Xalqımızın böyük şairi
Xalqımızın böyük şairi Famil Mehdini görkəmli publisist alim, elinə, obasına-vətəninə bağlı vətəndaş ziyalı kimi tanıyıram. ömrünün son onilliyində kitablarının çox az çap olunmasına baxmayaraq Famil müəllimin yaradıcılığı öz mayasını, bayatılarda olduğu kimi, xalqın dərd-sərindən götürdüyündən, onun qəlblərdə yaşayıb gələcək nəsillərə ötürüləcəyinə şübhəm yoxdur. Həmkarlarının bu haqda geniş yazacaqlarına əmin olub onun yaradıcılığından çox danışmaq istəmirəm.
Famil müəllimi ilk dəfə onun dünyaya göz açdığı Ağdam rayonunun Sarıhacılı kəndində muğamlarımızın ustad sənətkarı, Hacı Arif Babayevin toyunda görmüşdüm. Toyun xanəndəsi Xan Şuşinski idi. Masabəyilik isə Famil müəllimə tapşırılmışdı. Bu böyük şəxsiyyətlərin məclisdə yaratdığı muğamla poeziyanın harmoniyası məni heyran etmişdi. Ona görə də bu toy gənclik illərimdən yaddaşımda toydan çox muğam-poeziya məclisi kimi qalmışdı və Famil müəllimin aydın, ötkəm nitqinə elə o vaxtdan vurulmuşdum.
Onunla yaxından tanışlığımız
isə Qarabağ savaşının ilk günlərindən
başladı. O, xalqın bu fəlakətdən yeganə
qurtuluş yolunu ümumxalq müqavimətində
görürdü. Ona
görə də hadisələrin ilk günlərindən "Nicat"
cəmiyyəti yaratmaq
təşəbbüsünü irəli sürdü. Cəmiyyəti yaratdı və ətrafına müəyyən adamlar da topladı. Hətta, Vətənin müdafiəsinə qalxan
könüllülər arasında
stimul yaratmaq məqsədi ilə cəmiyyət adından
"General Məhəmməd
Əsədov" mükafatı
təsis etdi və onu döyüşdə
fərqlənən bir
neçə döyüşçüyə
verdi də. Lakin arzuladığı ümumxalq müqaviməti
alınmadı.
Hadisələrin gedişi, dövlət tərəfindən tutarlı
tədbirlərin görülməməsi
onun yaraşıqlı
çöhrəsində, gözlərinin
dərinliklərində bir
kədər yaratmışdı. Bu
kədər çiyinlərindən
asılan ağır yük kimi onun
qamətinə də təsir edirdi. Lakin onun cəsarətli,
aydın və alovlu nitqi heç
vaxt dəyişmədi.
Bir dəfə mən- Vətənin azadlığından böyük
məqsəd olar? Bəs biz niyə
bir yerə toplaşa bilmirik?- soruşdum. Famil müəllim yüksək
mədəniyyət sahibi
olduğundan bu işə mane olanların qeybətini etmək istəmirdi. Ona görə də belə suallara cavab verməkdən qaçardı.
Bir müddət keçdikdən sonra mən Famil müəllimə dedim:
- Sizə
verdiyim sualın cavabını, deyəsən,
tapmışam.
- De görüm nədir?
- Hardasa məmlüklər haqqında belə bir yazı oxumuşam (deyəsən Napoleonun sözüdür). Bir məmlüklə bir fransız əsgəri vuruşanda, həmişə məmlük qalib gəlir. On məmlüklə on fransız əsgəri vuruşanda itki bərabər olur. Yüz məmlük yüz fransız əsgəri ilə vuruşanda isə, həmişə fransız qalib gəlir. Deyirəm ki, bəlkə biz qarabağlılar da elə məmlük kimiyik.
Famil müəllim gülümsündü, əlini çiynimə qoyub dedi:
- Məmlük
dövrü olmasa da, düşündürücü
bənzətmədir.
Ağdam işğal olunan gün məlumat nədənsə televiziyada verilmədi. Ağdam əhalisinin Bakıya gəlməsinə müəyyən maneələr yaradılmışdı. Bu vaxt Famil müəllim yenə də xalqın dərdini öz dərdi hesab etdi, onun fövqündə durmağı bacardı. Müxtəlif təzyiqlərə baxmayaraq, min bir əziyyətlə Bakıya gələn əhalinin yataqxanalarda yerləşdirilməsində Famil müəllimin böyük zəhməti olmuşdu.
Vətənin bütövlüyü, torpaqlarımızın
azad olunması uğrunda aparılan mübarizədə Famil müəllim həmişə
öndə olurdu. O, dövrü
mətbuatda kəskin yazıları ilə, televiziyada, radioda çıxışları ilə,
Qarabağ Azadlıq Təşkilatı yaranandan
onun Ağsaqqallar Şurasının fəal
üzvü kimi öz mübarizəsini davam etdirirdi. Onun hər hansı
bir çıxışa
qulaq asdıqdan sonra:
- A kişilər söz-söhbətlə erməni torpaqdan çıxan deyil. Əlimizə silah götürüb torpaqlarımızı azad etməliyik deməsini yəqin ki, siz də eşitmisiniz.
Həmişə dövrü mətbuatda şeirlərini oxuyanda, zəng edib fikrimi bildirərdim. "Dilən, professor, utanma, dilən" şeiri məni bərk tutmuşdu. Famil müəllimə dedim:- Sizin şeirlərinizi oxuyanda elə bil səsinizi eşidirik.
- Şeirlərim haqqında
çox rəylər
oxumuşam, eşitmişəm. Beləsi olmamışdı.
Sağ ol!
Famil müəllim haqsız hücumlara, bütün təqiblərə baxmayaraq "Getdi Qarabağım, haray ay haray!", "Mənim Qarabağım mənim deyilsə...", "Qaçqınlar, ölməyin, aman günüdür" deyib daima hayqırdı. Vətənə laqeydliyə, yalan vədlərə və insan ləyaqətini alçaldan əməllərə qarşı son nəfəsinə qədər mübarizə apardı. O, Vətən, Torpaq həsrəti ilə gözümüzün önündə şam kimi əridi, Tanrının verdiyi ömrü şərəflə yaşadı və haqq dünyasına qovuşdu.
Famil müəllim ömründə:
- Şöhrət
üçün vurnuxmadı,
gözü tox oldu;
- Böyük XALQ ŞAİRİ olmadı, XALQIN BöYüK
ŞAİRİ oldu.
- Dəfn
olunduğu məzarlıq
Fəxri Xiyaban olmadısa da, uyuduğu yer fəxri məzar oldu.
Fəxri məzarın
nurla dolsun, Vətən oğlu!
Sonda əlavə edim ki, qibtə olunası dirilik kimi, qibtə olunası fiziki yoxluq da vardır. Famil
müəllimin fiziki yoxluğu da qibtə olunandır. Onun işıqlı şəxsiyyəti yaddaşlarda
yaşayır. Mənalı
ömrü nəsillərə
örnək olacaq vətəndaşlıq məktəbidir.
İxtiyar Bəxtiyarlı,
kimya elmləri doktoru
Təzadlar.- 2009.- 17 dekabr.- S.11.