“Dədəm Qorqud yollarında” nə axtaraq, nə görək, nə götürək

 

 

Bu sərlövhəni  Kitabi Dədə Qorqud” dastanlarını əsrlər boyu oxuyanların qarşısına çıxan və elə dastanların özündən  irəli gələn suallar kimi qəbul edənlər də, həmin sualların müqabilində yenə də  dastanların özündən irəli gələn cavab, işarə, istiqamət, tövsiyə kimi qəbul edənlər də  mətləblərinə nail olmaq yolunda yeni bir fürsət, yeni bir imkan əldə etmişlər.

 

Alman-Azərbaycan Cəmiyyəti “Dədəm  Qorqud yollarında” adlı çox yüksək nəşriyyat mədəniyyətinə malik, eyni zamanda, dolğun məzmunu ilə seçilən, olduqca nəfis bir kitab nəşr etdirmişdir. Mübaliğəsiz qeyd etmək olar ki, bu nəşr nəinki Azərbaycanda, Türk dünyasında, bu gün tam  əminliklə demək olar ki,  bütün dünyada yeni bir vüsət alan qorqudşünaslıq elminə ərməğan hesab edilə biləcək  arzuolunan  bir töhfədir.

 

Kitabı Alman - Azərbaycan Cəmiyyətinin sədri, kulturologiya elmləri doktoru, professor Çingiz Abdullayev çapa hazırlamış, yığcam, amma dəyərli məlumatlarla zəngin bir ön söz yazmışdır.

 

Kitaba daxil edilmiş sənədlər, xüsusən xalqımızın ulu öndəri Heydər Əliyevin “Kitabi-Dədə Qorqudeposunun Almaniyanın Drezden şəhərinin Kral Kitabxanasında saxlanılan əlyazmasının Azərbaycan Respublikasının Prezidentinə bağışlanmış faksimilesinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilməsi haqqında” 3 aprel 2000-ci il tarixli sərəncamı bir daha göstərir ki, bizim günlərimizdə – Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, xalqımızın mədəniyyəti, tarixi, dövlətçilik ənənələri ilə haqlı olaraq fəxr etmək imkanı əldə etdiyi  bir vaxtda  Dədə Qorqud obrazına, onun çevrəsində baş verən hadisələrə  yeni prizmadan baxmaq zərurəti meydana çıxmışdır.

 

Artıq heç kimə sirr deyildir ki, türk xalqlarının, o cümlədən oğuz türklərinin böyüklüyünə, qədimliyinə, tarixdə iz buraxmış əzəmətli keçmişinə, dövlətçilik ənənələrinə  qısqanclıqla yanaşan imperiya dairələri  bu tarixi həqiqətləri təsdiq edən faktları daim ört-basdır etməyə, bu  gerçəkliyi tarixə həkk edən xalqın müasir övladlarından gizlətməyə çalışmışlar. Bu sahədə, imperiyanın məkrli nökərləri, Qafqaz xalqlarının boğazına tuği-lənət kimi keçirilmiş ermənilər iyrənc bədnamlıqla xüsusi canfəşanlıq göstərmişlər. Ara-sıra  tarixi faktlları üzə çıxaran, onları elmiya bədii təfəkkür süzgəcindən keçirərək, müasirlərinə və gələcək nəsillərə çatdırmaq istəyənlər isə məşum bir tale  yaşamışlar. Onlar, yenə də ermənilərin fitvası ilə, ya güllələnmiş, ya da imperiya həbsxanalarında olmazın işgəncələrə məruz qalaraq həyatlarını itirmişlər.

 

İmperiya böyükmillətçilik hərisliyinə tutulmuş hegemon xalqın nümayəndələri və onların sadiq nökərləri torpaqları işğal edilib zorla imperiyaya qatılmış xalqların, öz dəyərini, tarixi köklərini  nümayiş etdirmək istəyinə həmişə şovinizm mövqeindən yanaşmış,  hər cür maneələr törətmiş, tarixi öz istək və mənafelərinə uyğun saxtalaşdırmaq yolunu tutmuşlar. Bütün bunlara  baxmayaraq, türk dünyasının, oğuz türklərinin, xüsusən Azərbaycan xalqının “Kitabi-Dədə Qorqud” dastanlarına, onların qəhrəmanlarına genetik ehtiyacı olmuşdur. Türk dünyasının ziyalı övladları zaman-zaman bu ehtiyacı təmin etmək üçün əllərindən gələni etməyə çalışmışlar.

 

Alman şərqşünası, diplomatı, poliqlot  və səxavətli xeyriyyəçi Henrix Fridrix fon Dits 1815-ci ildə əsərin elm aləminə məlum olan ilk əlyazma nüsxəsini aşkara çıxarıb nəşr etdirdikdən sonra bu sahədə xüsusi bir canlanma yarandı. Elə bir faktı göstərmək kifayətdir ki, bu əsər dahi alman şairi, yazıçısı və mütəfəkkiri  Volfqanq fon Götenin diqqətini cəlb etmişo, əsəri göndərdiyinə görə Ditsə yazdığı 1 fevral 1816-cı il tarixli təşəkkür məktubunda bunu xüsusi qeyd etmişdir: “Aldığım  əsər mənim və dostlarımın qış gecələrini qısaltdı və mənim Şərq haqqında biliklərimə əvəzedilməz bir  təməl oldu”.

 

Hələ  sağlığında  hər  fikri, hər  sözü bədii həqiqət etalonu kimi qəbul edilən “Faust” müəllifinin bu münasibəti, heç şübhəsiz, əsərin bütün Avropada geniş yayılmasında və orun qəhrəmanlarının ümumbəşəri personajlar kimi  tanınmasında müstəsna rol oynamışdır. Bu barədə, “Dədəm Qorqud yollarında” kitabına daxil edilmiş  Saksoniya Dövlət Kitabxanasının əlyazmalar, qədim nəşrlər və ölkəşünaslıq bölməsinin rəhbəri doktor Tomas Haffnerin dərin məzmunlu və olduqca maraqlı faktlarla zəngin yazısında müfəssəl məlumat verilir.

 

Bu yazıların faktlarla zəngin elmi və ədəbi-bədii  siqlətinə qətiyyən xələl gətirmədən, göstərmək lazımdır ki, “Dədəm Qorqud yollarında” kitabının əsl “bələdçisi” rolunu bu gün Azərbaycan filologia elminin inkişafında böyük nüfuz sahibi olan akademik İsa Həbibbəylinin “Möhtəşəm əbədiyyət kitabı” adlı yazısı oynayır. Bu yazı qorqudşünaslıq elminin nailiyyətlərinin ehtivası, nümayişi və izahı baxımından,   həmçinin və daha çox  bu sahədə qarşıda duran vəzifələrin dəqiq, müasiraktual təsnifatı etibarı ilə    əhəmiyyətini daim saxlayacaq elmi, ədəbi-bədii, ictimai  fikirlər toplusudur.     

 

“Kitabi-Dədə Qorqud” dastanlarına maraq get-gedə artır. Bunun nəticəsidir ki, əsərin daha bir qədim əlyazması Vatikan kitabxanasında aşkara çıxarılmış  və qorqudşünaslıq elminin maraq və tədqiqat dairəsinə cəlb edilmişdir. Bu dairə getdikcə genişlənir. Yeni eranın başlanması ərəfəsində - 2000-ci ildə  oğuz  türklərinin  milli  təfəkkürünün  bədii təcəssümü olan “Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının 1300 illik  yubileyi  YUNESKO  xətti  ilə  beynəlxalq  səviyyədə çox  böyük təntənə ilə qeyd edilmişdir.

 

Dastanın Drezden nüsxəsinin Dits tərəfindən aşkar edilməsinin 195 illiyi münasibətilə akademik Kamal Abdullanın təşəbbüsü ilə Bakı Slavyan Universitetində beynəlxalq konfrans keçirilmişdir. Yubiley tədbirlərində bir sıra xarici ölkələrin tanınmış şərqşünas alimləri, ictimai xadimlər iştirak  etmiş, məruzə və çıxışlarında dastanın ümumbəşəri əhəmiyyətindən, təmsil etdikləri ölkələrdə daha geniş yayılması zərurətindən söhbət açmışlar.

 

Gündən-günə  daha dərin məzmun  kəsb edən qorqudşünaslıq elminin nailiyyətləri  bu  zərurətin əks-sədası, onun həlli yollarında atılan çox böyük miqyaslı addımlardır. Biz bu gün iftixarlaböyük əminliklə deyə bilərik ki, bu yolun sonu yoxdur.

 

Hər bir nəsil qarşısında duran siyasi, iqtisadi, sosial problemlərin  uğurlu həlli üçün Dədə Qorqud dastanlarına müraciət edə bilər və milli  şüurumuzun təşəkkül tapmasında   həlledici   rolu   olan, oğuz   türklərinin   mənəviyyatından,    qeyrətindən püskürən  bu əbədi və həmişəbahar abidədən öz dövrünə uyğun  qənaətbəxş  cavablar tapa  bilər.             

 

Bu il xalqımız, dövlətimiz, dünya qorqudşünaslıq elminin nümayəndələri “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə, qorqudşünaslıq elmi qarşısında yeni üfüqlər açan 20 fevral 2015-ci il tarixli sərəncam  imzalamışdır. Dekabrın 22-də  Azərbaycan  Dövlət  Akademik Milli Dram Teatrında təntənəli yubiley mərasimi keçirilmişdir.

 

Böyük razılıq və möhkəm inam  hissi ilə demək olar ki, “Dədəm Qorqud yollarında” kitabının nəşri, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması yubiley tədbirləri silsiləsinin uğurlu vəsilələrindən biri olacaq, qorqudşünaslıq elminin zənginləşdirilməsi, xalqımızın öz  azadlığı, dövlətimizin müstəqilliyi, dövlətçiliyimizin qorunması yollarında Dədə Qorqud qeyrəti, Dədə Qorqud müdrikliyi ilə  irəliləməsinə xidmət edəcəkdir.

 

Hacı RAFİQ,

publisist-ədəbiyyatşünas

 

Təzadlar.- 2016.- 12 yanvar.- S.14.