Portret cizgilər
Mənalı yaşanan
ömrün zirvəsi
Hər dəfə adını hörmətlə çəkdiyim,
xatirini çox istədiyim, olduqca sadə, səmimi,
qayğıkeş, əyilməyən, sınmayan, məhəbbətini
də, nifrətini də gizlətməyən Hikmət Əbdülhəlimovu
görəndə, yaxud telefon əlaqəsi saxlayıb səsini
eşidəndə istər-istəməz yadıma zəmanəsinin
dahi yazarı N.Ostrovskinin kəlamı düşür:
"İnsan üçün ömrü boyu ən əziz
şey həyatdır. O, adama bir dəfə verilir. Ona görə
də elə yaşamaq lazımdır ki, mənasız keçirdiyin
aylar, illər sonralar səni yandırmasın, peşman etməsin.
Rəzil, mənasız günlər keçirdiyin
üçün qəlbin göynəməsin, ürəyin sızıldamasın.
Ən əsası, son nəfəsində deyə biləsən:
mən həyatımı, ömrümü, qüvvəmi
xeyirxahlığa, humanizmə, xoşbəxt gələcəyə,
işıqlı sabahlara həsr etmişəm. Belə adamların
axirət dünyasında da yeri behiştlik olur".
Qətiyyətlə deyə
bilərəm ki, haqqında söz açmaq istədiyim şəxsin
də göstərdiyi yaxşılıqlara görə əbədi
ünvanı cənnəti-məkan olacaq.
Hikmət müəllimlə
üz-üzə əyləşib bir stəkan çay da içməmişəm,
bir tikə çörək də kəsməmişəm. Ancaq
ona güvənmişəm, arxalanmışam, dar məqamlarda
telefon açmışam, onun üçün xırda, mənim
üçün problem olan məsələdən ötrü
xahiş etmişəm. Qısa müddətdə istəyimi
yerinə yetirib. Hələ bu az imiş kimi, zəng edib, vəziyyəti
öyrənib, qayğısını əsirgəməyib. Minlərlə
qəzet-jurnal məqalələrim, publisistik yazılarım, kitablarım
işıq üzü görüb. Səmimi etirafımdır,
Hikmət müəllimi vaxtilə barələrində yazdığım
adamların heç birinə bənzədə bilmirəm.
çünki o, həddən artıq xoşxasiyyət, kövrək
düşüncəli, həssas ürəkli, zərif qəlbli
insandır. Tanımadığı, üzünü belə görmədiyi
kiminsə ayağına daş dəyməsini eşidəndə
Hikmət müəllim onun ağrısını varlığında
çəkir. Sevinc-fərəh görəndə isə eyni
açılır, üzü gülür, gözləri daha
ifadəli olur. Bəlkə bunun üçün də heç
vaxt əlini ürəyinin üstünə qoymayıb, özünü
gümrah, qıvraq, bəxtəvər hiss edib.
Yazı üzərində
düşünəndə ondan xahiş etdim ki, bioqrafik məlumatını
yazıb mənə versin. Sağ olsun, verdi də. Amma... Kaş
almayaydım. Onun keçdiyi həyat yolu, xüsusən uşaqlıq
illərində qismətinə çıxan əzablar, əziyyətlər,
sarsıntılar barədə oxuyanda özümü saxlaya
bilmədim, yamanca kövrəldim... Yadıma müdrik kəlam
düşdü: "Həyat insanı çox sınaqlara
çəkir. Bəxtəvər o kəsdir ki, dözümlü,
dəyanətli, gələcəyə inamlı, ümidli olur".
Elə Hikmət müəllim kimi.
Onun bioqrafik məlumatında oxudum: "1939-cu ildə Şəki bölgəsində dünyaya göz açmışam. Ata qayğısına, nəvazişinə, sığal-tumarına həsrət qalmışam. Heç onun üzünü də görməmişəm, səsini də eşitməmişəm. Könüllü, könülsüz bilmirəm, aparıblar müharibəyə, özü də ön cəbhəyə. Dörd yaşım olanda ondan "qara kağız" - ölüm xəbəri gəldi. On yaşıma çatanda isə anam Firuzə bizidən əbədi ayrıldı. O zamanlar anlamasam da, indi bilirəm ki, bütün bunlar taleyin payı, qismətidir... özümdən kiçik qardaşımla nənəmin himayəsində qaldıq. Dəhşətli, əzablı, yetimlik həyatı yaşamağa məhkum olduq. Sonralar o zaman qonşumuz olan Ruqiyyə xala ömür-gün yoldaşıma demişdi: "Hikməti, qardaşını daşdan su çıxardan kimi böyütdülər. Şükürlər ki, əqidələri, amalları saf, sağlam oldu"".
Bu fikrin mənası, məntiqi aydındır. Əgər ürək yanırsa, insan daşı da sıxıb-xışmalayıb su əldə etmək istəyir... Bir tərəfdən müharibənin dəhşətləri, aclıq, ehtiyac içində boğulmaq, digər baxımdan isə yaşamaq istəyi. Bunlar müxtəlif təzadlardır. Belə çətin "əməliyyatdan" hər adam çıxa bilmir. Hikmət qardaşımız isə çıxıb. öncə şərəf və ləyaqətini qoruyub. Ata-anasının adına layiq oxuyub, davranıb, təhsil alması uğrunda var gücü ilə çalışıb. Bir daha qeyd edirəm: məlumatıma görə, həyat onu məngənə kimi sıxıb, ağladıb, sızıldadıb. Lakin işıqlı təfəkkürünə ləkə sala, yolundan döndərə bilməyib. Niyə? çünki hələ uşaqlıq çağlarında qismətinə çıxan əzabların acığına o, daha inamlı olub. Orta məktəbi əla qiymətlərlə başa vurub. Di gəl ki, artıq məlum olan səbəblərə görə ali təhsil ardınca getməyib. İşləmək, halal çörək qazanmaq üçün rayonlarındakı ipək kombinatında əmək fəaliyyətinə başlayıb. Az keçmiş onu əsgərlik borcunu verməyə, hərbi xidmətə aparıblar. özünün yazdığına istinadən fikrimi bildirirəm: yenə etimadı doğruldur, bölmə komandiri təyin olunur. Valideynlərinə hərbi hissədən minnətdarlıq məktubu göndərmək istəyirlər. O, fərəhlənmək əvəzinə, kövrələrək "heç kimim yoxdur" - deyir. Xidməti borcu başa çatanda doğma diyara qayıdır. İpək kombinatında komsomol komitəsinin katibi işləyir. Nümunəvi təşkilatçılıq bacarığını, qabiliyyətini nəzərə alaraq 1965-ci ildə onu dövrün ən nüfuzlu təhsil ocağına - Bakı Ali Partiya Məktəbinə göndərirlər. İstedadlı, hadisələrə uzaqgörənliklə münasibət bildirən, idarəçilik, təşkilatçılıq qabiliyyətinə malik Hikmət çox keçmir ki, burada da hörmət, nüfuz qazanır: ali təhsilini fərqlənmə diplomu ilə başa vuranda onu Nuxa (Şəki) şəhər komsomol komitəsinin birinci katibi təyin edirlər. Yenə sağlam düşüncəsi, təfəkkürü, bənzərsiz idarəçilik qabiliyyətinə, bacarığına görə tanınır, etimad qazanır.
Onun inamla, uğurlarla getdiyi yol dəyişməz olaraq qalır. Təşkilatçılığı vaxtaşırı nümunə göstərilir. Respublika komsomol təşkilatının qurultayına nümayəndə, həmin tədbirdə MK-nın üzvü seçilir. Elə burda bir müdrik kəlamı xatırlayıram: "Hər şeyi - nailiyyətlərimi, uğurlarımı ölümün acığına qazandım". Bilmirəm, bu tarixi deyim yerinə düşəcək, ya yox. Ancaq onu bilirəm ki, Hikmət Əbdülhəlimov uşaqlıq çağlarının iztirablarını unutmasa da, zamanın ən seçilən təbliğatçılarından biri kimi tanınmışdı. Təbii ki, bacarığı da əvəzsiz qalmırdı. O, Şəki şəhər partiya komitəsində təbliğat-təşviqat, sonra təşkilat şöbələrində müdir, müəyyən müddətdən sonra rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində çalışdı. Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Kadrlar şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirir. Layiqli xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordeni və bir neçə medallarla təltif olunub. Fikrimcə, dünyada "Şərəfli insan", yaxud "Şərəflə yaşanan ömür" ali mükafat - ordenlər olsaydı, onların da ilk sahiblərindən biri elə Hikmət Əbdülhəlimov olardı. çünki o, harda, hansı vəzifədə fəaliyyət göstərməsinə baxmayaraq, ömrü boyu təmənna ummayıb, umacağı olmayıb. ömrünün ixtiyar çağında da qürur hissi keçirir ki, heç kimin qarşısında baş əyməyib, yarınmayıb, yaltaqlanmayıb. Yediyi çörəyin qədrini bilib, bilir də.
Həmişə, hər vaxt "qardaş" deyə müraciət etdiyim Hikmət müəllimin daha bir müsbət cəhəti - nümunə göstəriləsi yaradıcılıq qabiliyyəti, istedadı barədə də söz açmaq istərdim. Onun qələm məhsullarını etinasız, həyacansız oxumaq mümkün deyil. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Tərtib etdiyi Azərbaycan Folkloru Antologiyasının VI cildinə görə Yazıçılar Birliyinin "Yaddaş" Milli Mükafatına layiq görülüb. Adı "XX əsr Azərbaycan Yazıçıları" Məlumat Ensiklopedik Toplusuna yazılıb. Onun gərgin əməyinin, axtarışlarının, toplantılarının sayəsində neçə-neçə irihəcmli, oxunaqlı kitabları işıq üzü görüb. "Şəkinin gülüş çələngi", "Saa quzu kəsərəm", "Şəki lətifələri", "Şəki gülməcələri" bu baxımdan xarakterikdir.
Hikmət müəllimin əzablara, əziyyətlərə qatlaşıb araya gətirdiyi topluların birinə ürək sözünü yazan, müəllifə qədərsiz hörmətini, minnətdarlığını bildirən xalq şairi, akademik, mərhum Bəxtiyar Vahabzadənin bu qeydləri bizlərə yadigar qalıb: "Şəkinin gülüş çələngi"ni oxudum. Kitabın üstün cəhəti ondadır ki, bu, yalnız lətifə toplusu deyil, Şəkidəki məhəllə adları, ləqəblər və xəritəsi elm üçün böyük əhəmiyyəti olan tarixi materialdır. Məhəllə adlarının xəritəsinin real sənədlər üzrə qurulması kitabın elmi dəyərini bir az da artırır, oxucuya geniş, əhatəli məlumat verilir... Toplunun işıq üzü görməsinə bəlkə də ömrünün yarısını həsr edən Hikmət müəllimə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, "Şəki gülüş çələngi" kitabı elə gül çələngi kimi əldən-ələ gəzəcək, maraqla qarşılanacaq".
H.Əbdülhəlimovun əməyinə tanınan ictimai-siyasi xadim, bir zaman eyni qurumda - rayon partiya komitəsində birgə işləyən Əhməd Əhmədzadə də yüksək qiymət verərək minnətdarlığını ona ünvanlamışdır: "Əzizim Hikmət, fəxr edirəm ki, sənin kimi ziyalını yaxından tanıyıram. Sən elm xadimlərinin, tədqiqatçıların görmədiyi işin öhdəsindən çox ləyaqətlə, şərəflə gəlmisən. Kitabların təkcə gülüş doğurmur, həm də oxucuları dərindən düşündürür. Onlar keçmişi xatırlamaqla yanaşı, həm də oxucunu işıqlı sabahlara səsləyir. Sənə daha artıq yaradıcılıq uğurlar arzulayıram". ümumiyyətlə, Hikmət müəllimin mənalı yaşadığı ömrünün bəhrəsinə - yaradıcı əməyinə çoxları dəyərli qiymət veriblər.
...Hörmətli Hikmət müəllim, sizin haqqınızda yazmaq çətin olduğu qədər də şərəflidir. çətindir ona görə ki, yazım boyu şübhələr içində qaldım: görəsən, onun zövqünə oxşar, uyğun yazı üzə çıxarda biləcəyəmmi? Şərəflidir ona görə ki, mərhum müəllimimiz Mir Cəlal deyərdi: "Kibrit qutusunun üstündəki etiket də təbliğat vasitəsidir. ünvanına ərməğan etdiyin yazı həmin şəxsin xoşuna gəlməyə də bilər. Lakin fəxr etməlisən ki, ürəyindən keçənləri yazmısan..." Vaxtilə Ruqiyyə xanım demiş, mən də daşı sıxıb, ondan az-çox su çıxara bildim... Sizin adınız müxtəlif antologiyalara yazılıb. Bununla yanaşı, ən böyük fəxarətiniz bu olmalıdır ki, gözəgörünməz qüdrətin qarşısında alnınız açıq, üzünüz ağ, başınız ucadır. Aqillər buyurub: "Hər şey nazikliyindən, insan isə yoğunluğundan (lovğalığından, özündən razılığından) sınar". Şükürlər, siz istər fizionomiyanıza, istərsə də xarakterinizə görə olduqca zərif təbiətli, həssas ürəkli, kövrək qəlbli şəxsiyyətsiniz: əsl insan, peyğəmbər övladısınız. Qarşılaşdığınız adamların çöhrələrində sevinc, dodaqlarında təbəssüm yaranır. Ona görə ki, amalınız safdır, sağlamdır, müqəddəs cəhətlərə uyğun köklənib.
Tanrı vergisi olan xalq şairi Səməd Vurğunun misrasıdır: "Dünya daimidir, ömür əmanət..."
Yəni Süleyman peyğəmbərə qalmayan dünya, heç kimə qalmayacaq. Lakin sizin kimi şəxsiyyətlər, yaradıcı, işıqlı təfəkkürlü insanlar heç vaxt unudulmur, yaddan çıxmırlar. çatmısınız ömrünüzün ixtiyar çağına - 70 yaşınıza. Dönüb arxaya baxanda keçmişinizdən xəcalət yox, qürur hissi keçirirsiniz. Bu əziz ərəfədə arzum var: ömür payınız bir az da artsın. Yüz yaşınızı görək, sizi yenə nümunə göstərək. Ad gününüz, 70 yaşınız mübarək! Unutmayın, Allah-taala yaratdığı bəndəsindən ona görə razı olur ki, haqqı danmır, yaxşıya yaman demir. Mənalı yaşadığınız ömür zirvəsindən əskik olmayasınız.
Telman MEHDİXANLI
Təzadlar.- 2009.- 9-11 aprel.- S.11