Qabil - vətəndaş
mövqeli böyük
şair
(Anım gününə)
Xalq şairi Qabilin yaradıcılığı
rəngarəng və
çoxşaxəlidir. Onun əsərlərində həm lirik ovqata köklənmiş məhəbbət və əsrarəngiz təbiətin tərənnümü, həm də fərdi psixoloji durumdan doğan poeziya nümunələri istənilən qədərdir. Saf,
müqəddəs məhəbbət və Abşeronlu, Qarabağlı, Muğanlı, Milli, Şirvanlı, Şəkili Azərbaycan təbiəti şairin əbədi, tükənməyən ilham qaynaqlarıdır. Buna dair Qabilin yaradıcılığından onlarla, yüzlərlə misal göstərmək olar.
Lakin o, eyni zamanda müasir dövrün qayğıları ilə yaşayan, xalqının, millətin problemlərini bir an da olsun nəzərdən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan yüksək vətəndaş mövqeli şairdir.
Qabil şeirləri 60
illik bir dövrdə Azərbaycan xalqının ictimai-siyasi həyatının
bədii salnaməsidir. Bu müddətdə
xalqımızın tarixində elə bir mühüm
ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə
öz vətəndaş mövqeyini bildirməsin.
Hələ ötən əsrin
60-cı illərində cəmiyyətdə ciddi mənəvi
durğunluğun hökm sürdüyü bir vaxtda Qabil
"Tramvay parka gedir" şeirini yazdı. Bu şeir cəmiyyətdə
hökm sürən ətalətə, durğunluğa qarşı
açıq bədii üsyan idi. Bu zaman sovet ideologiyasının
əsirinə çevrilmiş siyasi və eləcə də ədəbi
qüvvələr Qabilə qarşı güclü hücumlar
təşkil etdilər. Lakin Qabil min illik palıd kimi əyilmədi,
bu hücumlara mətanətlə sinə gərdi. Sona qədər
öz əqidəsinə, vətəndaş-şair mövqeyinə
sadiq qaldı. O, sonralar yazdığı, böyük ədəbi
hadisəyə çevrilən "Nəsimi" poemasında,
"Səhv düşəndə yerimiz", "Türkün
qəbri", "Gün o gün olmayacaq, nə qədər
ki...", "Əslində", "Mərsiyə" (Xalqımı,
millətimi gülləbaran eylədilər"), "Gedək...
gedək", "Suqovuşanda" və şair kimi onlarla
ictimai-siyasi məzmunlu əsərlərində öz şair
"məni"nə əbədi sadiqliyini dönə-dönə
sübut etdi.
Xalqımızın
milli-azadlıq hərəkatı tarixinə qanlı, həm də
ən şərəfli səhifə kimi daxil olan 1990-cı
ilin 20 yanvar gecəsi vətənpərvər şairin
bütün varlığını silkələdi. Sanki azadlıq
eşqi ilə alışıb yanan vətən oğullarının
al qanı, növcavan Şəhidlərin cəsədi üstündə
qıyya çəkən anaların göz yaşı daşa,
torpağa deyil, şairin üzərinə axırdı. Həmin
gecə Qabil Azərbaycan xalqının əbədi ağrısı
olan "Mərsiyə" şeirini yazdı. Şair mərsiyəsində
xalqın vulkan tək püskürən qəzəbini, min
yerdən qan fısqıran yarasının dəhşətli
ağrısını, Allah dərgahına qədər boy verən
ah-naləsini özünəməxsus böyük vətəndaşlıq
yanğısı ilə əks etdirmişdir.
O, sonralar
yazdığı "Mən göz yaşlarıma dözə
bilmirəm" şeirində 20 yanvardan başlanan ürək
ağrılarının bilməz olduğunu bir daha bəyan
etmişdir.
Mən göz yaşlarına
dözə bilmirəm,
Yağanda Şəhidlər
xiyabanına.
Bu ağrı-qaralı mərmər
dastana,
Bu gülləri məşəl
daş gülüstana,
Bir busə dadmayan neçə
oğlana
Ağlama, döz görüm
daşsa da qəlbin,
Ağla ibrətamiz bir
ehtişama.
Mən göz yaşlarına
dözə bilmirəm,
Analar saç yola məzar başında.
Yox daha mərsiyə yaza bilmirəm,
Cavanlar qırılsa nakam yaşında.
Qarabağ məsələsinin ədalətli
həllinin düyünə
düşməsi, beynəlxalq
birliklərin bu məsələyə laqeyd
münasibəti, vətən
torpaqlarını işğaldan
azad edilməsinin uzanması vətənpərvər
şairi darıxdırır. Bəs nə
etməli, vətənin
sərhədlərini necə
bütövləşdirməli, xalqın itirilən torpaqlarını, tapdanan şərəfini necə
xilas etməli? Şair qəlbi rahatlıq tapmır, bir ipucu, işıqucu
bir ümid, güman yeri axtarır və tapır da! Qəti qərara gəlir ki, bu ümidin yeganə bir ünvanı var: AZƏRBAYCAN
ƏSGƏRİ!
Bu eşq, bu ehtirasla
da "ümid sənədir ancaq..." şeirini yazır. 1996-cı ildə qələmə alınmış 90 misralıq
bu şeir başdan-başa şairin
sonuncu ümid və güman yeri olan qəhrəman
vətən övladına
- AZƏRBAYCAN ƏSGƏRİNƏ hədsiz
inam və məhəbbətdən yoğrulmuşdur.
Qarabağ Azərbaycan
torpağıdır! Bu danılmaz həqiqəti hamı təsdiqləyir.
Münaqişənin (əslində müharibənin)
tənzimlənməsi üçün
ayrılmış məsul
şəxslər də
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiklərini bildirirlər.
Lakin heç kəs əməli şəkildə Qarabağın
işğaldan azad olunmasında real kömək
göstərmir, bircə
şablon cümlə
ilə işlərini
bitmiş hesab edirlər: Məsələ
sülh yolu ilə həll olunmalıdır.
Bu isə bütün varlığı ilə doğma vətənə,
onun hər qarışına vurğun
olan şairi qeyzləndirir, təbdən
çıxarır.
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sənədlər...
Səsimizə səs verir
Dünya başbilənləri,
ümid sənədir
ancaq
Azərbaycan əsgəri!
BMT, ATƏT, Avropa
Şurası ... Bunlar
və bunlara bənzər beynəlxalq təşkilatların sayı-hesabı
bilinməyən diplomatları
gəlib, cürbəcür
səmərəsiz bəyanatlar
verib gedirlər. Beynəlxalq yardım təşkilatları
qaçqın və məcburi köçkünlərin
könlünü yardımlar
və ianələrlə
almaq istəyir. Lakin bunların heç biri Qarabağ məsələsinin həllinə
yardım etmir.
Dəyirmi masalarda
İzi var dirsəklərin,
Ağla sığan
söhbəti,
Sözü var dəstəklərin.
Yardım bağlamasında
özü var dəstəklərin.
Lap ləl-cəvahir
olsun
Hər yardımın
dəyəri...
ümid sənədir
ancaq
Azərbaycan əsgəri!
Şair özünəməxsus
bədii bir üslub, aydın dil ilə təsirli
ifadələrlə Qarabağ
dərdini çözələyir,
bu dərdin əlacını arayır,
yenə də son əlac olaraq vətən əsgərinin
hünərinə güvənir:
İşğal altında
qalır
Torpağımız daşımız,
Nələr görmür
gözümüz,
Nələr çəkmir
başımız ...
...çadır
göstərmək olub
hər çatana
peşəmiz.
Sərgi olmasın
deyə
Bu Mil-Muğam
düzləri,
ümid sənədir
ancaq
Azərbaycan əsgəri!
Şair sadə
xalq dilində yadda qalan bədii
lövhələr yaradır,
Azərbaycan əsgərini
qovu alışdıran,
yəni qatı düşməni yandırıb-yaxacaq
ağ çaxmağa
bənzədir:
...Bir şey görünmür hələ,
açılmır ki, açılmır
düyünü bu torpağın.
Qov alışa bilərmi
od saçmasa
çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri,
ümid sənədir
ancaq...
Azərbaycan əsgəri!
Şeirin sonlarına doğru münaqişənin həlli,
doğma torpaqlarının
yağı işğalından
azad olması haqqında şair fikri daha da
qətiləşir, onun
bədii hökmü daha sərt, daha konkretdir.
...Tükənir
səbrim fəqət,
sazişlər,
qətnamələr,
bəyanatlar
kifayət!
Ziyafətlər
Kifayət!
Ziyafətlər dumanında
Nəzakətlər kifayət,
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm.
Bütün bunlara baxmayaraq, şeir işıqlı ovqatla bitir. Şair sülh
bayrağının "yellənməsini",
bu sülh bayrağına "kəm
baxan bədgümanlar"ın
aradan çıxmasmı,
nəhayət "SÜLHÜN ŞAD XƏBƏRİNİN"
eşidilməsini arzulayır.
Şairin şeirdə qarşısına
qoyduğu son məqsəd
də budur. Elə Azərbaycan xalqının arzusu da budur!
Yellənsin sülh
bayrağı!!!
Bu bayrağa
kəm baxan,
Həm baxmayan,
həm baxan,
Bədgüman istəmirəm.
Sevindirsin milləti
Qoy sülhün
şad xəbəri,
ümid sənədir
ancaq...
Azərbaycan əsgəri!
Həm mövzu
aktuallığına, həm
də bədii dəyərinə görə
"ümid sənədir
ancaq..." şeri xalq şairi Qabilin ictimai-siyasi mövzuda yazdığı
ən gözəl əsərlərindən biridir.
Nə qədər ki, Qarabağ torpağı işğal altındadır,
nə qədər ki, dünyada müharibə, işğal
təhlükəsi var
bu şeir də öz ictimai və bədii dəyərini saxlayacaqdır.
Şeirin dərsliklərə salınaraq
gənc nəsilə çatdırılması və
geniş təbliği
yeni yetişən və gələcək nəsillərin vətənə
məhəbbət və
hərbi vətənpərvərlik
tərbiyəsində mühüm
rol oynayaraq, misilsiz xidmət göstərəcəkdir.
...Bu gün
xalq şairi Qabil aramızda yoxdur və onun vəfat tarixi ilə iki illik ayrıcındayıq.
Lakin əbədiyaşar Qabilimiz
daima xalqın, millətin qəlbindədir
və o, poeziyası ilə, eyni zamanda bir maraqlı
şəxsiyyət kimi
heç vaxt unudulmayacaqdır.
Ulu Tanrımızdan
böyük və əvəzsiz Qabilimizə
rəhmət diləyirik
və deyirik:
Allaha, gözəlliyə,
həqiqətə qovuşmaq
yolunda öz "Nəsimi"n kimi ölməzlik qazandın!
Şah beytlərində,
şah misralarınla xalqın qəlbində həmişəyaşarsan! öz gəmində, öz bayrağınla böyük bir axında daima üzüb gedəcəksən!
Ey böyük
Qabil! Ayrılığınla
daima səni düşündük, xatirələrinə
baş vurduq, lakin hiss etdik ki, sənsizlik çox ağırdı,
şəxsən bu sətirlərin müəllifi
həyat və yaradıcılıq yolundan
bəhs edən "(Qabilin sənət dünyası" monoqrafık
kitabı ilə
("Şür" nəşriyyatı,
Bakı 2007) təsəlli
tapır ki, az da olsa
nəsə edib. Ruhun qarşısında söz
verirəm ki, "Nəsimi" poemanın üzərində aftoqrafında
məni Qabilşünas
adlandırdığına görə ömrüm boyu sədaqətli qalacaq, zəngin xəzinəni xalqa çatdırmaq üçün
bir filoloq kimi daima çalışacaq
və əlimdən gələni əsirgəməyəcəyəm.
Kiçik məqaləmi
böyük alimimiz, akademik Vasim Məmmədəliyevin fıkirləri
ilə yekunlaşdırmaq
istərdim:
"Qabilin vəfatı ədəbiyyatımız üçün
böyük itkidir. Onun cismən
yoxluğu günü-gündən
daha çox bilinir. Lakin bir şeylə
təsəlli tapırıq
ki, Qabilin həmişə oxucusu olub, var və
olacaq. Sənətkar üçün əbədiyyət budur.
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun! Amin!"
Ədalət MƏMMƏDOV,
Azərbaycan Universitetinin
dissertantı, filoloq-Qabilşünas
Təzadlar.- 2009.- 2 aprel.- S.11.