Oriyentir ulduzu

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub

 

 

- “Ya Allahın adı” - “DÖYÜŞƏ”!

 

Son tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu indi üzüaşağı Çaylıya tərəf getməyə başladı. Ya Allah, ey Həzrəti Əliyə şir gücü verən Allahım, Seyit Çavuşa o gücü verən Uca Tanrım, hər şey sənə xatir, sənin adınla - mənə güc ver, məni düşmənin yanında xar eləmə!..

 

Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi qəbul etdi Seyid. Bir andaca hər tərəf zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığını bildirirdi. Seyid dərə aşağı elə gedirdi ki, sanki uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən dəfələrlə minalandığını bilsə , sanki indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu.

Göz-gözü görmürdü, Seyid vaxt üçüncü oriyentirə çatdığını heç özü bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun yanından keçəni oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra ətrafa göz gəzdirdi. Onun postundan atırdılar, - tez çatdılar, - deyə öz-özünə fikirləşdi. Bir-iki qatar da atdılar. - Bəs bu şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar? - Seyid təmkinlə düşündü. Birdən lap yaxınlıqdan - onun 35-40 addımlığından atəş açıldı. - , demək burdasınız... İndi baxaq görək vəziyyət necədir?

Bir-iki qatar da qarşılıqlı güllələr uçuşdu. Seyid sanki film seyr edirmiş kimi, izləyirdi mənzərəni. Bu an onun postunda tək-tək üç-dörd güllə atıldı. Elə bil qarşısında bomba partladı. Gecənin qaranlıq sakitliyində tükürpədici səslə necə vay-şivən qopdusa, Seyid bir az da diksinən kimi oldu. O, çox eşitmişdi, ancaq görməmişdi. - Yəqin qan görüblər - düşündü Seyid. Səs gələn tərəfə addımlamağa başladı. Seyid iti, olduqca yumşaq addımlarla səsə tərəf irəliləyirdi. Qarışıq, anlaşılmaz səslər eşidir, ancaq hələ heç görmürdü? Qəflətən Ay işığında nəsə parladı. Cəld özünü yerə atdı. Sürünə-sürünə balaca təpənin üstündəki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz köməyini əsirgəmədi. İndi o, beş düşmən əsgərini aydın sayırdı. Bəs altıncı hanı? Bir az da qalxıb boylandı. Bunlara olub belə, niyə çaş-baş düşüblər?Seyid anlaya bilmirdi. Özlərini elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri olmazdı. Bunun ciddi bir səbəbi olmalı idi. Ay bir parlayanda əsərin qəhrəmanı ortaya çıxdı. Seyid gördü ki, topa dayanıb, vay-şivən qoparanların ortasında yerdə nəsə çapalayır. Diqqətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdir. Şərəfsizlər yaralı yoldaşlarına köməklik etmək əvəzinə, başına yığışıb, vay-şivənlə olan-qalan canını alırdılar. Bu mənzərə Seyidi bir az təəssüfləndirdi.

Seyid düşünürdü ki, hansı üsulla onların külünü göyə sovursa, daha ağıllı qərar olar? O, gah əlindəki əl qumbarasına, gah da iki dəstəkli avtomatına baxdı. - Bəlkə yaxınlıqda başqa da kimsə var, ya bunları müşahidə edən var? – düşündü əl qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə bitirmək lazımdır ki, müşahidəçilər üçün mina mənzərəsi yaransın. Onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, lap hərdən ikisinin dalbadal partladığı vaxtlar olur. Seyid bir neçə addım da irəli gedib, qumbaralardan birini elə atdı ki, ikinciyə ehtiyac qalmadı.

Seyid özünü balaca təpənin arxasında torpağa bərk sıxmışdı. Üstünə tökülən daş-kəsək belə vecinə deyildi. - Görəsən, özümə heç olmayıb? - İndi içində bir təəssüf hissi baş qaldırdı. - Görə bilmədim, heç vaxt da bilməyəcəm, necə uçuşurdular havada. Təəssüf hissi ilə yavaşca arxası üstə çevrildi. Əvvəlcə bir-bir ayaqlarını, sonra isə növbə ilə əllərini, qollarını tərpətdi. Hər şey qaydasındadır - düşündü. Əslində Seyidin narahatlığı yerində idi. Çünki çölün düzündə bu cür yaxın məsafədə əl qumbarası atmaq atan adam üçün təhlükəlidir. Seyid bunu çox yaxşı bilirdi. O, yalnız birinci Allah-Taalanın, ikinci cəldlik peşəkarlığı sayəsində sağ-salamat qalmışdı. Seyid əsla ölümdən qorxmurdu, planlarının yarımçıq qalacağından narahat idi. Beş-on dəqiqə keçdi. Qalxıb oturdu. Hadisə yerinə nəzər saldı, Allahdansa, tüstü çəkilmişdi. Gecənin sükutunu pozacaq bir hənirti belə yox idi. Elə bil heç 10-15 dəqiqə əvvəl burda aləm bir-birinə dəyməmişdi.

Seyid daha 20-25 dəqiqə ətrafı izlədi ki, görsün səs-səmir var, ya yox. Tam sakitlik idi. Buludlar da Ayı sərbəst buraxmışdı. Seyid Ay işığında aydın görünən dağlara, dərə-təpəyə, düzlərə bir düşmənin qarşıdakı taborunun dayaq məntəqəsinin olduğu ehtimal olunan dərəyə baxdı. - Dəli şeytan deyir, get bunların hamısını biç, yüz faiz bilirəm indi ki, hamısı toyuq-cücə kimi yatışıblar. Bəlkə gedib bu şərəfsizləri bir yoxlayım, televizorda sərsəm-sərsəm guruldayırlar, onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərim. - Götür-qoy etdi. - Ya Allah, getdim eee.

Dərəaşağı, üzü Çaylıya tərəf getməyə başladı. Yol boyu öz-özünə düşünürdü. Qoy olsun orda 100-120 kölgəsindən qorxan, lap 30-40 nəfər dovşandan qorxan köməyə gəlsın. , bu kölgəsindən qorxanları necə ləngidə bilərik? - düşünə-düşünə gəlib çıxdı yol ayrıcına. Bu yoldu belə? - fikirləşdi, özü ikisi birdən qoşa. Görəsən, hansı işləkdir? Aşağı-yuxarı baxdı. Aşağı Çaylı, yuxarı dağlar. Sağa-sola baxdı, sağ da qurumuş qanqal, sol da. Hər iki yolu ot basmışdı. fikirləşdisə, əyilib əlinin içini yerə sürtdü. Sonra keçib o biri yolu da həmin qaydada yoxladı. Bax, bu yol işləkdir - xırda qum kimi daşlar var burada - qənaətinə gəldi. İldə-ayda bir maşın gedib-gəlir, mütləq bu yoldur. , indi necə edək ki, bunlar gələ bilməsin? Heç olmasa, geciksin. Şalvarın yan cibindəki jilkanı çıxartdı. Əl qumbarasının birini işlək yolun kənarındakı ən hündür yoğun quru qanqala elə bərkitdi ki, yüngül bir toxunuşla yola fırlasın. Sonra keçib birini eyni qayda ilə yolun digər kənarında bərkitdi jilkanı qumbaraların halqalarına tarım bağladı. Bu qayda ilə bir-birindən dörd-beş metr aralı yol boyu üç tələ tələlərin tuşunda qanqallığın içində çal-çarpaz tələlər qurdu. Sonra ehtiyatla bütün qumbaraların şpilkalarını düzəltdi. İndi adi yumuru dəmir parçaları bu quru qanqallıqda öz şikarını gözləyən ölüm saçan zəhərli kobra kimi idi. Gözləyirdi ki, quyruğuna basasan, od-alovunu püskürə üzünə.

İşini tamamlayıb, yol aldı uzaqda görünən zəif işığa tərəf. - Gedək, görək orda var, yox?..

Həmişə bu yolla düşmən mövqelərinə ya ərzaq gələrdi, ya da yoxlama. Həmişə onları tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları yoxlamağa Azərbaycan Ordusunun peşəkar giziri gəlirdi. Özü bu yoxlama qəfil yoxlama idi. Görək, bu şərəfsizlərin döyüş hazırlığı yerdədir, neçə alacaqlar bu imtahandan?düsünə-düşünə Seyid düşmən düşərgəsinə çatdı.

 

(Davamı var)

 

Zaur USTAC

Təzadlar.- 2016.- 17 may.- S.14.