KNYAZ ASLANIN ƏYARI

 

İnsan ömrünün dəyəri vaxtla, zamanla ölçülməz. Bu dəyər yaşanan ömrün məna və məzmununda, insanlıq adına hesablanmış mizan-tərəziyə qoyulan zaman üzə çıxan göstəricidədir. Bu göstəricinin meyarı – insanlığın əyarıdır, söyləsəm, səhv etmiş olmaram, zənnimcə.

Haqqında ürək sözlərimi qələmə almaq istədiyim insanın da əyarı onun bu cəmiyyətimizdə tutduğu yermövqe, çəki və sanballa ölçülür. Və... mən deyərdim, elə bir əyara uyğun gəlir ki, istənilən tərəfdən yanaşdıqda bütün parametrləri ilə düz mütənasiblik təşkil edir.

Knyaz Aslanı adını eşidib, üzünü görmədiyim şəxs kimi səciyyələndirsəm, səhv etmiş olaram. Ən azından ona görə ki, jurnalistlik fəaliyyətim dövründə ara-sıra müxtəlif tədbirlərdə uzaqdan-uzağa görür və fəaliyyətini müşahidə edirdim. Hər zaman da yarısı su altında gizlənmiş aysberqi xatırladırdı mənə. Nədən ki, bəzi çıxışlarını dinləyəndə, elə bilirdim ki, onun istedad və qabiliyyətini tam olaraq ortaya çıxartması üçün lazım olan mühiti hələ tapmayıb. Özünüifadə bu adamda sanki zahiri görkəmlə özünü büruzə verirdi: həyasına qısılı, pafosdan, yersiz bər-bəzəkdən, rəng-boyadan uzaq, cilddən-cildə girmək bacarığı olmayan birdiplomat” təsiri bağışlayırdı mənə.

İllər keçdi. 2009-cu ilin martı idi səhv etmirəmsə... “Filologiya elmləri namizədi” alimlik dərəcəsi diplomumuzu almaq üçün bizi AMEA Rəyasət Heyətinə çağırmışdılar. Xeyli sayda diplomantın toplandığı təqdimetmə mərasimində Knyaz Aslanın da olduğunu görəndə elə bil doğmamı tapdığımı sandım. Çünki uzun illərin ağır sınağının bəhrəsini dərəcəyi bir gündə adam olduqca böyük həyəcan keçirir. Sevincini, həyəcanını bölüşməyəmi, ya nə səbəbəsə, bilmirəm... Hər halda, bu hissi tək yaşamaq olduqca çətiniydi mənə. Diplomumuzu alıb, bir-birimizi təbrik etdik. O gün çəkdirdiyimiz xatirə şəkli bu gün də arxivimdədir.

... Xeyli müddət vardı Knyaz müəllimi görmədiyim. Təxminən bir il əvvəl olar, N.Nərimanovun ev-muzeyində keçirilən tədbirə dəvət olunmuşdum. Mərasimdə məruzəçilərdən biri Bakı Dövlət Universitetinin kafedra müdiri Knyaz Aslan idi. Olduqca təsirli bir məruzə ilə çıxış etdi Knyaz müəllim. Tələbələri ilə gəlmişdi. Tədbirdən sonra sevimli müəllimləri ilə şəkil çəkdirən tələbələrinin onu necə böyük sevgiylə əhatəyə aldıqlarını görəndə, zənnimdə yanılmadığımı bir daha hiss etdim. Bəli, bu o idi: tələbələrinin sevimli müəllimi, cəmiyyətimizdə özünün layiqli yerini tutmuş ziyalı və şair Knyaz Aslan...

Çalışdığım Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsində Səadət adlı qızımızla yoldaşıyıq. Bir dəfə necə oldusa, söhbət zamanı kafedra müdirlərinin olduqca gözəl insan olduğunu xüsusi vurğuladı. Maraq güc gəldi, həmin şəxsin kimliyini soruşdum. Knyaz Aslanın adını çəkəndə, yenidən şair-alim dostumuzun həyatda qazandığı hörmət və ehtiramın, sevgi və sayğının nədən qaynaqlandığını beynimdə xeyli çək-çevir elədim. Və özlüyümdə bir daha yəqinləşdirdim ki, əgər insanın daxilində zəngin potensial, yaradıcılıq təmayülü, insanlıq iksiri... və sair gərəkli xüsusiyyətlər varsa... onlar hər nə cür olur-olsun, yer altını dəlib çıxan qeyzerlər kimi, günlərin bir günü öz halal ünvanına yetişəcəkdir.

Knyaz Aslanı tələbələri müəllimləri kimi, dostları yaxın bir sirdaş kimi, oxucular da istedadlı bir şair kimi tanıyır, dəyərləndirir, sevirlər.

Mən də bir oxucu olaraq, Knyaz Aslanın poeziya dünyasına kiçicik bir səyahət etmək istərdim.

Diqqətli oxucu yəqin ki, əksər şeirlərində şairin özünü yetərincə ifadə etdiyinin fərqindədir. Yəni, şair hansı mövzuya toxunur-toxunsun, orada öz həyatının hansısa bir çalarını verməyə nail olur. Ola bilsin, qələm adamı olaraq, dünyanın ağrı-acılarını, yaxud insanın sevincli anlarını şeirə gətirmək, könül çırpıntılarını poetik bir şəkildə, obrazlı ifadələrlə nəzmə çəkmək bəlkə də çoxlarına adi gələ bilər. Lakin hamının gördüyünü görüb də, tamamilə fərqli bir şəkildə, oxucunun qəlbini ehtizaza gətirəcək bir halda təqdim etmək bacarığı hər qələm sahibinə müyəssər olan xoşbəxtlik deyil. Məsələn, həyatda insanların üzləşdiyi haqsızlıqları bir qələm adamı kimi şair görün necə inandırıcı ştrixlərlə şeirə gətirir:

Şeytan qarışdırır insan ağlını,

Haqsız şişə çəkir haqqın bağrını.

Oğru məhkəmədə udur doğrunu,

Qalan haray olur, hay olur indi...

Məlumdur ki, haqsızın haqlının bağrını şişə çəkdiyi bir zamanda bağrıdidələrin ah-fəğanı göyə qalxar, lakin bu səsi eşidən, əncam çəkən tapılar. Çünki həyatın gərdişindən baş çıxarmaq hər adamın işi deyil. Fələyin fitnə-felinə uyanlarla, şeytanla dil tapmağı bacaranlarla barışmayanda, yenə özünə üz tutur şair:

Danma, Knyaz Aslan, söylə dogrunu,

Tamah məhvə çəkir insan oğlunu...

Bəlkə unutmuşuq haqqın yolunu,

İlahi, dünyanın qibləsi hanı?!...

İlahi, dünyanın qibləsi hanı?!...

Doğrudan da, bəzən insana elə gəlir ki, din, iman, insanlıq duyğusu biryolluq aradan götürülüb və “üz tutmağa qiblə tapılmayan dünyada” duruş gətirib ömür sürmək cəhənnəm əzabından betər gəlir insana:

Ağlar gözü yaş ağrıdır,

Qanlı dizi daş ağrıdır...

Dəli çax-çax baş ağrıdır,

Dəyirman öz işindədir!..

Şair bu şeirdə məlum el məsəlini ustalıqla şeirə gətirir: “Dəyirman bildiyini eylər, çax-çax baş ağrıdar”. Lakin danılmaz həqiqətdir ki, dünya beş-üç yaxşının hesabına mövcudluğunu qoruyub-saxlaya bilir, əks halda məhvərindən çıxar, ağılsız başların qurduğu tələyə düşənlərin özü kimi, yaşadıqları dünya da məhvə məhkum olar:

Kim unutsa soyu, kökü,

Qəbirdə od tutar börkü...

Bir obanın qeyrət yükü

Min kişinin beşindədir!...

Məhz qeyrətlilərin, vicdan sahiblərinin dayaq durduğu el-obaya şər yaxın gəlməz, insanlığın qəsdinə duranların bəd niyyəti gözlərində qalar. Tanrı yeri-göyü xəlq eləyəndən gecəylə-gündüz, xeyirlə-şər əzəli-əbədi mübarizədədir:

Àyrı yàrànmàmış nə õåyir, nə şər,

Həyàt həm kədərdir, həm də ki, nəşə...

Àtàsız-ànàsız qàlmàsın bəşər,

Körpə bələyindən yàràlànmàsın!..

Günümüzün acı reallığı budur ki, səbəbsiz qırğınlar, ədalətsiz müharibələr, insanlığın süqutuna hesablanmış soyqırımlar nəsillərin yer üzündən birdəfəlik silinməsinə gətirib çıxarmadadır. “Tumurcuq diləklərin daşa çırpıldığı” bir vaxtda yersiz qan düşmənçiliyinə, amansız müharibələrə “dur!” deyənlərin ilk cərgəsində şairlər gəlir, çünki onlar insanlıq dininə, insanlıq məfkurəsinə xidmət edirlər. Nə qədər acınacaqlı da olsa, şair insanların ürəyindən keçən bir həqiqətə işıq salır: bütün vaxtsız ölümlərin kökündə insana, insanlığa biganəlik, qəddarlıqdan doğan vəhşilik, zülm, istibdad durur:

Zaman, Knyaz Aslan, bizi dilimlər,

Haqqı külüngləyər haqsız zülümlər...

Sinələr dağlayar vaxtsız ölümlər,

Əcəl öz vaxtında gəlsə, yaxşıdır...

Həyatın qanunudur: bir gün gələn bir gün də getməlidir, lakin vaxtsız ölüm insanların sinəsinə çalın-çarpaz dağ çəkir... Və şairin də ən ümdə arzusu budur ki, bəşər övladı qan qardaşının qanına susamasın. Vaxtsız ölümlərə son qoyulsun!

Bu kiçik yazımızı yekunlaşdıraraq, bir daha xatırladırıq ki, şairin söz xəzinəsi olduqca zəngindir. Oxucunun qəlbinə yol tapa biləcək bir sıra mətləblərdən hali olmaq istəyənlər Knyaz Aslan poeziyasına müraciət etsələr, insanları barışa, sülhə, mənəvi kamilliyə səsləyən poeziya nümunələri ilə tanış olsalar, çox şey qazanmış olacaqlar. Bu şeirlər ülvi hisslərdən, saf duyğulardan, insana, insanlığa, Vətənə, Torpağa, Elə, Ulusa sevgidən qaynaqlanıb. Halallıqdan, dürüstlükdən, doğmalıqdan, hürdən mayalanıb. Təsadüfi deyil ki, şair “Yaxşıdır” adlı növbəti bir şeirində insanları məhəbbətə, sayğıya, sevgiyə, düzlüyə, dürüstlüyə, saflığa, böyük-kiçik yeri bilməyə çağırır. Çünki layiq olduğu yeri tay-dəyişik salanlara zaman onsuz da haçansa öz layiqli yerini tanıdacaqdır:

Min aləm yaranar bir məhəbbətdən,

Yalan söz insanı salar qiymətdən...

Yerini bilməyən düşər hörmətdən,

Hər kəs öz yerini bilsə yaxşıdır...

Biz də öz növbəmizdə Tanrının layiq bildiyi yerdə bərqərar olan dostumuz, həmkarımız Knyaz Aslana bundan sonra da yeni-yeni yaradıcılıq uğurları, uzun və mənalı ömür yolu arzulayırıq.

Sayğılarla: Qiymət MƏHƏRRƏMLİ

Təzadlar.- 2016.- 6 yanvar.- S.10.