Qayğıkeş müəllim, əsl
ziyalı, müdrik ağsaqqal
İnsan həyatı maraqlı olduğu qədər də
mürəkkəbdir. Dünyamız bərqərar olduğu
vaxtdan bu günə kimi yaranışımıza sevinirik,
yaşayırıq, gördüklərimizi duyuruq, tamaşa
edirik, günü-günə calayaraq
çalışırıq.
Hamımızda dünyanın tarixi ilə bağlı məlumatlar
var və bu mənbəyə söykənərək irəli
gedirik. İnsanın Yer kürəsinə endirilməsindən
sonra Ulu Tanrının şəfaətləndirdiyi neçə-neçə
peyğəmbərlər olmuşdur. Minilliklər
boyu seçilmiş müqəddəslərimiz də bu fani
dünyadan köçüb gediblərsə, daha adi bir insan nə
düşünə bilər? Amma ortaq bir
fikrə gələndə elə bu dünyanın sirli
olması insanı yaşadır. Dünya
möcüzələrini bilsəydik daha uzun müddət
yaşamağa ehtiyac olardımı? Deməli,
yaşamaq istəyimizin kökündə böyük arzular
dayanır, buna baxmayaraq, istəklərimiz verilmiş
ömür payını yaşamağımızın sonu ilə
nəticələnir. Kimimiz dünyanı
təhlil edirik, gözlərimizlə dünyanı gəzinti
edirik, kimlər də bu dünya həyatına əlavə
gözəlliklər gətirmək istəyir - istər elmi,
gözəl əməli, istərsə də qurub yaşatmaq
istəyi ilə.
Hər birimiz əhatəmizdə dünyanın əşrəfi
sayılan yüzlərlə insanı tanıyırıq, bəziləri
ilə tanışıq, yaxın qohumluq əlaqələrimiz
var, bəziləri ilə birgə əmək fəaliyyətini
davam etdiririk.
Amma bu da aydındır ki, hər bir insanın
özünəməxsus xarakteri, dünyaya baxışı,
həyat yolunda bir-birini əvəzləyən
addımlarından qalan izləri də təkraredilməzdir.
Çox uzun bir dövrü yadda saxlaya bilməsək də, ən
azı baba-nənələrimizin, ata-analarımızın həyat
yolunu, bu varlıqların bizlərə miras qoyub getdiyi, bəxş
etdiyi adət-ənənələrlə, ədəb-ərkanlarla
yaşamalıyıq, gələcək nəsillərə
ötürməliyik, necə ki, dünya həyatı
yaranışdan bu günə qədər inkişaf edərək
gəlib çıxmışdır.
Həyatda elə insanlarla rastlaşırıq ki, həqiqətən
də dünyaya gəlişləri ilə ata-anaya,
bacı-qardaşlara sevinc gətirir, gələcək fəaliyyətləri
ilə bütöv bir millətin tərəqqisinə xidmət
edirlər. Xalqının tərəqqisinə xidmət edən
elm adamları ilə, vətənini müdafiə edən sərkərdələrlə,
dünyanı dərk etməyə ilk
addımlarımızı atmaqda valideynlərimiz ilə
yanaşı, saçlarını ağardan müəllim peşəsini
daşıyan insanlarla həmişə fəxr etmək,
qürur duymaq lazımdır. Həyatımızı
gözəlləşdirən bütün peşə sahiblərinin
hamısının yaradıcısı Ulu Tanrıdır, tərbiyə
edərək ərsəyə çatdıran isə müəllimdir.
Nə qədər tarixi şəxsiyyətlər,
hökmdarlar, qazanılmış nailiyyətlər, mövcud
olmuş nə varsa, hamısının üzərində
müəllim imzası var və bunun əlavə heç bir
təsdiqinə ehtiyac yoxdur.
Bəzi
düşüncələrimi oxucularla bölüşərkən
məsuliyyətli olmağımı başa düşərək
müqəddəs peşə sahibləri haqqında söz
deməyimin heç də asan olmadığını bilirdim,
lakin bütün canlı həyatını Azərbaycanın
təhsil sisteminə sərf etmiş, mənim də müəllimim
olmuş böyük elm fədaisi, fenomen düşüncə,
idarəetmə qabiliyyətli insan haqqında həyat xatirələrimi
qələmə almağı özümə şərəf
saydım. O, sözün əsl mənasında böyük
İnsandır, vətənini sevərək millətini hər
zaman yüksəkdə görmək istəyir, bir müəllim
olaraq, xalqın övladlarının həyatını elmlə
bəzəmək üçün ömrünü şam
kimi əritdi. Bəli, xoşbəxt o
insandır ki, ona bəxş edilmiş həyatı şərəflə
yaşasın, özündən arxaya çevrilib baxanda əbəs
yerə yaşamadığını öz gözləri ilə
görə bilsin, dünya həyatını və əbədiyyət
dünyasını bəzəyəcək gözəl əməl
sahibi olsun. Bax, bu yüksək keyfiyyətlərə
malik oldu O. Onun həyat yollarına nəzər saldıqda hər
birimiz üçün nümunə sayıla biləcək
bir ömür yolunu şərəflə addımlayaraq,
yaşayan ağsaqqal olaraq elimizi fəxarətli edən bir
insanla bir zəmanədə yaşamaq həm sevindirici, həm
də örnək olacaq tarixi bir hadisədir desəm, səhv
etmərəm. O, çətinliklərə sinə gərdi,
addım-addım irəlilədi, həyatın
sınaqlarına dözdü, Ulu Tanrı da ona uzun
ömür, şərəfli həyat yolu qazandırdı. Özünün dediyi kimi, uşaqlıq illəri
heç də asan keçmədi, 11-12 yaşlarında ikən
atasının yanında əllərinin qabarı ilə zəhmət
məktəbi keçdi, odlu-alovlu 1941-1945-ci illər
müharibəsi dövründə doğulduğu kənddə
xışla yer əkdi, buğda yetişdirdi, sünbüllərdən
dərz bağladı. Qadağalara
baxmayaraq, ac qarınları doyuzdurmaq üçün
başsız qalmış ailələrin uşaqlarına ərzaq
boğçası çatdırdı - atası Köçəri
kişinin məsləhət və dəstəyi ilə.
Bax, bu zəhmət, çətin bir dövr onu
tərbiyə etdi, eyni zamanda ucaltdı. Xatirələrində
qeyd etdiyi kimi, bir uşaq olaraq uşaqlıq
dövrünün şən
şıltaqlığını yaşaya bilmədi, amma
yaşadığı ömür payı ilə fəxr etdi
O. Mənə elə gəlir ki, hər bir dövrün
özünəməxsus çətinliyini qəbul etdiyimiz
kimi, yaxın keçmişimizdə yaşayan insanlar da
çətinliklərlə rastlaşıblar. XX
əsrin ortalarında həyat heç də asan olmayıb,
bugünkü inkişaf, dəyişikliklər o zamanlar əlçatmaz
idi. Elə buna görə də
dövrün çətinlikləri ilə yaşayan
insanlarımıza bugünkü gözəl həyat Ulu
Tanrının bəxşidir, dövlət
başçısının apardığı xarici və
daxili uğurlu siyasətin nəticəsidir. Təəssüf ki, vətənimizin daxilində
torpaq həsrəti hələ də davam etməkdədir.
Qarşımda onun haqqında və şəxsi imzasıyla
yazılmış bir neçə kitab, qələmə
alınmış publisist yazılar, ona həsr olunmuş poema
olduğu üçün daha əlavələrə ehtiyac
olmadığını başa düşürəm, lakin qələmindən
süzülən tarixi yazılar ömür yolunu vərəq-vərəq
açaraq bizlərə - gənc nəslə qiymətli
tarixi irs olaraq təqdim etdiyinə görə minnətdarlığımı
bildirməyi özümə borc bilirəm. O, sözün əsl
mənasında müəllimdir, minlərlə orta məktub məzununun
attestatına 54 il ərzində imza atan məktəb direktoru
olmuşdur, həyat yolu təcrübə məktəbi
sayılan minlərlə insanın qəlbində sağlığında
ucalmış əsl ziyalı, övladlarına ata, şagirdlərinə
tərbiyəçi, xalqına sədaqətlə xidmət
edən vətəndaş, el-obasına ucalıq gətirən
azərbaycanlıdır. Yaxşı xatırlayıram, hələ
Sovetlər birliyi dövründə Novruzlu kənd orta məktəbinin
ümumi zalında hər səhər şagirdləri bir yerə
toplayar, onların dərsə davamiyyəti, geyim-keçimi,
sağlamlığı haqqında ilkin məlumatları
öz iti baxışları ilə seyr edər, şagirdləri
salamlayaraq dərs otağına yola salardı. Onun
bütün şagirdləri bu əziz müəllimini
heç zaman unutmayır. Harada olursa-olsun,
onunla görüşməyə, bu gözəl şəxsiyyətlə
salamlaşmağa can atırlar. Maraqlıdır
ki, müstəqil dövlətimizin Konstitusiyasında dövlət
dili olan Azərbaycan dilinin tədrisi həm də onun müəllim
kimi bütün həyatını əks etdirir. Həm məktəb direktoru, həm dil-ədəbiyyat
müəllimi, eyni zamanda ictimai tədbirlərin təşkilatçısı
və iştirakçısı olmaq asan vəzifədirmi?
Həmişə onunla fəxr etmişəm,
irsinin davamçısı olmağa
çalışmışam. Lakin təəssüf
etməli məqamlar da xatirimdən çıxmır.
Necə ola bilər ki, eyni bir sahəyə
fasiləsiz rəhbərlik edən, hər bir cəhətdən
yetkin, kamil bir şəxsiyyətə daha məsul vəzifələr
etibar edilməyib? Çox maraqlıdır ki, zamanında təkcə
vəzifə xatirinə deyil, xalqına, millətinə daha
böyük xeyir verə biləcək savadlı, istedadlı,
dünyagörüşlü kadrlar lazımi məsul işlərə
təyin edilməyəndə, bunun ziyanı sonrakı nəslin
taleyində bir boşluq yaradır, eləcə də mütərəqqi
fikrin müasir inkişafın aparıcısı qapalı,
qaranlıq bir mühitdə qalmış olur. İti
düşüncəyə, çevik idarəçilik
qabiliyyətinə, yüksək mənəvi keyfiyyətlərə
malik təcrübəli kadrlara daha məsul vəzifələrin
tapşırılmamasının sonrakı dövrlərdə
necə təəssüfedici bir mənzərə
yaratdığının dövrümüzdə də bir
daha şahidi oluruq.
Bugün
bizimlə bir dövrdə yaşayan, dövlətçiliyimizə
sədaqətlə xidmət edən ağsaqqal, müdrik
ziyalımızın vaxtilə yaşadığı rayonda
sıxıntılarla, çətinliklərlə üzləşərək
işlədiyinin şahidi olmuşam, amma müstəqil Azərbaycan
dövlətinin prezidenti İ.H.Əliyevin onun əməyini
yüksək qiymətləndirməsi haqq-ədalətin təsdiqi
kimi tarixə düşdü, öz müqəddəs peşəsinin
ən ali rütbəsinə layiq görüldü. “Sağlığında qiymət verin insanlara” - deyən
Cabir Novruzun kəlamları hamımızın həyat yolunda
maneələr yaratmaq istəyənlərə yaxşı
mesajdır. Unutmaq lazım deyil ki, bir zaman
kiminsə əmək fəaliyyətinə, istedadına,
bacarığına əngəl yaradanlar nə vaxtsa daxili
peşmançılıq hissi keçirirlər.
Bəli, o, hər zaman məğrurluğunu qorudu, əyilmədi,
sınmadı, çətin və şərəfli həyat
yolunda qalib oldu, onun inkişafını istəməyənlərə
isə pis adlar qismət oldu. Həyat ona uzun
ömür, gözəl ailə, fəxr ediləsi övladlar
bəxş etdi. Atası kimi
övladları da təhsilimizə, iqtisadiyyatımıza xeyir
verəcək kadrlar kimi bu gün Azərbaycan dövlətinə
xidmət edirlər. Bundan da böyük
xoşbəxtlik olarmı? Ömrünün ahıl
yaşında möhkəm yaddaşa malik olaraq
yaşadığı regionun 100 illik bir tarixini xatırladaraq
neçə-neçə kitablar yazdı, istər
bütöv Azərbaycanımızın, istərsə də,
doğma el-obasının, elm adamlarının, rəhbər
işçilərinin, əmək adamlarının canlı
tarixini kitablarında əks etdirdi, özündən
sonrakı nəsil üçün bir tarixi güzgü olacaq
əsərlər məcmuəsini yaratdı. Jurnalist Elbar
Şirinovun onun haqqında 2007-ci ildə yazdığı
“Müəllim ömrü” kitabı işıq üzü
gördü, 2009-cu ildə isə növbəti kitabı -
“Kamillik zirvəsi” Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında keçirilən yubiley gecəsində
iştirakçılara paylandı.
2011-ci ildə
“Yurd yeri”, 2013-cü ildə “Həyat hekayələri”, 2015-ci
ildə “Ömür deyir yaşa hələ” kitabları
müəllimimin imzasıyla çap olundu. 2015-ci
ildə ona “İşığın övladı” poeması həsr
olundu. Kitabların hər birində
böyük pedaqoqun həyat yolu necə ardıcıllıqla
öz əksini tapmışdısa, eləcə də onun
bugünkü gənc nəslin tərbiyəsinə tövsiyə,
məsləhət, nəsihətləri heç zaman
aktuallığını itirməyəcək. Nizami Gəncəvinin
Həmişə
dünyada yaxşılıq axtar,
Yaxşı
ad almaqda əbədiyyət var!
- misraları onun keçdiyi ömür yoluna
çox gözəl yaraşır. Dostluqda sədaqətli,
qohumluqda mehriban, yaşadığı ömür payında
xeyirxah, şagirdlərinə qayğıkeş müəllim
olmağı bacaran əsl azərbaycanlı, ziyalı insan,
müdrik ağsaqqal Səlim Köçəri oğlu
Əzimov haqda düşüncələrimi oxucularla
paylaşarkən qeyd etməliyəm ki, onun dekabrın 31-də
86 yaşı tamam olur.
Ulu Tanrı insan üçün nəyi məsləhət
bilibsə, o da tale qismətidir. Amma arzu edərdim ki, Səlim
müəllim növbəti doğum gününü
Ağdamda - Novruzlu kəndində qeyd etsin. Amin!
Dərin
hörmətlə,
şagirdi Sabit Əzimov
P.S.
Hörmətli Səlim müəllim, «Təzadlar» qəzetinin
kollektivi anadan olmağınızın 86 illiyi münasibətilə
təbrik edir, sizə möhkəm cansağlığı,
tükənməz yaradıcılıq enerjisi, həmişə
sədaqətli dostların əhatəsində
olmağınızı arzulayır. Evinizdən
yaxınlarınızın, əzizlərinizin səsi, hərarəti
və diqqəti əskik olmasın. Sizə əziz,
doğma Qarabağda, Ağdamda, Novruzluda firavan və xoşbəxt
günlər diləyirik!
Yubileyiniz mübarək olsun!
Təzadlar.-
2016.- 6 yanvar.- S.11.