""Ulduzlar"ın əlindən bizə efirdə
yer yoxdur"
Rəhman
Məmmədli: "Görəsən, milli-mənəvi dəyərlərimizin
qorunması üçün mütləq göstəriş
vermək lazımdır?"
Yaxşı ki,
tanrının mərhəməti kimi, səxavəti də
çoxdur. O
böyük səxavətdən bəhrələnənlər
arasında 1961-ci ildə Füzuli rayonunun Aybasanlı kəndinin
Qayabaşı məhəlləsində dünyaya göz açan
Rəhman Məmmədlinin də bəxti gətirib. İstedad, bacarıq, gözəl musiqi ifaçılığı
baxımından, onun da qismətinə pay düşüb.
Gözəl gitara ifaçısı kimi ailələrində
bu sənətin təməlini qoyub. Sonra
qardaşı Rəfail Məmmədov müğənni kimi
çoxlarının rəğbətini qazanıb. Oğlu Tural isə atası kimi gitara çalmasa da, hazırda
bəstəkarlıq üzrə təhsil alır.
...Müsahibimiz gitaraçalan
Rəhman Məmmədlidir. Söhbət zamanı onun sənətə
baxışlarında qəribə özəlliklərin şahidi
olduq...
- Rəhman bəy, efirdə
az-az görünməyinizin səbəbi nədir?
- ömrünün otuz
ildən çoxunu bir sənətə bağlamış insan
kimi bu görüntü məni qane eləmir. Bunun arxasında
elə amillər dayanır ki, ona gücüm yetmir. Bu gün
hər bir sənətçinin necə həyat tərzi keçirməsi
göz önündədir. Musiqiçilər var ki, toya yarım
saatlığa 8-10 min manata gedirlər. Hətta 20-30 min manata
gedən ansambllar var. Təvazökarlıqdan uzaq olsa da, deməyə
məcburam ki, heç də sənətdə özümü
onlardan zəif saymıram. Yeri gəlmişkən qeyd edim ki, 8
illik fasilədən sonra bu günlərdə "STS" prodakşnda
"Xarı bülbül" adlı yeni albomum çıxıb.
İnşallah, necəliyini dinləyicilər qiymətləndirəcək.
Soruşursunuz ki, niyə efirdə az-az görünürsünüz?
Yeni albomum çıxandan sonra telekanallarımızdan dördünə
zəng etdim ki, bu barədə məlumat verim. Bir televiziyadan
telefonu açan olmadı, digərlərindən isə, demək
olar ki, oxşar cavablar aldım.
Telekanallardan birinin musiqi
verilişlərinə rəhbərlik edən şəxsə
telefonda dedim ki, danışan gitaraçalan Rəhmandır. O
da əməkdaşlarından soruşdu ki, Rəhmanı tanıyırsınız?
Ta bilmədim onlar nə cavab verdilər. Sonra qayıtdı ki,
bu həftə ancaq ulduzları çəkirik, gələn həftə
isə konsert proqramları nəzərdə tutulub, imkan olanda
özümüz zəng edərik. Mən də dözə bilməyib
"o "ulduz"ların ikisinin arasına məni pərçim
edə bilməzsiniz? Axı mənim də dinləyicilərim
var. Olmaz ki, iki-üç dəqiqəlik vaxtınız mənə
həsr olunsun? Deyim ki, ay mənim dinləyicilərim, yeni
albomum çıxıb!" - deyib telefonu bağladım.
Doğrudan da axı mənim
də dinləyicilərim, pərəstişkarlarım var. O "fanat, fanat" deyirlər
ey, Quran haqqı, fanat elə olmur. Mən sizə
fanat göstərərəm ki, əgər böyrəyinə
ehtiyacım olsa, əsirgəməz. Yoxsa, bir çox
müğənnilərin dilindən düşmür ki,
fanatlarım belə gəldi, elə getdi... Bilirsiniz,
ömrümün elə vaxtıdır ki, inciyə bilirəm.
özümə, sənətimə
qarşı belə biganəlik görəndə
sınıram, küsürəm.
- Söz "ulduzlardan"
düşmüşkən, telekanallardakı "ulduz"
yarışmalarına münasibətiniz necədir?
- Vallah, Azərbaycana ulduz
çoxdan bəs edib. Məgər bu qədər
"ulduz" olar? Ancaq xahiş edirəm,
mənim dediyim ulduz sözlərini dırnaqarası yazın.
"SMS" yolu ilə əsl ulduz seçilməz.
İstedadsızları "ulduz" etmək, mədəniyyətimizə,
incəsənətimizə ağır zərbədir.
- Rəhman bəy, bayaq yeni
albomunuzun çıxdığını bildirdiniz, indiyədək
neçə albomunuz çıxıb?
- 12 albomum çıxıb.
Onu da deyim ki, bu gün hamının musiqilərimi
disk halında dinləmək imkanı olmadığını
nəzərə alıb, audiokasetdə də buraxıblar.
Qeyd etmək istəyirəm ki, bundan əvvəlki
albomum çox nəfis şəkildə Türkiyədə
çıxmışdı. Bəlkə də
Azərbaycanda onun kimi ikinci bir albom olmayıb.
- Bəs gitara ilə
bağlılığınız necə olub?
- Füzulinin
Aybasanlı kəndinin Qayabaşı məhəlləsində
doğulsam da, orta məktəb illərində ailəmiz
rayonunun özündə yaşayırdı. Bir gün kəndə
gedəndə gördüm ki, dayımoğlunun taxta
gitarası var. Götürüb çalmağa
başladım. İki gün məşğul
olandan sonra artıq bir mahnı çalmağı öyrəndim.
Onu da deyim ki, evdə böyük
qardaşımın qarmonu vardı, hərdən bir onu
götürüb çalardım. Gitaranı
görəndən sonra bu musiqi alətinə marağım
artdı.
Bir ilin ərzində
gitarada çalmağı elə öyrəndim ki, artıq məni
toylara dəvət etməyə başladılar. Bununla da,
gitaraya məndə böyük məhəbbət yarandı.
Orta məktəbdə oxuduğum illərdə
Bakıdan rayona konsert vermək üçün musiqi kollektivləri,
aktyorlar gələrdilər. Uşaq
olmağıma baxmayaraq, konsertdən sonra onları evimizə
qonaq aparardım. Bir dəfə də
çox yalvar-yaxırdan sonra respublikanın xalq artisti, rəhmətlik
tarzən Həbib Bayramov və Razi Şükürovu evimizə
qonaq getməyə razı saldım. Evdə
soruşdular ki, məndə musiqiyə belə maraq
hardandır? Dedim ki, özüm gitara çalıram. Dedilər, gitaranı gətir görək necə
çalırsan? Gitarada
çalmağım çox xoşlarına gəldi. Həbib
müəllim mənə dedi ki, mütləq Bakıya gəlib,
bu sənəti davam etdirməlisən. Mən də onun sözü ilə Bakıya gəldim.
Həbib müəllim məni öz
ansamblına dəvət etdi. Beləliklə, xeyli
müddət onun rəhbərlik etdiyi Əhməd Bakıxanov
adına xalq çalğı alətləri
ansamblında çalışdım.
- Yəqin sizin bu gün həm
də muğam ifaçısı kimi
tanınmağınız elə bu səbəbdəndir...
- Tamamilə doğrudur. Mən Həbib Bayramovun ansamblında
çalışdığım müddətdə
muğamın bütün incəliklərinə, dərinliklərinə
qədər öyrənmişəm. Bu
gün özündən deyən hər hansı bir xanəndəni
gitarada müşaiyət etmək iqtidarındayam.
- Dediklərinizdən bu qənaətə
gəlmək olur ki, sənətdə ustadınız Həbib
Bayramov olub...
- Bəli, heç bir musiqi təhsilim
olmasa da, Həbib müəllimi özümə ustad hesab edirəm.
Vaxtı ilə "Ədalət" qəzetinə
verdiyim müsahibədə demişdim ki, kaş mən tarçalan
olaydım. Niyə? Düzdür,
bu gün məni Rəhman kimi tanıdan gitara olub və buna
peşman da deyiləm. Allahımdan
çox razıyam. Ancaq bir vətənpərvər insan
olaraq deyirəm ki, kaş elə milli musiqi alətimiz olan
tarın ifaçısı olaydım... Görünür,
alın yazım belə imiş...
- Musiqi alətləri
içərisində gitaranın tutduğu yeri necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi,
qarmon, klarnet, skripka, sintezator, saksafon milli musiqi alətimiz
olmasa da, hər biri zaman-zaman musiqi alətləri içərisində
özünəməxsus yer tutub. Qarmonla klarnet
isə artıq milli musiqi alətimizə çevriliblər
desəm, yanılmaram. 70-ci illərin əvvəllərində
Rəmişin sayəsində tanınan gitara cəmiyyət tərəfindən
qəbul edildi və sevilməyə başladı. Təsəvvür
edin ki, toylara gitarasız getmək mümkün deyildi... Ancaq sonradan bu sənətin inkişafı, təbliği
çox aşağı səviyyədə aparıldı.
Bir dəfə şair dostum Vüqar Əhməd mənə
dedi ki, çox təəssüf ki, bəzi sənətçilər
gitaraya pasport qazandıra bilmədilər. Doğrudan
da belə oldu. Hətta 90-cı illərin əvvəllərində
bu sənətə nifrətim elə artdı ki, gitaranı
bir kənara atmaq məcburiyyətində qaldım. Ancaq 1994-cü ildə müğənni Səyyad Əlizadə
məni yenidən bu sənətə qaytardı və onun təklifi
ilə albomlarım çıxdı. Elə
o vaxtdan da gitaranın təbliğinə başladım.
Sənətçi dostlarım həmişə
mənə deyir ki, gitara sənin sayəndə hörmətə
mindi.
- Bəs bu gün milli
musiqimizin vəziyyəti sizi qane edirmi?
- Bilirsiniz, olanı görməmək
korluq əlamətidir. Habil Əliyev həmişə
mənə deyirdi ki, bala, deyəsən, musiqimizi,
muğamımızı biz dirildəcəyik. Təbii ki, bir çiçəklə bahar olmaz.
Nə yaxşı ki, bu gün muğama
münasibət tamamilə dəyişib. Muğam
müsabiqələrinin, Beynəlxalq Muğam
Festivalının keçirilməsi muğamın dəyərli
sənət olduğunu bir daha təsdiqlədi. Bu sahədə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın xidmətləri
danılmazdır. Məni narahat edən
odur ki, görəsən, milli-mənəvi dəyərlərimizin
qorunması, inkişafı üçün mütləq
göstəriş vermək lazımdır? Vəziyyət o həddə çatmışdı
ki, Habil müəllim demişkən, muğam muzeyə
qoyulası olmuşdu.
- Sizcə, müğənnilərin
toya getməsi niyə qəbahət sayılır?
- Mən özüm sənətçiyəm,
heç bir yerdə işləmirəm. Bəs
necə dolanmalıyam? Ancaq başqa ölkələrdə
tanınmış sənətçilərin toya getməsi qəbahət
sayılır. Bizdə bəzən sənətçilərin
toya getməsi birmənalı qarşılanmır. Hətta son zamanlar "toy müğənniləri"
ifadəsi də tez-tez səslənir. Bu
heç də qəbul edilən deyil. Düzdür,
Azərbaycanda yalnız bir neçə müğənni toya
getməyib. Bu gün Zeynəb Xanlarovadan
başqa bütün müğənnilər toy şənliklərində
iştirak edirlər. Bəzi müğənnilər
efirdə özündənrazı halda danışırlar ki,
mən toy müğənnisi deyiləm. Yaxşı,
bəs toya getmirsənsə, yaşadığın dəbdəbəli
şəraiti hansı pulla qurmusan?
- Rəhman bəy, qeyd
etdiyiniz kimi, neçə illərdir musiqi aləmindəsiniz,
sayılıb-seçilən sənətkarlardansınız. Buna baxmayaraq, bu günə qədər fəxri ad
alanların sırasında sizi görmürük. Bundan incimirsiniz ki?
- Əlbəttə,
inciyirəm. Bəzən elə sənətçilərə fəxri
ad verirlər ki, daha o adı almaq marağında olmuram. Xalqımın mənə olan sevgisini görəndə,
elə bilirəm on dəfə xalq artisti adı
almışam. Mənə olan bu biganəlik
musiqimizin beynəlxalq aləmdə təbliğ etməyimə
heç də mane olmayıb. Hətta
Türkiyənin 8 telekanalında ifama saat yarım, iki saat efir
vaxtı ayrılıb. Bu gün ermənilərin öz adına çıxartmaq istədikləri
"Sarı gəlin" mahnısının bizim olduğunu
dəfələrlə sübut etmişəm.
- Türkiyədə
keçirilən konsertlərinizdən söhbət
açdınız. Daha hansı ölkələrdə
olmusunuz?
- Rusiyada, İranda, Almaniyada,
Ukraynada dəfələrlə geniş konsert proqramları ilə
çıxış etmişəm.
- Təbii ki, sənətçilər
toya əvvəlcədən qiymət danışıb gedirlər.
Olubmu ki, qiymətdə razılaşmayıb
toya getməkdən imtina etmisiniz?
- Yox, vallah, deyəsən
olmayıb. Mən hər dəqiqəsini pulla
hesablayan sənətçilərdən deyiləm. Hamı ilə "ortaq məxrəc"ə gəlməyi
bacarıram.
- Xalq tərəfindən
sevgi ilə əhatə olunmusunuz, daha nəyə
ehtiyacınız var?
- Desəm ki, fəxri ada
ehtiyacım yoxdur, bu da birmənalı qarşılanmaz. Ancaq sənətçilərimiz var fəxri ad almaq
üçün elə oyunlardan çıxırlar,
adamın tükü ürpəşir. Mən
o cür ad almaq istəmirəm. Bunu
zamanın ixtiyarına buraxıram.
- Bəlkə zəmanə
adamı deyilsiniz?
- Niyə ki? Zəmanə
ilə ayaqlaşmaq o demək deyil ki, gedib kiminsə
qapısını döyməliyəm, yaxud kiməsə
yaltaqlanmalıyam. Bax bunları
bacarmıram. İnanmıram ki, nə
vaxtsa mənim də sənətimə dövlət tərəfindən
qiymət verilməsin. Ancaq hər şey vaxtında
olanda daha gözəl olur...
- Yaşınızın elə
çağıdır ki, ustad sayılırsınız, yəqin
tələbələriniz də var.
- Vaxtilə şagirdlərim
olub, ancaq indi yoxdur. Bilirsiniz, gitara elə bil alətdir
ki, onu öyrətmək yox, öyrənmək
lazımdır.
- Ailədə sənətinizi
davam etdirən necə, varmı?
- Oğlum Tural
Bakı Musiqi Akademiyasının bəstəkarlıq
fakültəsinin 2-ci kurs tələbəsidir.
- Deyirlər, bu dünyada
günah iş tutub cəza almayan insanlar mütləq o biri
dünyada alacaqlar. O dünyada hansısa alacağınız cəzanın
günahını etmisinizmi?
- Yolla gedərkən görsəm
ki, krandan su öz-özünə axır, onu
bağlayıram. İstəmirəm ki, israfçılıq
olsun. Hətta maşınla da yol gedərkən,
görsəm ki, yolun ortasında daş var, düşüb
onu kənara atıram. Valideynlərimə
həmişə hədsiz nəvaziş göstərmişəm.
Bu gün anama həmin nəvaziş daha da artıb... Düzdür, Quranda göstərilir ki, kimləri o
dünyada cəza gözləmir. Ancaq mənim
də o dünyada cəzam olacağını bilirəm.
Yalnız qəbahətim odur ki, namaz
qılmıram.
- Həyatda ən çox nədən
qorxursunuz?
- Bir il
öncə atam dünyasını dəyişdi. Bu ayın
20-də ili tamam olur. Mən
onu ən xoşbəxt atalardan sayıram. Niyə?
çünki o övlad dağı
görmədi. Mənim üçün ən
böyük qorxu övladın pis gününü görməkdir.
Allah o günü mənə göstərməsin, eləcə
də başqalarına...
- Kədərli
anlarınız olurmu?
- İnsan olsun - kədəri
olmasın?..
- O zaman köməyinizə
nə çatır?
- Kədərli anlarımda
sonuncu albomumda da yer alan "Xarı
bülbül" mahnısıyla, bir də ki, rəhmətlik
gözəl xanəndə Sədi Məmmədovun
qardaşı, dostum Salehlə bölüşürəm.
- Telefonunuzun
"ZəngimCell"inə "Apardı sellər
Saranı" mahnısını seçməyinizin səbəbi
nədir?
- Mənim bu sənətdə
Rəhman kimi tanınmağında "Apardı sellər
Saranı", "Baş Sarıtel", "Dağlar"
mahnılarının çox böyük rolu olub. Seçimim bəlkə də bundan irəli gəlib.
- Bu gün toylarda insanlar daha
çox hansı havaya oynayırlar?
- "İran
təranələri"nə.
- Bəs özünüz
hansı havaya oynayırsınız?
- Mənim havam "Qoçəli"
və "Tərəkəmə"dir.
- "Yanıq Kərəmi"yə
də oynayanlar az deyil...
- "Yanıq Kərəmi"
oyun havası olmasa da, toylarda daha çox onu çalmağa məcburam...
-
"Bahalı" müğənnilərin toylarda fonoqramla
oxumasına necə baxırsınız?
- Çox gözəl. Fonoqram studiyada təmizlənib yazılır. Canlı ifa o cür alınmaz. Müğənnilər
məhz həmin ifalarına görə toya dəvət edilirlər.
Hansısa
müğənninin canlı hay-küyündənsə,
fonoqramını dinləmək daha yaxşıdır.
Elbar ŞİRİNOV
Təzadlar.-
2009.- 4-7 aprel.- S.15.