“Ən ağır iş, ən kasıb gün qismətim”

  Azərbaycanın ağrıları, dərdləri ilə 90 il ömür sürən Söhrab Tahirin dünyasını dəyişməsindən 40 gün ötür...

 

 

Xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahirin 40 mərasimi də gəlib çatdı. Beləcə, günlər, aylar, illər ötəcək və Söhrab Tahir əfsanəsi tarixə dönəcək. 90 illik ömrü ilə elə Azərbaycan tarixinin bir parçasına çevrilmişdi Söhrab Tahir. Cənubi Azərbaycanda 1945-ci ildə, 19 yaşında ikən əldə silah S.C.Pişəvərinin başcılığı altında müstəqil dövlət quranlardan biri olan S.Tahir, düz 71 ilo tay həsrəti ilə yaşadı. Bütün yaradıcılığını ikiyə bölünmüş Azərbaycanın birləşməsinə həsr edib. Həmişə də böyük inamla yaşayıb, yaradıb ki, iki qardaş nə vaxtsa, birləşəcək. Bu inam şairi son ana, son saata qədər tərk etmədi. Bir xalqın ikiyə bölünməsi S.Tahirə 71 iləzab verdi, incitdi, onun hisslərini yerindən oynatdı.

 

Artıq bu dərdlərə, əzablara şair o qədər öyrəşdi ki, cismən iki yerə bölünməsi də onu bir o qədər narahat etmədi, incitmədi. Elə bu səbəbdən də özünün məşhur “Azərbaycan” poemasında yazıb:

 

“Dərdsiz vaxtlarını görmüşəm bəzən,

Dərdsizlik dərd olub sənə həyatda,

Özgələr dərdini atıb üstündən,

Sən dərdsiz olmaqdan qorxubsan hətta...”

 

Dərddən o qədər yazdı ki, dərdlər ona doğmalaşdı, ona sarmaşdı və onunla birgə ömür yaşadı. Bu da İlahinin bir qismətidir ki, bir xalqın ikiyə bölünməsini özünə dərd eləyə-eləyə özü də iki bölündü. Məlum olduğu kimi, ayaqları ölümündən təxminən bir ay əvvəl dizdən yuxarı amputasiya olundu. İstər xəstəliyi vaxtı, istərsə də, sağlam dönəmində həmişə yanında olan bir insan kimi deyə bilərəm ki, Söhrab Tahir heç vaxt heç nədən sınmayıb, gileylənməyib. Sınanlara, gileylənənlərə öz məğrur və vüqarlı xarakteri ilə bir nümunə olub Söhrab Tahir. O qədər dərdin, əzabın içində çabalasa da, üzdə bunu bildirmədi. İşə bax, iki ayaqları kəsiləndən sonra da, zarafatından, məzəli atmacalarından qalmadı. Görün bu insanda nə qədər dözüm, dəyanət, mətinlik vardı ki, o qədər əzablara mərdi-mərdanə sinə gərdi, dözdü. Ancaq hər şeyi içinə verirdi deyə içindən əriyirdi şair.

1988-ci ildə, sərhədlər açılandan sonra nəhayət, 40 ildən çox həsrətində olduğu doğma yurda getməyə qərar vermişdi. Söhbtə edirdi ki, evlərində əvvəlcə onu tanımayıblar, xalası soruşub ki, ay qonaq, kimsən? S.Tahir səsindən xalasını tanıyaraq deyib: “Məni tanımadınmı, ay xala?” Artıq qonağın kimliyi bilinəndən sonra haray-həşir qopub, ağlaşma başlayıb. Bu zaman xalası S.Tahirə deyib ki, ay Söhrab, sən də ağla, yoxsa, sonra pis təsir edər, ağla ürəyin boşalsın. S.Tahir belə cavab verib: “Ay xala, mən 40 ildir ağlayıram, daha gözlərimdə yaş qalmayıb”.

Bəlkə elə göz yaşının quruyub daşlaşmasına görə idi ki, Söhrab Tahir daha da mətin olmuşdu, daha döyüşkən, inqilabçı olmuşdu, onu dərdlər sarsıda bilməmişdi. Əksinə, dərdin üstünə gedirdi. Bu səbəbdən yazdığı şeirlərin, poemaların hər bir misrası od-alov saçırdı. Heç təsadüfü deyil ki, 1992-93 –cü illərdə Haramı düzü, Zəngilan, Qubadlı, Laçın, Füzuli bölgələrində topçuların komandiri kimi olduğum döyüşlərdə, öz əsgərlərimə Söhrab Tahirin “Döyüşən lövhələr” kitabından oxuduğum şeirlər əsgərlərin qanını çoşdururdu. Şairin Cənubi Azərbaycan həsrəti və bu yolda mübarizəsi öz istiqamətini Qarabağa yönəltmiş və erməniyə nifrət hissi aşılayan şeirləri ilə özünü ovundururdu. Ona görə də Qarabağa, Azərbaycan ordusu və əsgərinə aid çoxsaylı şeirlər yaradıb:

 

“Şanlı əsgər, düz nişan al hədəfi,

Vətən sənə oğul deyib, güvənsin.

Qoru doğma vətənini, xalqını,

Vətən sənə oğul deyib, güvənsin.

 

Xalq yolunda səngər-səngər dayan, dur,

Yağı düşmən qəsd eləyir, amandır.

Vur döşündən, kəs yolunu, dayandır,

Vətən sənə oğul deyib, güvənsin.

 

Vətən ana qucağıdı oğula,

İgid oğul döyüşlərdə doğular.

Vur düşməni, diz-dizə çöksün yağılar,

Vətən sənə oğul deyib, güvənsin.

 

Şanlı əsgər, yolun vətən yoludur,

Vətən yolu müqəddəsdir, uludur.

İrəli get, sil yolundan buludu,

Vətən sənə oğul deyib, güvənsin”

 

Şairin bu səpkili şeirləri nəinki əsgərlərdə, hətta hər bir vətən oğlunun hisslərini yerindən oynadır, azğın düşməni qırıb, çatmaq üçün alışıb yandır. Budur, şair sözünün qüdrəti, əzəməti. Axı kimdə bilməsə, torpaq, yurd itkisinin nə olduğunu Söhrab Tahir hamıdan yaxşı bilirdi. Vətən ağrısı, acısı ilə 90 il ömür sürmək hər igidə, xüsusilə də həssas qəlbli şair üçün asan deyil. Ancaq Söhrab Tahir bu ömrü necə yaşadı, necə əzablar çəkdi bunu özü bildi.

Olduğu hər görüşdə, hər söhbətdə sözünün əvvəli də, axırı da vətən oldu. Ötən il bu vaxtlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 274 saylı məktəbdə şagirdlərlə Söhrab Tahir görüşünün təşəbbüskarı və təşkilatçısı oldum. Görüşdə şairin şeirləri səsləndi, “Azərbaycan” poeması mənim ifamda bütünlüklə şagird və müəllimlərə çatdırıldı. Şairin bu görüşdən necə böyük təəssürat aldığını da ayrıca qeyd etmək lazımdır. Axı bu,S. Tahirin oxucularla sonuncu görüşü oldu. Görüşdən sonra şagirdlər şeirlərin hazırlanmasında xüsusi əməyi olan ədəbiyyat müəllimi Yeganə xanıma belə deyiblər: “Biz sinifdənxaric ədəbiyyat kimi ancaq Söhrab Tahirin kitablarını oxuyacağıq”.

Yeri gəlmişkən bir məqamı da təəssüf hissi ilə qeyd etməyi özümə borc bilirəm. Orta məktəb üçün dərslik kitablarını hazırlayanlar nədənsə, xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, şair Musa Yaqub kimi nəhəngləri dərsliklərə salmırlar. Bu səbəbdən bu günkü gənclərimiz Azərbaycan ədəbiyyatının sütunları olan bu şairləri tanımırlar. Min təəssüf!

Oxucuları ilə görüşməyi həmişə özünü amalı bilib Söhrab Tahir. Son vaxtlar səhhəti ilə bağlı təbii ki, çox gəzə bilmirdi, çox yerlərə gedə bilmirdi. Ona görə də, hələ ayaqları kəsilməmişdən əvvəl gözəl şairimiz Nəriman Həsənzadə ilə birlikdə görüşünə gedəndə belə dedi: “Ay Nəriman, bu Elçin oxucularla bizim aramızda qızıl körpüdür”. Doğrudan da, mən S.Tahirin, B.Vahabzadənin, N.Həsənzadənin, M.Arazın, M.Yaqubun, M.İsmayılın, C.Novruzun, N.Kəsəmənlinin, orta nəsildən olan Adil Cəmilin, Ağacəfər Həsənlinin, Kəlbəcərdən olan, dünyasını dəyişmiş Cabir Umudun, Qubadlıdan olan vaxtsız dünyadan getmiş Əliağa Aslanın və s. müəyyən mövzuya aid və yerinə uyğun gələn şeirlərini kiçik məclislərdə, dost-tanış yanında söyləməyi özümə borc bilmişəm. S.Tahirin “Azərbaycan” poemasını hələ 1988-ci ilin meydan hadisələrində, gecələr tonqal başında oxuyarkən dəhşətə gəlirdilər ki, bu poemada səslənən fikirləri və sözləri elə indicə meydanın tribunasından söylədilər. Biləndə ki, bu alovlu sətirlər hələ 1976-cı ildə yazılıb, “Döyüşən lövhələr” kitabını əlimdə görməyənə qədər inanmırdılar. 1988-ci ildə meydanda səslənən “Azadlıq” şüarını və bir xalqın ikiyə bölünməsini görün 1976-cı ildə, Sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda Söhrab Tahir necə hayqırıb:

 

“Yüz il də keçərsə, bu ayrılıqdan,

Öz birlik haqqını bu xalq alacaq.

Bir gün mənim xalqım birləşən zaman,

Dünyada ən zəngin bir xalq olacaq.

 

Böyüksən, dahisən, ucasan yenə,

Yad olub kiçilmək sənə qədimdən.

Dünya ərk eləyib, ad verib sənə,

Tac qoyub başına ölüm-itimdən.

 

Sən kiçik olsaydın, kiçik bəlkə də,

Kiçiklər əlindən bir pay alardın.

Bu böyük dünyada, böyük ölkədə,

Sən də bir pay qədər azad olardın.

 

Böyüksən, dahisən, ucasan yenə,

“Hanı azadlığım”, arzum bağırır.

Bir də qalanmasın kürəklərinə,

Dünyada ən ağır zülmün ağırı.

 

“Azadlıq!” Böhtanın, yalanın sonu,

“Azadlıq!” Bu, sənin qızıl haqqındır.

Cəlladın ağzından çək, çıxart onu,

Böyük Azadlıqlar, böyük xalqındır!

 

“Azadlıq!” Al, onu ana vətənim,

Dünya qüdrətini, dünyaya bildir.

Azadlıq pasportdur əlində sənin,

Azad xalqı danmaq mümkün deyildir.

 

Vətənin azadlığı, bötüvlüyü şairin yaradıcılığından qırmızı xətt kimi keçirdi. Heç vaxt bu ayrılığı yaxına buraxmaq istəmirdi. Son ana qədər də, fikirləşirdi ki, bu xalq mütləq birləşəcək. Elə mən də nə qədər Söhrab Tahir sağ idi Azərbaycanı bütöv görürdüm, onun iki bölünməsinə inanmaq istəmirdim. Azərbaycan mənim üçün sanki 1828-ci il “Gülüstan” müqaviləsi ilə yox, 2016-cı il mayın 4-də Söhrab Tahirin ölümü ilə bölündü. Özü də həmişə bölünməkdən çox qorxurdu. Elə ona görə də, yazırdı:

 

“Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha”.

 

Deyirlər, insan ən çox nədən qorxsa, o da başına gələr. Söhrab Tahir vətənin bölünməsindən o qədər əzab çəkdi, bölünməkdən o qədər qorxmuşdu ki, axırda özü də iki bölündü. Şairin özünün cismən iki yerə bölünməsini yazar Sərvaz Hüseynoğlu “Ancaq vətən eşqin ikiləşmədi” şeirində çox ustalıqla tərənnüm edib:

 

“Soyuq sazaq kimi, qara yel kimi,

Ömrünü, gününü kəsdilər sənin.

Bir vaxt ayağını, Xoydan, Mərənddən,

Doğma Ərdəbildən kəsdilər sənin.

 

Tanışdır bu ağrı, tanışdır bu dərd,

Tanışdır ruhunun üşüməsindən.

Kəsdilər, Təbrizə həsrət ayağını,

Bu dəfə evinin döşəməsindən.

 

Kəsdilər! Cismində acılan yara,

Babəkdən əmanət qalan çeşmədi.

İkiyə bölünə-bölünə gəldin,

Ancaq vətən eşqin ikiləşmədi.

 

Kişi inadıyla yaşadın ömrü,

Qız-qadın misallı ismətin oldu.

Qorxardın çöpü də iki bölməyə,

İkiyə bölünmək qismətin oldu.

 

Ruhun o taydadır, cismin bu tayda,

Orda da, burda da pirdi ki, xalqın.

İkili səsində, özün yazmışdın,

İkili cismində birdi ki, xalqın.

 

Sən ki, öz ömrünü vermədin bada,

Eşq olsun tarixə saldığın izə.

Başdan-ayağacan doğranmağın da,

Ayaqda qalmağı öyrətdi bizə”.

 

Xəstəliyin onu yatağa saldığı ilk günlərdən və ayaqları kəsiləndən sonra da tez-tez yanında olurdum. Ölümündən 3-4 gün əvvəl yenə yanındaydım. Ağrılardan nə qədər qıvrılsa da, onu biruzə vermirdi. Mən də müxtəlif mövzularda söhbət açıb, ağrılarını unutdurmağa çalışırdım. Söhbət şairlərin ana mövzusunda yazdığı şeirlərdən düşdü. Şair bu zaman asta səslə dedi: “Ana haqqında çox yazırlar, lakin atanı yaddan çıxarırlar. Ata haqqında şairlər nədənsə az yazırlar”. Bu zaman özünün ata haqqında yazdığı şeiri söylədi. Daha sonra sanki ölümünü və bununlada yaxınlarından, doğmalarından, dostlarından, o taylı, bu taylı Azərbaycanından ayrılacağını hiss edirmiş kimi “Ayrılıq” şeirini söylədi. Mən heyrətə gəldim ki, bu qədər ağrıların, əzabların içində necə də yaddaşını qoruyub saxlayıb. Onun şeirlərindən sonra mən də təsəlli üçün yuxarıda qeyd etdiyim Sərvaz Hüseynoğlunun şeirini özünə əzbər söylədim və o zəif əllərini güclə qaldırıb əl çaldı. İndi mənə təsəlli həmin o anları telefonun video yaddaşına köçürməyimdir. Söhrab Tahirin həyatda söylədiyi sonuncu bu şeirləri ən əziz, canlı bir xatirə kimi saxlayacağam. Axı bu onun canlı son görüntüləridir.

Şairin 90 illik ömrünün ağrı-acılarla keçdiyi hamıya məlumdur. Özünü bu tayda qərib kimi hiss etdiyi də bir faktdır. Baxmayaraq ki, o tay da, bu tay da Azərbaycan torpağıdır. Ancaq onu da yaxşı bilirik ki, insanın doğulduğu yer həmişə onun üçün ən əziz məkan olur. Bu səbəbdən Söhrab Tahirin bu tayda özünü qərib hiss etməsini qəribçiliyə salmaq lazım deyil.

Məni ən çox dəhşətə gətirən isə bilirsinizmi nədir? Həyatı başdan ayağa qeyri-adiliklərlə dolu olan şairin ölümü də qeyri-adi olub. Cümə axşamlarının birində ömür-gün yoldaşı Südabə xanım şairin son anında baş verən məqamları belə söylədi: “Ölümünə bir az qalmış dedi ki, onu öz kitabları olan otağa gətirək, gətirdik. Sonra üzünün qibləyə çevrilməsini istədi, çevirdik. Daha sonra isə özünün “Öləndə” şeirindən bu bəndi astadan söylədi:

 

“Harda ölsəm, məni orda basdırın,

Başdaşına, döşdaşına lüzum yox...”

 

Bu şeiri deyəndən sonra dayandı, sağ əlini güclə qaldırıb gözlərini qapadı və bununla da dünyaya gözlərini əbədi yumdu”.

İlahi, bunu insan ağlı dərk edə bilərmi ki, ölümünü son saniyələrinə qədər hiss etsin və öz əlləri ilə öz gözünü qapasın? Mən hələ də bu məqamın şokundan çıxa bilmirəm. Görün, Allahın necə xoşbəxt bir bəndəsidir ki, gözünün qapanmasını da başqasına möhtac etməyib. Elə həmin “Öləndə” şeirində yazırdı:

 

“Öz xalqıma var kədərli hörmətim,

Bu taleyi özü yazdı alnıma.

Ən ağır iş, ən kasıb gün qismətim,

Bir qapıya getməmişəm yardıma...”

 

Göründüyü kimi son anında da yardıma ehtiyacı olmayıb və öz gözünü öz əlləri ilə qapaması ilə sübut edib ki, o, heç də sıradan adi bir insan deyil. Daha bir dəhşətli məqam bilirsinizmi nədir? Şairin ayaqlarında təzəcə qanqrena başlayanda, onu çox aşağıdan kəsməklə şairin ömrünü hələ bir necə il uzatmaq olardı. Ancaq o, Azərbaycanın ən qədim tarixi dövrünü əhatə edən və ömrünün 21 ilini həsr etdiyi və 70 min misradan ibarət olan “Ata” poema-eposunu bitirmədiyindən buna razı olmurdu. Deyirdi ki, ayaqlarım kəsilsə, yaza bilməyəcəyəm və “Ata” yarımçıq qalacaq. “Ata” tamamlayanda isə artıq qanqrena öz işini görmüşdü və ayaqlarının dizdən yuxarı kəsilməsi də onu xilas etmədi. Yəni şair öz ömrünü əsərinə qurban verdi. O əsər ki, bizim kökümüz, tariximizdir. Şair bu yolda ömrünü belə əsirgəmədi.

Bəli, göründüyü kimi, Söhrab Tahirin adi yox, dahi bir insan olduğunu hələ çox uzun illər sonra dərk edəcəyik və onda kimi itirdiyimizin fərqində olacağıq. Ancaq o zaman bu, nəyisə dəyişəcəkmi?

Allah sənə qəni-qəni rəhmət eləsin, Söhrab Tahir!

Sonda şairin adını çəkdiyim “Öləndə” şeirini təqdim edirəm:

 

Harda ölsəm, məni orda basdırın,

Başdaşına, döşdaşına lüzum yox,

Şöhrət gəlsə, onu çöldə azdırın,

Təntənədə, rəsmiyyətdə gözüm yox.

 

Əgər varsa, qəlbisınıq bir ana,

Qəbrim üstə “qərib” deyib, ağlasın.

Ağ buludlar gəlib dursun yan-yana,

İlıq yağış səpələyib, çağlasın.

 

Gecə vaxtı məni xəlvət götürün,

Xalq duymasın qərib tabut kədəri.

Gecə ikən sonevimə yatırın,

Qoy olmasın dostlarımın xəbəri.

 

Gör nə qədər mən borcluyam vətənə,

Borca görə utanıram mən ondan.

Bu borc ilə tutmaz ad-san, təntənə,

Utancağam öz qəlbimdən hər zaman.

 

Öz xalqıma var kədərli hörmətim,

Bu taleyi özü yazdı alnıma.

Ən ağır iş, ən kasıb gün qismətim,

Bir qapıya getməmişəm yardıma.

 

Həm qocayam, həm kasıbam, həm qərib,

Mən dustağam bu əlçatmaz üçlüyə.

Bir az küsüb, heyrətlənib, kövrəlib,

Qovuşaram sonevimdə dincliyə.

 

Harda ölsəm, ora mənə vətəndir,

Kaş ki, elə vətənimdə öləydim.

Qardaşımda bu ögeylik nədəndir?

Kaş ki, öləndən sonra bunu biləydim.

 

Bir də Tanrım, haqq ver boylanım,

Min il sonra öz qəbrimə baxım mən.

Ağ bulud tək hörüm-hörüm sallanıb,

Sonevimə yağış kimi yağım mən.

 

Tanrım mənə ömür verə necə il,

“Ata”- mən çatdıraydım axıra.

Bu dünyaya daha bir cüt göz deyil,

Əsərimin zirvəsindən baxıram.

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2016.- 14 iyun.- S.14.