Yazıçı borcu,
vətəndaşlıq mövqeyi...
İndiyə kimi əbədi mühitin - oxucuların ixtiyarına verilən onlarca bədii-publisistik, elmi-monoqrafik (tədqiqat, poeziya, nəsr, dilçiliklə bağlı) kitabların müəllifi Salatın Əhmədlinin imzası oxucu auditoriyası üçün rəğbətlə qarşılanıb.
Xalqımızın başına gətirilən faciə-fəlakətləri unutmamaq, göz önünə gətirmək, sənədləşdirmək, tarixləşdirmək özü bir məram-məqsəd kimi, yazıçı borcu, vətəndaşlıq qayəsi, mövqeyidir...
Müasir qadın yazıçılarımızın hələ yaraları qaysaq bağlamamış yarımçıq qalmış muharibədən - Qarabağ savaşından yazması çox təqdirəlayiq bir işdir. “Zirzəmidə qazılan məzar” hekayələr kitabıyla oxucuların görüşünə gəlmiş istedadlı yazar Salatın Əhmədli elə həmin ildəcə - ötən 2015-ci ildə öz ilk iri həcmli əsərini - “Kişilik səngəri” adlı romanını oxucuların ixtiyarına verdi...
Milli ədəbiyyatımızda öz nəsr əsərləri ilə yaddaşlarda qalan qadın yazarlarımız az deyil. Bu sırada olanlardan Əzizə Cəfərzadə, Ələviyyə Babayeva və həmin nəslə nisbətən gənc olan xanım yazarlardan biri də öz istedadlı qələm məhsulları ilə tanınan Afaq Məsuddur. Ancaq son 20 ildə müharibə mövzusunda elə də bir sanballı nəsr əsəri hələ ki, gözə dəymirdi.
S.Əhmədlinin barəsində bir yazıçı kimi danışılanda, ilk baxışda, çoxsahəli yaradıcılıq boxçasına sahib olanlardan biridir. Müəllifin Qarabağla (ümumilikdə müharibə ilə - A.M.) bağlı neçə-neçə bədii dəyəri ilə insanı silkələyən hekayələri olduğu məlumdur. Bu hekayələrin hər birinin öz bədii təsir qüvvəsi, ictimai gücü olsa da, etiraf etməliyik ki, bu hekayələrin içində “boy sırası” ilə fərqlənən hekayələrdən “Baş daşı əhvalatı”, “Zirzəmidə qazılan məzar”, “Təndir yarası” hekayələrini göstərmək olar.
“Kişilik səngəri” romanı tarixi-sənədli, uzaq, yaxın və bugünkü faciələrimizin reallıq fonunda göstərilən ağrılarımızın nisgil dolu bir bədii toplusudur, deməyə haqqımız var.
Basatlı kəndinin sakinlərinin ötən 15-18-ci il qırğınlarının acı xatirələrini baba və nənələrimizin xatirələrindən dinlədiyimiz bir vaxtda, bu gün həmin deyilənlərin şahidinə çevrilirik.
Romanın başlancığı Basatlı kəndinin tarix müəllimi İsmayıl kişinin, həmin kəndin başqa bir ağsaqqalı İbrahim kişinin, Qaçaq Nəbinin nəvəsi adlandırılan qaçaq Aydının görüşünə getməyi ilə müşayiət olunur.
Basatlı kəndində özü ağırlığında duz-çörək kəsmiş, hörmətlə qarşılanıb yola salınmış Levonun həmin kənd sakinlərinə dedikləri erməni xislətinin aydın təzahürüdür: “Mənim atımın kişnərtisini eşidəndə gərək qabağıma çıxıb sıraya düzüləsiniz, mənə təzim edəsiniz”, deyən adamın - Levonun at minməyi, güllə atmağı da vaxtilə azərbaycanlıdan - Aydından öyrənməsi də birbaşa yazıçı məramının bir xırda detalla göstərilməsidir; Bu gün bütün mənəvi dəyərlərimizə; musiqimizə, sözümüzə, mətbəximizə yiyə çıxmaq istəyənlərin xarakterinin açılmasına bir yazıçı çağırışı sayılmalıdır.
Bu romanın ilk səhifələrindən gələcək hadisələrin və iştirakçılarının fikir və duyğularının aydın bir dillə söylənilməsi və səlis bir təhkiyənin içində, bu maraqlı əsərin gələcək nəticəsini, - kəndlərimizin, - bütöv bir bölgəmizin əldən getdiyinin canlı şahidi olsaq da, həmin vaxt soydaşlarımızın mübarizəsini, (yiyəsizlikdən, silahsızlıqdan - A.M.) təklənərək övladlarını, yurd-yuvalarını itirdiklərini, o vaxtkı hakimiyyətin fərsizliyi bütün çılpaqlığı və reallığı ilə göz önünə gətirilməsi yazıçı yanğısı ilə bərabər, müəllifin tarixi bilgisinin dərinliyi bizi düşündürdüyü qədər də, eyni zamanda həm də bilgiləndirir...
Tarixi-səndəli bir roman olan “Kişilik səngəri” əsəri Qarabağ müharibəsinin bir parça səlnaməsini özündə yaşadan çox dəyərli bir əsər kimi geniş oxucu marağı və müəllifinə hörmət gətirən bir roman olduğu - bədii fakt kimi gözümüzün önündədir.
Kitabın başlanğıc səhifəsi, 5-ci vərəqdən başlayıb 16-cı səhifəyə kimi olan, “giriş” hissəsi 10 səhifəlik bir ölçü-ərazini tutur. Basatlı kəndindən gəlmişlərin içindəki başqa bir ağsaqqalın - İbrahim kişinin qardaşı qızı Pakizənin (güllə atmağıyla, at minməyi ilə Həcərimizi xatırladan - A.M.) Aydıngil tərəfindən hələ elçilik olmasa da, nişanlısı sayılır. Pakizənin əmisi İbrahim kişinin Aydına gözlənilməz təklifi vaxtı, onun keçirdiyi halları - yaşantıları ilə tanış oluruq: “Aydının tüfəngi sıxan əlləri deyəsən qıc olmuşdu. Bəlkə heç özünün də xəbəri yox idi ki, İbrahim kişinin nəzərləri onun damarları az qala partlayan əlinə dikilib. O, elə tarıma çəkilmişdi ki, ya tüfəngin qundağı qırılacaqdı, ya da Aydının gərilmiş barmaqlarından qan süzüləcəkdi”. - Təkcə bu abzas müəllifin sənətkarlığının, - bir cümlə ilə, - bir faktın gətirdiyi lövhəni bir ustad rəssam fırçasıyla göstərməsi təəssüratı bağışlayır.
Bütün bunlardan sonra İbrahim kişinin özünü qınaması, qaçaqlıq həyatının ağırlığını düşünən fikirləri verilir. Bir elin ağsaqqallarından olan İbrahim kişini də qınamalı deyildi. Onun qardaşı qızı Pakizə - onun zəif yeridi. Düşmən bu məqamdan istifadə edə bilərdi və edir də; (Son səhifələrdə Pakizənin ermənilər tərəfindən tutulması səhnəsi bu gümanın köklü olmasından irəli gəlirdi. Həmin dar məqamda Aydın Pakizəni qoruya bilir - A.M.).
Qaçaq Aydın onunla birgə olan Zülfüqarla Əfqanıstanda döyüş yolu keçmişdi. Kəndlərində qalan Bəhram, Əkrəm də özlərinə görə güvənc yeri olmalarına görə kənddə qalmışdılar. Aydın onların dəstəyə qoşulmasına razılıq verməmişdi. Kənddə ürəkli oğlanların olması çox vacib idi. Bu kənddə torpaq-yurd sevgili oğullar çox idi. Ancaq onları qarşıdakı ağır mübarizəyə hazırlamağın ən vacib iş olduğunu anlatmaq tarix müəllimi İsmayıl kişinin əsas missiyası sayılırdı...
Bu əsərdə Qarabağın Tağəsər kəndindən - Hadrut qəsəbəsiylə üzbəüz dağın döşündə olmasını, hər tərəfinin meşəlik olduğunu, Basatlıdan yuxarıya qalxarkən Tağəsərin görünməsi verilir. Bu kənddə olan vertolyot meydançasına Yerevandan vertolyotların gəlməsi, sonra Xankəndinə, oradan da Tağəsər kəndinə gəlməsi göstərilir. Avropadan gəlməsilə qatillikdə ad çıxarmış Monte Melkumyan bu yerdə gələcək planlarını qururdu.
Müəllifin oxucuya aşıladığı əsas məqam odur ki, bu qədər geniş imkana, arxaya və silah-sursata malik olan gəlmələrin qarşısında, səsi, harayı yerli və mərkəzi hökumətə çatmayan, mühasirə şəraitində yaşayan, tamam silahsız olan insanların vaxtilə nə çəkdikləri bilinsin, yaddaşlara həkk olunsun...
Əsər boyu obrazlar bir-birini əvəz etdikcə erməni xisləti bütün eybəcərlikləri ilə üzə çıxır. Monte Melkumyanın yaratdığı dözülməz şərait, haqqı deyən, azərbaycanlılarla birgə işləyən, yaşayan ermənilərin də faciəsinə çevrildiyi ustalıqla söylənilir. Belə obrazlardan biri də məktəb müəllimi Pavelin şəxsində özünü göstərir; - Pavelin Montedən ayrılan vaxt dişlərini qıcayaraq; “Səninki də bura qədər imiş”, - deyir. Və sonda Pavel səhər məktəbə gələrkən tapançadan açılan iki güllə ilə öldürülür...
Salatın Əhmədli Qarabağda olan real vəziyyətin bədii əsərlə şəklini çəkmiş bir yazıçı olduğunu bu əsərdə bir daha təçdiq etmişdir.
Müəllif oxunaqlı təhkiyənin ləngərli diliylə düşdükləri çıxılmazlıqda müdafiə olunan tamam yiyəsiz, silahsız azərbaycanlıların mərdliyini, dəyanətini və ən ağır məqamlarda belə, öz insani sifətlərini, yüksək humanizmlərini, xeyirxahlıqlarını göstərən yazıçı, haqqın, ədalətin yorulmaz təbliğatçısı kimi çıxış etməsiylə, öz vətəndaş mövqeyini ortaya qoyur. Bu isə yazıçı mövqeyinin, həyata baxışının qərəzçilikdən uzaq olduğunu, faktların diliylə danışmasını bir daha təsdiqləyən amillərdəndir.
Elə də böyük yazıçı olmayan, Qarabağ mövzusunu bayraq edərək özünü tanıdan, insan qırğınlarına, vandalizmə, hər cür vəhşiliyə əl atan, yazıçı adına ləkə olan, ixtisasça həkim Zori Balayanın əsl obrazını yaradan istedadlı xanım yazarımızın özünün də “Kişilik səngəri”ndə olduğunu görürük. Bu milli-bəşəri keyfiyyətləri öz şəxsiyyətində cəmləşdirən, bu böyük ürəkli yazıçımızın “insanlıq” adlı bir dinə (bütün dinlərin çağırdığı “öldürmə” - çağırışından doğulan - A.M.) xidmət edən qadın yazarımızın insan kimi böyüklüyünü görüb, dərk etmək və alqışlamaq bir könül xoşluğu doğurur.
“Kişilik səngəri” romanının başqa bir sayılan “qəhərmanı” da (Levon Melkumyan, Zore Balayan, polkovnik Aleksandr İvanoviç və Levondan başqa - A.M.) “öz ermənimiz” olan Qarabağ ərazisindəki bir rayonun milis rəisidir. Bu “sapı özümüzdən olan baltalar”ın pula hərisliyi, yurd-torpaq duyğusundan məhrum olduğunu da real səhnələrlə göstərən yazıçı sanki həmin səhnəni öz gözləriylə görmüşdür. Cəbhə vaxtının “bərk gedənlər”inin də yerli hakimiyyət üzvlərinin qorxaqlığından, vaxtilə etdikləri ədalətsizlikdən qisas alırmış kimi məmurların pulunu alaraq, onları alçatması da real boyalarla verilmişdir.
Tapança Tel Məmməd adlı yerli özünümüdafiə dəstəsinin başçısı ilə həmin rayonun polis rəisinin görüş səhnəsi dediklərimizə bir sübutdur.
Və sonda “su qabı suda sınar” məsəlimiz öz yerini tutur: - Fironluq edən Monte Melkumyan adlı cani elə öz ermənisinin Rantikin əliylə öldürülür...
Yazıçı-publisist, tənqidçi-ədəbiyyatşünas və ictimai xadim kimi tanıdığımız S.Əhmədlinin “Kişilik səngəri” romanına hörmətli akademik, ədəbi mühitin dostu, hamisi kimi tanıdığımız professor Nizami Cəfərov “ön söz” yazmışdır. Bu qısa, bələdçilik missiyasını daşıyan bir səhifəlik yazının bir abzası S.Əhmədli yaradıcılığına böyük ürəklə güzgü tutmağın əlamətidir: “...Azərbaycan xalqının çox mürəkkəb siyasi konyuktur məqsədlərə cəlb olunduğu (kim bilir, neçənci dəfə!) erməni-azərbaycanlı münaqişəsinə (əslində müharibəsinə!) həsr edilmişdir. Romanda həm münaqişənin (müharibənin) gediş, həm də kontekstdə özünü göstərən ictimai ideoloji qarşıdurmalar, həm də insan taleləri nəhayət qədər mükəmməl, səciyyəvi, dil-üslub baxımından təsirli (obrazlı) epizodlarla təqdim olunur”.
...Böyük bir vaxtın, 100 illik bir zamanın tarixi salnaməsini, əbədi bir janra gətirməklə, romanlaşdırmaqla bir daha sözün gücü, təsiri və qüdrəti ilə əbədiləşdirən bir yazar borcu kimi S.Əhmədlinin öz xalqına övladlıq xidməti saylımalıdır...
Adil Misirli,
publisist-politoloq
Təzadlar.- 2016.- 16 fevral.- S.11