Sənsiz çox darıxmışam, Bəhram... 

 

İnsan ömrü ərzində iki dəfə kövrək olur: uşaqlıq çağlarında, bir də yaşının ahıl vaxtında. Birincidə qəlbinə dəyən, könlünü küsdürən nə eşidərsə, görərsə, yalnız imkanı, gücü ağlamağa çatar. İkincidə isə boyat xatirələr yadına düşəndə qalır boylana-boylana - inciyər, küsər, gah qürur hissi keçirər, gah da nazilər, sarsılar. Gözünün biri gülər, digəri ağlayar. Bax, elə mənim kimi... Mənə dərd verən dərdin dava-dərmansız olması, çarəsizi isə bir zamanlar can deyib, can eşitdiyim dostdan erkən, vədəsiz ayrılmağımdır. Haqqında xatirə yazdığım Bəhram Nəsibovla səmimi, mehriban dostluq əlaqələrimiz vardı. Onunla birlikdə tez-tez doğma yurd yerlərimizə gedərdik. Bulaqların, kəhrizlərin önündə onun diz bükməsini görmüşəm. Rayonlarımız da, kəndlərimiz də qonşu idi. Xarakterimiz də uyğun gəlirdi. Bəhramın üstün cəhəti ondaydı ki, musiqiyə həddən artıq meyilliydi. Ovqatının ən sərt vədələrində də zümzümə edər, dərdini, müsibətini unutmağa çalışardı. Olduqca həssas duyumlu, kövrək ürəkli, zərif qəlbli insan, ziyalı, dost idi. Şuşada - Cıdır düzündə uşaq kimi necə atılıb-düşdüyünü, sevinib-fərəhləndiyini də, Arazın o səmtinə baxanda ağladığını da çox görmüşdüm. İndi də qalmışam itirdiyimlə qismətimə çıxan bədbəxtlik arasında. Onun ayrılığına dözə bilmirəm. İntizarı, həsrəti məngənə kimi məni sıxır, heç eynim açılmır. Doğrudan da dost itkisi yaman dərd olurmuş

Bəhramla qırx beş il əvvəl, Bakı şəhərində təsadüfən tanış olmuşduq. Günlər keçdikcə mehribanlaşdıq, bir-birimizin xatirini qardaşdan artıq istədik. çox etibarlı, diqqətcil, qayğıkeş, alicənab dost idi. Tanıdığı adamlardan kimsə xəstələnəndə onun ağrı-acısını canında çəkər, hiss edərdi. Xeyir-şərdən qalmazdı. Təbəssümü çöhrəsindən, gülüşü dodağından əskik olmazdı. Şirin, məlahətli səsi, avazı vardı. Xan Şuşinskinin, Ağabala Abdullayevin ifalarını saatlarla dinləyər, yorulmaq bilməzdi. Tarda, gitarada mahnıları, muğamları elə ifa edərdi, eşidənlər valeh, vurğun olardılar. Taleyin əməlinə, qismətinə bax, xatirini qardaşımdan artıq istədiyim, neçə illərdir ki, həsrətini çəkməkdən eynim açılmayan dostum haqqında keçmiş zamanda danışıram.

Üzün dönsün, ay bivəfa dünya…

O, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, tanınmış pedaqoqlar Adil İsgəndərov, Şəfiqə Axundova və Soltan Dadaşovdan sevib-seçdiyi sənətin - musiqili komediya teatrının sirlərini öyrənmişdi. Amma bu sahədə bir gün də olsun işləmədi. Meylini salmışdı xalq, bəstəkar mahnılarına, muğamlara. ölkəmizdə ilk gitara ifaçısı kimi tanınmışdı. Məşhur ifaçı, xalq artisti Qədir Rüstəmovun ötən illərdə oxuduğu "Ay dəli ceyran" mahnısının həm sözlərini yazmış, həm də musiqisini bəstələmişdi. Onun "Qarabağ", "Sən də həmdəm, mən də həmdəm, "Qadan mən alım", "Sənə qurban", "Deyin hardadır?", "Xatırla məni" və onlarla başqa mahnıları bu gün də dillər əzbəridir. Təəssüf ki, mahir ifaçının, həzin mahnılar bəstəkarının qədir-qiyməti vaxtında bilinmədi. Hətta haqsızlıq, ədalətsizlik o həddə, o dərəcəyə çatmışdı ki, əməyinin, yaradıcılığının üstündən qapqara buludlar, küləklər keçirdi. Dinləyicini valeh edən mahnılarını müəllifsiz, yaxud da xalq mahnısı kimi təqdim edirdilər. Niyə? çünki sabiq sovetlər birliyində olduğu kimi, bizim ölkəmizdə də sözə-sənətə qiymət verilmirdi. Yaradıcı insanların qayğılarına qalmırdılar. Bəhram Nəsibovun adı ona görə çəkilmirdi ki, o, Bəstəkarlar İttifaqının üzvü deyildi. Daha doğrusu, onu həmin quruma qəbul etmirdilər. Ona görə ki, Konservatoriyanı bitirməmişdi. Belə yerdə bir kəlam yada düşür: ay gidi dünyaE Hətta hörmətsizlik, "mənəm-mənəmlik" o həddə çatmışdı ki, Bəhramın "Deyin hardadır?" həzin mahnısını "Şahnaz təsnifi" üstə oxuyan xalq artisti, müğənni öz adına çıxmışdı. Əhvalatdan soraq tutan mərhum ifaçı Rübabə Muradova demişdir:

"Bu, ən azı insafsızlıqdır...

Taleyin qismətiylə ötən əsrin 70-ci ilindən o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Ədəbi-dram" verilişləri baş redaksiyasında əmək fəaliyyətinə başladım. Həmin illər Bəhramla tez-tez görüşərdik. Ancaq mənim gücüm, qüvvəm çatmırdı ki, onun sənəti ilə əlaqəli problemini həll edim. Zamanın, dövrun qanunu, hökmü ilə Bədii Şura son sözünü deyərdi. Düzdür, onun qədrini bilənlər var idi. Nahid Hacızadə, mərhum bəstəkar Telman Hacıyev, rejissor Əmirhüseyn Məcidov Bəhramı yaradıcılığında ruhlandırmağa, həvəsləndirməyə çalışardılar. Ancaq o, bu qayğı-diqqətdən heç də razı qalmazdı. Səbəbi isə məlum idi: axı o, peşəkar sənətkar idi, niyə qədir-qiyməti bilinmirdi?! Yalvarmaq, yarınmaq, yaltaqlanmaq onun təbiətinə büsbütün yad idi. Acından ölərdi, amma əl açmazdı. O, sözün həqiqi mənasında xalq sənətkarı, doğma millətinin qədrini bilən, adını uca tutan, dinləyicilərin zövqünü oxşayan musiqi ustadı - ifaçı, bəstəkar idi.

Bəhram hazırda işğal altında inildəyən, ermənilərin qənim kəsildiyi Füzuli rayonunun Aşağı Rəfədinli kəndində dünyaya göz açmışdı. İntibah dövrü kimi tariximizə yazılmış ötən əsrin 70-ci illərində tez-tez doğmalarımızla görüşə gedərdik. Günlərin birində mənim boya-başa çatdığım obada, ata ocağında əyləşib çay içirdik. O, qəfil fikirli, düşüncəli ayağa durdu: "Sizdə bəsdir, indi də dur gedək bizə". Nə qədər mülayim təbiətli, həssas duyumlu insan olsa da sözünü əsla geri götürməzdi. Atam-anam bizə uğurlu yol arzuladı, tez qayıtmağımızı dedilər. Təxminən otuz dəqiqəyə çatdıq onun varlığı qədər sevdiyi kəndlərinə. Qəfil maşının əyləcini basdı, sükanın arxasından düşən kimi dizlərini yerə qoydu, torpağı öpdü, xışmalayıb sifətinə çəkdi, başına tökdü. Yamanca kövrəlmişdi. Handan-hana dedi: "Sən mənim atamsan, anamsan - qızıldan qiymətli torpağım.

Tanrı nə səni mənə, nə də məni sənə həsrət qoymasın…

Lakin ermənilər yenidən quduzlaşanda, ara itib, məsləklər dəyişəndə bəzi səriştəsizlərin "xidmətləri" sayəsində torpaqlarmız işğala məruz qaldı. Bəhram doğma el-obasının intizarını çəkməkdən saraldı, soldu, için-için yandı, əridi, göynədi və

Ötən əsrin səksəninci ilin ilk ayları idi. Baş redaktorumuz Nahid Hacızadənin qayğısı sayəsində Bəhram Nəsibovun gitarada 20 dəqiqəlik solo konsertini lentə almaq üçün "Teleteatr" adlanan ünvana yığışmışdıq. Bu zaman canlı klassik, korifey kimi tanınan unudulmaz bəstəkar Cahangir Cahangirov çəkiliş meydançasında göründü. O, necə ki, ata doğma övladı ilə görüşər, eləcə Bəhrama yaxınlaşdı. Onu sinəsinə sıxıb dedi: "üzünə tərif kimi çıxmasın, sən zəmanəmizin sənət möcüzəsi yaradanlardan birisən. Hər dəfə bəstələdiyin mahnıları eşidəndə uşaq kimi kövrəlirəm. Yadında saxla, qardaşım, xoşbəxt o kəslərdir ki, onlardan xoş xatirələr, əməllər yadigar qalır. Sən də bu amala, məqsədə yetişmisən".

Müqəddəs ruhunuz şad olsun, görkəmli şəxsiyyət, bəstəkar! Dediyiniz fikirlər gec də olsa - Bəhram haqq dünyasına qovuşandan sonra öz yerini, qiymətini tapıb. Yaşayanda, sağlığında bəzi etinasız adamlar da indi Bəhramın melodiyalarını eşidəndə, saf, sağlam əqidəsini xatırlayanda istər-istəməz kövrəlirlər. Amma daha gecdir. Gedəni qaytarmaq mümkün deyil!..

Bəhram nümunə göstəriləsi, diqqətcil, qayğıkeş ailə başçısı, 4 övlad atası idi. Şükürlər ki, onların hər biri bu gün, tam əminik, sabah da atalarının şərəfini-şöhrətini, xalqımız tərəfindən qazandığı ən ali mükafatı - etimadı, etiqadı daim uca tutacaqlar. Onun bəstələdiyi mahnılar isə özünün sağlığında layiq olduğu qiyməti almasa da, zaman keçdikcə səslənəcək, seviləcək, tanınacaq, müəllifinin ruhuna dualar oxutduracaq. Buna - həyat həqiqətinə heç bir şübhə yoxdur!

Dostum, doğma qardaşımdan istəkli bildiyim Bəhram Nəsibovun həm yaşadığı ömür, həm də yaradıcılığı məşhur nağıl qəhrəmanlarımızın taleyinə bənzəyir. Yəni bu dünyada Bəhram da vardı. Daha yoxdur. Gedib gedər-gəlməzə. Lakin onun həsrətində olduğu arzuları reallığa çevrilib: xalqımız, respublikamız azadlığa çıxıb, müstəqillik qazanmışıq. Sözə, sənətə, sənətkara yüksək qiymət verən dövlətimizin başçısı var. Bu baxımdan, inanırıq ki, unudulmaz ifaçının, bəstəkarın, sadiq-sədaqətli dostumuzun xidmətləri də gec də olsa qiymətləndiriləcək. ümidlə, inamla yaşamağımla bərabər, bu fikir də yaddaşımdan silinmir, dilimdən düşmür: sənsiz yaman darıxmışam, Bəhram…

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 18-21 aprel.- S.14.