Mavi ekran
qarşısında
Televiziya verilişlərinə
xalq baxır...
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin
vaxtilə sədri işləmiş əməkdar
incəsənət xadimi,
professor, Prezident təqaüdçüsü
Elşad Quliyev kütləvi oxucu və tədris üçün nəzərdə
tutulan "Televiziya: nəzəriyyə, inkişaf
meylləri" kitabında
yazıb: "Dövlətin
qüdrəti - xalq kütlələrinin şüur
səviyyəsindədir. Şüurluluq isə öz növbəsində, məlumat
zənginliyinə
əsaslanır... Televiziya xalqın görən gözü,
eşidən qulağı,
düşünən beynidir.
O, həm maraqlı,
həm də
olduqca təhlükəlidir.
Təhlükənin başlıca səbəbi yalandır, saxtalıqdır, abırsızlıqdır, uydurma danışmaqdır. Bunlar isə milli mənəviyyatımıza - iman və
inamımıza yaraşmır".Bu fikirlər bir oxucu, televiziya
tamaşaçısı kimi bizi də düşünməyə,
teleyayımla bağlı bəzi məqamları
xatırlamağa vadar etdi. Əlbəttə, ötən əsrin
sonlarındakı ekran görüntüləri ilə çağdaş
dövrümüzdəki prosesi uyğunlaşdırmaq məqsədindən
uzağıq. Ona görə ki, o zamanlar sovet rejiminin özünəməxsus
tapşırığı, göstərişi mövcud idi. İndi
isə şükürlər olsun, müstəqilik. Amma xalqımız
öz adəti, ənənəsi, abır-həyası, isməti-namusu
ilə yaşayan, milli dəyərləri daim uca tutan həmin
xalqdır.
Ölkəmizdə
teleyayım yarım əsrdən artıqdır ki, fəaliyyətə
başlayıb, qadir insan əməyini təsvir və tərənnümü
ekranda canlandırıb. Sosialist Əməyi Qəhrəmanları
Şamama Həsənova, Sərdar İmrəliyev, Qızqayıt
Həsənova və başqalarının fəaliyyətlərini
ekranlarda görənlər əkin-biçinə, torpağa
qarşı daha həvəsli olmuşdular. Efir-ekran təbliğatına
məsul şəxslər bu şərəfli ənənənin
həmişə iri planda göstərilməsinə çalışırdılar.
Ədəbiyyata, incəsənətə də hər zaman qayğı
göstərilərdi. Mehdi Hüseyn, İsmayıl Şıxlı,
İslam Səfərli, Əlfi Qasımov, Hüseyn Arif və başqaları
tez-tez teleyayımlarda tamaşaçıların görüşünə
gələrdilər. İlyas Əfəndiyevin, Sabit Rəhmanın,
İsi Məlikzadənin pyesləri əsasında hazırlanan
televiziya tamaşalarından seyirçilər ləzzət
alardılar. Şövkət Ələkbərovanı, Sara Qədimovanı,
Rübabə Muradovanı ekranda görənlər özlərini
şən, şux ovqatda hiss edərdilər. Qara Qarayevin, Fikrət
Əmirovun, Cövdət Hacıyevin,
Emin Sabitoğlunun, Ələkbər Tağıyevin həzin, kövrək mahnıları
efirdə, ekranda səslənərdi. Ən vacibi isə ekran təsvirlərində
milli dəyərlərimiz, mənəviyyatımız qorunub
saxlanılardı, ekran mədəniyyətinə - geyim-qiyafəyə,
davranışa ciddi fikir verilərdi.
Əks təqdirdə...
1976-cı ildə
hazırda sinəsinə döyüb, qadın zərifliyinə
yaraşmayan tərzdə loğvalıq, eqoistlik edən, xalq
artisti fəxri ad almış ifaçı fonoqram altında
"oxuyarkən" əvvəlcədən vədə verdiyi
şəxs üçün kamera önündə dilini
çıxartmış, yersiz, şərəfsiz jest
etmişdir. Biabırçılıqdan xəbər tutan komitə
sədri mərhum Qurban Yusifzadə
onun ekrana çıxmasına bir il qadağa qoymuşdur.
Bəs indi vəziyyət necədir?
İndi zaman, mühit dəyişib. Əgər o dövrdə yalnız bir telekanal vardısa, müstəqillik qazanandan sonra əyalətlərdəkiləri demirik, paytaxtda 6-7 teleradio yayım şirkətləri fəaliyyət göstərir. Hər birinin də amalları, məqsədləri nəyin xatirinə olursa-olsun tamaşaçı cəlb etmək və vəsait qazanmaqdır. Onların heç biri milli mentaliteti, dəyərləri, abır-həyanı veclərinə almır. Düşünmürlər ki, yayımladıqları verilişlərə ahıllar, gənclər, yeniyetmələr baxırlar.
17 il yurd həsrəti çəkən, 80 yaşlı
Qərib kişinin dediklərini xatırlayırıq: "Torpaq həsrəti ağırdır, amma yaşamaq üçün demək-gülmək də
lazımdır. Ancaq televiziyaların bəzi verilişlərinə baxanda adamın qanı qaralır. Bir Yusif Ağayev var. Elə hey dingildəyir,
danışığının da nə məntiqi,
nə
də
mənası var.
Qızın, qadının mətbəxinə soxulmaq, onların alt-üst geyimlərini, neçə
dəfə
ərdə olmalarını, ərlərindən niyə
boşanıb, yenidən ərə getmək üçün "namizəd" axtarmalarını
ekranda canlandırmaq məgər lazımdır? Mən belə
düşük, səfeh verilişləri görəndə televizoru söndürürəm".
Dünyanın
bütün tərəqqipərvər ölkələrində
ilk növbədə verilişlərin əsas mövzusu milli
ordunun tərənnümü uca tutulur. Dost və qardaş Türkiyədə
də belə kanallar mövcuddur. Dəfələrlə görmüşük
ki, türk televiziyaçılar əsgəri necə tərənnüm
edirlər. Niyə? çünki sabah baş verəcək qarşıdurmada
öndə gedən məhz əsgər olacaq. Bunun
üçün də onun şərəfinə mahnılar bəstələnir,
şerlər yazılır. Bizdə isə... İki-üç
klipi çıxmaq şərtiylə demək olar taleyüklü
bu mövzuya toxunulmur. Olanda da "filan bölgədə, cəbhə
xəttində filan əsgər yaralandı, şəhid oldu, dəfn edildi" xəbərləri
verilir. O, niyə şəhid oldu, bax, bu açıqlanmır.
Hərbi çağırışa gedəcək gənclər
bilsələr ki, şəhid olan əsgər torpaq uğrunda canını qurban verib, onlar
da bu məqsədlə xidmətlərinə and içərlər.
Həqiqəti, günün
tələbinə uyğun irad tutmaq qəbahət deyil, dost, həmkar
məsləhətidir. Amma... xalq artistlərindən birinin ərindən
niyə, nə üçün boşanmasını tamaşaçılara
ərmağan etməsinə ehtiyac varmı? Yaxşı, deyək
ki, sənətkar taleyi barədə onu sevənlərə məlumat
vermək zəruri bilinir. Bəs onun keçmiş həyat
yoldaşı haqqında məntiqsiz, etikasız danışdıqlarını
necə, bu da lazımdır? İnsan taleyini bazara çıxartmaq,
milli mənliyi alçaltmaq heç bir əxlaq kateqoriyasına
uyğun deyil. Aktrisanın özündən razılığı,
balasını atasının üzünə həsrət qoyması
yeniyetmə qızlarımızın da yaddaşında qala
bilər... Bunun üçün də ekrana lazımsız fərdi
problemləri çıxartmağı hörmətsizlik sayır,
biabırçılıq hesab edirik.
Elşad müəllimin
adı çəkilən kitabında gözəl bənzətmə
var: televiziya verilişi yeni yandırılan tonqala bənzəyir.
Əvvəl tüstüsü, sonra alovu görünür. Biz
bu fikri belə anladıq ki, tamaşaçı ilk əvvəl
verilişə maraq xatirinə baxır. Sonra onun mənasın,
məntiqin, dəyərin fikirləşir. Düşünür
ki, bu lazım idi, ya yox? Belə sualla biz də rastlaşırıq.
Məsələn, ifaçı Rəqsanənin həyatını,
kimliyini, taleyini ekrana çıxartmaq - özü də şit, bayağı,
millətçiliyə uyğun olmayan qiyafədə lazımdırmı?
Gəlin unutmayaq: iyrənc şəkildə
tamaşaçı cəlb eləmək ən azı sənətə
hörmətsizlikdir.
Dünyanın çox ölkələrində
qastrol səfərlərində
olmuş,
ifaları
alqışlarla qarşılanan xalq artisti Zeynəb xanım Xanlarovanın fikridir: "1970-ci ildən
şalvar geyirəm.
Amma
çalışmışam ki,
əzələlərim
görünməsin..."
Zeynəb xanımın
"tullanmış ayaqqabılarını geyənlər",
özlərini ona bənzətməyə
çalışanlar tamaşaçılardan sevgi, rəğbət
yox, nifrət qazanırlar. Kamera önündə sağa-sola, irəli-geri
fırlanırlar. İstər canlı, istərsə də fonoqram
altında nə oxuduqları yadlarından çıxır.
çünki məqsədləri
səslərini, ifa qabiliyyətlərini yox, bədənlərini
açıq-saçıq paltarlarından görünən
ayaqlarını nümayiş etdirmək olur. Eybəcər görüntülərin
ekranlarda canlandırılmasında günahkar yayım pultu
arxasında əyləşən rejissorlardır. Məhz onların
diqqətsizliyi, səriştəsizliyi nəticəsində biabırçı
görüntülər, kadrlar ekranlarda görünür. Dini
etiqadı olan ağsaqqal-ağbirçəklər doğru olaraq mərifətsizlərə
nifrət edirlər.
"Space" müstəqil
telekanalının son vaxtlardakı uğurları tamaşaçıların
marağına səbəb olur. Proqram yaxşı tərtib
edilir, verilişlərin keyfiyyətinə
ciddi fikir verilir. Yaradıcı kollektiv çalışır
ki, çətinliklə qazanılan
nufuzu qoruyub saxlasın. Amma... "Bazar"ları onları
gözdən salır. Yəni "Bazar" verilişləri
tamaşaçılara kolxoz bazarını xatırladır:
"Təzə kartof, kələm, xiyar var, tez gəlin, sizlərə
qalmaz" satıcı harayını yada salır. Bilərəkdən adını çəkmirik, verilişin
aparıcısı bazar satıcısından daha çox hay-küylüdü,
geyiminə diqqət yetirmir, ağlına nə gəlirsə danışır.
Fikirləşmir ki, ona baxanlar, dediklərini eşidənlər
var.
Televiziya boş, mənasız,
yersiz bağırtını, şit, bayağı
şıltaqlığı əsla sevmir. Aparıcıların normanı, etikanı gözləmələri əsas, vacib şərtdir. Yeri gəlmişkən,
sözügedən kanalda lent montajına fikir verilmir. Proses başdansovdu aparıldığından məna, məntiq itir.
Daha bir vacib məsələ
barədə. Başa düşürük,
reklam şirkətin gəlir mənbəyidir. Lakin onun da yerləşdirilməsi,
nümayişi nəzərə alınmalıdır. İfaçının ağzı
açıq, çıxışçının fikri yarımçıq
qalır ki, bəs reklam göstərilir.
Bu hal heç bir standarta, etikaya uyğun gəlmir.
ANS telekanalının
bir çox verilişlərinə, xüsusən xəbərlər - inofrmasiya proqramına
tamaşaçılar həvəslə baxırlar. Operativlik
bu proqramın əsas qayəsidir. İnternet vasitəsilə dünyada
baş verən olaylar da seyrçilərə çatdırılır.
Ancaq kanal bəzən bağışlanası mümkün
olmayan səhvlər də edir. "Dahilərin divanı" verilişi
kimi. Ermənilər dünyada təbliğat aparır ki,
"Sarı gəlin", "Sona bülbüllər" mahnıları,
"İnnabı", "Tərəkəmə" rəqsləri
bizimdir. ANS də təbliğ edir ki, Məhəmməd Füzulinin
heç milliyyəti bəlli deyil. Əgər həmin verilişə
qan düşmənlərimiz baxıblarsa, yəqin tezliklə
elan edəcəklər ki, azərbaycanlılar doğru imtina
edirlər: Füzuli (əstəğfürullah) ermənidir. Yaxud,
Mirzə Cəlil milli ədəbiyyatımızın saf, sağlam
əqidəsi, vicdanıdır. Ona heç bir şər-şəbədə
yapışmır.
Xalq
yazıçısı Anarın "Anlamaq dərdi" əsərində
belə bir epizod var: ömrünün ahıl
çağını yaşayan, milli mətbuatımıza əməyi
ilə şərəf gətirən Mirzə Cəlil
üstündə yarpaq kimi əsdyi əlyazılarını kürəyə atıb
yandırır ki, bədəni azacıq olsa da
qızışsın... Belə bir təmənnasız,
sağlam əqidə sahibinin müqəddəs ruhunu göynədərlərmi,
ay?.. Bu, sizlərə bağışlanası mümkün olmayan günah, qəbahətdir! Unudulmaz
yazıçı, ictimai-siyasi xadim Nəriman Nərimanov oğluna məktubunda yazıb ki, mənim
necə şəxsiyyət olmağımı gələcək
nəsillər biləcək... Siz
isə üçün onu istədiyiniz kimi divana çəkib,
dar ağacından asırsınız?!
İctimai televiziya barəsində Elşad Quliyevin
qeydlərini oxucuların nəzərinə
çatdırırıq: "Televiziya sistemi zəhmətli,
axtarışlar aparmaq,
tamaşaçı zövqünü, istəyini,
marağını nəzərə alan, yenilik tələb edən sahədir.
İctimai televiziya qısa müddət ərzində məsul
işin öhdəsindən gələ bilmişdir. Kollektivin hazırladığı verilişlər
hazırda dünyanın əksər
ölkələrinə yayımlanır. Onlara daha artıq uğurlar
arzulayıram".
Bəs AzTV-də vəziyyət
necədir? Qeyd edək ki, bu kanal yarım əsrdən artıqdır
yol gəlir, xidməti dünya televiziya standartlarına uyğundur, kifayət qədər
texniki avadanlıqlarla təchiz olunub. Təəssüf ki, son
vaxtlar yaradıcı kollektiv yeniliyə meyilli
deyil. Tamaşaçı inana bilmir ki, İlham Rəhimli,
Sadıq Elcanlı kimi fəal yaradıcıları olan kanal
daha çox videotekaya müraciət edir, 30-20 il əvvəlki
lent yazılarını ekranda göstərir. Bu bir tərəfdən
yaxşıdır: milli televiziyamızın inkişafı uğrunda can yandıranlar ehtiramla xatırlanırlar.
Digər tərəfdən də tamaşaçılar düşünürlər:
bəs müstəqil dövlətimizin tərənnümü
ilə əlaqəli bədii ekran əsərləri nə vaxt
yaranacaq?!
Elşad Quliyevin fikrini
xatırlayırıq: "...Teleradio Şurası adlı
qurum yaradılıb, amma bu qurumun yaradılmasında müəyyən
tələskənliyə yol verilib. Şuranın nə huquq, nə
də səlahiyyət konturları dəqiq göstərilməyib.
Telekanallarla əlaqəli neqativ hallara qarşı əslində
bu qurum mübarizə aparmalıdır..."
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 2 aprel.-
S.13.