İdmanımızın yüksəlişi Qarabağımıza nicat əlamətlərindəndir!

 

Müsahibim Armrestinq (qol güləşi) üzrə 4 dəfə dünya, 5 dəfə Avropa mükafatçısı və 6 qat Azərbaycan çempionu, Milli Qəhrəman Asif (Fred) Məhərrəmovun yeganə övladı Azər (Fred) Məhərrəmovdur. Söhbətdə idmançının əmisi Hacı Ədalət də iştirak edirdi.

- Azər, səni tanımayanlara tərcümeyi-halın haqqında nələri demək istərdin?

- 1977-ci ilin 16 yanvarında Ağdam rayonunda anadan olmuşam. Anam Ağdamın Əhmədavar kəndindəndir. Əsli isə Laçının Şellanlı, Ağbulaq kəndindən. özüm 1992-ci ildə 15 yaşımdan atam Fred Asifin batalyonunda müharibədə iştirak etmiş, Xramort, Xanabad, Əsgəran, Naxçivanik, Aranzəmin, Pircamal və başqa kəndlərdə döyüşmüşəm. Ağdam alınan son günə-23 iyula kimi oranı tərk etməmişəm.

Sonra atam ağır yaralananda və xəstəliyinin şiddətindən hospitala düşəndə, onun yanında tez-tez olurdum. Azərbaycanın, eləcə də Ağdamın əksər tanınmış ziyalıları və sadə insanları atamı ziyarətə gəlirdi. Bəziləri də problemlərini həll etmək üçün məhz ona üz tuturdular. Azərbaycandan əlavə onun adı indi də keçmiş SSRİ məkanında ehtiramla xatırlanır.

Uşaqlıqdan kinq-boks idman növü ilə məşğul olmuşam. Sonra qaydasız döyüşlərə maraq göstərməyə başladım. Evdəkilərin və xüsusən Ədalət  əmimin etirazına görə bu idman növüylə sistemli məşğul olmadım. Hal-hazırda armrestinq idman növü ilə məşğulam. Rusiya vilayətlərinin qolqatlama yarışlarında dəfələrlə Azərbaycan bayrağını məhz çempion kimi zirvədə dalğalandırmışam.

- Bayrağımızı dalğalandıranda çempion kimi hansı hissləri yaşayırdın?

- Tək özüm deyil, Azərbaycan bayrağını fərqli idman növlərində dalğalandıran bütün idmançıların qeyri-adi fəxarət duyğusunun yaşadığını hiss etmişəm. Təbii ki, keçirdiyimiz bu qürur duyğuları xalqımıza, dövlətimizə aiddir. Bayrağımız da, prezident də dövlətçilik atributlarındandır. Bayrağı ucalığa qaldırırıqsa, bu, bizə şərəfli anları yaşamaqda böyük diqqət göstərən möhtərəm prezidentimizi də əməlimizlə zirvədə idman üzrə təmsil edirik anlamına gəlir.

- Qol güləşi yarışı arxada qaldı. çox güclü rəqiblər arasında ikinci yerin sahibi oldun. Yarışı və nəticəni necə qiymətləndirirsən?

- İdmanın bu növü üzrə yarışın inkişafına Azərbaycanda artıq çox yüksək səviyyədə impuls verildi. Bu olduqca ümidverici amildir. Möhtərəm prezidentimizin idmana olan qayğısına minnətdarıq. İdman nazirliyimizə, Armrestinq Federasiyasının prezidenti Cəsarət Əhmədova, vitse-prezidentə, baş katibə, "Gilan Holdinq" şirkətinin rəhbərliyinə, "Jalə" şirələrinin sözü gedən yarışdakı önəmli dəstəyinə,  baş məşqçi və hakimlərə, yarış iştirakçılarına, xüsusən də İçtimai televiziyanın rəhbərliyinə, İsmayıl ömərova, çingiz müəllimə təşəkkürlərimlə mənimlə finala çıxan Mirsaleh Aslanovu qəlbən təbrik edirəm. Yarış prosesində keçmiş SSRİ-nin onlarca şəhərlərindən və xarici ölkələrdən Türkiyədən, İrandan, Almaniyadan, Hollandiyadan, İsveçdən yüzlərlə zənglərə təşəkkürlərlə cavab verdim. Belə zənglər Gəncə, Lənkəran, Şuşa, Bərdə, Qubadlı, Şamaxı, Ağsu, Göyçay, Sumqayıt, Şəki, Salyan, Quba, Zaqatala, İsmayıllı camaatından da gəlirdi. İkinciliyin uyğun mükafatını almaqla bahəm, ağdamlılar mənə "Mersedes" markalı avtomobil bağışladılar. Azərbaycanın, Ağdamın bütün Asifsevərlərinə, kişilərinə "çox sağ olun!" deyirəm. Allah razı olsun!

- Yarışlarda sənə maddi-mənəvi köməklik göstərənlər olurmu?

- Yarışlarda həmişə mənə maddi-mənəvi yardımını atamın dostu kimi Ağdamın İcra Hakimiyyətinin başçısı hörmətli Həsən Sarıyev heç əsirgəməyib. Allah da onu böyüklükdən əskik eləməsin! Atamın silahdaşı, məsləkdaşı Hacı Adil və oğlu Savalan, Kəngərli Fazil, Hümbət, Rauf müəllim, Məhəmməd müəllim, Arif qardaşımız, Nazim, Valeh Göytəpəli başda olmaqla Ağdamın Pirhəsənli-Gəngərli camaatı da insanlığa sadiqliyi ilə çox fərqlənirlər. Ana ocağım laçınlılar da həmçinin. ümumən naxçıvanlılardan, göyçəlilərdən, vedililərdən, zəngəzurlulardan, borçalılardan, marneulilərdən, Sverlovskidə yaşayan qardaşlardan da xeyli dəstək görürəm. Hörmətli adlarını təşəkkür duyğuları ilə çəkməyə gələndə, Şahin Rüstəmov, Bərdəli Füzuli müəllim, Elman müəllim, Namiq qardaşımız, Aqil Abbas, Asif Mərzili, Vasif Məhərrəmov dəfələrlə dünya çempionu Fariz, Moskvadan Maqsudlu Oqtay, Bəhruz Axundov, döyüşçü Həcər xanım, dəfələrlə dünya çempionları olmuş Bəxtiyar, Vüqar, 7 qat dünya çempionu Ceyhun Məmmədov, dünya çempionu Mübariz müəllim, Güləş Federasiyasının rəhbərliyindən Elçin Cəfərov, Saleh Məmmədov, rəssam Natiq, şair German, jurnalist Habil, "sputnik" Mamed, Dəmirlə-İlham qardaşımız, Sərdar həkim, Akif və Arif Babayev qardaşları, atamın simsarı xıdırlı Cəbi, Gülablıdan Aydın, Abdal Qəhrəman, Filman, Mehman; Rəmiyyəddin, Hacı Asif, aptek Fuad, əmimin dostu Mahir Əliyev, böyük qardaşı Tahir Əliyev, məşhur gitaraçılardan Rəmiş və Rəhman, uşaqlıq dostum Kamil, Rauf, Zöhrab, Etibar, sabirabadlı Rəzzaq müəllim, general Dadaş Rzayev, polkovnik Hacı Həsən müəllim, və başqaları... Mənə Azərbaycan bayrağı ilə bərabər bir orijinal hədiyyəsinə görə, eyni zamanda bütün yarışlar boyu mənimlə əlaqə saxladığına görə məşhur gitaraçı Rəhman qardaşıma xüsusi minnətdarlığımı bildirirəm.

- Dediyin kimi insanlığa sadiqliyi ilə seçilən bu insanlara bəslədiyin duyğuları konkret necə ümumiləşdirərdin?

- Bu insanlar xüsusi sayğılarla xatırladıqlarımın heç də hamısı deyil. Təbii ki, başqaları da var. Adlarını çəkməsəm də, onlar da qəlbimdədirlər. Əminəm ki, bütün bu gözəl insanlar, hansı sənətdə, mövqedə, diyarda olmalarından asılı olmayaraq, mənə öncə atamın şəxsiyyətinə xüsusi rəğbətləri sayəsində kömək edirlər. Belələri, atamın ruhuna etiramlarını mənim şəxsimdə davam etdirirlər. Mən də atamla və onun adına bəslənən səmimi, təmənnasız yaxşılıqlarla təsəlli tapıb, fəxr edirəm. Yaxşılara, dosta sadiq insanlara həmişə yuxarıdan aşağı, aşağıdan yuxarı dualar edirəm. Onlar məsuliyyət hissini daha da gücləndirir. Və heç unutmuram ki, MƏN ALLAHIMIN, VƏTƏNİMİN, XALQIMIN, DÖVLƏTİMİN, PREZİDENTİMİN ƏSGƏRİYƏM.

- Atanı necə xatırlayırsan? "Fred" ləqəbini götürməyin hansı anlama gəlir?

- Təvazökarlıqdan kənar çıxmasın, Azərbaycanda az ailələr mövcuddur ki, bir ailədən 5 qardaş vuruşa, şəhid və əlil olalar. Atam istəsəydi, hələ sağlığında bizim heç bir dünya nemətindən ehtiayacımız olmazdı. Təbii ki, o, Vətən, şəxsiyyət və bu kimi müqəddəs dəyərlərə haqlı olaraq üstünlük verdi. Onun bizlərin maddi təminatı üçün bilərəkdən istifadə etmədiyi bütün imkanlardan, fürsətlərdən bəhrələnməməsi, atamın maddi dünya insanı olmadığını dönə-dönə təsdiqləyir. O, ağız açmağı, kimdənsə nələrisə ummağı qətiyyən xoşlamazdı. Təkcə bir fakt deyim ki, atam ümummilli öndərimiz, cənnətməkan Heydər Əliyevin dəvəti ilə o, dahi şəxsiyyətlə iki dəfə görüşüb. Amma o, böyük insandan Qarabağın azadlığından savayı heç bir şəxsi təmənnada bulunmayıb. Bununla belə öndərimiz atamın şəxsiyyətinə hörmətlə yanaşıb. Ev, adına küçə verilməklə, hərbi hissədə atamın büstü qoyulub. Bu gün möhtərəm prezident İlham Əliyev də Milli Qəhrəman ailələrinə müxtəlif iltifatlar göstərir. 600 AZN Prezident təqaüdü və digər qayğıları məhz rəhbərin lütfündən doğan sərəncamları ilə davam etdirilir. Bu kimi hallar şəxsiyyətin, qəhrəmanlığın, alicənablığın təsdiqli qarşılığıdır ki, təzahür edir. Fred ləqəbinə gələndə bu sözün ingilis dilindən çevirməsi səmimi-sədaqətli dost mənasına gəlir. Atam insanlığın səmimi dostu kimi görürdü özünü. Bu ləqəbi əmimoğlu balaca Asif də götürüb. Fred Asif adı ailəmizə, nəslimizə-kökümüzə məxsusdursa, onun örnək, qəhrəmanlıq yolu Azərbaycan xalqının tarixi salnaməsinə aiddir. Yeri gəlmişkən atam haqqında kitab yazan hörmətli yazıçı Mustafa çəmənliyə və şair-publisist Nizami Süleymanoğluna yaxınlarımız adından təşəkkürlərimi ərz edirəm. Atalar "İgid ölər, adı qalar" deyib. Artıq atamın şərəfli adı orta məktəb dərsliklərinə də salınıb. Mən əsl qəhrəmanların və qəhrəmanlar doğan anaların, eyni zamanda onların adlarını layiqincə qiymətləndirənlərin qarşısında ehtiramla baş əyirəm.

- Hər şey ziddi ilə üzə çıxır. Kainatda təzad qanunu mövcuddur. Gözəl çəmənliklərdəki çiçəklər arasında, alaq otları da gözə dəyir. Bütün bunların fonunda ağdamlılığa, ziddiyətə necə baxırsan?

- Doğrudan da yaman olmasa, yaxşının qədri yetərincə bilinməz. Ağdamda doğulmaq, pullu olmaq, hələ əsl insan, ağdamlı olmaq demək deyil. Pul insanın dayağı olsa da, kişiliyin ölçüsü sayılmır. ölçü mənəvilikdədir. Təbii ki, mənəvilik maddiliklə vəhdətdə birləşib, doğru istiqamətə yönələndə böyük fəzilət yaradır. Bakıda, Rusiyada bu gün özünü ağdamlı sayan bəziləri var ki, onlara haradan baxılırsa baxılsın, dırnaq arasında görsənirlər. Vaxtı ilə Ağdamda ağdamlılar döyüşdə ikən ev-eşiyini, torpağını qoyub Rusiyaya, Bakıya qazanc dalınca qaçanlara, nə ad vermək olar? Naxaləfmi, nankormu, fərarimi? Təzada baxın ki, Orta Asiyadan, keçmiş Sovet məkanlarından, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan, Dağıstandan atamın dostları gəlib Ağdamda vuruşurdu, şəhid olurdu... Bəli, müharibə elə bir sınaqdır ki, haralı olmağından asılı olmayaraq, adamın mənəviyyatındakı çatları üzə çıxarır. Tarix və əsl ağdamlılar, bildiyinə görə belə zərsifət (nərd zəri) adamların adlarını çəkməyə də dilim gəlmir. Pulları çox, əlləri uzun olsa da, dillərinin gödəkliyi belələrinə tarixi cəza olaraq ömürlük qalacaq. Onlar küləyin istiqamətinə buqələmun kimi uyğunlaşırlar. Nə isə... Hər şeyin zamana ehtiyacı olsa da, abrıma-həyama sığınıb konkret ad çəkməyə ehtiyac duymuram. Belələrini vicdanına (əgər varsa) və Ulu Allahın öhdəsinə buraxıram. 

- Keçmiş bəllidir. Bəs gələcək planların haqqında nələri düşünürsən?

- Xarici səfərlərim yəqin ki, ola

caq. Məşqlərimə davam edirəm. Hələ ki, işsizəm. Sənədlərimi müəyyən instansiyaya, hörmətli insanların nəzərinə təqdim etmişəm. Gözləyirəm. Gözləntilərim gerçəkləşsə, Allahın izni ilə subaylığın da daşını ataram.  Onu bilirəm ki, yaşanmamış gələcək haqqında dəqiq söz demək olmur. çətinliklər qarşısında mütləq alternativ yaratmaq vacibdir. Bu yol isə bilik, istək, zəka və gücü, cəsarəti şətləndirir. Bu halların yaratdığı durum alternativi yarada bilir. Alternativ mübarizə şərtlərinin və şəraitlərinin tələbindən doğur. Getdiyin yolda ya gərək irəliləməyi bacarasan, ya da irəli gedənə qədər heç olmasa yerində qalmağı bacarasan. Bir addım geri çəkilsən, sənin addımının yerinə başqası öz addımını  qoyacaq. Mən öz yolumla, amma atamın izi ilə gedirəm. Böyüklər və böyüklük öz yerində. Şübhəsiz ki, bu yaşıma qədər mənə əmilərim, dayılarım, atamın və özümün dostlarım maddi-mənəvi həyan olublar. Diləyim budur ki, Qadir Allah da onlara, xalqımıza kömək olsun. Qarabağımıza qayıdaq və dünya səviyyəli idman yarışlarını Şuşada keçirək inşallah!

P.S.Fəzilətli Ruhlara Ehtiram Duyğusu Allahı Sevən İnsanlara Fərzdir!

 

 

Söhbətləşdi:

Nizami Məmmədov 

   

Təzadlar.- 2009.- 9-11 aprel.- S.12.