dəfə bağır basdığı Məkkənin, Mədinənin, bir ömür səcdə qıldığı Təbrizin, İstanbulun, Doğu Türküstanın, Orta Asiyanın, Baxçasarayın, Dərbəndin, Göyçənin, Borçalının və Turan ellərinin göylərində dolaşmadaydı. Fəqət, o gecə adı çəkilən, çəkilməyən bütün ellər, obalar şair Zəlimxan “kökünə” köklənmişdilər. Hər anlayan kəs “Zəlimxan” deyirdi. Başıqarlı dağlar, göy yaylaqlar, buz bulaqlar sızım-sızım sızlayırdı.
...Mənə nələr oldusa, anlaya bilmədim. Və özümü ələ
ala bilmədim, dəli
bir oynamaq keçdi içimdən.
Qol açmaq, meydan sulamaq, ağır-ağır
hərlənmək istədim
və onu da çağırmaq istədim öz “Şəbi-Aruz”unda səma
rəqsinə. Onun öz
toyunda da qol açmışıq
aram-aram Kəpənəkçidə.
50 yaşın təntənəsində də,
qara zurnada çalınan “Urfanı”
havasına dalğalanmışıq.
Bu oyun havası
qara zurnada çox möhtəşəm
səslənir bəzən.
“Urfanı”ya bu
dünyada hamıdan gözəl Zəlimxan oynayıb həmişə.
Ondan sonra da mən
oynayıram.
Bilmirəm... Bilmirəm, bəlkə
də bir qara zurna və
ya bir qara
saz həmin “Urfanı”nı eydirə-eydirə başlaya
bilsəydi oyanardı
Zəlimxan! Və... qol açıb
bu dünyaya meydan oxuyardı, fəqət, cəsarətim
çatmadı. Çünki heyim qalmamışdı.
Elə ona görə də oynaya bilmədim. Oyada bilmədim onu
yuxudan. Amma mələklər gəlmişdi o gecə.
Onlar öz gözəgörünməz bəy
havasını çalmağa
gəlmişdilər şair
Zəlimxana! Çünki
dan açılandan sonra onu öz
“bəy odası”na aparmağa hazırlaşacaqdılar. Çünki
sabah o öz
sevgilisinə qovuşacaqdı.
Onun düyününə el gələcəkdi,
mahal ağlayacaqdı.
Bütün millət və
məmləkət gələcəkdi.
Padşah gələcəkdi. Onun söz urvatına bir vəfa borcu
varıydı. Elə
ona görə də bir az uzaqdan boylanmaq, bu on dörd gecəlik ayın bədrinə-şoxuna
uzaqdan baxmaq daha yey olardı.
Çox durmadım, daha doğrusu, durammadım orada. Bir anlıq vahimə
basdı məni.
Demək,
daha bitdi hər şey. Demək, onsuzluq mövsümünü
də yaşamalı olacağıq. Heyhat!
Sabahı dirigözlü açdım.
...Heç kəs qohum-əqrəbasını, övladlarını,
anasını gəzmirdi
Zəlimxanın. Onlara başsağlığı
vermirdi heç kəs. Və nə də
kimsə özünü
göstərməyə çalışmırdı
“mən burdayam” demirdi. Hamı bir-birinə sarılırdı.
Hamı bir-birinə başsağlığı
verirdi. Hamının
gözlərindən oxunurdu:
“Belə ucalasan, ucalanda da”. “Belə güc alasan, güc alanda da”. Bu nə hikmətiydi, bu nə urvatıydı,
İlahi!
...Al-əlvanıydı Fəxri
Xiyaban. Ora sel gəlmişdi,
ümman gəlmişdi.
İnsan
dənizinə qərq
olmuşdu qoca qəbiristan. Və həm
də qürur günüydü o gün.
Hər kəsin kədərinin çox dərin qatlarında bir qürur hissi də özünü büruzə verirdi və sanki hamının
içindən “Belə
köç edəsən,
köç edəndə
də” misrası səslənirdi. Səda
gəldi: - Tehran, Təbriz,
Sulduz, Ərdəbil, Urmiya və digər şəhərlərdə
hər kəs “Zəlimxan” - göynəyir.
Türkiyənin hər guşəsindən
“Zəlimxan” haykırılır.
Dünyanın çeşidli məmləkətlərindən
ona sevdalılar ismarıclar göndərir
və mənə də gəlməyə imkanı olmayan yüzlərlə Zəlimxan
sevdalısı başsağlığı
ismarıcı göndərirdi.
Bir haqq aşiqi dünyasını
dəyişmiş, bir
döyüşçü əsgər haqqına qovuşmuşdu. Söz meydanının bir
cəngavər pəhlivanıydı
şair Zəlimxan.
O, özünün söz
ordusuyla qoruyurdu vətəni. Sazla qoruyurdu!
Mənəviyyatımızın sədaqətli şeir komutanıydı. Qalibiyyət simgəsiydi saçından-dırnağına.
Necə ki, ulu Füzuli demiş:
“Hər sözüm bir pəhləvandır kim, bulub
təyidi həqq,
Əzm qıldıqda
tutar təcrid ilə bəhri-bəri”.
...Qəbr evinə qoyulanda üstünə bir ovuc torpaq
atammadım. Fəqət yurd çeşməsinə
dönən gözlərimdən
axan su damızdırdım
əlimdəki boynu bükük qərənfillərə.
Sanki söykəndiyi səmtdən
“Bu yaşıl ağacın
altı bizimdir” - deyirdi. Və meydan verildi
saza, sözə.
Məclisi özü idarə
edirdi sanki. Bir divan qurulmuşdu - “ərəsət
divanı kimi”.
“Həzrəti-Pir” - deyə
tanıdığımız mürşidimiz Mir Həmzə
Nigarinın oğlu Türkiyənin Amasya şəhərində dəfn
olunur. Fəqət, bir əhli
haldan.
Göndərib ki, Qarabağa,
Oğlunun bir köynəyini
Dəfn
eləsin o torpağa,
“Əslimizi soruşsalar,
Nəslimizi nişan versin!”
(Nəriman Həsənzadə)
Və belə
də olur. Orda və
burda ruhlar dincəlir. Özü
Amasyada, köynəyi
Qarabağda dəfn olunur pir övladının.
Zəlimxan Yaqubun heç olmasa, bir köynəyi,
bir əlbisəsi də Borçalıda - özünün dədə-baba
qəbiristanlığına gömülsə yeydi.
Dədə Qorqudun, Yunus İmrənin, Xoca Nəsrəddinin, Pir Sultan Abdalın, Qaracaoğlanın neçə yerdə qəbri var. Xalq şairi Zəlimxan da onlardan biri!
Dərviş Osman Əhmədoğlu,
Borçalı
Təzadlar.-
2016.- 16 fevral.- S.15